AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
02.09.2016

Ziyad Səmədzadə: “Böyük İpək Yolunun bərpası regionda iqtisadi əməkdaşlığın

yüksək səviyyəyə çatmasını təmin edəcək”

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Çində keçirilən "İpək Yolu - əməkdaşlıq və inkişaf” adlı nüfuzlu investisiya forumunda iştirak edib.

 Akademik tədbir haqqında Modern.az saytına müsahibə verib.

 - Bu yaxınlarda siz Çin Xalq Respublikasında (ÇXR) səfərdə olmusunuz. Səfərin əsas məqsədi nədən ibarət idi?

 -Çin tərəfinin dəvəti ilə mən Qansu əyalətində oldum. Sevindirici haldır ki, ölkələrimiz arasında inteqrasiya işində şəxsən özüm gücüm çatan qədər iştirak etmişəm. İndiyədək bir neçə dəfə ÇXR-ə səfər etmişəm, dövlət təşkilatları, müxtəlif müəssisələrin işləri ilə tanış olmuşam. Bu da ölkədəki iqtisadi islahatların miqyası haqqında özümdə daha aydın təsəvvür yaranmasına kömək olub. Bu səfərlərin nəticəsində üç kitabım ("Çin iqtisadi möcüzəsi”, "Çin qlobal dünya iqtisadiyyatında” rus və Azərbaycan dillərində), Çin iqtisadiyyatına dair onlarla məqaləm, "İqtisadiyyat” qəzetinin ÇXR-in 55 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çıxıb. 2001-ci ilin aprelində Bakıda Azərbaycan İqtisadçılar İttifaqı,  ÇXR səfirliyi və Xalq Diplomatiyası İnstitutunun təşkilatçılığı ilə "Planlı təsərrüfatdan bazar iqtisadiyyatına və iqtisadi inkişaf modelinə keçid” beynəlxalq elmi-nəzəri konfransı uğurla baş tutdu. Bu konfrans KİV tərəfindən çox geniş işıqlandırılmış və mütəxəssislərdə böyük maraq doğurmuşdu.

 Bütün səfərim ərzində apardığım bu tədqiqatların Çin tərəfindən rəğbətlə qarşılandığının şahidi oldum.

 Lançjou "İpək Yolu - əməkdaşlıq və inkişaf” adlı investisiya forumunun plenar iclasında məndən başqa Qansu əyalətinin Kommunist Partiyasının katibi Van San Yuun, Ümumçin Siyasi Konsultativ Şurası sədrinin müavini Van Cin Vey, Tailandın baş nazirinin müavini Somkit Çatusipitak, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Alimov, BMT-nin İnkişaf Proqramının rəhbəri çıxış etdilər. Mən də çıxış etdim. Çıxışımda səslənən fikirlər sizinlə müsahibədə öz əksini tapmışdır.

 Deyim ki, bu konfransdakı çıxışım iştirakçılar arasında böyük maraqla qarşılandı. İclasdan sonra mənə yaxınlaşanlar çox oldu. Onlar Azərbaycan iqtisadiyyatında baş verən proseslərə yüksək maraq nümayiş etdirirdilər.

 Açıq-aşkar görünür ki, münbit sərmayə mühiti və dayanıqlı inkişafa malik Azərbaycan bazarı getdikcə Çin kompaniyaları üçün daha cəlbedici olur. Çin sahibkarları üçün emal, toxuma və digər sahələrə aid birgə istehsal müəssisələrinin tikilməsi, yol inşası, ticarət, bank, maliyyə, farmakologiya, səhiyyə sahəsində əlaqələr maraqlıdır. Çinli sərmayədarların  cəlb edilməsi üçün əməkdaşlığın prioritet sahələrindən biri də turizmdir.

 Bundan əlavə, mən, həmçinin 22-ci ticarət yarmarkasında iştirak etdim. Qeyd etmək lazımdır ki, bu yarmarka 1992-ci ildən etibarən keçirilir. Bu müddət ərzində yarmarkanın miqyası nəzərəçarpacaq dərəcədə genişlənib. Eyni zamanda, onun səviyyəsi, təsir dairəsi və qonaqların statusu da yüksəlməkdədir. Bu yarmarka artıq Şimali-Qərbi Çinin və Qansu əyalətinin xarici aləmlə əməkdaşlığının gücləndirilməsinə imkan verən mühüm bağa çevrilib. Hər dəfə sərgidə 10 mindən artıq əcnəbi iştirakçı və yüz mindən çox iştirakçı olur. Bu, Çin üçün çox böyük miqyaslı hadisədir - 22-ci Lançjou yarmarkasının sərgi meydançasının sahəsi 50 min kv.metri əhatə edir. Bu dəfəki yarmarka ÇXR Kommersiya Nazirliyi, Ümumçin  Sənaye və Tacirlər Assosiasiyası və Qansu əyalətinin müvafiq orqanları tərəfindən  təşkil olunmuşdu.

 Lançjou yarmarkası Çində və xaricdə böyük populyarlığa malikdir, tədbirin güclü beynəlxalq təsiri var. Bu gün bu tədbir Çinin qərbində çox mühüm ticari-iqtisadi mərasimlərdən biridir, Çinin qərb rayonlarının xaricə açılması üçün "pəncərə”, İpək Yolu üzərində yerləşən ölkələr arasında ticari-iqtisadi əlaqələr üçün platformadır. Yarmarka çərçivəsində təşkil olunan tematik sərgisinə dünyanın 18 ölkəsindən və ölkənin müxtəlif əyalətlərindən 800 müəssisə qatılmışdı.

 22-ci Lançjou yarmarkasının əsas konsepsiyası – "Vahid kəmər (xətt) və vahid yol”un yaradılması, yəni, qarşılıqlı əlverişli əməkdaşlığın güclənməsinə yardım etməkdən ibarət idi. Ekspozisiyanın sahəvi prioritetləri – bioloji sənaye, informasiya texnologiyaları, qabaqcıl avadanlıqların istehsalı, kimya  sənayesi və s. idi. Yarmarka İpək Yolu ölkələri arasında qarşılıqlı etimadı və əlaqələri gücləndirmək, tərəflər üçün əlverişli əməkdaşlığı dərinləşdirmək, müasir avadanlıq istehsalı sahəsində lider mövqeləri tutan Çin müəssisələrinin işini stimullaşdırmaqdan ibarətdir.

 - Bu cür mühüm mərasimlərdə iştirak zamanı, yəqin ki, forumun qonaqları, tədbirin təşkilatçıları ilə də görüşlər olub. Bu görüşlər haqqında nə deyə bilərsiniz?

 - Qansu əyalətinin Kommunist Partiyasının katibi Van San Yuunla çox məhsuldar və mehriban görüşümüz baş tutdu. O, ölkəmizin qlobal çağırışlar və təhlükələrə qarşı fəaliyyətini, dayanıqlı sosial-iqtisadi inkişafın təminatında əldə edilən uğurları yüksək qiymətləndirdi. 

 Onun fikrincə, azərbaycanlı partnyorlarla əməkdaşlığın artırılmasının əsas aspekti hər iki ölkənin kommersiya dairələrində ticarət və biznes əlaqələrinin birgə səylərindən keçir.

 O cümlədən, ŞƏT baş katibi, cənab Rəşid Alimovla söhbətimizi qeyd etməyə bilmərəm. Bu zaman regional əhəmiyyət kəsb edən aktual məsələlərə dair fikir mübadiləsi  apardıq. Son illər ŞƏT-in siyasi yükü  xeyli artıb, bu təşkilat praktikada çoxqütblü dünyamızın sürətlə formalaşan mərkəzlərindən birinə çevrilib.

 Həmçinin, Tacikistanın ticarət-sənaye palatasının sədri Şarif Səidlə, Çinin Kommersiya nazirliyinin rəhbərliyi, bu ölkənin Ticarət Sənaye  Administrasiyası baş dövlət idarəsinin və Ümumçin Sənaye və Tacirlər Assosiasiyasının nümayəndələri ilə maraqlı diskussiyalarım oldu.

 - Müasir mərhələdə Azərbaycan və Çin arasında əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Bu qarşılıqlı münasibətlərin perspektivləri haqqında nə deyə bilərsiniz?

 - Çin Azərbaycanın müstəqilliyini və suverenliyini tanıyan, 1992-ci ildə bizimlə diplomatik əlaqələr quran ilk dövlətlərdən biri olub. Bundan sonra ölkələrimiz arasında keyfiyyətcə yeni səviyyəyə keçmiş olan əməkdaşlıq ildən-ilə genişlənir və dərinləşir ki, bu da özünün yeni müsbət nəticələrini verməkdədir. Bu gün ölkələrimiz arasında əlaqələr stabilliyi və kamilliyi ilə fərqlənir, onların inkişafı mütləq olaraq yüksək səviyyədə baş verir. Siyasi sferada ölkələr arasında qarşılıqlı etimad səviyyəsi formalaşıb. İqtisadi sahədə Azərbaycan və Çin  çox mühüm partnyordurlar. Humanitar mübadilə çox parlaq və müxtəlif hadisələrlə zənginləşir, beynəlxalq məsələlər üzrə strateji əlaqələndirmə mütəmadi olaraq möhkəmlənir. Dövlət başçıları arasında çox gözəl işgüzar münasibətlər yaranıb ki, bu da iki ölkə arasında münasibətlərin inkişaf vektorunun müəyyənləşməsi baxımından mühüm rol oynayır.

 İkitərəfli münasibətlərin inkişafı və dərinləşdirilməsi üçün ölkə rəhbərlərinin qəti iradələri var. 2015-ci ilin dekabrında Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri zamanı siyasi, iqtisadi, sosial inkişaf və qarşılıqlı əməkdaşlığın bir çox sahələrini əhatə edən mühüm sənədlər imzalandı.

 

Ən vacib məqamlardan biri də odur ki, Çin həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək. Bu ölkə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında həllinin tərəfdarı kimi çıxış edir. Müvafiq olaraq, Azərbaycan da vahid Çin prinsiplərinə istinad edir ki, bu da bizim siyasi əməkdaşlığımızı daha da yaxınlaşdırır.

 Çin-Azərbaycan münasibətləri bərabərlik, qarşılıqlı mənfəət və dinc yaşam prinsiplərinə əsaslanan dövlətlərarası münasibətlərin parlaq nümunəsinə çevrilib.  Bu gün Çin şirkətləri Azərbaycanda energetika, informasiya-kommunikasiya texnologiyaları və digər sferalarda uğurla fəaliyyət göstərirlər. Bu sahələrdə əməkdaşlığın gələcəkdə də genişləndirilməsi üçün çox gözəl perspektivlər mövcuddur. Bu baxımdan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq, o cümlədən nəqliyyat və sənaye sahəsindəki əlaqələrin genişləndirilməsi imkanı mühüm əhəmiyyət kəsb edir. Dünyada terror, aqressiv separatizmin mövcud olduğu indiki dövrdə Azərbaycan və Çin arasında təhlükəsizlik sahəsindəki əməkdaşlıq da regionda böyük rol oynayır.

 Çinin təşəbbüsünə qoşulan Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub. Bu, bizim iqtisadi əməkdaşlığımızın çox yaxşı göstəricisidir. Bir çox Çin şirkətləri Azərbaycanda aktiv fəaliyyət göstərirlər. Biz Azərbaycanda müxtəlif sahələrdə - infrastruktur, tikinti sahələrində ixtisaslaşmış çoxlu Çin şirkətlərini görmək istəyirik. Bu yarmarka məhz bu cür əməkdaşlığın aktivləşdirilməsi üçün çox ciddi platformalardan biridir.

 - Ölkəmizin Böyük İpək Yolu layihəsində iştirak perspektivlərini necə qiymətləndirirsiniz?

 - Ümummilli lider Heydər Əliyev Azərbaycanın Avropa və Asiyanı birləşdirən ən qısa marşrutun üzərində yerləşməsini vurğulayaraq belə demişdi: "Tarixi İpək Yolu gələcəyə doğru aparan bir yoldur”.

 Artıq bu gün Azərbaycan Şərq və Qərbi bir-birinə bağlayan bəndə çevrilib. İri enerji resurslarına malik olan ölkəmiz Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Qərbi Avropa və İsrailə enerji çatdırılmasını təmin edir. Bundan əlavə, Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə qərb bazarlarına çatdırılacaq.

 Sərnişin və yük daşınmalarını təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir. Ələt qəsəbəsində böyük bir beynəlxalq dəniz ticarət limanı inşa edilib.  2015-ci il avqustun 3-də bura çox qısa müddətdə - cəmi 6 günə, Çin-Qazaxıstan-Azərbaycan marşrutu üzrə ilk konteyner qatarı gəlib çıxdı. Tezliklə Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə TransXəzər beynəlxalq nəqliyyat marşrutu üzrə ilk konteyner qatarının göndərilməsi də planlaşdırılır.

 Yeni İpək Yolu iqtisadi xəttinin yaradılması nəinki ticarət, enerji, elm və texnologiya, informasiya, kənd təsərrüfatında, həm də turizm sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Strateji ticarət marşrutu olan Yeni İpək Yoluna zəngin mədəni və tarixi dəyərləri, ənənələri olan ölkələrin ərazisindən keçən böyük turizm marşrutu kimi baxılmalıdır. Böyük İpək Yolunun bərpası magistral boyunca iqtisadi inteqrasiya və ticarətin liberallaşdırılmasını nəzərdə tutur. Bu proses iki ölkə arasında iqtisadi və mədəni mübadiləni yüksək səviyyədə təmin edəcək, turizmin inkişafını sürətləndirəcək və asanlaşdıracaq.

 Transavrasiya magistralının mərkəzində yerləşən ölkəmiz xarici turistlərin diqqətini cəlb etmək üçün böyük potensiala malikdir. Ölkədə turizmin inkişafı naminə müsbət dəyişikliklər dövlət səviyyəsində təmin olunur. Sərhəd-gömrük keçid rejiminin sadələşdirilməsi, turizmin inkişafı üçün mövcud hüquqi bazanın təkmilləşdirilməsi, vergi sahəsində təşviq fəaliyyəti, turizmin davamlı inkişaf strategiyalarının yaradılması, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, Azərbaycanın beynəlxalq turist marşrutlarına cəlb olunması respublikamızın turizm imkanlarını daha effektiv şəkildə nümayiş etdirməyə imkan verir.

 Son illər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məqsədilə turizm sənayesinə xüsusi diqqət yetirilib. Ölkəmizin böyük turizm potensialı var və bu bazanı inkişaf etdirmək, potensial turistləri maraqlandırmaq lazımdır.

 - Bu gün Çin iqtisadiyyatında nələr baş verir?

 - Bu gün ÜDM həcminə görə Çin Xalq Respublikasının iqtisadiyyatı dünya üzrə ikinci yerdədir. Çin sənaye istehsalı həcminə görə artıq dünyada ilk industrial supergüc dövlətidir. O, həmçinin kosmik və nüvə sahəsi üzrə liderdir. Çin kömür, dəmir, manqan, sink-qurğuşun, sürmə və volfram filizləri, eləcə də odun hasilatında öndədir. Çində dünyanın ən böyük sürət qatarı və yüksək sürətli dəmir yolu şəbəkəsi mövcuddur ki, bu şəbəkə Yaponiya və Avropada olduğundan qat-qat genişdir. Çin – dünyadakı dörd sivilizasiyadan birinin vətənidir. Bütün qədim sivilizasiyalardan yalnız Çindəki quruluş ağır kataklizmlərdən qaçmağı bacarıb, məhv olmaqdan qurtulub və inkişaf edib. Dünyadakı ən mühüm dörd kəşf – kağız, kitab çapı, kompas və barıt Çinə aiddir.

 Çinlilər çox gözəl anlayırlar ki, dünyanın heç bir dövləti  bu nəhəng ölkənin ərzaq təhlükəsizliyi funksiyasını öz üzərinə götürməyəcək. Lap hansısa dövlət bunu etmək istəsə belə, bu sahədəki bütün cəhdlər uğursuzluğa düçar olacaq. Buna görə də son 30 ildə aparılan islahatların ən effektiv nəticələrindən biri ölkədə ərzaq bolluğunun və ərzaq təhlükəsizliyinin təminatı olub.

 İndi isə əhali arasında təkmil iqtisadi şüurun formalaşdırılması qarşıya məqsəd kimi qoyulub. Qeyd olunur ki, Çin inkişaf etmiş ölkələr arasında birinci olaraq "İqlim dəyişikliklərinə adaptasiya üzrə dövlət proqramı”nı hazırlayıb və tətbiq edib. Xalqın firavan həyat yaşaması uğrunda qarşıya qoyulan məqsədlər sırasına təkcə əhalinin gəlirlərinin artırılması deyil, həm də hər kəsin təmiz hava udması, təhlükəsiz su və ərzaq məhsulları ilə qidalanması da daxildir. Çinlilər bunların hamısını birlikdə ekosivilizasiya adlandırırlar.

 Mübaliğəsiz demək olar ki, Çinin inkişafında hələ öz həllini gözləyən problemlər çoxdur. Çin hökuməti bunu anlayır və onların öhdəsindən gəlmək üçün müvafiq proqramlar hazırlayaraq qəbul edir. Bu problemlər gəlirlərin diferensiasiyası, regionların ekologiyasının inkişafının tarazlaşdırılması və s. ilə əlaqədardır. Lakin əsl həqiqət bundadır ki, Çin özünün uğurlu islahatları sayəsində təhlükəsizliyi və stabil inkişafı təmin edə bilib, qloballaşan dünyanın siyasi və iqtisadi həyatında mövqelərini xeyli dərəcədə möhkəmlədib, aktiv şəkildə beynəlxalq terrora sinə gərməyə başlayıb.

 Bir sözlə, bu gün Çin aktiv şəkildə beynəlxalq iqtisadi əlaqələrdə, dünyada ticarət siyasətinin formalaşmasında iştirak edir. Özü də bu uğurlara nail olmaq üçün ölkənin milli-dövlət maraqlarına heç bir ziyan vurulmayıb.

 -Fikrinizcə, sözügedən yarmarka və investisiya forumunun hansı praktik faydaları olacaq?

 -Bildiyiniz kimi, Çin çox iri iqtisadi layihəni həyata keçirmək istəyir: yeni İpək Yolu -  infrastruktur layihələr zənciri vasitəsilə qitələri birləşdirəcək və dünyanın ən böyük iqtisadi dəhlizi olacaq bir marşrut yaratmaq niyyətindədir.  Ümid edirəm ki, bu layihə uğurla icra olunacaq və dünya iqtisadiyyatının sürətlə yüksəlişinə gətirib çıxaracaq. İpək Yolu iqtisadi kəmərinin inkişafı üzrə birgə iş Azərbaycan və Çin iqtisadiyyatının inkişafı üçün əlavə imkanlar yaradacaq. Həm bu məqsədlə, həm də nəqliyyat və infrastruktur inkişafına xidmət edən birgə layihələrin reallaşdırılması naminə iki ölkənin səlahiyyətli idarələri arasında əməkdaşlığı bundan sonra da dərinləşdirmək önəmlidir.

 Forumun yeri də təsadüfi seçilməmişdi. Qansu əyaləti Çinin qərbində, Xuanxe çayının yuxarı axar hövzəsində yerləşir. Şərqdən isə bu məkan Şansi vilayəti, şimal-şərqdə Ninsya-Xuey muxtar rayonu, şimalda Daxili Monqolustan və Monqolustan Xalq Respublikası ilə sərhəd təşkil edir. Böyük İpək yolu dövründə bu vilayət Çin və Mərkəzi Asiya arasında "Qızıl körpü” rolunu oynayırdı.

 Son illər Çinin iqtisadi inkişafı ölkələrimiz arasında mal və yük daşınmalarının həcminin artmasına, sərmayə həcminin yüksəlməsinə gətirib çıxarıb. Sözsüz ki, Lançjou yarmarkası da bu baxımdan katalizator rolunu oynayacaq və yaxın gələcəkdə Yeni İpək Yolu çərçivəsində yeni biznes imkanları ortaya çıxacaq. Hazırda bunun üçün bütün ilkin şərtlər mövcuddur.

 Bu gün Azərbaycanda etibarlı iqtisadi baza formalaşıb ki, bu da uzunmüddətli sənaye siyasətini icra etməyə, ölkənin yeni sənayeləşməsini aparmağa imkan yaradır.

 Dövlət neft və qaz ixrac kəmərlərinin tikintisində, Bakı-Tbilisi-Qars dəmiryolu dəhlizinin, Xəzərdə yeni beynəlxalq dəniz limanının, altı müasir hava limanının inşasında infrastrukturu aktiv olaraq inkişaf etdirir. Burada yeni elektrik stansiyalarının tikilməsinə, ATS-lərin tam rəqəmsallaşdırılmasına, qaz və su infrastrukturunun kökündən qurulmasına, minlərlə kilometrlik avtomobil yollarının salınmasına və s. qoyulan çoxmilyardlıq sərmayələri xatırlatmaq yerinə düşərdi. Bu cür investisiya proqramları olmadan gələcəkdə daxili və xarici investorların cəlb edilməsi üçün infrastruktur baza yaratmaq mümkün olmazdı. Bu cür uzunmüddətli məqsədlər təkcə büdcə vəsaitlərinin deyil, hətta dövlət ehtiyat fondundakı strateji yığımların da belə layihələrə cəlb olunmasına haqq qazandırır. Hər il yalnız nəqliyyat sektorunun inkişafına dövlət əsaslı vəsait qoyuluşlarının təxminən yarısı yönəldilirdi. Bu siyasətin effektivliyi qeyri-neft sektorunun dinamik inkişafı ilə təsdiqini tapmış olur.

 Ona görə də nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti və mövcud imkanların reallaşması üçün müvafiq strukturlar dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi tapşırıqları həll etməli, Azərbaycanın Qədim İpək yolunun fəaliyyətində rolunun artmasına nail olmalıdırlar. Bir daha qeyd etmək istərdim ki, hər ölkənin inkişafında elə tarixi hadisələr olur ki, onlar əsrlər boyu fayda gətirir, gəlir mənbəyi olur, daimi iş yerlərinin yaradılmasına kömək edir, səmərəli inteqrasiya əlaqələrinin əsasını qoyur. Qədim İpək yolu Azərbaycan üçün məhz belə amildir. Qərb və Şərq arasında əlverişli coğrafi mövqeyi nəzərə alaraq, bu proqramın həyata keçirilməsi ilə Azərbaycan ərazisindən keçən tranzit yük daşınmaları dövlət xəzinəsinə əlavə vəsaitlərin daxil olmasına xidmət edəcək. Bu layihənin həyata keçirilməsində Azərbaycanın fəal iştirakı respublikanın dünyada baş verən qlobal inteqrasiya proseslərinə daha fəal qoşulması deməkdir. Bu isə, öz növbəsində milli iqtisadiyyatımızın strukturunun təkmilləşdirilməsi, dünya bazarında rəqabətədavamlı malların istehsalı üçün şərait yaradacaq. Nəhayət, Qədim İpək yolu nəqliyyat dəhlizində Azərbaycanın fəaliyyəti dövlətimizin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi, onun iqtisadi qüdrətinin artırılması üçün çox vacib amildir.

 Qədim İpək yolu nəqliyyat dəhlizinin mərkəzində Azərbaycan durur və bu ölkə çox mühüm geosiyasi və geoiqtisadi mövqe tutur. Şübhəsiz ki, Bakı beynəlxalq dəniz limanının, donanmanın və Xəzər gəmiçiliyinin sahil obyektlərinin, Azərbaycan dövlət dəmir yolunun və «Azərbaycan hava yolları» konserninin yeniləşdirilməsi, texniki təchizatın dünya standartlarına çatdırılması respublikamızın inkişafına çox güclü təkan verəcək. Bütün bunlar ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi ilə yanaşı, onun tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəkdir.

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır