AMEA Rəyasət Heyətində AR Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü, Beynəlxalq Elmlər Akademiyasının akademiki, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadənin anadan olmasının 70 illiyi münasibətilə yubiley tədbiri keçirildi. Öncə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanmış akademik Ziyad Səmədzadənin elmi fəaliyyətini əks etdirən sərgi nümayiş etdirildi. Azərbaycanın görkəmli alimləri, respublikanın tanınmış ictimai-siyasi və dövlət xadimləri və KİV nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açdı. Xalqın elmi, mənəvi, intellektual potensialının formalaşmasında ziyalıların aparıcı rola malik olduğunu, bu potensialın əsasını elm adamları təşkil etdiyini söyləyən M.Kərimov Z.Səmədzadənin həmin potensialın ən fəal daşıyıcılarından olduğunu qeyd etdi. O bildirdi ki, dünya ölkələrinin təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən akademik Z.Səmədzadə yeni ideya və üsulların, yeni iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. Akademik, həmçinin qeyd etdi ki, respublikanın elmi ictimaiyyəti Z.Səmədzadəni böyük alim və praktik-iqtisadçı, bacarıqlı təşkilatçı, müasir mütərəqqi iqtisadi ideyaların daşıyıcısı və təbliğatçısı kimi tanıyır. M.Kərimov akademikin elmi fəaliyyətində Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinin araşdırılması məsələsinin xüsusi yer tutduğunu, inkişaf, struktur, demoqrafiya, məşğulluq, effektlilik kimi aktual problemlərə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifi olduğunu və onun bilavasitə rəhbərliyi və iştirakı ilə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası və müvafiq qanunlarının hazırlandığını nəzərə çatdırdı. Natiq Z.Səmədzadənin dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasının təbliği sahəsində də yorulmaz fəaliyyət göstərdiyini, neft strategiyası, regionların tarazlı inkişafı ilə bağlı dövlət proqramının reallaşdırılmasının konkret nəticələrini əks etdirən xüsusi nəşrlər hazırladığını diqqətə çatdırdı. Akademikin 1999-cu ildə “İqtisadiyyat” adlı qəzet təsis etdiyini vurğulayan M.Kərimov onun “Azərbaycan iqtisadiyyatı Böyük Vətən müharibəsi illərində” mövzusunda apardığı tədqiqatların diqqətəlayiq olduğunu qeyd etdi. Onun 2005-ci ildə və 2010-cu ildə Böyük Vətən müharibəsinin 60 və 65-ci ildönümləri ərəfəsində nəşr etdirdiyi “Bakı nefti olmasaydı, faşizm üzərində qələbə olmazdı” ("Bez Bakinskoy nefti ne bılo bı pobedı") və “Qaliblər - Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabları da maraqlı faktlarla zəngindir. M.Kərimov bildirdi ki, ölkə Prezidenti Azərbaycanda iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə Z.Səmədzadəni “Şöhrət” ordeni ilə təltif etmişdir. Sonda AMEA-nın prezidenti görkəmli alimi təbrik etdi, Azərbaycan elminin inkişafı yolunda böyük nailiyyətlər arzuladı. AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə “Akademik Z.Səmədzadənin həyat və elmi fəaliyyəti” adlı məruzə ilə çıxış etdi. AMEA Humanitar və İctimai Elmlər Bölməsi adından akademik Teymur Bünyadov, AR Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, AR Sənaye və energetika naziri, i.e.d. Natiq Əliyev, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov, AR Milli Məclisin sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, AR Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Ombudsman Elmira Süleymanova, akademiklər İsmayıl İbrahimov, Böyükkişi Ağayev, Abel Məhərrəmov və başqaları yubilyarı təbrik etdilər və təbrik ünvanını ona təqdim etdilər. Sonda ölkə Prezidenti İlham Əliyevin tərəfindən göstərilən qayğı və diqqətə, verilən yüksək ada görə minnətdarlığını bildirən akademik Z.Səmədzadə tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirdi. |