AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
29.06.2010
Ötən gün Azərbacan Milli Elmlər Akademiyasında (AMEA) AMEA-nın həqiqi üzvü, milli məclisin deputatı, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadənin 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Giriş sözü ilə çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov Z.Səmədzadənin şərəfli ömür yoluna nəzər salıb. Onun sözlərinə görə, Səmədzadə Ziyad Əliabbas oğlu 1940-cı ildə iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olub. 1956-cı ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub və 1961-ci ildə bu təhsil müəssisənini fərqlənmə diplomu ilə bitirib. 1962-1964-ci illərdə SSRİ Elmləri Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alaraq elə həmin institutda namizədlik dissertasiyası, 1971-ci ildə, 31 yaşında iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1977-ci ildə ona professor adı verilib. 1976-1978-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun birinci müavini, 1978-82-ci illərdə Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olub. 1980-ci ildə Səmədzadə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə Akademiyanın həqiqi üzvü seçilib. 1983-1993-cü illərdə Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri vəzifələrində çalışıb. Ziyad Səmədzadə 500-dən çox əsərin və monoqrafiyanın müəllifidir. Bu əsərlərdə iqtisadi inkişaf, struktur, regional inkişaf, bazar iqtisaddiyatı və digər problemlərə toxunulub. Ömrünün 70-ci zirvəsinə yüksələn Ziyad Səmədzadə ölkə prezidentinin 22 iyun 2010-cu il sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. M.Kərimov yubilyarı bu münasibətlə təbrik edib, yeni uğurlar arzulayıb. AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə “Ziyad Səmədzadənin həyat və yaradıcılığı” məruzəsilə çıxış edərək Z.Səmədzadənin məhsuldar yaradıcılığı ilə yanaşı, yüksək insani keyfiyyətlərindən də danışıb. “Bir insan xalqına, millətinə xidmət edə bilirsə, qürur hissi duya bilər. Ziyad Səmədzadə sadalanan bu istiqamətlərdə fəaliyyət göstərir və onun bu fəaliyyəti danılmazdır. Yalnız vəzifəsilə deyil, prinsipiallığı ilə yüksələn bu ziyalı insan tutduğu yüksək vəzifələrdən asılı olmayaraq həmişə böyüdükcə sadələşməyə üstünlük verib”. Bu fikirləri Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev səsləndirib. BDU-nun rektoru, akademik Abel Məhrrəmov yubilyarı təkcə görkəmli alim, ziyalı, pedaqoq, ictimai-siyasi xadim yox, həm də sədaqətli dost kimi dəyərləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, Ziyad Səmədzadənin yubileyi bütün Azərbaycan ziyalılarının bayramıdır. Tədbirdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun təbrik məktubu oxunub. Məktubda yubilyarın çoxşaxəli fəaliyyətindən, yorulmaz əməyindən söz açılıb. Mərasimdə iştirak edən digər ziyalılar da Z.Səmədzadənin özünəməxsus yüksək keyfiyyətlərini önə çəkərək, ona xoş arzularını bildiriblər. Tədbir çərçivəsində foyedə yubilyarın müəllifi olduğu və haqqında yazılan kitablar, redaktə və tərtib etdiyi əsərlərlə yanaşı, maraqlı fotoşəkillər nümayiş olunub.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır