AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
21.06.2013
Bakı, 12 iyun (AzərTAc). İyunun 12-də Azərbaycan Dillər Universitetində (ADU) Çin Mərkəzinin və açıq kitabxananın açılışı olmuşdur. AzərTAc xəbər verir ki, açılış mərasimində dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, beynəlxalq təşkilatların təmsilçiləri, səfirliklərin əməkdaşları iştirak etmişlər. Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ölkə universitetləri arasında ilk dəfə ADU-da yaradılmış açıq kitabxananın əhəmiyyətindən, universitetdə fəaliyyət göstərən mərkəzlərin ölkələrarası münasibətlərin inkişafında böyük rolundan danışmışdır. Yeni kitabxanada mindən çox kitabın açıq şəkildə universitetin müəllim və tələbələrinin, eləcə də bütün maraqlananların ixtiyarına verildiyini qeyd edən S.Seyidov, bu kitabların sayının gündən-günə artacağına ümidvar olduğunu bildirmişdir. Çin Mərkəzi haqqında məlumat verən rektor universitetdə dünyanın 15-dək ölkəsinin tarixini, mədəniyyətini əks etdirən mərkəzlərin yaradıldığını və bu qurumların müvafiq dilləri öyrənən tələbələrə böyük köməyini qeyd etmişdir. Mərkəzlərin xidmətindən universitetin tələbə və müəllimləri ilə yanaşı, ölkənin digər ali təhsil ocaqlarında təhsil alan gənclərin də faydalandıqları bildirilmişdir. ADU-nun Çinin Siçuan Universiteti ilə əməkdaşlığından söz açan S.Seyidov rəhbərlik etdiyi ali məktəbdə Çin Mərkəzinin açılmasının bu ölkənin universitetləri ilə əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında qədim tarixə malik münasibətlərin dərinləşdirilməsi istiqamətində atılmış mühüm addım olduğunu vurğulamışdır. Sonra rəmzi qırmızı lent kəsilmiş, qonaqlar Çin Mərkəzi ilə yaxından tanış olmuşlar. Çin Xalq Respublikasının (ÇXR) ölkəmizdəki səfiri Xun Tsyui Azərbaycan-Çin diplomatik əlaqələrinin qurulmasından ötən 21 il ərzində iki ölkənin dostluq münasibətlərinin daha da inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlıq çərçivəsində böyük uğurların qazanıldığını söyləmişdir. Səfir ADU-da Çin Mərkəzinin açılmasının ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafında və möhkəmlənməsində əhəmiyyətli rolunu diqqətə çatdırmışdır. Diplomat Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mövcud ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirmişdir. Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ADU-da Çin Mərkəzinin açılmasının tələbələrin Çin dili və mədəniyyətini daha dərindən mənimsəmələrinə kömək edəcəyini bildirmişdir. Ə.Əhmədov demişdir ki, bu mərkəz təkcə tədris guşəsi deyildir, o tezliklə Çin-Azərbaycan dostluğunu əks etdirən bir məkana çevriləcəkdir. Azərbaycan və Çin arasında bütün sahələrdə, xüsusilə siyasi sahədə səmərəli əməkdaşlığın bərqərar olduğunu qeyd edən YAP sədrinin müavini 1994-cü ildə ümummilli lider Heydər Əliyevin, 2005-ci və 2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÇXR-ə səfərlərini xatırlatmışdır. Ə.Əhmədov əminliklə bildirmişdir ki, ADU-da belə bir mərkəzin yaradılması təhsilimizlə yanaşı, dövlətlərarası münasibətlərin inkişafına da öz töhfələrini verəcəkdir. Çinin dünya mədəniyyətinə töhfələrindən, xalqlarımız arasında mədəni əlaqələrin dərin köklərindən danışan Ə.Əhmədov hələ XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında Çin gözəlinin tərənnüm olunduğunu xatırlatmışdır. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, akademik Ziyad Səmədzadə ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Çin münasibətlərinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Xalqlarımız və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində belə tədbirlərin əhəmiyyətini qeyd edən Milli Məclisin komitə sədri Çinə səfərlərindən, bununla bağlı təəssüratlarının 50-dək elmi məqalədə və dörd kitabda əks olunmasından söz açmışdır. Z.Səmədzadə Azərbaycan və rus dillərində nəşr olunmuş “Çin qlobal dünya iqtisadiyyatında” kitabını ADU-nun Çin Mərkəzinə hədiyyə etmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı, Çinin Siçuan Universitetinin fəxri professoru Asəf Hacıyev ADU-da Çin Mərkəzinin fəaliyyətə başlamasının xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rolundan danışmış, belə təşəbbüsləri yüksək dəyərləndirmişdir. UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun rektoru, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının prezidenti, akademik Engel Tahirov müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu təhsil məkanında olmasından məmnunluğunu bildirmiş, Çin Mərkəzinin açılması münasibətilə tərəfləri təbrik etmişdir. Sonra E.Tahirov professor S.Seyidovun “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının həqiqi üzvü seçildiyini bildirmiş və akademik diplomunu azərbaycanlı rektora təqdim etmişdir. Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərlərini əks etdirən videosüjetlər, ADU-nun Çin Mərkəzinin fəaliyyəti ilə bağlı slaydlar nümayiş olunmuşdur. Həmçinin Çin xalq mahnılarının mahir ifaçısı, Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuanın ifa etdiyi mahnıların klipləri göstərilmişdir. Açılış mərasimi ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil alan tələbələrin ifasında “Molixua” (Əyləncəli mahnı) Çin xalq mahnısı ilə başa çatmışdır.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır