Bəzi banklar müştərilərlə müqavilələrin vaxtını uzadır və kredit faizlərini endirir.
Bu sözləri fevralın 24-də Caspian European Club çərçivəsində keçirilən biznes-forumda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə bank kreditləri ilə bağlı sualı cavablandırarkən deyib.
O, bildirib ki, “Nikoilbank” və “Dəmirbank” kimi banklar özləri təşəbbüs göstərib müştərilərlə müqavilələrin vaxtını uzadır və kredit faizlərini 1,55-dən 1,30-a endirirlər. Banka kredit borcu olan vətəndaşlar faiz kreditlərini deyil, əsas borcu ödəyirlər, bu da şübhəsiz müsbət haldır.
Z.Səmədzadənin fikrincə, bütövlükdə hər bir kommersiya bankı mövcud imkanlarını axtarmalı, insanların qayğısına qalmalı, onlarla görüşməlidir. Bu məsələlər dövlət səviyyəsində həll olunmur, dövlət üzərinə düşdüyü bütün öhdəlikləri yerinə yetirib. Sosial proqramların həyata keçirilməsi istiqamətində əmək haqları və təqaüdlər artırılıb. Kommersiya bankları özlərinin mənafeyi naminə qazandıqları gəlirlərinin bir hissəsini müştərilərlə bölüşməlidirlər. |