- Ziyad müəllim, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibə ciddi rezonans doğurub. Səfirin Azərbaycan hökuməti haqqında səsləndirdiyi tənqidlərə münasibətinizi bilmək istərdik.
- Bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatları, dövlətləri Azərbaycanı dinamik inkişaf edən, irimiqyaslı strateji transmilli layihələr həyata keçirən, demokratik, sivil cəmiyyətin qurulmasında uğurlu addımlar atan bir ölkə kimi qiymətləndirirlər. Təəssüf edirəm ki, Azərbaycan reallıqlarını, ölkə həyatının bütün sahələrində baş verən inkişafı obyektiv qiymətləndirməyən, qərəzli mövqedən çıxış edən siyasətçilər də az deyil. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın müsahibəsi ilə tanış olduqdan sonra belə nəticəyə gəldim ki, bu müsahibə heç bir diplomatik, etik normalara sığmır. Açıq-aşkar görünür ki, müsahibə Azərbaycanın daxili işlərinə qarışmaq, obyektivlikdən çox uzaq qərəz üzərində qurulub. Yəqin, siz də bilirsiniz ki, bir ölkənin səfirinin başqa bir ölkənin daxili işlərinə müdaxilə etməsi səfirlərin beynəlxalq aləmdə qəbul edilmiş missiyasına uyğun deyil, diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının maddələrinin kobud şəkildə pozulması deməkdir.
Səfirin müsahibəsində Ukrayna hadisələrinin Azərbaycana transformasiyasından tutmuş, ölkəmizdə insan hüquqları sahəsində ciddi problemlərin olmasınadək, Azərbaycan-Rusiya, Azərbaycan-İran münasibətlərinə fərqli çalarlar verməkdən başlamış ta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli yolları ilə bağlı rəsmi Vaşinqtonun mövqeyinədək məsələlər ətrafında reallığın ciddi şəkildə təhrif olunduğu yanaşmalar vardır. Diplomatın Azərbaycandakı bu günkü sabitliyi qəbul etməməsi fikri də heç bir məntiqə əsaslanmır. Cənab səfirin “...hökumət, Maydanda baş verənlərin burda təkrarlanmasını istəmir. Və bu, bəzi adamların fikrincə, insan haqları və demokratiya məsələlərində təzyiqi daha da artırmağa əsas verir. Bu, Ukraynadan götürüləcək çox pis dərsdir.” fikri isə yalnız ölkənin daxili işlərinə qarışmaq, onun apardığı siyasəti qərəzli qiymətləndirməkdən başqa bir şey deyildir. Başa düşmək lazımdır ki, sabitlik olmasaydı beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilən bu uğurlarımız olmazdı, Azərbaycanla əməkdaşlıq edən ölkələrin maraqlarına xidmət edən iri miqyaslı transmilli layihələr həyata keçirilə bilməzdi. Azərbaycan müstəqil, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirir. Azərbaycanın öz yaxın qonşuları ilə dostluq və əməkdaşlıq münasibətlərinə gəldikdə isə onu qeyd etmək istərdim ki, Rusiya və İran bizim əbədi qonşularımızdır. Bu ölkələrlə əməkdaşlığın qorunması xalqlarımız üçün çox vacibdir.
Azərbaycanda guya “İnsan hüquqları” nın pozulmasından “narahat olan” səfirə bəzi xatırlatmalar: Dünyanın ən nəhəng ölkəsinin 2013-cü ildə ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı 2014-cü ildə yaydığı hesabatda qeyd olunur ki, ölkədə bu sferada vəziyyət getdikcə pisləşməkdədir. Hesabatda vurğulanır ki, ABŞ bugünədək uşaq, ana və əlillərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulmayıb. Qeyd olunur ki, ABŞ xüsusi xidmət orqanların uzun müddət ərzində PRİSM xəfiyyə proqramından istifadə etməsi beynəlxalq hüquq və insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Burada xüsusi olaraq vurğulanır ki, ABŞ-ın dünyanın müxtəlif ölkələrində pilotsuz uçuş aparatlarından istifadəsi dinc əhali arasında çoxsaylı itkilərlə müşayiət olunub. O cümlədən, 2004-cü ildən Pakistanda ABŞ pilotsuz təyyarələri 376 uçuş həyata keçirib və nəticədə 926 nəfər dinc insan həlak olub. Bu kimi nümunələri çox göstərmək olar.
- Morninqstar qeyd edib ki, ölkədə “gündəlik korrupsiya cəmiyyətdə problemlər yaradır”. ABŞ səfrininin korrupsiya faktları ilə bağlı söylədiklərini necə qiymətləndirmək mümkündür?
Səfirin korrupsiya ilə bağlı səsləndirdiyi fikirlərə gəlincə, bu gün dünyanın heç bir ölkəsi korrupsiyadan sığortalanmayıb. ABŞ bazar münasibətlərini əsas tutan bir dövlət kimi 240 ilə yaxındır ki, fəaliyyət göstərir. 240 ildir ki, burada korrupsiyaya qarşı mübarizə aparılır, amma bu bəlanın kökünü kəsə bilmir. Əksinə, burada korrupsiyanın əhatə dairəsi, miqyası ildən-ilə azalmır. Beynəlxalq təşkilatların hesabatlarında da ABŞ-a məxsus korrupsiya faktlarının miqyası o qədər “çoxşaxəlidir”ki, sadəcə, özləri buna guya göz yumurlar. Əfqanıstanda, Liviyada, İraqda onların keçirdiyi əməliyyatlar eyni zamanda ABŞ-ın beynəlxalq miqyaslı korrupsiya şəbəkəsinə xidmət edir ki, bu da çox geniş bir araşdırma mövzusudur. Bu ölkədə vaxtaşırı olaraq, yüksək vəzifə tutan məmurlar, senator və konqresmenlər korrupsiya faktları ilə ittiham olunurlar.
Azərbaycan dövləti korrupsiyaya qarşı ciddi mübarizəni özünün siyasətinin prioritet istiqamətlərindən biri hesab edir, bu barədə konkret proqramlar, tədbirlər həyata keçirir. Təbii ki, bu sahədə iş daha geniş vüsət almalıdır.
Qısa zaman kəsiyində Azərbaycanda yeni iqtisadi sistem, yeni iqtisadi təfəkkür formalaşıb. Qərb dövlətlərində isə bu sistemin formalaşması üçün 2 əsrdən çox vaxt tələb olunub. 25 il bundan əvvəl mən sahibkar sözünü işlədə bilmirdim. Bu gün özəl sektor ÜDM-in 80%-ni verir... Qısa zaman kəsiyində ölkəmizin qazandığı uğurlar dünyanın ən böyük dövlətlərinə belə örnəkdir və bu faktı özləri də elan edirlər. Bu yaxınlarda Azərbaycana səfər edən Fransa prezidenti F.Olland öz çıxışında bildirdi ki, “Azərbaycan kimi böyük inkişafda olan ölkələrlə də uzunmüddətli tərəfdaşlıq qurmalıyıq. Bu işlə məhz bu gün məşğuluq, yəni, uzunmüddətli strategiyanı müəyyən edirik. Azərbaycan həm iqtisadi, həm siyasi baxımdan strateji rol oynayır. Bu, Avropaya enerji təchizatı, onun enerji təhlükəsizliyi məsələsidir”.
- ABŞ səfiri müsahibədə biznesdə rəqabət mühitinin yaradılması, Rəqabət Məcəlləsinin qəbul olunmasının vacibliyi və Ümumdünya Ticarət Təşkilatının üzvlük məsələsində gecikmə ilə bağlı də bir sıra eyhamlar vurub. Milli Məclisin komitə sədri kimi cənab Morninqstarın mövqeyini necə qəbul edirsiniz7
Cəmiyyət inkişaf etdikcə qanunların da təkmilləşməsinə ehtiyac var. Bu da təbiidir. Bütün dünya bu yolla gedir. 1776-cı ildə müstəqilliyini elan etmiş ABŞ inhisarçılıq haqqında nisbətən mükəmməl qanunu 1890-cı ildə qəbul edib. Yəni 124 ildən sonra... ABŞ-ın 200 illik müstəqillik tarixi var. Azərbaycan isə cəmi 23 ildir ki, müstəqildir. Rəqabət Məcəlləsinin qəbul edilməməsi o demək deyildir ki, ölkədə iqtisadi proseslər tənzimlənmir. Təbii inhisarlar, antiinhisar fəaliyyəti, sahibkarlıq fəaliyyəti haqqında qanunlar qəbul edilib. Bu yaxınlarda ölkə başçısının sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanı da buna əyani misaldır. Tam məsuliyyəti ilə qeyd etməliyəm ki, Azərbaycanda iqtisadi inkişafı təmin etmək üçün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qanunvericilik bazası yaradılıb. Azərbaycanın ÜTT-yə hələ üzv olmaması müstəqil Azərbaycan üçün qəbahət deyil. Azərbaycan dövləti ilk növbədə milli maraqları, ölkənin iqtisadi təhlükəsizliyini təmin edən siyasət yeridir. Azərbaycanda əlverişli mühit olmasaydı, siyasi və iqtisadi risklər yüksək olsaydı dünyanın aparıcı ölkələri, şirkətləri milyardlarla vəsaiti Azərbaycana qoyardılarmı? Keyfiyyətli inkişafın, milli iqtisadisadiyyatın formalaşmasının ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün biz güclü baza yaratmalıyıq ki, ÜTT-yə daxil olarkən xalqımız əziyyət çəkməsin, haqsız rəqabətə məruz qalmasın...
