AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
29.06.2010
Ziyad Əliabbas oğlu Səmədzadə 1940-cı il iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Z.Səmədzadə 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi almış, 1977-ci ildə professor adına layiq görülmüşdür.

Alim 1976-1978-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda direktorunun birinci müavini, 1978-82-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektoru işləmişdir.

1980-ci ildə o, AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Z.Səmədzadə 1983-1993-cü illərdə Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TASİS və TRASEKA proqramları üzrə Azərbaycanın Milli koordinatoru vəzifələrində çalışmışdır.

İqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, effektlilik kimi aktual problemlərə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifi olan akademikin çoxcəhətli elmi fəaliyyətində respublika regionlarının sosial-iqtisadi inkişafının mühüm problemlərinin tədqiqi əsas yer tutur. O, dağ rayonlarının problemlərinin kompleks təhlil edilməsi təşəbbüsünü irəli sürmüş və bu işlərə elmi rəhbərlik etmişdir. Onun bilavasitə rəhbərliyi və iştirakı ilə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası və müvafiq qanunlar hazırlanmışdır.

İqtisadçı elmi kadrların hazırlanması sahəsində müstəsna xidmətləri olan Ziyad Səmədzadə nüfuzlu beynəlxalq simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edir. Akademik Z.Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti kimi də çox faydalı işlər görür.

Akademikin elmi redaktəsi ilə “Azərbaycan XXI əsrin astanasında” üçcildliyi, 2004-ci ildə ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş “Böyük yolun mərhələləri” və s. kitabları nəşr edilmişdir.

Akademik Z.Səmədzadə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir.

Respublikanın elmi ictimaiyyəti onu böyük alim və praktik-iqtisadçı, bacarıqlı təşkilatçı, müasir mütərəqqi iqtisadi ideyaların daşıyıcısı və təbliğatçısı kimi tanıyır.

Azərbaycanın görkəmli iqtisadçı alimini 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona Ulu Tanrıdan uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır