Noyabrın 20-də Milli Məclisdə kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, ictimai müzakirə Milli Məclis, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ictimai müzakirədə deputatlar, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak edirlər.
Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov çıxış edərək kiçik və orta sahibkarlıq subyektlərinin ölkə iqtisadiyyatının inkişafındakı yerindən danışıb. O, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı istiqamətində digər dövlətlərin təcrübələrindən söz açıb. Tədbirin əhəmiyyətini qeyd edən sədrin müavini bildirib ki, müzakirənin əsas məqsədi kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı sahəsində görülə biləcək işlərlə bağlı təkliflərin verilməsindən ibarətdir.
Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycan iqtisadiyyatı bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu gün sahibkarlıq Azərbaycan iqtisadiyyatının strateji resursudur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə yeni iqtisadi sistem formalaşdı. Bu yeni iqtisadi sistemin aparıcı qüvvəsi kiçik və orta sahibkarlıqdır. Bu gün Azərbaycanın özəl sektorunun payına ümumi daxili məhsulun 80 faizi düşür. Xalq təsərrüfatında, iqtisadiyyat və xidmət sahələrində çalışan işçilərin də əksəriyyəti özəl sektorun payına düşür. Bu müddət ərzində kifayət qədər qanunvericilik bazası formalaşıb, lakin müasir mərhələdə kiçik və orta sahibkarlığın inkişaf imkanlarını daha səmərəli istifadə etmək üçün yeni qanun layihəsinə ehtiyac var. Bugünkü təqdimat, heç şübhəsiz, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək.
İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev deyib ki, Azərbaycanda sosial-iqtisadi inkişafın əsasını Prezident İlham Əliyev tərəfindən təmin olunmuş ictimai-siyasi və makroiqtisadi sabitlik təşkil edir. Xüsusilə son illərdə dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, islahatların dərinləşməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən atılan addımlar sahibkarlığın inkişafını təmin edir. Xüsusilə lisenziyaların və icazələrin sayının azaldılması və “ASAN xidmət” vasitəsilə İqtisadiyyat Nazirliyi tərəfindən verilməsi, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci ilə qədər dayandırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində önəmli nəticələr əldə olunub. Həyata keçirilən bütün bu islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
Nazir müavini vurğulayıb ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən uğurlu siyasət həyata keçirilir. Bunun nəticəsidir ki, bu gün artıq kiçik və orta sahibkarlıq iqtisadiyyatın inkişafında lokomotiv rolunu oynayan qüvvəyə çevrilib. Bu sahədə aparılan tədbirlər nəticəsində xüsusilə son illərdə kiçik və orta sahibkarlığın maliyyə dayanıqlılığının artırılması, uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, güzəştli kreditlər verilməsi istiqamətində xeyli işlər görülüb. Bu günə qədər güzəştli kreditlərdən istifadə edən 136 min sahibkarın 99 faizi kiçik və orta sahibkardır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, kiçik və orta sahibkarlığın dayanıqlı inkişafı ölkəmizdə iqtisadi siyasətin tərkib hissəsi kimi hər zaman prioritet təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılmasına, eləcə də kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılmasına xidmət edəcək. Məlum olduğu kimi, cari il iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin agentliyin fəaliyyətinin təmin edilməsi haqqında imzaladığı Fərman kiçik və orta biznes sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq mühüm tapşırıqları əhatə edir. Əsas məqsədimiz sahibkar məmnunluğuna nail olmaq və fəaliyyətimizi şəffaflıq və operativlik prinsiplərinə uyğun həyata keçirməkdir.
Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişafı istiqamətində müəyyən etdiyi strateji xəttin əsas elementləri “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsində öz əksini tapacaq. Bu qanunun qəbul edilməsi sahibkarlığın hüquqi təminatının gücləndirilməsinə, kiçik və orta sahibkarlığın rolunun artmasına töhfə verəcək.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev kiçik və orta sahibkarlığın inkişafı istiqamətində aparılan geniş qanunvericilik islahatlarından danışıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin kiçik və orta biznesin tənzimlənməsi və təşviqi departamentinin müdiri Fuad Məmmədov “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi barədə danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2018-ci il 26 iyun tarixli Fərmanı ilə beynəlxalq təcrübə nəzərə alınmaqla “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinin hazırlanması tapşırılıb. Departamentin müdiri dövlətimizin bu tapşırığının icrası istiqamətində görülən işlər barədə məlumat verib. Vurğulanıb ki, kiçik və orta sahibkarlığın inkişafı üçün ona hərtərəfli dəstək göstərilməsi başlıca şərtdir. Sahibkarlığın inkişafına ona dəstək vasitələri ilə nail olunması praktikası artıq Azərbaycanda da var.
Sonra deputatlar, vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər öz fikir və təkliflərini səsləndiriblər. |