AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
05.05.2017
Mayın 4-də Bakı Biznes Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş "Səmərəli islahatların uğurlu nəticələri: reallıqlar, perspektivlər" mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov qeyd edib ki, tədbirin keçirilməsində məqsəd yerli və xarici mütəxəssisləri, alimləri, ictimai xadimləri, investorları və digər maraqlı tərəflərin iştirakı ilə mövzu ətrafında müzakirələr təşkil etmək, innovativ fikirləri paylaşmaq və tövsiyələr hazırlamaqdan ibarətdir. Bildirilib ki, Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olub, irimiqyaslı regional layihələrin iştirakçısına çevrilib. Qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradıb. Ulu Öndərin təhsilin inkişafına verdiyi misilsiz xidmətlərdən danışan rektor, bu sahədə əldə olunan nailiyyətləri diqqətə çatdırıb, eyni zamanda, Bakı Biznes Universitetinin fəaliyyətinin dövlətçiliyə, təhsilin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. "Azərbaycanın yaxın və uzaq gələcəkdə inkişaf strategiyasına dair bəzi düşüncələr" mövzusunda məruzə ilə çıxış edən "Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ümummilli lider Heydər Əliyev Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib. Komitə sədri bu gün ölkəmizin qazandığı hər bir uğurun təməlində ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə hesablanmış inkişaf strategiyasının dayandığını vurğulayıb. "Ölkəmizdə görülmüş genişmiqyaslı işlər nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, dünya birliyində öz layiqli yerini tutub. Ulu öndər Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirilməsi nəticəsində bu gün də sürətli iqtisadi inkişaf davam edir və ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır", - deyə Z.Səmədzadə bildirib. Çıxış edən digər natiqlər Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən söz açıb, bu gün Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, eyni zamanda, beynəlxalq tədbirlər məkanına çevrildiyini qeyd ediblər. Konfransda "Səmərəli islahatlarda hesabatlılığın əhəmiyyəti", "İqtisadi inkişafda elmi potensialdan səmərəli istifadə yolları", "Heydər Əliyevlə başlanan aqrar islahatlar və uğurlu inkişaf reallıqları", "Yeni mərhələdə sahibkarlığın inkişafında şəffaflıq məsələləri" və s. mövzularda məruzələr dinlənilib. İtaliya, Rusiya, Rumıniya, Litva, Latviya, Ukrayna, Gürcüstan və digər xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər Azərbaycanın iqtisadi cəhətdən güclü bir dövlət olduğunu diqqətə çatdıraraq, ölkələrimiz arasında mövcud siyasi, iqtisadi, mədəni əlaqələrdən danışıblar. Mayın 5-də konfrans öz işini gənc tədqiqatçılar, doktorantlar və magistrlərin aktiv iştirakı ilə davam etdirəcək.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır