İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq”
2018-ci ilin 11 aprel tarixində keçirilmiş növbədənkənar prezident seçkilərindən bir il keçir. Bizləri son prezident seçkilərindən artıq bir illik tarixi dövr ayırır. Azərbaycan xalqı, ölkə seçiciləri həmin tarixi gündə seçki məntəqələrinə gedərək, növbəti 7 il müddətinə öz talelərini etibar edəcək şəxsə səs verdilər. Alternaiv əsaslarla, 8 nəfər prezidentliyə namizədin iştirakı ilə keçirilən prezident seçkilərində Azərbaycan seçicilərinin mütləq əksəriyyəti - 86,3%-i, yəni 3 milyon 397 min 664 nəfəri yenidən dövlət başçısı İlham Əliyevə səs verərək, etimad göstərərək, onu daha 7 il müddətinə ölkə prezidenti seçdilər...Qeyd edək ki, prezident seçkiləri və onun nəticələri ilə bağlı bəzi daxili və xarici antiazərbaycançı qüvvələr öz “bədbin” proqnozlarını versələr də, yenə də hesabları pozuldu, “proqnozlar”ı özünü bu dəfə də doğrultmadı. Xüsusilə də, ATƏT-in və Avropa Şurasının seçki missiyaları prezident seçkilərini “qara rəng”də təsvir etməyə, seçkiləri və onun nəticələrini şübhə altına almağa salsa da, öncədən planlaşdırdıqları niyyətləri, məqsədləri baş tutmadı, hazırladıqları hesabat(lar) heç bir effekt, reaksiya doğurmadı, əksinə, Azərbaycan cəmiyyətinin sərt təpkisinə səbəb oldu. Ən əsası onlara verilən ən sərrast cavab və onlara vurulan ən böyük zərbə elə öz strukturlarından gəldi - ATƏT strukturlarından, AŞPA təsisatlarından, Avropa İttifaqı rəhbərliyindən İlham Əliyevə təbrik məktubları ünvanlandı. Həmçinin, Azərbaycandan və prezidentinə dünyanın bütün dövlət başçıları, xüsusilə dünyanın əsas gücləri sayılan dövlətlərin rəhbərlərindən - Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp, Çin dövlətinin rəhbəri Si Cinpin, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təxminən eyni günlərdə təbrik məktubları gəldi, onlar öz məktublarında İlham Əliyevlə, Azərbaycanla əməkdaşlıq niyyətlərini bir daha bəyan etdilər.ABŞ Prezidenti Donald Trampın təbrik məktubunda qeyd olunurdu ki, Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər.“Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığınızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm. Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlib. Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır”, - deyə qeyd edən Tramp, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün əməkdaşlığı səmimiyyətlə arzuladığını ifadə etdi.Rusiya Prezideti Vladimir Putinin məktubunda isə deyilirdi: “…Ölkəniz iqtisadi, sosial, elmi-texniki, humanitar və digər sahələrdə sanballı uğurlar qazanıb. Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var. Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Dövlətlərimiz müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlıq edir, gündəlikdə olan mühüm regional və qlobal məsələlərin həllində fəal qarşılıqlı əlaqə saxlayırlar. Əminəm ki, ölkələrimizin dost xalqlarının rifahı, beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı bundan sonra da hər vasitə ilə möhkəmləndirəcəyik…”.Həmçinin, Çin Xalq Respublikasının dövlət rəhbəri Si Cinpinin təbrik məktubunda qeyd olunurdu ki, son illərdə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, cəmiyyətdə sabitlik və həmrəylik müşahidə olunur, Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır.“Azərbaycanın yaxın dostu kimi Çin buna ürəkdən sevinir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm, iki ölkənin və onların xalqlarının xeyrinə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrində yeni uğurlara nail olmaq üçün Sizinlə birgə səy göstərməyə hazıram”, - deyə daha sonra təbrik məktubunda bildirilirdi.Eyni zamanda, digər Avropa, Qərb və Şərq ölkələrinin rəhbərlərinin, o cümlədən qardaş və dost Türkiyə dövlətinin prezidentinin Azərbaycan prezidentinə təbrik məktublarında əməkdaşlıq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin mövcud səviyyəsindən məmnunluq ifadə edildi, həmçinin bu münasibətlərin daha da dərinləşdirilməsi istəkləri öz əksini tapdı. Prezidentin andı...Seçkilərdən cəmi 6 gün sonra, aprelin 17-də Konstitusiya Məhkəməsinin Plenumu prezident seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun Seçki Məcəlləsinin müddəalarına uyğun gəldiyini, İlham Əliyevin səslərin 86,03 faizini topladığı üçün prezident elan edilməsi ilə bağlı qərarını bəyan etdi. Bunun səhərisi günü, aprelin 18-də Prezident İlham Əliyevin Milli Məclisdə (MM) tarixi andiçmə mərasimi keçirildi. Düz 5 il öncə də, 2013-cü ilin prezident seçkiləri ilə bağlı prezidentin andiçmə mərasimi də məhz parlamentdə keçirilmişdi və bu, dövlət başçısının MM-ə nə qədər böyük dəyər verdiyinin daha bir əyani sübutudur. Prezident əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq, həmçinin müqəddəs Qurani-Şərifə əl basaraq and içdi. Daha sonra təzim edərək, Azərbaycanın dövlət bayrağını öpdü və geniş nitq söylədi. Dövlət başçısı çıxışında seçkilərdə göstərilən yüksək etimada görə Azərbaycan xalqına dərin təşəkkürünu bildirərək qeyd etdi ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss edib və bu dəstək ona güc verir.Beləliklə, 18 aprel tarixindən etibarən ölkə rəhbəri İlham Əliyev dövlət başçısı kimi növbəti 7 illik müddətdə prezidentilk fəaliyyətinə başlamış oldu. Vəzifəsinin icrasına başlaması ilə dövlət başçısı bir dahaötən 25 illik siyasətə, onun davam etdirilməsinə qərarlılıq, əsası 1994-cü ildən, “Əsrin müqaviləsi”ndən qoyulmuş uğurlu neft strategiyasından başlanan enerji siyasətində qətiyyətlilik nümayiş etdirdi. Burada mütləq şəkildə qeyd etmək yerinə düşər ki, ümumiyyətlə, 2018-ci il Azərbaycan xalqının və dövlətinin tarixində, 27 illik müstəqillik dönəmində ən əlamətdar illərdən biri kimi tarixə düşdü. Belə ki, hələ prezident seçkilərindən əvvəl, 2018-ci ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümü ilə bağlı ölkə prezidenti 2018-ci ili “Cümhuriyyət İli” elan etdi və bununla əlaqədar müvafiq sərəncam imzaladı. Bu sərəncamdan da irəli gələrək AXC-nin yüz illik yubileyi ilə yüksək səviyyəli