Ziyad Səmədzadə ADAU-da ustad dərsləri keçdi
Azərbaycan Dövlət Aqrar Universitetində son illər ustad dərslərinə xüsusi önəm verilir. Bu cür dərslər ilk olaraq tələbənin təhsil aldığı sahə üzrə gələcəkdə peşəkar kadr kimi yetişməsinə böyük töhfə olur. Mühazirə və ondan sonrakı diskusiyalar həm də tələbənin elmi potensialını ortaya qoyur, dəyərli tövsiyyələr onun kamilləşməsinə təkan verir. ADAU-nun mətbuat xidmətinin məlumatına görə universitetin bu dəfəki qonağı Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru Ziyad Səmədzadə olub. Akademik bakalavriat, magistratura, doktorantura səviyyəli təhsil alan tələbələr və gənc müəllimlər üçün “Müasir mərhələdə Azərbaycan iqtisadiyyatının inkişaf problemləri” mövzusunda ustad dərsi keçib. ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov əvvəlcə mühazirəçi akademik haqqında auditoriyada olan dinləyicilərə ətraflı məlumat verib, Azərbaycan iqtisadiyyatının uğurlu inkişafından faktlar söyləyib. İki saat davam edən mühazirə böyük maraqla dinlənilib. Real faktlarla söylənilən hər fikir tələbələrin diqqətini cəlb edib. Mühazirədən sonra tələbələrin suallarını cavablandıran Ziyad Səmədzadə müzakirələrdən fəal olanlara (Həsənova Dilər Əkbər qızı, III kurs menecment ixtisası; Zeynallı Elay Cəlal oğlu, IV kurs maliyyə ixtisası) İqtisadi Ensiklopediya kitabını hədiyyə edib.
|