- Səfirin Azərbaycanı “pis ölkələr” lə müqayisədə xatırlatması da birmənalı qarşılanmayıb. Belə münasibət hansı meyarlar əsasında iddia olunur?
Hansı meyarlara görə diplomat Azərbaycanı pis ölkələr sırasında görür? BMT, beynəlxalq təşkilatlar bu və ya digər ölkəni müvafiq iqtisadi, sosial, siyasi göstəricilər və s. əsasında qiymətləndirirlər, reytinq indekslərindən istifadə edirlər. Mən uzun illər Azərbaycan iqtisadiyyatının problemlərini tədqiq edən və tədqiqatlarında ölkələrin müqayisəli iqtisadi-statistik materiallarına istinad edən bir iqtisadçı kimi səfirin yuxarıdakı fikrini əsassız, qərəzli hesab edirəm. Bu gün Cənubi Qafqazın ÜDM-nin 80%-i Azərbaycanın payına düşür. Əsas iqtisadi-sosial göstəricilərə görə Azərbaycan işğalçı, Xocalı soyqırımını törədən, ancaq Qərbin müəyyən dairələri tərəfindən dəstəklənən Ermənistandan əhəmiyyətli dərəcədə yüksəkdir. Belə bir fərqin kökündə Azərbaycan dövlətinin düşünülmüş siyasəti dayanır.
- Bəs ölkədə demokratiyanın bərqərar olunmasında çətinliklər və vətəndaş cəmiyyəti strukturlarının təqib olunması ilə bağlı ABŞ səfirinin dediklərini necə qiymətləndirmək mümkündür?
- Hamıya yaxşı məlumdur ki, Azərbaycan gənc müstəqil, totalitar rejimdəm 23 il əvvəl qurtulmuş bir dövlətdir. Ölkəmiz iqtisadi, siyasi, demokratik islahatları əlaqəli şəkkildə həyata keçirir. Demokratiyanın inkişafı üçün güclü iqtisadi baza olmalıdır. Demokratiya anarxiya demək deyil. Demokratik proseslərin inkişafı iqtisadi tərəqqi üçün güclü zəmin yaradır.
Onu da qeyd etmək istəyirəm ki, hazırda dünyada sosial gərginliyin, işsizliyin və yoxsulluğun artması fonunda Azərbaycanda tam əks proseslərin müşahidə olunması – sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi, ictimai-siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi ölkədə aparılan düşünülmüş siyasətin məntiqi nəticəsidir. Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dolları keçib. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 170 milyard dolları ötüb. Son 5 ildə bu rəqəm 80 milyarddan çox olub. Bu dövrdə yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə düşüb. 10 ildə ölkədə genişmiqyaslı quruculuq işləri həyata keçirilib. Heç şübhəsiz ki, problemlər də vardır. Inkişaf olan yerdə problemlər də olacaq. Müsbət cəhət ondadır ki, Azərbaycan dövləti bu problemləri görür, konkret, sistemli tədbirlər həyata keçirir. Misal olaraq “Azərbaycan-2020: gələcəyə baxış” konsepsiyası, regionların inkişafı, şəffaflığın artırılması və korrupsiyaya qarşı təsdiq edilmiş, beynəlxalq təşkilatlar tərəfindən bəyənilmiş proqramları göstərmək olar. Yəqin ki, qısa zaman kəsiyində müstəqil siyasət yeridən Azərbaycanın daha keyfiyyətli inkişafa nail olması bir çoxlarını narahat edir. Əks halda, Azərbaycan-ABŞ müasibətlərinin dinamik inkişaf etdiyi bu mərhələdə Riçard Morninqstarın qərəzli, ikili standartlardan qaynaqlanan müsahibəsinin şahidi olmazdıq.
Pərvin Arzuqızı