AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
25.01.2016

Yanvarın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə gündəliyə təqdim olunan 8 qanun layihəsi - “Əmanətlərin sığortalanması haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında”, “Valyuta tənzimi haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gömrük tarifi haqqında” qanunlarda, Vergi və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi barədə  sənədlərlə əlaqədar ətraflı danışdı.  
Komitə  sədri  qeyd  etdi ki,  dünyada baş verən qlobal böhrana və neftin qiymətinin 4 dəfəyədək ucuzlaşmasına baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamikliyini qoruyub saxlaya bilmişdir. Ölkədə nəzərdə tutulan sosial proqramlar icra olunur. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, liberal iqtisadiyyata keçidin təmin olunması əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi daşıyır.
İclasda  iştirak  edən Mərkəzi Bankın sədri Elman Rüstəmov dedi ki, Azərbaycanda yeni iqtisadi strategiya formalaşır. O, bu gün əsas vəzifələrin dünyada yaşanan böhranla əlagədar qlobal iqtisadiyyatdan gələn şokların neytrallaşdırılması, büdcənin yığcamlaşdırılması, Dövlət Neft Fondunun vəsaitlərinin səmərəli istifadə edilməsi və bütövlükdə iqtisadi sabitliyin  bərpa edilməsi olduğunu  vurğuladı. 
Gündəlikdəki məsələlərin hər  biri  haqqında  ətraflı məlumat verən Elman Rüstəmov bildirdi ki, qlobal iqtisadi böhran şəraitində ölkədə yeni şəraitə uyğun iqtisadi sistem, strategiya və siyasət formalaşdırılmalıdır. Bu siyasətin əsas konturları prezident İlham Əliyevin 2015-ci ilin sosial inkişafına dair keçirdiyi  müşavirədə və yanvarın 18-də keçirilən iclasdakı çıxışında öz əksini tapıb. 
 İclasda  iştirak  edən İqtisadiyyat naziri Şahin Mustafayev isə bildirdi ki, 2015-ci ilin 10 ayı ərzində devalvasiyanın baş verməsi ölkənin istehlak bazarına mənfi təsir edib. Lakin Prezidentin tapşırığı ilə istehlak bazarına nəzarətin həyata keçirilməsi üçün buğda ununun idxalı və satışı ƏDV-dən azad edilib. İqtisadi aktivliyin artması ilə bağlı yeni tədbirlər həyata keçiriləcək. Hazırkı vəziyyətdə ən vacib məsələ əhalinin sosial müdafiəsinin təmin olunması, manata etimadın artırılması və iqtisadi sabitliyin təmin edilməsidir.
Nazir vurğulayıb ki, hazırlanan tədbirlər planında 7 il ərzində regionlar üzrə investisiya layihələrinin əmlak vergisindən tam, mənfəət vergisindən isə 50 faiz azad olunması nəzərdə tutulur. Bundan başqa, tədbirlər planında qeyri-neft sektorunun inkişafı ilə bağlı da bir sıra məsələlər öz əksini tapıb. Qeyri-neft sektorunun stimullaşdırılması üçün dövlət tərəfindən subsidiyalaşma mexanizmi hazırlanacaq. Əlavə olaraq, tədbirlər planında Azərbaycana məxsus milli brendlərin yaradılması da nəzərdə tutulur.  Sonra Şahin Mustafayev “Gömrük tarifi haqqında” qanun  və Vergi Məcəlləsinə  edilən  dəyişiklikləri yüksək  qiymətləndirərək bildirdi ki, ölkə iqtisadiyyatı üzrə prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslər və fərdi sahibkar tərəfindən investisiya təşviqi sənədi aldıqları andan müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular 7 il müddətinə gömrük rüsumundan azad olunacaqlar. Bu dəyişikliklərin qəbul olunması sahibkarların xərclərinin azalmasına yerli və xarici investisiyanın cəlb olunmasına, eyni zamanda həcminin artmasına gətirib çıxaracaq.
İclasda Milli Məclisin Hüquq  siyasəti  və  dövlət  quruculuğu komitəsinin sədri Əli Hüseynli, millət  vəkilləri Qüdrət  Həsənquliyev, Vahid Əhmədov, Əli Məsimli, Əsabil Qasımov və Qiymətli Kağızlar  üzrə Dövlət Komitəsinin sədri Rüfət  Aslanlı çıxış edərək qəbul  edilən sənədlər  barədə  fikirlərini  açıqladılar. Qeyd  olundu ki, Milli Məclisin növbədənkənar sessiyasının gündəliyinə təqdim olunan qanun layihələri yerli və xarici investisiyaların artmasına kömək edəcək.
Ətraflı müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.

 

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır