Yanvarın 27-də Bakıda “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin təqdimatı ilə bağlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov deyib ki, Avropa Komissiyasının Tvinninq layihəsi DSK-nın benefisiarı olduğu ikinci layihədir. Bildirib ki, ilk Tvinninq layihəsinin məqsədi milli hesabatlar, müşahidə olunmayan iqtisadiyyat, biznes statistikası və istehsalçıların qiymət indekslərinin hesablanması metodologiyalarının Avropa standartlarına uyğunlaşdırılmasına istiqamətlənmişdi. 2009-2012-ci illəri əhatə edən layihənin tərəfdaşları Almaniya, Bolqarıstan, Çexiya və Litvanın milli statistika orqanları olmuşdu.
T.Budaqov qeyd edib ki, budəfəki Tvinninq layihəsinin məqsədi isə keyfiyyətin idarə olunması, coğrafi informasiya sistemlərinin təkmilləşdirilməsi, əhalinin gəlirləri və həyat şəraiti, əlillik, turizm sahəsində rəsmi statistikanın Avropa standartlarına uyğunlaşdırılmasından ibarətdir. Avropa İttifaqı tərəfindən bu layihənin tərəfdaşları kimi Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutu çıxış edir. Bundan əlavə, Niderland, Çexiya, Sloveniya, Danimarka və Xorvatiya milli statistika təşkilatlarının ümumilikdə 40-dək mütəxəssisi layihəyə cəlb olunacaq. Layihə çərçivəsində Dövlət Statistika Komitəsinin mütəxəssislərinin Avropa İttifaqı ölkələrinə təlim səfərləri təşkil olunacaq, eyni zamanda, qarşı tərəfin ekspertləri həmin səfərlər nəticəsində əldə olunan təcrübənin tətbiqi istiqamətində görüləcək işləri yerində qiymətləndirəcəklər. Layihənin icrasına nəzarəti təmin etmək üçün layihənin İdarəetmə Komitəsi yaradılıb.
“Layihə 5 komponentdən - keyfiyyətin idarə edilməsi, coğrafi informasiya sistemi, gəlirlər və həyat şəraitinə dair statistika, əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə dair statistika və turizm statistikasından ibarətdir. Layihənin müddəti 24 ay, büdcəsi isə təxminən 1,2 milyon avrodur”, – deyə Dövlət Statistika Komitəsinin sədri qeyd edib.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Prezident İlham Əliyev uçot və statistikanın təkmilləşdirilməsini Azərbaycanın iqtisadi-siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlət Statistika Komitəsi isə son illərdə statistikanın köklü sürətdə həm metodoloji bazasının, həm metodik hissəsinin xeyli dərəcədə təkmilləşdirib. Çünki Azərbaycanda statistika sisteminin təkmilləşdirilməsi üçün kifayət qədər qanunvericilik bazası var.
Z.Səmədzadə qeyd edib ki, layihədəki bütün istiqamətlər Azərbaycan dövlətinin və iqtisadiyyatının keyfiyyətli inkişafını təmin edən göstəricilər sırasındadır. Milli Məclisin komitə sədri əmin olduğunu bildirib ki, bu Tvinninq layihəsi uzun müddətli olacaq və Azərbaycanın keyfiyyətli inkişafının təmin olunmasında mühüm rol oynayacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, Avropa İttifaqının bu məsələlərdə Azərbaycana çox böyük diqqət ayırması və belə layihələri çoxaltması onu göstərir ki, ölkəmizin tədricən Avropanın bir parçasına çevrilməsi prosesi çox dinamik şəkildə davam edir. Nazir qeyd edib ki, layihədəki gəlirlər və həyat şəraiti, əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə dair statistikalar son dərəcə vacib olan komponentlərdir: “Hər bir statistik informasiyanın toplanması və istifadəsində vacib olan əsas elementlər var ki, bu Avropa statistika institutlarının praktikasında əsas yer tutur. Bunlar toplanan iqtisadi və sosial informasiyanın iqtisadi səmərəliliyi, keyfiyyəti və obyektivliyidir”.
Nazir bildirib ki, bu Tvinninq layihəsinin qarşıya qoyduğu əsas məqsədlərdən bir də Azərbaycanda məhz əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxslərə dair statistikanın qurulmasıdır. Yəqin ki qısa zamanda işləri yekunlaşdırıb müvafiq qanun layihəsini baxılmaq üçün Milli Məclisə təqdim edəcəyik. Çünki əlliliyə olan münasibət kökündən dəyişilməlidir və bu gün həmin proses cəmiyyətdə gedir. S.Müslümov qeyd edib ki, bu layihənin həyata keçirilməsi Dövlət Statistika Komitəsinin fəaliyyətinin tamamilə yenidən qurulmasına öz töhfəsini verəcək.
Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayter qeyd edib ki, Azərbaycanda həyata keçirilən ilk layihə ümumilikdə 16 ölkədə reallaşdırılan layihələrin arasında ən uğurlusu idi. O Azərbaycanda rəsmi statistikanın keyfiyyətli və Avropa standartlarına uyğun qurulmasının əhəmiyyətini vurğulayıb. Budəfəki layihədə beynəlxalq ekspertlərin çalışacağını deyən D.Sarrayter bildirib ki, statistika sistemində keyfiyyətin təkmilləşdirilməsi daimi vəzifədir: “Bunun üçün də statistika sistemləri daimi olaraq keyfiyyət məsələlərinə diqqət yetirməlidirlər. Əminəm ki, bu layihə də ilk layihə kimi uğurlu olacaq”.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, bu gün beynəlxalq təcrübədə iqtisadi proseslərə təsir edən bütün amillər nəzərə alınmaqla, istər cari, istərsə də uzunmüddətli proqnozlaşdırma və fəaliyyətin təşkili üçün müasir alətlərdən istifadə olunur. Müasir dünyada sığorta pensiya sistemləri qarşısında duran problemlər bir çox amillərin təsirindən qaynaqlanır.
E.Mehdiyev qeyd edib ki, bu Tvinninq layihəsi Azərbaycanın dövlət idarəçiliyi, eləcə də ayrı-ayrı dövlət orqanlarının fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edəcək və ümumilikdə əsas məqsədə nail olmağa böyük töhfələr verəcək.
Konfransda iqtisadiyyat nazirinin müavini Sahil Babayev, Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel və başqaları çıxış edərək Tvinninq layihəsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, layihə Azərbaycanın milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasına və daha da inkişafına dəyərli töhfə verəcək. |