İqtisadi təhlükəsizlik məsələləri elmi araşdırmaların diqqət mərkəzindədir
Müasir dövrdə qloballaşan dünya iqtisadiyyatı şəraitində ölkələrin iqtisadi təhlükəsizlik probleminin ön plana çəkilməsi obyektiv bir zərurətdir. Dünya təcrübəsi sübut edir ki, ölkə daxilində siyasi sabitliyin təmin olunduğu şəraitdə belə suveren dövlətə iqtisadi sfera ilə bağlı xarici təhlükələr heç də azalmır. Çünki beynəlxalq maliyyə bazarı, dünya ticarəti, transmilli şirkətlərin fəaliyyəti genişləndikcə, informasiya və telekommunikasiya texnologiyaları inkişaf etdikcə ölkələrin iqtisadi təhlükəsizliyini təmin etmək problemləri də mürəkkəbləşir. İqtisadi təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsidir. Ölkənin iqtisadi təhlükəsizliyini təmin etmədən milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür. Dövlətin iqtisadi təhlükəsizliyi, ilk növbədə dövlətin müstəqilliyinin qorunması üçün vacibdir. İqtisadi təhlükəsizliyini təmin etməyən ölkə müstəqil dövlət sayıla bilməz. Əksər iqtisadçı alimlər, beynəlxalq səviyyəli ekspertlər belə fikirdədirlər ki, dövlətin iqtisadi təhlükəsizliyi ilk növbədə onun davamlı və keyfiyyətli inkişafına, bu ölkənin beynəlxalq aləmdə milli mənafelərini müdafiə etməyə, yeridilən siyasətin sosial yönümlüyünə, iqtisadiyyatın, ölkənin müdafiə qabiliyyətinin tələb olunan səviyyədə olmasına imkan yaratsın. Çünki dünya iqtisadiyyatında baş verən, baş verəcəyi ehtimal olunan proseslərin təhlilindən çıxarılan mühüm nəticələrdən biri də ondan ibarətdir ki, heç bir xarici dövlət, beynəlxalq təşkilat, xarici investor başqa ölkəyə maraqsız kömək etmir. Hər belə köməyin arxasında mənafelər durur. Ona görə də hər bir xarici köməyin milli mənafelər, iqtisadi təhlükəsizlik baxımından qiymətləndirilməsi vacibdir. Bu gün beynəlxalq maliyyə təşkilatları dünyanın bir çox ölkələrində islahatlarla bağlı proqramlar həyata keçirir, hökumətlərə tövsiyələr verirlər. Bununla belə, yuxarıda qeyd edildiyi kimi, dünyanın bir çox məşhur politoloqları, iqtisadçıları, dövlət xadimləri bu köməklərin heç də həmişə həmin ölkələr üçün yaxşı nəticələr vermədiyini dünyanın ən yüksək tribunalarından cəsarətlə söyləyirlər.
Bütün bu kimi məsələlər bu yaxınlarda işıq üzü görmüş Pərviz Vəliyevin “Dövlətin iqtisadi təhlükəsizlik məsələləri” kitabında diqqət mərkəzinə çəkilir. Kitabda müəllif dövlətin iqtisadi təhlükəsizliyinin aktual problemlərini təhlil edir, ilk növbədə problemin nəzəri-metodoloji əsaslarını araşdırır və haqlı olaraq iqtisadi təhlükəsizlik barədə bəşəri iqtisad elmində nüfuz qazanmış iqtisadi məktəblərin baxışlarına münasibətini bildirir. Əsərdə, həmçinin iqtisadi təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayan maliyyə sabitliyi, maliyyə sisteminin dayanıqlığı, iqtisadi təhlükəsizliyin iqtisadi inkişaf və onun səmərəliliyi ilə sıx əlaqədə olduğu sübut edilir. Bu, doğru yanaşmadır. Kitabda müəllifin ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi, daha dəqiq desək, göstəriciləri barədə fikirləri maraq doğurur. Razılıq hissi ilə qeyd edilməlidir ki, bütün bu və digər göstəricilər respublikanın konkret materialları əsasında təhlil edilir, elmi əhəmiyyət kəsb edən nəticələr çıxarılır.
Müəllif haqlı olaraq araşdırmalarına keçid dövründən başlayır. Araşdırmalar nəticəsində tədqiqatçı belə bir qənaətə gəlir ki, bütün ölkələr üçün keçid dövrünün ilkin mərhələsində iqtisadiyyatın strukturunun dağılması, maliyyə sabitliyinin ciddi formada pozulması, sosial sferada vəziyyətin kəskinləşməsi, insanların yaşayış şəraitinin pisləşməsi, istehsal sahələrinin tənəzzülü, ölkənin daxili və xarici iqtisadi əlaqələrinin pozulması və s. hallar xarakterikdir.
Müəllif haqlı olaraq qeyd edir ki, müstəqilliyin ilk illərində aparılmış düzgün olmayan siyasət dövlətin iqtisadi sferada rolunun köklü surətdə azalmasına, onilliklər ərzində yaradılmış istehsal potensialının dağılmasına, istehsal və həyat səviyyəsinin aşağı düşməsinə, ağır sosial nəticələrə gətirib çıxarmışdır ki, bütün bunlar da ölkənin müstəqilliyi üçün ciddi təhlükə yaratmışdı.
Daha sonra müəllif 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıtması, onun ölkəni fəlakətdən qurtarmaq istiqamətində gördüyü tarixi işləri ətraflı işıqlandırır. Həyata keçirilən tədbirlər öz bəhrəsini verdi, Azərbaycan iqtisadiyyatında sabitləşdirmə, başqa sözlə, makroiqtisadi sabitlik təmin edildi, ilk növbədə dörd rəqəmli inflyasiya minimuma endirildi, milli valyutanın möhkəmləndirilməsi, iqtisadiyyatın canlanması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində irimiqyaslı tədbirlər həyata keçirildi ki, bütün bunlar nəticədə ölkədə iqtisadi inkişafın dinamikliyini təmin etdi. Kitabda keçilən inkişaf dövrü, müstəqil Azərbaycanın iqtisadi inkişaf dinamikasını xarakterizə edən göstəricilər, aparılan iqtisadi siyasətin uğurları əyani əks etdirilir.
P.Vəliyev apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlir ki, son 20 ildə ölkənin iqtisadi təhlükəsizliyinin əsası kimi iqtisadi maraqların təmin olunması dövlətin qarşısında duran mühüm məsələlərdən biri olmuşdur. Belə ki, həyata keçirilən irihəcmli layihələrin milli və dövlətçilik maraqlarının qorunması, eləcə də ümumilikdə iqtisadi təhlükəsizliyin təmin olunması baxımından qiymətləndirilməsinə xüsusi diqqət verilir.
Sonra müəllif iqtisadi təhlükəsizlik baxımından xarici borclanma probleminin vacibliyini nəzərə çatdırır. Xarici borcların çoxalması həm ölkənin xaricdən asılılığının artmasına, həm də böyük həcmdə məbləğ borca və faizlərə yönəldiyindən ölkənin daxili investisiya potensialının zəifləməsinə səbəb olur. Konkret materiallara əsaslanaraq müəllif onu da qeyd edir ki, respublikanın xarici borclar üzrə heç bir ciddi problemi yoxdur.
Müəllif maliyyə-investisiya potensialının iqtisadi təhlükəsizlik baxımından araşdırılmasından bu nəticəyə gəlir ki, mövcud potensialın qabaqcadan qiymətləndirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar həm də region və ya sahə üzrə investisiya ehtiyaclarını da üzə çıxarmağa imkan verir ki, nəticədə perspektiv investisiya layihələrini daha dəqiq planlaşdırmaq mümkün olur. Bu isə öz növbəsində iqtisadi təhlükəsizlik baxımından vacib sayılan uzunmüddətli dayanıqlı iqtisadi inkişafa dəstək verir.
Araşdırmaları nəticəsində müəllif belə bir qənaətə gəlir ki, hazırda Azərbaycanın milli mənafeyi bölgələrdə son məhsul istehsal edən yüngül və yeyinti sənaye müəssisələrinin tikilməsini tələb edir. Belə yanaşma regionların sosial-iqtisadi problemlərini həll edər, daxili bazarı xarici təhlükədən xilas edər və Azərbaycanın öz vətəndaşlarını ərzaqla təmin etmək imkanı olduğu halda, xarici ölkələrdən kənd təsərrüfatı məhsullarının daxili bazara idxalını tədricən azaltmış olar. Buna görə də Azərbaycan dövləti investisiya siyasətini təkmilləşdirməklə, onları istehlak məhsulları istehsal edən sahələrə, ən çox isə aqrar bölməyə yönəltmək üçün konkret tədbirlər həyata keçirməyi nəzərdə tutur. Tədqiqatçının bu fikirləri Azərbaycan dövlətinin müasir mərhələdə apardığı siyasətə əsaslanır. Kitabda xüsusi olaraq vurğulanır ki, Azərbaycan dövləti onun milli maraqlarına, davamlı və keyfiyyətli inkişafına xidmət edən müstəqil siyasət yeridir ki, bu da ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün müstəsna əhəmiyyət kəsb edir.
Kitabda ölkənin iqtisadi vəziyyətini iqtisadi təhlükəsizlik baxımından təhlil edərkən müəllif xarici ticarət əlaqələrinin vacibliyini nəzərə alaraq təhlilinə xüsusi diqqət yetirir.
Müəllif apardığı tədqiqatlara əsaslanaraq qeyd edir ki, xarici investorları Azərbaycana cəlb etmək üçün dünya təcrübəsində özünü doğrultmuş mexanizmlərdən istifadə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hökumətə verdiyi tapşırıqlara əsasən, xaricdən alınan vəsaitlər ilk növbədə ən müasir texnologiyaların tətbiqinə, innovasiyalı iqtisadiyyatın qurulmasına xidmət etməlidir. Bu cür yanaşma yaxın vaxtlarda daha da böyük vüsət alacaqdır. Müəllif onu da haqlı olaraq qeyd edir ki, Azərbaycanda investisiya qoyuluşunun əlverişli olması haqqında informasiya yaymaq vacib məsələlərdəndir. Xarici investorları Azərbaycanın strateji mövqedə yerləşməsi, qiymətli və zəngin təbii resursları, təbii xammalı, elmi və kadr potensialı olması haqqında bilgilərlə məlumatlandırmağın əhəmiyyəti böyükdür.
Beləliklə, müəllifin tədqiqatları bu nəticəyə gəlməyə əsas verir ki, istər investisiya cəlbediciliyində, istər vəsaitlərin iqtisadiyyatın sahələri və regionlar arasında bölüşdürülməsində, istərsə də əhalinin məşğulluğu sahəsində mövcud olan problemlərin həlli dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri hesab edilən ölkənin etibarlı iqtisadi təhlükəsizliyinin təmin olunması üçün vacib işlərdir.
Hesab edirəm ki, Pərviz Vəliyevin oxuculara təqdim edilən və müasir dövrün ən aktual problemlərindən biri olan dövlətin iqtisadi təhlükəsizlik problemlərinə həsr edilən bu kitabı iqtisad elmi ilə bağlı dərc edilən nəşrlər içərisində özünə layiqli yer tutacaq, çıxarılan nəticələr müvafiq idarəetmə strukturlarının iqtisadi inkişaf, maliyyə-pul-kredit siyasəti ilə bağlı araşdırmalarda, layihələrin, strateji proqramların hazırlanması prosesində nəzərə alınacaqdır.
Akademik Ziyad Səmədzadə,
Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin sədri |