“Azərbaycan xalqının tarixində həm şanlı, həm də qanlı günlər var. Bu şanlı, həm də qanlı günlərdən, qəhrəmanlıq səhifələrindən biri də 20 Yanvar faciəsidir. Sabah Azərbaycan xalqı 20 Yanvarı onu sevənlərlə, öz dostları ilə birgə qeyd edəcək, xatırlayacaq”.
Bu fikirləri Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il yaz sesiyası ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 19-da keçirilən iclasında adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədazadə dilə gətirib.
“20 Yanvar xalqımızın tarixində ən mühüm səhifələrdən biridir. Eyni zamanda, 20 yanvar xalqımızın milli-azadlıq hərəkatının tarixində ən mühüm hadisələrimizdəndir. Bunu da həmişə belə dəyərləndiririk. Odur ki, 20 Yanvar hadisələrində Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, xalqımıza isə başsağlığı veririk”-deyə, komitə sədri əlavə edib.
Kamil HƏMZƏOĞLU |