Azərbaycanda 2018-ci il prezident seçkilərinin bir ili münasibətilə YAP Xətai rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov ötən bir ilin Azərbaycanın tarixinə biri-birindən mühüm uğurlar yazdığını qeyd edib. Bildirib ki, tariximizin uğur səhifələrinin zənginliyi harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı sevindirir, Azərbaycanın daha da qüdrətlənməsinə, zənginləşməsinə töhfələr verməyə ruhlandırır. Bu günümüzün reallıqları müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlıdır.
Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətini davam etdirəcəyi vədini xatırladan deputat qeyd edib ki, məhz bu vədin əməli işdə öz təsdiqini tapması dövlətimizin başçısının 2008, 2013 və 2018-ci il prezident seçkilərində qələbəsini şərtləndirib. 2018-ci il prezident seçkiləri xalq-iqtidar birliyinin, xalqımızın həyata keçirilən siyasətə dəstəyinin bariz nümunəsi oldu.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə son bir ili Azərbaycanın 28 ilə yaxın müstəqillik tarixinin mühüm səhifəsi kimi xarakterizə edib. Bildirib ki, 2018-ci ilin prezident seçkilərindən ötən bir ilin tamamında Azərbaycan xalqının 10 milyonluq ölkə sevincini yaşaması sosial-iqtisadi uğurlarımızın aydın mənzərəsini yaradır. Belə ki, demokratik inkişaf hər bir ölkənin iqtisadi imkanlarının və sosial siyasətinin təqdimatıdır. Təkcə son bir ilin iqtisadi uğurlarına diqqət yetirmək kifayətdir. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar regional əməkdaşlığın coğrafiyasının genişlənməsinə işıq salır. Ötən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin təcəssümü olaraq “Star” neft emalı zavodunun istifadəyə verilməsi bir daha ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə edərək, dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələrinin davamlı olduğunu təsdiqləyir.
V.Rəhimzadə neft gəlirlərinin səmərəli istifadəsi nəticəsində həyata keçirilən mühüm sosial-iqtisadi layihələrdən də geniş bəhs edib. Bildirib ki, qitələri birləşdirən, 2017-ci ilin oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadi əhəmiyyətinə görə enerji layihələrindən heç də geri qalmır. Uğurlu sonluqla başa çatan hər bir layihə növbəti layihələrin gündəmə gətirilməsinə yol açmaqla yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin və maliyyə imkanlarının təqdimatı kimi dəyərləndirilir.
Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev çıxışında dövlətimizin başçısı İlham Əliyevin təkmil sosial-iqtisadi islahatlarından bəhs edərək, ötən bir ilin Azərbaycanın sosial dövlət imicinə gətirdiyi əlavələri diqqətə çatdırıb. O, dövlətimizin başçısının fərmanları əsasında təsdiqlənən, Bakı və Bakıətrafı qəsəbələrin, həmçinin bölgələrin sosial-iqtisadi inkişafına dair qəbul olunan Dövlət proqramlarının uğurlu icrasını rəqəmlər əsasında qeyd edib.
İcra hakimiyyətinin rəsmisi Xətai rayonunun timsalında ölkədə həyata keçirilən abadlıq, quruculuq işlərindən geniş söz açıb. Bildirib ki, bu gün bölgələr, qəsəbələr arasında sağlam rəqabət gedir. Prezident İlham Əliyevin fikirlərinə istinad etsək, Azərbaycan quruculuq meydançasını xatırladır. Elə bir bölgə yoxdur ki, bu prosesdən kənarda qalsın. Ölkə əhalisi hər addımda vətəndaşlara göstərilən diqqətin şahidinə çevrilib.
“Azərbaycanın möhtəşəm quruculuğu son bir ildə də özünü bütün sahələrdə göstərib və bundan sonra da göstərəcək”, - söyləyən YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli qeyd edib ki, qürur hissi ilə bəhs etdiyimiz bu quruculuq işlərinin müəllifi ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevdir. Onun təkmil islahatları nəticəsində Azərbaycan Dünya Bakının hesabatında 10 islahatçı ölkə sırasında yer alır. Azərbaycan, həmçinin dünyanın 10 xoşbəxt ölkəsindən biridir.
YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Könül Əfəndiyeva deyib ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin təməlində məhz gələcəyimizlə bağlı istək, arzu dayanır. Yəni Azərbaycan daha güclü, qüdrətli olmalı, ən yeni texnologiyalar ölkəmizə gətirilməli və onların tətbiqi öz aktuallığını qorumalıdır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan innovasiyalar ölkəsidir.
YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü Ülvi Seyfullazadə təkcə son bir ildə Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından, onların təhsilə, elmə daha çox yiyələnmələri üçün atdığı davamlı addımlardan bəhs edib.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxışına bu fikirlərlə başlayıb ki, demokratik inkişaf hər bir ölkənin gələcəyini müəyyənləşdirən amillərdən biridir. Məhz bu baxımdan dövlətimizin başçısı İlham Əliyev yeni iş yerlərinin yaradılmasının daimi proses olmasını əsas tələb kimi qarşıya qoyaraq, bunu ölkə əhalisinin sayının artması ilə əlaqələndirir.
Z.Səmədzadə son 15 ildə ümumi daxili məhsulun 3 dəfədən çox artmasını təkmil islahatların uğurlu nəticəsi kimi qeyd edib. Bildirib ki, Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək, eyni zamanda, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq istəyimizi ortaya qoymuşuq. Son bir ilin uğurları bu istəyimizin artıq reallıq olduğunu təsdiqləyir.
Deputat ölkənin hərtərəfli inkişafında sahibkarlığın inkişafının əsas amillərdən biri olduğunu da önə çəkərək, son bir ildə bu istiqamətdə görülən işlərdən danışıb. Qeyd edib ki, bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyevin bölgələrin potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə imzaladığı fərmanlara əsasən təsdiqlənən regional inkişaf proqramları qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir.
Bildirilib ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. |