AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
30.03.2017
Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşdırılması üçün gördüyü işlər BMT tərəfindən yüksək qiymətləndirilib. AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bu fikirləri martın 16-da “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” adlı konfransda səsləndirib. Baş nazirin müavini deyib ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin sentyabrında keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənən, 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. DİM-dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı ildə imzaladığı müvafiq Fərmana əsasən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın əsas vəzifələri qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin olunmasıdır. Ötən müddət ərzində Milli Əlaqələndirmə Şurasının Katibliyi, müxtəlif sahələr üzrə işçi qrupları yaradılıb, iclaslar keçirilib və digər tədbirlər görülüb. Azərbaycanın DİM-in reallaşdırılması üçün gördüyü işlərin BMT tərəfindən yüksək qiymətləndirildiyini deyən Ə.Əhmədov bildirib ki, proqram çərçivəsində 2030-cu ilə qədər DİM-in həyata keçirilməsi üçün hesabatlar hazırlanacaq və quruma təqdim olunacaq. BMT-nin İnkişaf Proqramı (BMT İP) rezident nümayəndəsi Qulam İshaqzai deyib ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal təşəbbüsünə fəal qoşulub və bu sahədə mühüm işlər görüb. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə və bu təşəbbüsdə əks olunan hədəflərin reallaşdırılmasına böyük önəm verir. BMT Dayanıqlı İnkişaf Məqsədləri sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatlar mühüm rol oynayır. Q.İshaqzai bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə çatmaq üçün düzgün statistikaya böyük ehtiyac var. Daha sonra “Dayanıqlı İnkişafa nail olmaqda elmin rolu haqqında” videoçarx nümayiş etdirilib. Panel müzakirələrdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin məruzələri dinlənilib. Konfransda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır