AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
20.01.2017

Yanvarın 19-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Komitə sədri Ziyad Səmədzadə əvvəlcə 2016-cı il payız sessiyası dövründə görülən işlər barədə məlumat verib. Bildirilib ki, payız sessiyası ərzində 85 məsələ müzakirə olunub.

Daha sonra gündəliyə uyğun olaraq “Dövlət rüsumu haqqında”, “Aviasiya haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Mühasibat uçotu haqqında”, “Reklam haqqında”, “Qrant haqqında”, “Gömrük tarifi haqqında” və Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə edilib. Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında”, “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi barədə məsələ nəzərdən keçirilib.

“Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə görə, lisenziyalar üzrə dövlət rüsumlarının məbləğlərində dəyişiklik ediləcək. Sənədə əsasən mobil rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) üçün 1 milyon manat dövlət rüsumu nəzərdə tutulub. Qanun layihəsi rüsumların ödənilməsi qaydasında dəyişikliyi nəzərdə tutur. Belə ki, hazırda dövlət rüsumunun hesablanması və ödənilməsi qaydalarına əsasən, qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25 faizi (bu qanunun 4.1-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir.

Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklərə dair layihəni şərh edərkən daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı, beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu və digər məsələlər barədə məlumat verib.

“Aviasiya haqqında” Qanun layihəsi barədə məlumat verən Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov dəyişikliyin beynəlxalq təşkilatların tövsiyələri əsasında həyata keçirildiyini söyləyib. Bildirib ki, bu, əsasən Çikaqo Konvensiyasının tələblərinin daxili normativ aktlarda öz əksini tapması ilə bağlıdır. Dəyişikliyə əsasən uçuşların təhlükəsizliyi proqramı hazırlanmalı və qanunda öz əksini tapmalıdır. Hazırda Administrasiyanın uçuşların təhlükəsizliyi ilə bağlı qaydaları var və yeni proqram hazırlanmasında həmin qaydalardan istifadə olunacaq, proqram formasına salınacaq. O, qanunda dəyişikliyin vacib olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, təklif olunan dəyişiklik uçuşların standartlara uyğunluq faizinin artırılmasına imkan verəcək.

“Reklam haqqında” Qanunda edilən dəyişikliyə görə, reklamda əmtəənin dövlət və yerli özünüidarəetmə orqanları, dövlət mülkiyyətində, yaxud asılılığında olan kommersiya və qeyri-kommersiya təşkilatları, publik hüquqi şəxslər, büdcədənkənar fondlar və ya onların vəzifəli şəxsləri tərəfindən dəstəklənməsinə yol verilmir.

“Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, xüsusi rüsumlar malın gömrük ərazisinə idxalının artmış həcmi və şərtləri yerli istehsal sahəsinə ciddi zərər vurduqda və ya ciddi zərər vurmaq təhlükəsi yaratdıqda tətbiq ediləcək. Antidempinq rüsumları malın normal dəyərindən aşağı qiymətə gömrük ərazisinə idxal edilməsi yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq ediləcək. Kompensasiya rüsumları istehsalı, ixracı və ya daşınması zamanı xarici dövlətin spesifik subsidiyasının istifadə olunduğu malın gömrük ərazisinə idxalı yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq olunacaq.

Müzakirələrin yekununda baxılan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır