Kifayət qədər sanballı və mükəmməl qanun layihəsi hazırlanıb. Hesablama Palatasının rəyi də vaxtında daxil olub.
Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 20-də keçirilən iclasında "2015-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı adıçəkilən komitənin sədri Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, millət vəkilləri də sənədlə tanış olublar.
"Qeyd edim ki, 2015-ci ildə dünyada gedən məlum iqtisadi proseslərlə bağlı Azərbaycanda da müəyyən qədər sıxıntılar yaşanmışdı, amma buna baxmayaraq, həmin müddətdə ölkəmizdə heç bir layihənin icrası dayandırılmamışdı, qarşıya qoyulan vəzifələrin icrası yönündə addımlar atılmışdı.
Yəni, Azərbaycan iqtisadiyyatı öz inkişaf yolu ilə addımlamaqda davam etmiş və bu gün də etməkdədir" - deyə, komitə sədri sözlərinə əlavə edib.
Hazırda qanun layihəsi ilə bağlı maliyyə naziri Samir Şərifovun məlumatının dinlənilməsinə başlanılıb. |