AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
25.10.2018
Azərbaycan hər yerdə böyük gələcəyi olan nüfuzlu bir ölkə kimi tanınır 1991-ci ilin 18 oktyabrını hamı xatırlayır. Bu tarix xalqın yaddaşında əbədi qalacaq. Çünki 18 oktyabr Azərbaycanın dönüş tarixidir, müstəqillik tarixinin yenidən bərpası, başlanğıc nöqtəsidir. Məhz bu gün Azərbaycan dövlətinin taleyində 2-ci dəfə müstəqilliyin bərpası kimi qeyd olunur. Həmin gün Müstəqillik Aktı qəbul olundu. Xalq yenidən və bu dəfə əbədi olaraq azadlığını qazandı. Xatırlayırsızsa, Müstəqillik Aktının qəbul olunduğu gün Ali Sovetin sessiyasına sədrin birinci müavini akademik Ziyad Səməd­zadə başçılıq edirdi. Düşündük ki, tariximizin o səhifələrini Ziyad müəl­limin özü ilə vərəqləmək maraqlı olardı. - Ziyad müəllim, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümüdür. Bu illər ərzində nələrə nail olduq, nələr qazandıq? - Azərbaycanın dövlət müstəqilliyinin 27 yaşı tamam olur. Tarixən bu, qısa bir dövrdür, lakin bu 27 il ərzində Azərbaycan, bəlkə də əsrə bərabər yeni bir yol keçmişdir. Bu yol hamar olmayıb. Çox çətinliklərdən keçib. Hər şeyin başlanğıcı çətin, mürəkkəb olur. Lakin bu, bir həqiqətdir ki, artıq Azərbaycan müstəqil dövlət kimi dünyada tanınır. 1991-ci ildə Azərbaycan tarixində çox nadir hadisə baş verdi. SSRİ məkanında yeni müstəqil dövlətlərin yaranması prosesi getdi və Azərbaycan 2-ci dəfə müstəqil dövlət kimi elan olundu. O anları mən xatırlayarkən, təbii ki, müəyyən həyəcan hissləri keçirirəm. Çünki həmin illərdə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatı çox gərgin idi. Azərbaycan cəmiyyətinin bütün sahələrində böhran meyilləri güclənməkdə davam edirdi. Azərbaycan xalqı artıq qəti əmin idi ki, SSRİ hökuməti Azərbaycanın qədim diyarı olan Qarabağ problemini həll etmək niyyətində deyildir. Əksinə, açıq-aşkar görünürdü ki, SSRİ hökuməti, başda Qorbaçov olmaqla Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında maraqlı deyil. Konkret faktlar var ki, İttifaq hökuməti, Qorbaçov məhz erməni millətçilərini dəstəkləyirdi. Bu illərdə azadlıq məfhumu tez-tez işlənirdi. Yalnız azadlıq bizə imkan verə bilərdi ki, biz gələcəkdə öz taleyimizi həll edək. Və 1991-ci ilin 18 oktyabrında artıq bu, qanuni şəkildə həll olundu. Taleyin hökmüydü, qismətdir, nədir, həmin tarixdə Ali Sovetin sədrinin birinci müavini idim və sessiya iclasına mən sədrlik edirdim. Təbii ki, bu zalda çox yüksək gərginlik var idi. Müstəqillik Aktının ayrı-ayrı maddələri ilə bağlı müxtəlif radikal fikirlər səslənirdi. Lakin bu gərginliyin arxasında hec bir qarşıdurma yox idi. Çünki Azərbaycanın müstəqilliyini istəyənlər həddindən artıq çox idi. Müzakirələrdən sonra deputatlar yekdilliklə Müstəqillik Aktını qəbul etdilər. Bu Aktın qəbul edilməsi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı. Bütün dünyanın aparıcı informasiya agentlikləri Azərbaycanın bir müstəqil dövlət kimi elan olunmasını bəyan etdilər. Sessiyadan sonra mən bir qrup deputat ilə Azadlıq meydanında bir neçə yüz min əhalinin qarşısında çıxış da etdim. İclası bağlayarkən aşağıdakı sözləri dedim: “Gəlin, bu gün, sözün əsl mənasında, yekdil olaq. Gəlin, vətənimiz Azərbaycanda iqtisadi və siyasi reformaları həyata keçirmək üçün hər cür xırda hisslərdən uzaq olaq. Biz mürəkkəb və çətin imtahan qarşısındayıq. Biz müstəqil ölkənin iqtisadi və milli siyasətini formalaşdırmalıyıq. Yenə deyirəm: bu, çox məsul vəzifədir. Gəlin, məhz bu amal üçün birləşək. Bugünkü yekdil qərarımız sübut etdi ki, biz birləşməyi bacarırıq”. - Müstəqillik Aktının qəbulundan sonra Azərbaycanın yaşadığı əsas çətinliklər nədən ibarət idi? - Təbii ki, 27 il ərzində, xüsusilə də, ilk illərdə Azərbaycan çox boyük çətinliklərlə üzləşdi. Hər halda, SSRİ məkanından ayrılmış bir dövlətin, respublikanın özünü müstəqil elan etməsi, heç şübhəsiz, böyük bir hadisə idi. Amma onu qorumaq, saxlamaq daha çətin idi. Bəzən məndən soruşurlar ki, taleyindən bir vətəndaş, bir ziyalı, bir alim və ictimai xadim kimi razısanmı? Mən isə bu suala belə cavab verirəm: “Çox razıyam”. Razıyam, ona görə ki, artıq Azərbaycan müstəqil dövlət kimi yaşayır, inkişaf edir və biz bu hadisənin canlı şahidləriyik. Taleyimdən bir də ona görə razıyam ki, o sessiyanın iclasına mən sədrlik etmişəm. O ki qaldı müstəqilliyi qoruyub saxlamağa, Azərbaycan kimi o qədər də böyük olmayan bir dövlət üçün nəinki asan, hətta qat-qat çətin idi. Mərhum Heydər Əliyev dəfələrlə bu barədə deyib ki, “Müstəqilliyi qazanmaq çətindirsə, onu qoruyub saxlamaq da o qədər çətindir”. - Müstəqillik haqqında Konstitusiya Aktının hazırlanmasında əməyi olan insanları xatırlayaq. - Bilirsiniz, xalqın taleyini xalq özü həll edir. Təbii ki, hər hansı bir qanunun hazırlanmasında müəyyən insanlar işləyir. Ona görə də taleyüklü qanunlar təkcə bir neçə deputatın, bir neçə məmurun, bir neçə ziyalının əməyinin nəticəsi deyil. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə, azadlıq ideyalarının formalaşması, təşəkkülü bütünlüklə xalqa məxsusdur. Bu məsələ ilə də əlaqədar işçi qrupu yaradıldı. Müvafiq işçi qrupu daimi komissiyalar və cəlb edilmiş mütəxəssislərlə birlikdə müzakirələr aparır, qanun layihəsi ilə bağlı təkliflərə öz münasibətini bildirirdi. Mən çıxışlarımda həmişə demişəm ki, Müstəqillik haqqında Aktın müəllifi Azərbaycan xalqıdır. Mənim otağımda dəfələrlə müzakirələr olub. İstər komissiyalarda, istərsə də sessiyada keçirilən müzakirələrdə görkəmli yazıçı İsmayıl Şıxlı, çox gözəl hüquqşünas, 20 ilə yaxın Ali Məhkəmənin sədri işləmiş Abdulla İbrahimov, Tofiq Bağırov kimi ictimai xadim, həmçinin iqtisadçılar, hüquqşünaslar, demokratik qüvvələri təmsil edən deputatlar iştirak edirdilər. O vaxt yüz minlərlə insan “Azadlıq” meydanına yığışmışdı. Çünki onlar azadlıq ideyaları ilə yaşayırdılar və arzulayırdılar ki, xalqımız Azərbaycanın sərvətlərinin sahibi olsunlar, ölkəmizin ərazi bütövlüyü təmin olunsun, xalq azad, müstəqil dövlətdə yaşasın. Burada ziyalılar da, sadə insanlar da iştirak edirdi. Amma, əlbəttə, bu fikirləri ümumiləşdirib parlament sessiyasına çıxaran insanların əməyini biz heç vaxt unutmuruq. Bəzən deyirlər ki, “bunu mən yazmışam, bunu mən etdim” – bunlar xırdaçılıqdır. Azərbaycanın Ali Soveti bu qanun layihəsini bəyənib, yekdilliklə qəbul etdi və bütün xalqa bəyan olundu ki, Azərbaycan müstəqil dövlətdir. - Sizin üçün azadlıq, dövlət müs­təqilliyi sözləri nəyi ifadə edir? Vətəndaşı mənən müstəqil olmayan dövlət müstəqil ola bilərmi? - Müstəqillik dəyəri ölçüyə gəlməyən ümumxalq sərvətidir. Azadlığı alın­­mış insana “qul” deyildiyi ki­mi, müstəqil olmayan dövlətə də dövlət məfhumu qətiyyən ya­raş­mır. Müstəqillik arzular zirvəsidir, milli qürur hissidir. Müs­təqillik Azərbaycan xalqının, dövlətçili­yi­nin tarixində böyük dönüşdür, yeni fəslin başlanmasıdır. Müs­tə­qillik Azərbaycan dövlətçiliyinin beşiyi başında duranların etimadıdır. Müstəqillik insanın özünün özünə ehtiramıdır. Tarixçilərimiz dövlətçilik tariximizin kökünü dörd-beş min il əvvəldə, hətta qədim dövrlərdə tapırlar. Bunun özü də bizimçün müstəqilliyin necə qiymətli bir nemət olduğunu sübut edir. Lakin o da doğrudur ki, hüquqi azadlıq tam azadlıq sayıla bilməz. Tarix göstərir ki, müxtəlif dövrlərdə hüquqi azadlıq olsa da, vətəndaşı əzilən dövlətlər də olub. Lakin bu natamamlıq çox çəkməyib. Ona görə də müstəqilliyi hərtərəfli qiymətləndirmək lazımdır. - Dünəndən, yəni 1991-ci ilin 18 oktyabr pəncərəsindən bu günə, yəni 2018-ci ilin 18 oktyabr tablosuna baxdıqda qazandıqlarımız və itirdiklərimiz necə görünür? - Heç şübhəsiz ki, bu 27 il ərzində qazandığımızı bir yazıda ifadə etmək qeyri-mümkündür. Bu gün Azərbaycanın dövlətlər arasında imzası var. Bu məqamda M.Hadinin “yox millətimin xətti bu imzalar içində” misrasını xatırlayıram. Bu gün isə dünyanın çoxsaylı dövlətləri siyahısında bu imza var və “Azərbaycan Respublikası” inamla səslənir. Əlbəttə, müstəqil dövlət adını qazanmaq və onu qorumaq çox ciddi məsələdir. Biz milli mədəniyyətimizi, milli tariximizi, milli ədəbiyyatımızı, bütün milli dəyərlərimizi qorumaq üçün yeni imkanlar qazanmışıq. Müstəqillik Azərbaycan cəmiyyətinə yenilik gətirdi. Ölkə artıq dağılmış köhnə bir sistemin əvəzinə təzə bir sistem yaratmalı idi. Özü də bu yeni ictimai-siyasi və iqtisadi sistem əvvəlki sovet sistemindən köklü dərəcədə fərqli olmalıydı. Bu iqtisadi sistemin mahiyyəti ondan ibarət idi ki, SSRİ xalq təsərrüfatının əvvəlki sərt planlaşdırma sistemi əvəzinə sərbəstliyə, azadlığa, vahid mərkəzdən idarə olunan ideologiyaya zidd bir sistem formalaşsın. Amma bu da çox çətin bir iş idi. Çünki insanlar uzun müddət mərkəzdən idarə olunma prinsipinə öyrəşmişdi. Hər şey yuxarıdan deyilməli, hər bir vəzifəli şəxs yuxarıdan təyin edilməlidir. Lakin yeni müstəqil dövlət özünün idarə edilməsi sistemini qurmalı və idarə etməliydi. Bir sözlə, Azərbaycan öz iqtisadiyyatını müasir tələblərə, bazar münasibətləri şəraitinə, dünya standartları tələblərinə uyğun olaraq qurmalıydı. Eləcə də Azərbaycan cəmiyyətindən bütün bu yeni siyasi-iqtisadi sistemin tələblərinə uyğun insanlar formalaşmalıydı. Ona görə bir iqtisadi-siyasi sistemdən digərinə keçmək üçün yeni müstəqil dövlət keçid dövrünü yaşamalıydı. Tarix boyu da belə olub. Lakin əgər dövlətin qurmaq, idarə etmək siyasəti düzgün olarsa, itkilər də az olacaq. Müstəqilliyin ilk illərində səhvlər daha çox buraxılırdı ki, bu da ölkədə kəskin qarşıdurma proseslərini gücləndirirdi. Özünü demokrat adlandıran insanlar səriştəsiz yol göstərirdilər. Və bütün bunlar Azərbaycanın iqtisadi-sosial həyatına ciddi təzyiq göstərirdi. İş o yerə çatmışdı ki, Ali Sovetin sessiya iclaslarını apararkən bizim ətrafımızda özlərini əsl demokrat kimi qiymətləndirən insanlar silahla bizi hədələyirdilər… İqtisadiyyatda da vəziyyət getdikcə gərginləşirdi. Yeni müstəqil dövlətin dağılması təhlükəsi güclənirdi. Eyni zamanda, biz Azərbaycanın cənub bölgəsində müstəqilliyimizə zərbə vurmaq məqsədi daşıyan başqa hadisələrlə üzləşməli olduq. Bir hadisəni xatırlatmaq istəyirəm: 1989-cu ildə oxuculara tanış olan Ə.Hümbətovun başçılıq etdiyi dəstə Astaradan keçən İran-Azərbaycan yolunu kəsmişdi, buna görə də ciddi problemlər yaranmışdı. Biz bir neçə gün onunla danışıq aparıb yolun açılmasına nail ola bildik. Sözüm ondadır ki, ümumiyyətlə, seperatçılığın təhlükəsini bütün qanımla, canımla duyduğum üçün “Talış Muğan Respublikası” barədə informasiya verilən kimi, mən bu addımın Azərbaycan dövlətçiliyinin əleyhinə olduğunu “Azərbaycan” qəzetində işıq üzü görən “Vətənin dar günündə” adlı məqaləmdə qeyd etdim (31.08.1993). - Siz Azərbaycan iqtisadiyyatında olan vəziyyətlə bağlı araşdırmalar aparırdınızmı? - Bəli. 1993-cü ilin sentyabr ayında “Azərbaycan” qəzetində mənim “İqtisadiyyatı belə idarə etməzlər” başlığı ilə məqaləm dərc olundu. Açığını deyim ki, bu, çox sərt, ciddi bir yazı idi və mənə qarşı o dövrdə respublikaya rəhbərlik edən radikal islahatçılar çox kəskin mövqe tutmuşdular. Bu məqalədən bir-iki cümlə qeyd edim: “… Azərbaycan iqtisadiyyatı ağır, yorucu müharibə aparan bir ölkənin iqtisadiyyatıdır. Əslində isə sərt hərbi şərait nəzərə alınmaqla xalq təsərrüfatımızı yenidən qurmaq üçün hətta lazımi cəhdlər də edilmir. Ümumiyyətlə, ölkəmizin iqtisadiyyatı bir neçə il düşmənin işğalı altında olan və çox iri təzminat ödəyən dövlətin iqtisadiyyatını xatırladır. Son il yarım ərzində Azərbaycanın təbii resurslarının talan edilməsi ümumi hal almışdır, halbuki iqtisadi təhlükəsizlik siyasətinin prioritetliyi başlıca məsələ olmalıdır...” “... Azərbaycan xalqının bugünkü, xüsusilə son bir ildə faciəsi düşünülməmiş, reallıqdan uzaq olan, elmi əsası olmadan yeridilən dövlət siyasətinin nəticəsidir. Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra iqtisadiyyatımızın qısa bir müddətdə çiçəklənməsi ilə bağlı çoxlu vədlər verildi. Həqiqətdə isə bir sistemin dağılması və yeni sistemin qurulmasını bəyan edən Xalq Cəbhəsinin reallığa uyğun gələn heç bir proqramı yox idi. Milli iqtisadiyyatımıza böyük zərbə vuran eksperimentlərin tətbiqi adi bir hala çevrildi...” (23.09.1993). Vətənin dar günündə hadisələr respublikada elə inkişaf edirdi ki, nəinki müstəqilliyi qorumaq, eyni zamanda, onun itirilməsi təhlükəsini artırırdı. Xalq Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb edirdi, çünki xalq bilirdi ki, heç bir yaşı tamam olmamış müstəqil Azərbaycanı bu ağır vəziyyətdən yalnız o çıxara bilər. Heydər Əliyevin dövləti səriştəli idarəetmə məharəti, tətbiq edəcəyi çox düşünülmüş təşkilati tədbirlər, şəxsi nüfuzu, müəyyən edəcəyi siyasət Azərbaycanın müstəqilliyinin qorunmasının əsaslarını qat-qat möhkəmləndirəcəkdi. O dövrdə ölkənin maliyyə vəsaitləri yox idi. Əhalinin vəziyyəti gündən-günə ağırlaşırdı. Ərzaq malları, xüsusilə də çörək qıtlığı yaranmışdı. 1993-2018-ci illərin materiallarının müqayisəli təhlilindən çoxsaylı nəticələr çıxarmaq mümkündür, lakin onlardan yalnız birini qeyd edərdim: 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin həyatında yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan iqtisadiyyatına güclü investisiya axını başladı, irimiqyaslı layihələrin həyata keçirilməsi ilə bağlı böyük işlər görüldü, yeni iqtisadi sistemin əsasları formalaşdırıldı. -“Tarix sübut edir ki, Azərbaycana həmişə və həmişə birlik lazımdır” – müsahibələrinizdə bu, tez-tez səslənir. Bəs, bu gün necə, o birlik varmı? - Heç şübhəsiz ki, bu gün Azərbaycan cəmiyyətində xalqın əhval-ruhiyyəsində, dünənə, bu günə və sabaha baxışlarında çox böyük dəyişikliklər var. Azərbaycan iqtisadiyyatıyla bağlı ən mühüm məsələlər barədə ümumi fikir formalaşıb. İnkişaf strategiyasının prioritetləri müəyyənləşdirilib. Yoxsulluq, əzab-əziyyət içərisində yaşayan, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan cəmi 25 ildən sonra dinamik, keyfiyyətli inkişaf edən, xalqının həyat səviyyəsini yaxşılaşdırmaq istiqamətində iri maliyyə tutumlu layihələr həyata keçirən, özünün milli, iqtisadi, siyasi, ərzaq təhlükəsizliyini təmin edən, beynəlxalq aləmdə nüfuzunu artıran bir dövlətə çevrilmişdir. Bütün bu uğurların kökündə Azərbaycan dövlətinin milli maraqlara cavab verən iqtisadi siyasəti, cəmiyyətdə formalaşmış sabitliyə, inkişafa, vətəndaş həmrəyliyinə xidmət edən dövlət siyasəti dayanır. - Bir müstəqil dövlət olaraq nailiyyətlər qazanılması üçün vətəndaşların üzərinə düşən öhdəliklər hansılardır? - Dövlət o vaxt inkişaf edir ki, onun inkişafı hər bir vətəndaş üçün maraqlı olsun. “Bunu mən etməməliyəm, dövlət etməlidir” kimi fikirlərdən biz tədricən uzaqlaşmalıyıq. Biz, eyni zamanda, “Sən fikirləşmə ki, dövlət sənin üçün nə edib. Sən fikirləş ki, sən dövlət üçün nə edirsən” prinsipi ilə yaşamalıyıq. Müsahibəmizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 il əvvəl deyilsə də, bu gün də öz aktuallığını qoruyub saxlayan aşağıdakı sözləri ilə bitirmək istəyirəm: - “İndi bizim qarşımızda nadir imkanlar var. Sabah, ondan sonrakı illərdə Azərbaycan necə olacaq - bu, bizdən asılıdır. Elə etməliyik ki, güclü dövlət yaradaq, müstəqilliyimizi daha da möhkəmləndirək. Azərbaycanın potensialını tam şəkildə insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldək. Beləliklə, ölkəmizdə vətəndaş cəmiyyəti yaradaq. Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi – bu, bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir. Bütün istiqamətlər üzrə bizim proqramımız var. Hər bir istiqamət üzrə bizim baxışlarımız var, bilirik ki, nə istəyirik, haraya gedirik və təxminən bilirik ki, bunun nəticəsi nə olacaqdır. Nəticədə isə güclü ölkə olacaq, güclü Azərbaycan olacaq və Azərbaycan xalqı bundan sonra da daha yaxşı yaşayacaqdır. Bütün bu məqsədlərimizə çatmaq üçün biz gərək səmərəli işləyək”. “İqtisadiyyat”
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır