Ziyad Səmədzadə: “Zaman Azərbaycanın sənaye siyasətinin bir daha düzgün,
gələcəyə hədəflənmiş olduğunu təsdiq etdi”
Müsahibimiz akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadədir.
-Ziyad müəllim, bugünlərdə dövlət başçısı İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodunun açılışı keçirildi. Bir iqtisadçı-alim kimi belə bir zavodun işə düşməsini Azərbaycan iqtisadiyyatının inkişafına töhfəsi baxımından necə qiymətləndirirsiniz? - Ümumiiyətlə, ölkəmizdə düşünülmiş, gələcəyə hədəflənmiş sənaye siyasəti aparılır və onun regionlarda daha sürətli təmin edilməsi istiqamətində çoxsaylı işlər görülür. Sumqayıt şəhəri də bu gün respublikamızın dinamik və sürtələ inkişaf edən sənaye mərkəzlərindən biridir. Bu baxımdan, Sumqayıt Kimya Sənaye Parkının ərazisində növbəti inşa olunmuş “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi də çox böyük hadisədir. Bu, Azərbaycan iqtisadiyyatının inkişafının daha bir göstəricisidir. Bu, onu göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün məqsədləri, hədəfləri səbirlə, təmkinlə, uzaqgörənliklə, bir-bir, ardıcıllıqla reallaşdırır. Azərbaycan iqtisadiyyatının inkişafı artıq tam geridönməz xarakter daşımaqdadır. Dünyada neftin qiymətinin artıb-azalmasının ölkə iqtisadiyyatının inkişafına, transmilli və regional layihələrin davam etdirilməsinə, reallaşdırılmasına mənfi təsiri sıfıra endirilib. Odur ki, belə bir zaovudun işə düşməsi, təntənəli açılış mərasiminin keçirilməsi də Azərbaycan iqtisadiyyatının, xüsusilə, aqrar sektorun inkişafında öz mühüm rolunu oynayacaq və öz müsbət töhfəsini mütləq verəcək. Qeyd edim ki, karbamid zavodunun layihəsi ölkə prezidentinin hələ 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib. Belə ki, təməli 2011-ci ildə qoyulan zavodun tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə texnoloji avadanlığı müvafiq olaraq Danimarka və Hollandiya şirkətləri tərəfindən təmin edilib. Həmçinin, layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub. Bununla yanaşı, inşaat zamanı təhlükəsizlik tələblərinə maksimum dərəcədə riayət edilib, iş həcmi qəzasız şəraitdə yerinə yetirilib. Həmçinin, qeyd edim ki, “SOCAR karbamid” zavodunun istehsala başlaması ölkədə azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Çünki zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi də məhz ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək. Qeyd etdiyim kimi, bu zavodun işə düşməsi Azərbaycanda, xüsusilə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsuldan digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur. Nəzərinizə çatdırmaq istərdim ki, indiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək. Eyni zamanda, məlumat üçün bildirim ki, “SOCAR karbamid” hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Zavodda təxminən 500 nəfər daimi işlə təmin ediləcək. Ən maraqlı və sevindirici məqamlardan biri də odur ki, zavodun tikintisində iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu, onu göstərir ki, Azərbaycanda çox güclü kadr potensialı yaradılıb, fəhlə kadrları, mütəxəssislər korpusu formalaşdırılıb. Bu, həm də son illər ərzində ölkədə təhsil sahəsinə ayrılan diqqətin bariz nümunəsi sayıla bilər. Açılış mərasimidə ölkə prezidentinin çıxışında da vurğulandığı kimi, bu zavodun əsas özəlliyi ondan ibarətdir ki, burada xammal kimi istifadə olunan məhsul təbii qazdır, yerli məhsuldur. Yəni, karbamidin tərkibində xarici komponent yoxdur. “Burada ildə 450 milyon kubmetr təbii qazdan istifadə olunacaq. Əgər biz təbii qazı indi bugünkü qiymətlərlə mövcud xarici bazarlara satsaydıq, bundan təqribən 80 milyon dollar vəsait əldə edə bilərdik. Ancaq karbamid şəklində istehsal olunacaq məhsulun dəyəri 150-160 milyon dollar olacaqdır. Yəni, biz səmərəliliyi, demək olar ki, iki dəfə artırmışıq. Ölkəmiz üçün çox gözəl ixrac məhsulu yaratmışıq”, - deyərək dövlət başçısı bir daha vurğulamış oldu ki, kənd təsərrüfatının inkişafı üçün yerli gübrə yaradılıb və ölkənin qeyri-neft sənayesinə böyük töhfə verilib. Yəni, zavodun fəaliyyətə başlaması, bu kimi məqsədləri, hədəfləri güdür. Bir sözlə, biz bütün məqsədlərə çata bilmişik. - Yeri gəlmişkən, Azərbaycan iqtisadiyyatının tərəqqisində, müstəqil dövlətçilik siyasətimizin həyata keçirilməsində, xüsusilə uğurlu neft strategiyasının inkişafında böyük və əsas rolu olan SOCAR barədə nə deyərdiniz? - Bilirsiniz, müstəqilliyin əsas təminat sütunlarından biri iqtisadi güc və tərəqqidir. Dövlətin iqtisadi potensialı onun müstəqilliyini möhkəmləndirirsə, müstəqillik də öz növbəsində iqtisadi inkişaf və yüksəliş üçün münbit zəmin yaradır. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR-ın həm də müxtəlif ölkələrdə genişmiqyaslı layihələr və əməliyyatlar həyata keçirməklə enerji bazarlarının mühüm iştirakçısına çevrilməsi dövlətimizin müstəqil xarici və daxili siyasəti nəticəsində mümkün olub. Hələ keçən əsrin 90-cı illərinin əvvəllərində lokal neft hasilatçısı olan SOCAR “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 il ərzində öz inkişafının növbəti tarixi mərhələsinin astanasına çatmışdır. Son illər Azərbaycan daxilində və xaricdə başladılan bir çox nəhəng layihələr tamamlanaraq istismara verilib. Məsələn, “Cümhuriyyət İli” kimi tarixə düşən 2018-ci ildə dünyanın ən böyük sənaye layihələrindən olan “Cənub qaz dəhlizi”nin, bunun ardınca TANAP-ın rəsmi açılışı, “STAR” neft emalı zavodunun işə salınması, bunların Azərbaycan və Türkiyədə təntənəli tədbirlərlə qeyd olunması tarixi nailiyyətlərimiz sırasındadır. Heç təsadüfi deyil ki, “Cənub Qaz Dəhlizi”, eləcə də TANAP “ikinci qan damarı” adlandırılır. Bununla yanaşı, “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində qazanılmış nailiyyətlər, xarici tərəfdaşlarla qurulan qarşılıqlı faydalı istehsalat münasibətləri elə güclü iqtisadi səmərə verdi ki, 2017-ci ildə layihənin 2050-ci ilədək uzadılması təşəbbüsü ilə çıxış edildi və Azərbaycan üçün daha əlverişli şərtlərlə yeni müqavilə imzalandı. Ümumiyyətlə, 20-ci əsrdə, yəni 1991-ci ilin avqustunda əldə etdiyimiz ikinci müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə SOCAR-ın qarşısında duran əsas vəzifə ölkə iqtisadiyyatının dirçəlməsi, bu məqsədlə neft hasilatını artırmaq və dənizin dərinsulu hissəsində yeni yataqların işlənməsi üçün xaricdən investisiya və texnologiyalar cəlb etmək idisə, bu gün artıq onun hədəfləri dəyişib. İndi SOCAR daxili imkanları hesabına müasir dərin dəniz özülləri inşa edir, onları quraşdırır, istismar edir, dənizin böyük dərinliklərində qazma işləri aparır, ən müasir standartlar səviyyəsində sənaye müəssisələri qurur, böyük transmilli layihələrdə operator qismində iştirak edir, xarici bazarlara sərmayə yatırır. Kəşfiyyat və hasilat sahələrində əldə edilən uğurlar SOCAR-ın beynəlxalq investisiyalarının, qlobal əməliyyatlarının genişlənməsi üçün geniş şərait yaratmışdır. Bu gün şirkət dünyanın müxtəlif ölkələrində neft və qaz məhsullarının nəqli üçün zəruri olan infrastruktur obyektlərinə, magistral boru kəmərlərinə, gəmilərə, liman və terminallara, digər nəqliyyat-logistika vasitələrinə malikdir. Müasir qlobal infrastrukturun qurulması şirkətin dünya brendinə çevrilməsinin əsas şərtlərindən biri kimi çıxış edir. Hazırda SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 24 şirkətlə imzalanmış 19 Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) və 2 Risk Xidməti Sazişinin (RXS) tərəfdaşıdır. Ötən il, həmçinin “SOCAR Polymer” kompleksinə daxil olan Polipropilen zavodunun açılış mərasimi keçirildi ki, bunun özü də böyük hadisədir və SOCAR-ın ölkə iqtisadiyyatında hansı rola və çəkiyə malik olduğunun daha bir göstəricisidir. Beləliklə, Azərbaycanın müstəqilliyinin, müstəqil inkişafımızın təmin edilməsində, Azərbaycanın dünyadakı yerinin və rolunun artmasında neft faktorunun və SOCAR-ın rolu böyükdür, danılmazdır. Bu mühüm qurum hələ uzun illər Azərbaycan iqtisadiyyatının inkişafında, neft strategiyasının uğurlu təminatında, o cümlədən hər birimizin həyatı, yaşayışı ilə bağlı olan dövlət büdcəsinin maliyyə təminatında öz mühüm rolunu oynayacaq və bu funksiyasını da uğurlu şəkildə davam etdirməyə müvəffəq olacaq. Bəzən belə fikirlər də səslənir ki, SOCAR özəlləşdirilməlidir və sairə. Bilirsiniz, ümummilli lider Heydər Əliyevin böyüklüyü və uzaqgörənliyi onda idi ki, o, özəlləşdirməyə məqsəd kimi deyil, ölkəni inkişaf etdirmək üçün qabaqcıl dünya dövlətlərinin təcrübəsinə istinad edilməklə, bir vasitə kimi baxdı. Ölkənin təbii-strateji resurslarını, Dövlət Neft Şirkətini (ARDNŞ) özəlləşdirmədi. Çünki Heydər Əliyev bilirdi ki, bu, Azərbaycanın iqtisadi-siyasi müstəqilliyinə, inkişafımıza ağır bir zərbə olardı. Dünyanın da əksər ölkələri heç zaman özlərinin təbii-strateji resurslarını özəlləşdirməyiblər. Odur ki, Azərbaycan dövlətinin müstəqillik dövründə ən mühüm nailiyyətlərindən biri məhz Dövlət Neft Şirkətinin qorunub saxlanılmasıdır, inkişafıdır. Zamanında, məhz ulu öndərimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində Dövlət Neft Şirkətinin qorunub saxlanılması mümkün oldu. Əgər zamanında belə bir müdrik və tarixi qərar verilməsəydi, tam əminliklə deyirəm ki, nə müstəqil neft siyasətindən, nə də ümumən, müstəqil siyasi-iqtisadi inkişafımızdan danışmaq mümkün olardı. Ona görə indi belə fikirləri səsləndirənlər bir daha ötən dövrlərdə baş verənləri, yaşananları göz önünə gətirsələr, yaxşı olar. Bu baxımdan, adıçəkilən qurum hələ uzun illər qalmalı, öz işlərini və ölkəmizin inkişafına töhfələrini verməkdə davam etməlidir. -Ziyad müəllim, öncəki sualımızın tərkib hissəsi və məntiqi davamı kimi, SOCAR-ın beynəlxalq əlaqələri, beynəlxalq əməkdaşlığı barədə nələri vurğulamaq istərdiniz? -Əslində, elə danışdıqlarımız, söylədiklərimiz bu sualın cavabını da özündə ehtiva edir. Yəni, bunlar hamısı bir-biri ilə bağlılıq və paralellik təşkil edir. Yəni, bu gün transmilli və regional layihələrin reallaşmasında ən mühüm rol oynayan başlıca qurumlardan biri və birincisi məhz SOCAR-dır. Təsadüfi deyil ki, bu gün SOCAR qonşu Gürcüstanda, qardaş Türkiyədə və digər bir sıra ölkələrdə önəmli layihələr həyata keçirir, investisiyalar yatırır. Yuxarıda da adını çəkdiyimiz və Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz nümunəsi kimi ortaya qoyulan “STAR” neft emalı zavodu deyilənlərə əyani sübutdur. Bu yöndə misalların sayını xeyli artırmaq olar ki, bunlar da əslində gündəlik həyatımızda, gözümüzün qarşısında baş verən hadisələrdir. Məsələn, bu gün dünyada qaza olan tələbatın getdikcə artdığı bir dövrdə 1999-cu ildə kəşf olunmuş və 1 trilyon kubmetr həcmində qaz, 2 milyard barrel kondensat ehtiyatına malik “Şahdəniz” yatağının işlənilməsi özü təkcə Azərbaycan üçün deyil, bütün region və Avropa ölkələri üçün böyük əhəmiyyət daşıyır. Ekspertlərin rəyinə görə, “Şahdəniz”də hasil edilməmiş təxminən 625 milyard kubmetr qaz və 117,5 milyon ton kondensat ehtiyatı mövcuddur. Bu layihənin həyata keçirilməsi həm də Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçının təbii qaza olan ehtiyaclarını təmin etməyə hesablanıb. Bunun özü də məhz beynəlxalq əlaqələrin, beynəlxalq əməkdaşlığın təzahürüdür. Belə bir əməkdaşlıq olmasaydı, bu məsələ də ortaya çıxmazdı. Həmçinin, TANAP SOCAR üçün böyük önəm daşıyan layihədir. Şirkət bu beynəlxalq layihədə ən böyük iştirak payına malik olmuş və lider rolunu inamla öz üzərinə götürmüş, işin öhdəsindən layiqincə gəlmişdir. Kəmərin inşası prosesində qazanılmış nailiyyətlər göstərdi ki, SOCAR artıq xaricdə də böyük və məsul layihələri vaxtında və yüksək səmərə ilə həyata keçirməyə qadirdir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ilkin qiymətləndirmə zamanı layihənin dəyəri 11 milyard dollardan çox hesablanmışdırsa, sonradan görülən səmərəliləşdirmə tədbirləri nəticəsində bu rəqəmi 8 milyarddan aşağı salmaq mümkün olmuşdur. TANAP layihəsinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Bildiyiniz kimi, ilk mərhələdə təbii qazın Türkiyə ərazisinə çatdırılması və ölkə bazarına daxil edilməsi, ikinci mərhələdə isə Avropa Birliyi sərhədinə qədər nəqli hədəf götürülürdü ki, artıq dediyim kimi, ötən il birinci mərhələni uğurla başa vura bildik. İyunun 12-də Eskişehirde Azərbaycan və Türkiyə dövlət başçılarının, eləcə də Ukrayna, Serbiya və Şimali Kipr Türk Cümhuriyyəti prezidentlərinin iştirakı ilə TANAP-ın açılış mərasimi qeyd edildi. İyunun 30-dan “Şahdəniz-2” çərçivəsində hasil olunan təbii qazın bu kəmər vasitəsilə kommersiya məqsədilə Türkiyəyə nəql edilməsinə başlandı. Bu ilin sonunadək boru kəmərinin həm də Avropa Birliyi sərhədinə qədər olan hissəsi tamamlanacaq. 2020-ci ilin əvvəlində TAP kəməri TANAP-a birləşdiriləcək və ildə 10 milyard kubmetr həcmində Azərbaycan təbii qazının Avropa bazarına daşınması reallaşdırılacaq. Artıq TAP layihəsi üzrə ümumi işlərin 75 faizdən çoxu icra edilib. Əminliklə demək olar ki, TAP layihəsi də tezliklə tamamlanacaq və Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi – “Cənub qaz dəhlizi” tam şəkildə icra ediləcək. Yəni, sərmayə qoyuluşlarını şaxələndirməklə, investisiyaları müxtəlif sahələrə yatırmaqla şirkətin bu və ya digər bir məhsul növündən asılılığını azaltmaq qarşımızda duran başlıca məqsədlərdəndir. Bu məqsədə addım-addım yaxınlaşmaqla Azərbaycanın sənaye qüdrətinin və ixrac potensialının artırılmasına töhfələr verilir. Xam neftin qiymətinin kəskin düşdüyü son illərdə neft-kimya məhsullarının qiymətlərində daha yüksək sabitlik müşahidə olunur ki, bu da tutduğumuz yolun düzgünlüyünü bir daha sübut edir. Yeni əməliyyat sahələrində əldə edilən müsbət təcrübə və nəticələr həmin sahələrdə fəaliyyətlərin genişləndirilməsi üçün zəmin yaradır. Heç təsadüfi deyil ki, SOCAR-ın gələcək hədəfləri sırasında Türkiyədə daha bir neft-kimya kompleksinin inşası nəzərdə tutulur. Yeni layihənin texniki-iqtisadi əsaslandırmasının bu ilin aprel ayında yekunlaşdırılması, həmin ilin iyun ayında tikinti işlərinə başlanılması planlaşdırılır. Yeni neft-kimya kompleksində ilkin istehsalın 2022-ci ilin sonu, 2023-cü ilin əvvəlində başlanılması nəzərdə tutulur. Bütün bunlar bir daha onu göstərir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyası və onun ötən illər ərzində uğurlu icrası, ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdəki çoxşaxəli fəaliyyəti ölkəmiz üçün beynəlxalq əməkdaşlıq istiqamətində böyük önəmə və əhəmiyyətə malikdir. Bundan udan və qazanan isə, ilk növbədə xalqımız, müstəqil dövlətimiz və dövlətçiliyimizdir. Fikirlərimi ölkə prezidentinin Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya zamanı səsləndirdiyi bu fikirlərlə tamamlamaq istəyirəm: “Biz qonşularımız olmadan tranzit ölkə ola bilmərik. Bizim qonşularımız onların qonşuları olmadan tranzit ölkələr ola bilməzlər. Buna görə bu, ölkələr zənciridir və biz Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradırıq...”
Müsahibəni apardı: K.HƏMİDOV
|