dövlət tədbirlərinin keçirilməsinə start verildi. May ayının 28-də AXC-nin yüz illiyi ilə bağlı ölkə prezidentinin rəsmi (təntənəli) qəbulu təşkil edildi. Tədbirdən öncə ölkə prezidenti AXC qurucularının şərəfinə ucaldılmış abidəni ziyarət etdi. Rəsmi qəbulda geniş nitqində isə ölkə prezidenti AXC-nin yaradılmasını, 23 aylıq fəaliyyətini tarixi hadisə adlandırdı. Dövlət başçısı “İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır...”, - deyərək sözlərinə əlavə etdi. Cənub Qaz Dəhlizi və ya yeni enerji damarı…Ümumiyyətlə, son bir il ərzində görülmüş işləri bir yazıda işıqlandırmaq, onlardan bəhs etməsək, adlarını belə saysaq, kifayət etməz, yetərli olmaz. Çünki bir il ərzində o qədər geniş, möhtəşəm, miqyaslı layihələr, tədbirlər keçirilib ki, müstəqilliyimiz, müstəqil inkişaf xəttimiz, müstəqil dövlət siyasətimiz olmadan, onlara nail ola bilməzdik. Bu işlər, bu tədbirlər ötən əsrdə ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyimizin, o cümlədən 1993-cü ildən bu yana həyata keçirilən və son bir il ərzində ən yüksək zirvəsinə çatan müstəqil dövlət və müstəqil inkişaf xəttinin, ölkə prezidentinin son dərəcə uğurlu siyasətinin bəhrələridir. Ona görə çalışmışam ki, bu yazıda ən vacib məqamlara diqqət yetirək. Bu yerdə konkret olaraq, yeni enerji damarı kimi xarakterizə edilən Cənub Qaz Dəhlizinin (CQD) açılışını qeyd etmək istərdik. CQD-nin yüksək səviyyəli açılışını həyata keçirməklə, Azərbaycan öz ikinci müstəqillik tarixində, ümumiyyətlə, müstəqil dövlətçiliyinin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümündə daha bir uğuruna imza atdı. Nəinki yerləşdiyi bölgənin, həmçinin Avropanın və dünyanın enerji təhlükəsizliyində əsas aktyorlardan birinə çevrilən Azərbaycan CQD-nin təntənəli açılış mərasiminə tarixi evsahibliyi etdi. Ölkə prezidentinin və nüfuzlu xarici qonaqların iştirakı ilə Səngəçal terminalında CQD-nin tarixi açılış mərasimi baş tutdu və bununla da Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına növbəti töhfəsini vermiş oldu. Qeyd edək ki, enerji resurslarının şaxələndirilməsi işində çox önəmli layihə olan CQD enerji təhlükəsizliyi məsələlərinin həllində də mühüm əhəmiyyət daşıyır. Çünki bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. Bu baxımdan da hesab edirəm, eyni zamanda, açılış mərasimində də vurğulandığı kimi, CQD əvəzolunmaz bir layihədir. Həmçinin, ölkə prezidenti bugünlərdə etdiyi son çıxışlarının birində CQD mövzusuna toxunaraq, yaxın gələcəkdə bunun işə düşəcəyini və böyük gəlir gətirəcəyini vurğuladı. Bütövlükdə, CQD dörd böyük layihədən ibarətdir ki (Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi), bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP-ın da atıq böyük hissəsi, 70 faizindən çoxu icra olunub. Ona görə hesab edirəm ki, 2019-2020-ci illər ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan CQD icra edilmiş olacaq. Bu tarixi nailiyyət isə bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın.TANAP, yaxud “ikinci qan damarı”…Ötən əsrin 90-cı illərində, xüsusilə də 1994-cü ildə baş tutan “Əsrin müqaviləsi” ilə uğurlu neft strategiyası həyata keçirən və qısa müddət ərzində dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəmiz CQD-nin açılışından sonra yeni, növbəti uğuruna imza atdı. Dünya Azərbaycanın iştirakı və təşəbbüsü ilə gerçəkləşdirilən daha bir tarixi layihənin açılışı mərasiminə şahidlik etdi. Belə ki, Türkiyənin Əskişəhər şəhərində “ikinci qan damarı” adlandırılan TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibəti ilə təntənəli mərasim keçirildi. TANAP-ın istismara verilməsini Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü kimi qiymətləndirən Azərbaycan prezidenti bu layihəni Türkiyə ilə Azərbaycanın növbəti zəfəri adlandırdı və qeyd etdi ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Həmçinin, vurğulandı ki, son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaq. Eyni zamanda, açılış mərasimində də vurğulandığı kimi, enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP həm də qarşıdakı illərdə həyata keçiriləcək yeni layihələrin müjdəsidir. Elə layihə ilə bağlı rəqəmlər bu həqiqəti açıq-aşkar ortaya qoyur. Belə ki, diametri 56 düymlük borulardan ibarət olan 1850 kilometrlik TANAP Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun təbii qaz boru kəməridir. TANAP 20 vilayət, 67 rayon və Çanaqqala boğazını keçən marşruta sahibdir. Bu layihənin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr təbii qazdır. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql olunacaq. Tələbdən asılı olaraq, ötürücülük qabiliyyətinin əvvəlcə 22 milyard, daha sonra əlavə sərmayələrlə 31 milyard kubmetrə çatdırılması hədəflənir. Trans-Anadolu qaz kəməri layihəsinin icrası müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdü. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Ölkəmizin iqtisadi qüdrətinin, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu bir daha təsdiqləyən TANAP bununla da Azərbaycanın dünyanın siyasi və iqtisadi həyatındakı yerini və özəlliyini nümayiş etdirdi…22 illik yolun son manifesti - Aktau razılaşması…Hamımız bilirik ki, 5 Xəzəryanı dövlət arasında Xəzərin hüquqi statusuna dair konvensiyanı imzalamaq nə qədər çətin və mürəkkəb bir proses idi. Hələ 23 il bundan qabaq, 1996-cı ildən ulu öndər Heydər Əliyev bu mürəkkəb məsələnin həlli üçün bütün var gücü ilə çalışırdı. Bu istiqamətdə Xəzəryanı dövlətlərin rəhbərləri, rəsmilərilə ayrılıqda müzakirələr, söhbətlər aparırdı, onları belə bir konvensiyanın imzalanmasının vacibliyinə inandırmağa çalışırdı. Eyni zamanda, bu xətt, bu siyasət 2003-cü ildə hakimiyyətə gələn cənab İlham Əliyevin dövründə də davam etdirildi, bu yöndə mühüm addımlar atıldı və nəhayət, ötən ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı tarixi hadisə baş verdi. Xəzəryanı dövlət başçılarının 5-ci Zirvə toplantısında 22 illik danışıqlar prosesinə yekun vurularaq, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalaması mərasimi keçirildi və Konvensiya 5 Xəzəryanı dövlətin başçısı tərəfindən imzalandı. Bir daha qeyd etmək istərdik ki, bu razılaşmanın baş tutmasında Azərbaycanın, xüsusilə də mərhum dövlət başçısı Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin rolu, xidməti çox böyükdür və danılmazdır. Məhz onların səyləri və uzaqgörən siyasətləri nəticəsində 22 ildən sonra Xəzərlə bağlı belə tarixi anlaşma əldə edildi. Beləliklə, Aktua Konvensiyası Xəzəryanı dövlətlərin münasibətlərində və qarşılıqlı əməkdaşlığında yeni mərhələ kimi tarixə düşdü. Bu Konvensiya, Aktau anlaşması imkan verəcək ki, bu dövlətlər arasında münasibətlər növbəti mərhələlərdə də inkişaf etdirilsin, Xəzərin əsl sülh və təhlükəsizlik dənizinə çevrilməsinə özünün növbəti töhfələrini versin. Çünki Xəzər hamımızındır, 5 Xəzəryanı dövlətindir və bu dənizin sülh, təhlükəsizlik dənizi funksiyasını icra etməsi olduqca önəmlidir, vacibdir. Hər bir Xəzəryanı dövlətin milli və dövlətçilik maraqlarına, mənafelərinə cavab verən bir məsələdir. Odur ki, Aktau Konvensiyası hələ növbəti illərdə, növbəti mərhələlərdə də öz sözünü deyəcək, öz tarixi rolunu oynayacaq və bu bölgənin, bütövlükdə dünyanın təhlükəsizliyinə öz töhfələrini verməkdə davam edəcək.STAR: Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının növbəti ifadəsi…Ötən bir ilin uğurlarından bəhs edərkən, Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimini qeyd etməmək mümkün deyil. Hələ 2011-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təməli atılan “Star” zavodu hər iki ölkənin, bütövlükdə isə bu bölgənin iqtisadi inkişafında və enerji təhlükəsizliyinin təmin olunmasına öz müsbət töhfələrini verəcək tarixi layihədir. Təsadüfi deyil ki, tarixi və təntənəli açılış mərasimində də bu məqamlar bir daha vurğulandı, dilə gətirildi. Belə ki, dövlət başçılarının çıxışlarında sözügedən zavodun təməlinin 7 il öncə birlikdə qoyulduğu xatırladılaraq, vurğulandı ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Həmçinin, ifadə edildi ki, “Star” layihəsinin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır.Qeyd edək ki, illik istehsal gücü 10 milyon ton olan “Star” neft emalı zavodu ilk beş il müddətində Azərbaycan iqtisadiyyatına ildə 850 milyon ABŞ dolları, sonrakı dövrlərdə isə hər il 600 milyon ABŞ dollarından çox gəlir gətirəcək. Bu baxımdan hesab edirəm ki, Azərbaycan dünya miqyaslı əhəmiyyətə malik bir zavodun sahibidir və bu da əbədi kapital deməkdir. Bu baxımdan çox sevinirəm ki, Azərbaycanın xarici investisiya yatırımı artıb. Çox sevinirəm ki, Azərbaycan-Türkiyə münasibətlərində gündən-günə möhkəmlənən yeni müsbət məqamlar - meyillər özünü göstərir. Sevinirəm ki, Türkiyənin bu məhsullarla bağlı idxalı, həmçinin çəkdiyi xərclər azalacaq.Yəni, bu layihə həm istehsalçı olaraq bizim üçün, həm də istehlakçı kimi Türkiyə üçün maraqlıdır. Bu kimi layihələrin genişlənməsi onu göstərir ki, Azərbaycan bu gün dünyəvi layihələrdə iştirak edən mühüm bir tərəfdaş-dövlətdir…Davos Forumu və ya “Bir kəmər, bir yol”…Ötən bir ilin uğurları sırasında, heç şübhəsiz ki, ən mühüm yerlərdən birini Azərbaycanın uzun illərdən bəri qatıldığı Davos İqtisadi Forumu, dünyanın ən böyük super güclərindən olan Çin Xalq Respublikası ilə reallaşdırlan “Bir kəmər, bir yol” layihəsi təşkil edir. Belə ki, tarixi “Bir kəmər-bir yol” təşəbbüsü, layihəsi Azərbaycan üçün daimi kapitaldır, gəlir mənbəyidir, yeni iş yerləridir, siyasi mövqedir, ölkəmizin həm də iqtisadi təhlükəsizliyinin təmin edilməsidir. Ona görə bu layihə hansısa bir maddi dəyərlə, qiymətlə ölçülməyən məsələdir. Elə bu kimi tarixi və dünyamiqyaslı layihələrin reallaşdırılmasının nəticəsidir ki, Azərbaycan borc alan ölkədən bu gün borc verən ölkəyə çevrilib. Azərbaycana həm investisiya yatırılır, həm də ölkəmiz özü investisiya, sərmayə yatıran ölkəyə çevrilib. Həmçinin, Azərbaycanın, ölkə prezidentinin 2000-ci illərdən Davos İqtisadi Forumunda müntəzəm iştirakı hər dəfə yeni məqamlarla özünü göstərir, xarakterizə olunur. Yəni, Azərbaycan dövləti, ölkə prezidenti hər dəfə ölkəmizin yeni, növbəti müsbət inkişafını xarakterizə edən məqamlarla orada iştirak edir, bu yöndə öz təcrübəsini bölüşür, dünyanın iqtisadi təhlükəsizliyinə töhfələrini verir. Odur ki, son bir il də bu baxımdan tarixdə, yaddaşda qaldı. Konkret olaraq, sonucu Davos Forumunda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə keçirilən görüş zamanı Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Azərbaycan prezidenti və Dünya İqtisadi Forumunun prezidenti arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi. Həmçinin, Forum çərçivəsində yuxarıda haqqında bəhs edilən “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı mühüm hadisə baş verdi. “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirildi. Həmin sessiyaya qatılanlar arasında İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da vardı. Heç təsadüfi deyil ki, həmin tədbir zamanı sessiyanın aparıcısı ilk sualı da iştirakçılar arasında məhz İlham Əliyevə ünvanladı. “Gəlin Sizdən başlayaq, cənab Prezident. “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycan kimi qonşu ölkə üçün nə deməkdir? Mən bilirəm ki, Siz ölkənizin iqtisadi fəaliyyətini təkcə neft-qaz sahəsinə yox, eyni zamanda, infrastrukturun qurulmasına yönəltmisiniz” sualına cavabında Azərbaycan prezidenti məlum təşəbbüsü dəstəklədiyini bəyan etdi və bunları söylədi:“…Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür. Biz, əlbəttə ki, Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik”. Dövlət başçısı sonra qeyd etdi ki, Azərbaycan həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Dövlət başçısı sözlərinə davam edərək “Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasətini yaratmaq üçün vəsait sərf edirik. Yükdaşımaların həcmi də artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınıb”, - deyə fikirlərini tamamladı…Həmçinin qeyd edək ki, Davos Forumu zamanı söylənənlər sadəcə sözlərdən, istəklərdən ibarət deyildi, bunlar konkret fəaliyyətdən, konkret addımlardan doğan fikirlər, niyyətlər idi. Heç təsadüfi deyil ki, Azərbaycan prezidenti Çin Xalq Respublikası (ÇXR) sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfər etdi. Qeyd edək ki, ölkə prezidenti beynəlxalq foruma qatılaraq, orada geniş nitq söylədi, bir daha Azərbaycan bu təşəbbüslə bağlı müsbət mövqeyini ifadə etdi. Forumdan öncə isə ÇXR sədri Si Cinpinlə bir araya gələn dövlət başçısının görüşündə yenə əsas müzakirə mövzusu “Bir kəmər, bir yol” təşəbbüsü, layihəsi oldu. Çinin rəhbəri tərəfindən bir daha vurğulandı ki, Azərbaycan tərəfi və ölkə prezidenti kimi İlham Əliyev Çin-Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirir. Si Cinpin “Sizinlə birlikdə ortaq səylərimizlə “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram…”, - deyə bildirdi və əlavə etdi ki, “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizi mühüm əhəmiyyət daşıyır. Bütün bunlar nəticə etibarı ilə Azərbaycanın bir daha həm məlum layihəyə, həm də Çinlə münasibətlərin inkişafına necə böyük önəm verdiyini təsdiqləmiş oldu.Regionlara səfərlər, simasını dəyişən bölgələr, iş yerləri…Ölkənin regional inkişafı xüsusilə, regionların tarazlı inkişafı, bölgələr arasında böyük fərqlərin aradan qaldırılması istiqamətində görülən işlər 2018-ci ildə daha böyük sürətlə və templə həyata keçirildi. Bu inkişaf öz keyfiyyət məzmununa və mahiyyətinə görə bir sıra hadisələrlə yadda qaldı. Yəni, hələ ölkə prezidentinin hakimiyyətə gəldiyi ilk günlərdən, 2003-2004-cü illərdən regionların inkişafını əsas prioritetlərdən biri kimi müəyyənləşdirməsi, bu yöndə davamlı addımlar atılması 11 aprel seçkilərindən sonra daha böyük vüsət aldı. Belə ki, dövlət başçısı 11 aprel seçkilərindən heç bir ay keçməmiş regionlara səfərlərini davam etdirməyə başladı. İlk səfərini də may ayının 4-də ölkənin Şimal bölgəsinə, Xaçmaz və Xızı rayonlarına etdi və həmin bölgələrdə bir sıra açılışlara qatıldı. Ümumiyyətlə, istər prezident seçkilərindən əvvəl, yəni 2018-ci ilin 1 yanvar-11 aprel tarixləri ərzində, prezident seçkilərindən və 18 aprel andiçmə mərasimindən sonra, 18 aprel-31 dekabr tarixləri ərzində dövlət başçısı üst-üstə Azərbaycanın yuxarıda adları çəkilən bölgələri də daxil olmaqla, 24 bölgəsinə səfərlər (Şamaxı, İsmayıllı, Lənkəran, Masallı, Lerik, Astara, Ağdam, Ağcabədi və sair) edib və onlarla obyektlərin, müəssisələrin açılışlarında iştirak edib. Bu haqda dövlət başçısı özü 2019-cu ilin yanvar ayının 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı da məlumat verərək bildirdi ki, bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə göstərişlər verilir.“Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanmışdır. Bu sərəncamlar bölgələrimizdə çox böyük əks-səda verir və böyük nəticələrə gətirib çıxarır. Dediyim kimi, bölgələrə səfərlərim həm vətəndaşlarla təmasda olmaq, həm görülən işlərə nəzarət etmək, həm də gələcəkdə görüləcək işlərlə bağlı düzgün addımların atılması üçün gözəl imkan yaradır. Mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam, ən azı hər bir rayonda 5 dəfə, elə rayon var ki, 10 dəfədən çox olmuşam və bu müntəzəm səfərlərin çox böyük əhəmiyyəti var...”, - deyə dövlət başçısı sözlərinə əlavə etdi.2019-cu ilin yanvar ayının 1-dən aprel ayının 11-nə kimi isə dövlət başçısı regionlara səfərlərini davam etdirirək, iki dəfə (yanvar və fevral aylarında) ölkənin 3-cü böyük şəhəri və əsas sənaye mərkəzlərindən olan Sumqayıt şəhərinə, o cümlədən 13 fevral tarixində Beyləqan rayonuna, həmçinin Şamaxı və Ağsu rayonlarına getdi. Regionlardan söz düşmüşkən, burada qeyd edilməli ən önəmli məqamlardan biri də heç şübhəsiz ki, 2003-cü ilin prezident seçkilərindən çox az müddət sonra, yəni 2004-cü ilin fevralında dövlət başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk Dövlət Proqramını imzalaması və bu böyük prosesə start verilməsidir. Qeyd edək ki, ötən 15 il ərzində bu yöndə 3 Dövlət Proqramı imzalandı və onların hər biri də uğurla icra edildi. Bu ilin yanvar ayının 29-da dövlət başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı növbəti - 4-cü Dövlət Proqramı imzalandı. Dövlət Proqramı imzalanmazdan əvvəl isə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirildi. Dövlət başçısının özünün də iştirak etdiyi və geniş nitq söylədiyi konfransda bildirildi ki, ümumiyyətlə, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Həmçinin, ötən 15 il ərzində sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artmış və bu ehtiyatlar 45 milyard dollar təşkil etmişdir. Dövlət başçısının özünün də qeyd etdiyi kimi, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu da nəticə etibarı ilə bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Həmçinin, qeyd edildi ki, aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxarmış, 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulmuşdur. Bu sərmayənin yarısı isə xarici investisiyadır. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.Eyni zamanda, qeyd etmək lazımdır ki, son 15 il ərzində məşğulluğun artması istiqamətində böyük işlər görülmüşdür. Onu da xüsusi olaraq vurğulayım ki, yaradılan yeni iş yerlərinin böyük hissəsi bölgələrin payına düşməkdədir. Amma bununla belə yeni iş yerlərinin yaradılması, insanlarımızın işlə təmin edilməsi ilə bağlı görülməli işlərimiz hələ çoxdur. Görülən işlərə, atılan addımlara baxmayaraq, hələ də iş yerlərinə ehtiyacı olan insanlarımız, vətəndaşlarımız az deyil. Bu məsələ həmin adıçəkilən konfransda, həm də digər toplantılarda dövlət başçısının özü tərəfindən dəfələrlə dilə gətirilməkdədir. Eyni zamanda, dövlət qurumlarında və özəl sektorda iş yerlərinin ixtisarı minimuma endirilməlidir. Xüsusilə də, struktur islahatları ilə bağlı iş yerlərini itirmək məcburiyyətində qalmış vətəndaşlarımızın, kadrlarımızın işlə təmin edilməsi məsələsi ən vacib məqamlardandır. Qeyd edim ki, bu məsələ həm dövlət başçısının, həm də onun ən yaxın və ən sədaqətli silahdaşı olan birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və nəzarətindədir. Təsadüfi deyil ki, bir müddət öncə Mehriban xanımın bu məsələ ilə bağlı rəsmi açıqlaması və tapşırıqları olmuşdu. Sənaye mərkəzləri və sənaye məhəllələri, ölkənin sənayeləşməsiAzərbaycan dövlətinin, ölkə prezidentinin hədəflədiyi məqsədlər, prioritetlər arasında ölkənin regional sənaye mərkəzlərinin inkişafı, həmçinin sənaye məhəllərinin yaradılması ən mühüm yerlərdən birini tutur. Ötən bir il ərzində bu istiqamətdə atılan addımlar da hədəflərə çatılmasında Azərbaycan dövlətinin nə qədər əzmkar və israrlı olduğunu göstərdi. Bəzi problemlərin, görüləcək işlərin olmasına rəğmən, Azərbaycanın regional inkişaf siyasəti, sənaye mərkəzlərinin yaradılması və canlandırılması ona öz hədəflərinə çatmasında yardımçı oldu. Azərbaycanın bölgələri, o cümlədən Naxçıvan Muxtar Respublikası, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri ilə paytaxt Bakı arasındakı fərqlərin sosial-iqtisadi inkişaf səviyyəsinə görə yumşaldılmasına xidmət edən siyasət öz müsbət nəticələrini verməkdədir. Bu gün istər Naxçıvan Muxtar Respublikası, istərsə Bakıdan sonra ən iri sənaye mərkəzləri olan Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri əsl inkişaf mərhələsini yaşamaqdadır. Bu bölgələrin inkişafına dövlət və dövlət başçısının qayğısı göz önündədir. Ötən bir il ərzində ölkə prezidenti bu bölgələrə səfər edərək, bir daha bu sənaye mərkəzlərinin növbəti mərhələlərdə inkişafı üçün öz konkret addımlarını atdı, müvafiq fərman və sərəncamları imzaladı. Bütövlükdə dövlət başçısının uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, sənayenin inkişafına dair 2015-2020-ci illər üzrə Dövlət Proqramının icrası artıq öz real bəhrəsini verməkdədir. Yəni, müasir texnologiyalara və geniş ixrac imkanlarına malik sənaye parklarının və sənaye məhəllələrinin yaradılması siyasətinə xüsusi önəm verilməsini həm ölkənin sənaye potensialının gücləndirilməsi, həm də Dördüncü Sənaye İnqilabı istiqamətində atılmış düşünülmüş addımlar kimi səciyyələndirmək lazımdır. Belə ki, 2018-ci ildə ölkədə yaradılmış və ümumilikdə 55 müasir müəssisəni özündə birləşdirən 5 sənaye parkında və 4 sənaye məhəlləsində 41 rezident qeydiyyata alınmışdır ki, onlardan 21-i artıq fəaliyyət göstərir. Mingəçevir Sənaye Parkına 85 milyon ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. İllik istehsal gücü 20 min ton olan iki müəssisədə pambıq mahlıcdan iplik istehsal ediləcək. Bu yerdə qeyd edək ki, 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb. Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammal təchizatının davamlılığını və etibarlılığını təmin etmək üçün ardıcıl tədbirlər görülür. Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq imzalanmış fərman və sərəncamlar, pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirələri, qəbul olunmuş Dövlət Proqramı, bu sahə üzrə müxtəlif dəstək və təşviq mexanizmlərinin tətbiq edilməsi pambıqçılığın inkişafı üçün əlverişli şərait yaradıb. Hazırda respublikada illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Lakin pambıqçılığın sürətlə inkişafı, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilinə ehtiyac yaranıb. Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki də belə müəssisələrdəndir və yuxarıda da xatırladıldığı kimi, illik istehsal gücü 20 min ton olan iki müəssisədə pambıq mahlıcdan iplik istehsal ediləcək…Həmçinin, ölkənin 3-cü ən böyük şəhəri və sənaye mərkəzi kimi Sumqayıt hər zaman Azərbaycan dövlətinin və dövlət başçısının diqqət mərkəzindədir. Belə ki, Azərbaycan dövlətinin böyük diqqəti sayəsində son illər yenidən inkişaf mərhələsi yaşayan Sumqayıta son bir il ərzində dövlət başçısı tərəfindən bir neçə dəfə səfər edildi və onların hər biri öz əlamətdarlığı ilə yadda qaldı. Belə səfərlərdən biri də İtaliya Prezidenti Serçio Mattarellanın Azərbaycana səfəri zamanı yaşandı. Belə ki, iyulun 18-də hər iki prezidentin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı baş tutdu. Qeyd etməyə dəyər ki, polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialının böyük dərəcədə artması gözlənilir. Çünki hər iki zavodda hər il 300 min ton məhsulun istehsal olunması və məhsulun 70 faizinin xarici bazarlara ixracı nəzərdə tutulur ki, bununla da Azərbaycanın idxaldan asılılığı aradan götürüləcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaq. Onu da nəzərə çatdırmaq lazımdır ki, 2018-ci ilin iyul ayından ilin sonunadək bu zavodda artıq 14 min ton məhsul istehsal edilib.Dövlət başçısı bu il ilk səfərini də məhz Sumqayıt şəhərinə etdi və orada Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodunun açılış mərasiminə qatıldı. Hesab edirəm ki, bunun özü də iqtisadi inkişafımız baxımından çox önəmli hadisə idi. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir və istehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək. Bu zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsuldan digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur. İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək. Fevralda Sumqayıta yenidən səfər edən dövlət başçısı bu dəfə Sumqayıt Kimya Sənaye Parkında “SOCARPolymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak etdi. Qeyd edək ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. Belə ki, ilkin mərhələdə “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Bununla da, SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.Eyni zamanda, həmin gün dövlət başçısı Sumqayıt şəhərinin yaranmasının 70 illliyinin qeyd olunması ilə bağlı sərəncam imzaladı.
Ölkə prezidentinin tapşırığına əsasən birinci xanım və Birinci vitse-prezident Mehriban Əliyeva bu ilin fevral ayında Gəncə şəhərinə gedərək, yerli ictimaiyyətlə, Gəncə sakinləri ilə görüşdü, onları dinləndi. Səfər zamanı Birinci vitse-prezident tərəfindən dövlət başıçısı İlham Əliyevin 16 illik prezidentliyi dövründə Gəncəyə 15 dəfə səfər etdiyi, ölkə prezidentinin daim Gəncəyə diqqət göstərdiyi xatırladıldı, “Burada bütün tarixi, dini, memarlıq abidələri qorunur və qorunmalıdır. Amma, eyni zamanda, Gəncədə müasirlik var, müasir binalar, yeni yollar, infrastruktur, yeni parklar yaradılır. Xan bağı da qədim abidədir. Əlbəttə, tarixiliyi, qədim simanı qoruyub saxlamaq, eyni zamanda, müasirləşmək Gəncəni nadir bir şəhərə çevirib. Burada təkrarolunmaz ab-hava var, əlbəttə, əsas gəncəlilərdir. Mən hər zaman sizing qonaqpərvərliyinizi, səmimiyyətinizi hiss edirəm, çox sağ olun, burada olmağıma çox şadam. Mən bir neçə məktəbə baxdım, uşaq bağçalarında, uşaq evində oldum”, - deyə bildirildi. Həmçinin, əlavə edildi ki, səfərdə əsas məqsəd də ondan ibarətdir ki, problemlər, həllini tapmayan məsələlər daha yaxından öyrənilsin. “Onların hamısı ardıcıl olaraq həllini tapmalıdır”, - deyə, ölkənin birinci xanımı fikirlərini tamamladı. Bu baxımdan hesab edirəm ki, bu səfər Gəncənin gələcək inkişafında mütləq şəkildə özünün müsbət nəticələrini ortaya qoyacaq.
Bununla yanaşı, Masallı, Neftaçala, Hacıqabul və Sabirabad sənaye məhəllərinin yaradılması, bu istiqamətdə işlərin gücləndirilməsi yönündə mühüm addımlar atıldı və atılmaqdadır. Hələ 24 sentyabr 2017-ci il tarixində ölkə prezidentinin Neftçala Sənaye Məhəlləsinin açılışında da bildirdiyi kimi, ölkədə sənayeləşmə siyasəti uğurla aparılır. O, eyni zamanda, “Bu Sənaye Məhəlləsinin çox böyük mənası var. Bu, onu göstərir ki, biz düzgün yoldayıq və qəbul edilmiş qərarlar vaxtında, yüksək səviyyədə icra olunur”, - deyərək bildirdi ki, hər bir rayonda belə sənaye məhəllələri yaradıla bilər. “Əslində, bu məsələ ilə bağlı müvafiq göstəriş artıq verilmişdir və əminəm ki, tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq”, - deyə o, sözlərinə əlavə etdi. Bəli, bu gün Azərbaycanın inkişafında böyük rol və əhəmiyyətə malik olan sənaye məhəllələrinin yaradılması istiqamətində işlər davam etdirilir və bunlar ölkəmizin növbəti mərhələlərdəki inkişafının əsas elementlərindən biri olacaq.Heç təsadüfi deyil ki, bu istqamətdə növbəti addımlardan biri kimi, aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və İranın Sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə “Azərmaş” ASC-nin İranın “Qartal” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyuldu. Məlumat verildi ki, zavodda birinci mərhələdə 500 ədəd müxtəlif tutumlu avtobus, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobili istehsal ediləcək. Birinci mərhələdə 100, ikinci mərhələdə isə 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun tikintisi Hacıqabul Sənaye Məhəlləsində 5 hektar ərazidə həyata keçiriləcək. Müəssisədə Avropa İttifaqı ölkələrinin istehsalı olan avadanlıqlar quraşdırılacaq. Sənaye Məhəlləsində avtobus və yük avtomobilləri istehsalı zavodunun yaradılması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradacaq. Həmçinin, tədbir çərçivəsində “Azərmaş” ASC ilə İranın “Maral Trailer” şirkəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. Sənəddə “Maral Trailer” şirkəti tərəfindən ilkin mərhələdə distributor olaraq 1 il ərzində 500 ədəd müxtəlif qoşquların Azərbaycanda satışının təşkili, sonrakı mərhələdə isə bu cür qoşquların Azərbaycanda istehsalı nəzərdə tutulur.Bunlar yuxarıda da vurğuladığım kimi, Azərbaycanın sənaye məhəllələrinin yaradılmasında dövlətin və dövlət başçısının iradəsini açıq şəkildə ortaya qoyur. Bu baxımdan, bütün bunlar nəticə etibarı ilə Azərbaycanın iqtisadi inkişafının təmin edilməsinə, ölkə iqtisadiyyatının gücləndirilməsinə, insanlarımızın həyat səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirlərini göstərəcək, öz müsbət töhfələrini verəcək...“Azərbaycan” İES qəzası və ölkənin enerji sisteminə yeni baxış, yeni mərhələ…Azərbaycan dövləti və xalqı istər ötən əsrin əvvəllərində, istərsə də ikinci müstəqillliyi dönəmində bir çox ağır sınaqlardan və imtahanlardan keçməli oldu. Belə çətin sınaqlardan biri də 2018-ci ilin iyul ayının əvvəllərində yaşandı. Belə ki, iyul ayının 2-dən 3-nə keçən gecə ölkənin enerji sistemində, konkret olaraq, Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İES-də yarımstansiyaların birinin sıradan çıxması ilə ciddi böhran yaşandı. Hadisəni dərhal nəzarətinə götürən dövlət başçısı ölkənin enerji təminatında yaranmış böhranın aradan qaldırılması ilə bağlı mühüm tapşırıq və göstərişlərini verdi. Həmçinin, ölkənin enerji sistemində yaranmış vəziyyətlə bağlı dövlət başçısının yanında müşavirə keçirildi. Bir daha bu məsələdə məsulyyət daşıyan şəxslərin və qurumların fəaliyyətinə ciddi iradlar bildirildi, bir daha bu cür hadisələrin təkrarlanmaması üçün müvafiq göstəriş və tapşırıqlar verildi. Dövlət başçısının tapşırığı ilə məsələ qısa bir vaxtda araşdırıldı və enerji sisteminin reabilitasiya planının həyata keçirilməsinə başlanıldı. İlkin mərhələdə daxili imkanlar və dövlət büdcəsindən ayrılmış 140 milyon manat məbləğində maliyyə vəsaiti hesabına 230 meqavat güc bərpa edildi. Mövcud tədbirlər planına uyğun olaraq, 2018-ci ildə əsaslı yenidənqurmadan sonra Mingəçevir Su Elektrik Stansiyası, Lerik rayonunda elektrik stansiyası və “Yeni Yaşma” Külək Elektrik Parkı istismara verildi. Bununla yanaşı, ölkənin enerji sisteminin şəbəkə təsərrüfatının inkişafı ilə əlaqədar görülmüş işlər də təqdirəlayiqdir. Belə ki, bu dövrdə 110 kilovoltluq 11, 35 kilovoltluq 27 yarımstansiyada tikinti və yenidənqurma işləri aparıldı və sair. Sahənin ümumi inkişafının daha da sürətləndirilməsi məqsədilə hüquqi prosedurların sadələşdirilməsini və şəffaflığın təmin edilməsini nəzərdə tutan normativ hüquqi aktlar qəbul edilərək, qanunvericilik bazası təkmilləşdirildi. Eyni zamanda, bu il Bakıda böyük elektrik stansiyasının, o cümlədən, 400 meqavat gücündə olan “Şimal 2” stansiyasının açılışı gözlənilir ki, bunlar da ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində çox mühüm addımlardan olacaq.Heç zaman proqnozlaşdırılması mümkün olmayan təbiət hadisələri və ya Azərbaycan nümunəsi…Təbiət hadisələri, təbii fəalətlər dünyanın və insan həyatının necə deyərlər, ayrılmaz tərkib hissəsidir. Yəni, tarix boyu heç bir dövlət, heç bir xalq təbiət hadisələrindən, təbii fəlakətlərdən, sel, daşqın, qasırğa, zəlzələ kimi dağıdıcı hadisələrdən sığortalanmayıb. Azərbaycan dövləti və xalqı da bu məsələdə istisna təşkil etmir. Ona görə heç təsadüfi deyil ki, bu ilin fevral ayının ilk günlərində Azərbaycan xalqı və dövləti növbəti sınaqla, növbəti təbiət hadisəsi, zəlzələ təhlükəsi ilə üzləşdi. Fevralın 5-də və 6-da tarixən seysmik zona hesab edilən və bir sıra dəhşətli seysmik hadisələrə şahidlik edən Şamaxı, o cümlədən İsmayıllı və Ağsu rayonlarında yenidən güclü zəlzələ baş verdi və zəlzələ bir sıra fəsadlar törətdi. Odur ki, baş vermiş zəlzələ, onun nəticələrinin aradan qaldırılması birbaşa ölkə prezidenti tərəfindən nəzarətə götürüldü və zəlzələnin səhərisi günü, fevralın 7-də İlham Əliyev dərhal hadisə yerinə, zəlzələnin baş verdiyi Şamaxı rayonuna getdi, zəlzələdən ziyan çəkmiş insanlarla görüşdü, Fövqəladə hallar naziri ilə hadisə yerinə baxış keçirdi. Eyni zamanda, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi, müvafiq sərəncam imzaladı. Hər zaman vətəndaşının yanında olan dövlət başçısı imzaladığı sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün martın 6-da Ağsu rayonuna səfər etdi. Martın 7-də isə İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıya səfər etdilər. Səfər zamanı bir daha məlumat verildi ki, fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində İsmayıllı və Ağsu rayonları ilə yanaşı, Şamaxı rayonunda da fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ziyan dəyib. Odur ki, təbii fəlakətdən dərhal sonra İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən tədbirlər nəticəsində artıq zəlzələnin fəsadları aradan qaldırılır və bu məsələdə dövlət başçısının imzaladığı müvafiq sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, bu məqam Azərbaycan prezidenti ilə ölkə vətəndaşlarının birliyinin, Azərbaycan dövlətinin və dövlət başçısının hər zaman və daim öz vətəndaşının yanında olmasının göstəricisidir...“Diqlas” yanğını və ya hər zaman vətəndaşının yanında olan Azərbaycan dövləti, dövlət başçısı…Eyni zamanda, bu ilin mart ayının son günlərində, ayın 26-da Bakının Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzində baş vermiş dəhşətli yanğın cəmiyyətdə, insanlarda böyük narahatlıq və həyəcan yaratdı. Amma hadisənin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan dövlətinin və dövlət başçısının atdığı addımlar bir daha həm də dövlətin, həm ölkə rəhbərinin Azərbaycan vətəndaşının yanında olduğunu təkrar-təkrar gözlər önünə sərmiş oldu. Belə ki, yanğından zərər, ziyan çəkmiş insanların üzləşdikləri problemin həlli ilə bağlı dövlət başçısının yanında təcili müşavirə keçirilərək, həm zərərçəkmişlərə kompensasiyaların verilməsini dövlət öz üzərinə götürdü, həm də yanğının başvermə səbəblərinin araşdırılması ilə bağlı Dövlət Komissiyasının yaradılması qərara alındı və bu yöndə də dövlət başçısının müvafiq sərəncamları oldu. Onu da qeyd edək ki, “Diqlas”da baş vermiş yanğın həmçinin digər mühüm məsələni, ölkənin sığorta sistemində, sığorta bazarında bir sıra mühüm addımların atılmasının vacibliyini ortaya qoydu. Bu məsələ dövlət başçısının yanğınla bağlı keçirdiyi müşavirədə də geniş şəkildə dilə gətirildi. “Adətən, inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük”, - deyən dövlət başçısı bir daha Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəydiyini, ancaq heç bir evin sığortalanmadığını, bu istiqamətdə ciddi dönüşün yaradılmasının, sığorta məsələsinin vacibliyini dilə gətirdi.Hesab edirəm ki, bunlar da olduqca mühüm məqamlardır. Bu gün ölkədə sığorta məsələləri ilə bağlı qanunvericilik bazasının olmasına, bu yöndə mühüm qanunvericilik, normativ-hüquqi aktların qəbul edilməsinə baxmayaraq, sığorta məsələsində ciddi boşluqlar var. Bu məsələ çox təəssüflər olsun ki, hələ də Azərbaycan cəmiyyətində kiyafət qədər oturuşmayıb, sığorta bazarı, sığorta sistemi istənilən və arzuolunan səviyyədə inkişaf etməyib. Odur ki, son hadisələr də bir daha göstərdi ki, artıq sığorta sisteminin, sığorta bazarının daha güclü şəkildə işləməsinə və meydana çıxmasına ehtiyac var. Belə demək mümkünsə, ölkənin sığorta sisteminin təkmilləşdirilməsi ən mühüm məsələlərdən biridir. İstər dövlət, istərsə də özəl sığorta şirkətləri bu istiqamətdə fəaliyyətlərini gücləndirməli və dövrün reallıqlarına, tələblərinə uyğun olaraq, öz işlərini yenidən qurmalıdırlar. Hətta, deyərdim ki, dünyanın bir çox inkişaf etmiş Avropa ölkələrində, o cümlədən Fransada olduğu kimi, bu məsələdə dövlət sığorta şirkəti daha çox öndə olmalı, bu funksiyanı öz üzərinə götürməlidir. Eyni zamanda, buna paralel şəkildə özəl sığorta şirkətləri bu məsələdə öz üzərlərinə düşən vəzifələri uğurla və layiqincə yerinə yetirməlidirlər. Belə olarsa, nə dövlətin üzərinə əlavə yük düşmüş olar, nə də vətəndaşlar, iş adamları, sahibkarlar əziyyət çəkərlər. Eyni zamanda, bu məsələdə vətəndaşlar, iş adamları, sahibkarlar özləri də maraqlı olmalıdırlar. Onlar da bu məsələdə yaxalarını kənara çəkməməli, sığorta qurumları ilə qarşılıqlı şəkildə işlərini qurmalı özlərini, əmlaklarını, mülklərini, obyektlərini sığortalamalıdırlar...Hər zaman diqqət mərkəzində olan məşğulluq məsələsi…Ötən illər, xüsusilə də son bir il ərzində ən önəmli məqamlardan biri də məşğulluq və özünüməşğulluq məsələlərinin həllinə diqqətin artırılmasıdır. Yəni, xüsusilə də, özünüməşğulluq proqramının reallaşdırılması istiqamətində çox mühüm və önəmli addımlar atılmaqdadır. Bu məsələ də Azərbaycan dövlətinin və dövlət başçısının əsas diqqət mərkəzində olan məsələlərdəndir. Belə ki, özünüməşğulluq proqramının əhatə dairəsinin 2018-ci il ərzində 6,5 dəfə genişləndirilməsi 5 mindən çox ailənin və ya 25 min nəfərə yaxın insanın maddi vəziyyətinin yüksəldilməsinə imkan verdi. Eyni zamanda, cari ildə ən azı yeddi min ailənin bu proqramdan faydalanacağı, özünü təmin edəcəyi nəzərdə tutulur. Dövlət başçısı son çıxışlarından birində bu məsələyə də toxunaraq, özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası olduğunu və olacağını bildirdi. Bir daha qeyd etmək gərəkir ki, bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin addımları göz önündədir. Bu baxımdan, hesab edirəm ki, bu məsələ adıçəkilən nazirliyin yaxından köməyi sayəsində növbəti mərhələdə də öz səmərəli nəticəsini verəcək və insanlarımızın məşğulluq, özünüməşğulluq probleminin həllində müsbət sonuclara gətirib çıxaracaq. Şəhid ailələri, qaçqın və məcburi köçkünlər, pensiyalar, əməkhaqları, təqaüdlər...Son 26 il, xüsusilə 2018-ci il və ilk dörd ayını yaşadğımız 2019-cu il ölkədə həyata keçirilən dövlət siyasətinin əsas ana xəttində, mərkəzində şəhidlərimizin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlilləri və veteranlarının, qaçqın və məcburi köçkünlərimizin dayandığını göstərməkdədir. İstər Azərbaycan dövləti və hökuməti, istərsə də ölkə prezidenti və birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman bu kateqoriyadan olan insanlara xüsusi münasibət sərgiləyib, yüksək diqqət və qayğı ilə yanaşıblar. Elə bunun nəticəsidir ki, bu ilin yanvar ayının 28-də Azərbaycan prezidentinin və birinci xanımın şəhid ailələri geniş görüşü keçirildi və bu görüşün nəticəsi olaraq, şəhid ailələrinin bir qrupuna ödənilməli olan birdəfəlik müavinətlərlə bağlı yaranmış problemə son qoyuldu, dövlət başşısı tərəfindən bu məsələnin həlli üçün vəsait ayrıldı. Bir məqamı da xüsusilə qeyd etmək vacibdir ki, hələ 2018-ci ilin aprel ayında seçkilərdən dərhal sonra ölkə prezidenti “Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” fərman imzaladı. Sənəddə bu qəbildən olan insanların vərəsələrinə on bir min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutuldu. Prezidentin müvafiq fərmanına əsasən, 11 min manat birdəfəlik ödənişin verilməsinə başlanıldı və 2018-ci ilin sonuna 34 milyon manat vəsait ödənildi…Həmçinin, ötən dövr ərzində qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində mühüm addımlar atıldı. Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə şəhid ailələri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün məbləği 242 manatdan 300 manata, Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən müavinət 220 manatdan 300 manata qaldırıldı. Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüldü. Həmin il şəhid ailələri və Qarabağ müharibəsi əlilləri 626 mənzillə təmin edildi. Bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin olundu. Bu il isə onlara 800-ə yaxın mənzilin verilməsi nəzərdə tutulur. Bununla yanaşı, il ərzində 265 nəfər imtiyazlı şəxs pulsuz minik avtomobili ilə təmin olundu. Bu günə qədər bütövlükdə 6200 avtomobil verilib. Həmçinin, Qarabağ müharibəsi əlillərinə bu il ən azı 600 minik avtomobilinin verilməsi nəzərdə tutulur. Bu barədə ölkə prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında da vuğulandı.Onu da bildirmək istərdik ki, bu həcmdə belə bir təcrübə ancaq Azərbaycanda mövcuddur və bu istiqamətdə də işlər ardıcıl şəkildə görülür. Bütün bunlar bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz ağır, çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik və edirik. Qeyd edilən rəqəmlər də bunun əyani sübutudur…Qeyd etmək istərdik ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərlə son görüşlərindən birində söylədiyi fikirlər, Azərbaycan dövləti və dövlət başçısının hər zaman qaçqın və məcburi köçkünlər məsələsini diqqətdə saxlaması ilə bağlı dilə gətirdiyi məqamlar bir daha yuxarıda deyilənlərin əyani təsdiqidir.Mehriban xanım “Həm Azərbaycan dövləti, həm prezident, həm də şəxsən mən, bütün bu problemlərlə gündəlik fəaliyyətimizdə məşğul oluruq. Çıxış yolları da var. Bu günə qədər çox işlər görülüb, 300 mindən çox qaçqınımız, məcburi köçkünümüz mənzillə, evlə təmin olunub. Amma yenə də bu problem var. Biz gərək özümüz üçün proqram yaradaq ki, bütün bu məsələləri ardıcıl olaraq həll edək və bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə təmin edək. Mən bu yolda əlimdən gələn hər şeyi etməyə hazıram. Çox qısa bir zamanda normal ev şəraiti ilə təmin olunacaqsınız…”, - deyərək qaçqınlar və məcburi köçkünlər məsələsinin, onların problemlərinin həllinin bir nömrəli məsələlər sırasında dayandığını bir daha əyani şəkildə ortaya qoymuş oldu. Eyni zamanda, ötən bir il, o cümlədən bu ilin ilk ayları ərzində Azərbaycan vətəndaşlarının, pensiyaçıların, tələbələrin, magistr və doktorantların təqaüdlərinin artırılması yönündə önəmli addımlar atıldı. Ümumiyyətlə, yuxarıda qeyd edildiyi kimi, ölkə Przidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin mahiyyətində əhalinin aztəminatlı təbəqəsinin rifahının davamlı olaraq yüksəldilməsinin dayandığı hamıya məlumdur. Bu baxımdan, bu məsələyə ötən bir il ərzində də xüsusi önəm verildi. Belə ki, ötən ilin dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosialyönümlü xərclərin payına düşdü ki, bu da 2017-ci illə müqayisədə 7,6 faiz çox idi. Yəni, əmək pensiyalarının artırılması 1,2 milyon pensiyaçını və ya onların 94 faizini əhatə etdi. Pensiyaların orta aylıq məbləği ötən illə müqayisədə 6,2 faiz, yaşa görə pensiyanın orta aylıq məbləği isə 6,7 faiz artdı. Bununla yanaşı, bu ilin əvvəllərində, fevral və mart aylarında ölkə prezidentinin imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqı 50 manat atırılaraq, 130 manatdan 180 manata, pensiyaların minimum həddi isə 44 manat artırılaraq, 116 manatdan 160 manata qaldırıldı. Bununla yanaşı, təxminən 100 minə yaxın tələbənin təqaüdü əhəmiyyətli dərəcədə yüksəldi. Ancaq görünən budur ki, Azərbaycan dövləti, ilk növbədə dövlət başçısı atılan addımlara rəğmən, bu istiqamətdə görülən işlərin, həyata keçirilən artımların hələ də yetərli, qaneedici olmadığı qənaətindədir. Dövlət başçısı son çıxışınlarından birində yenidən bu məsələyə toxunaraq bir daha bildirdi ki, minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması daimi proses olmalıdır.Çoxmənzilli binalarla bağlı problemin həlli yönündə atılan vacib addımlar əhalinin mənzil şəraitinin yaxşılaşması siyasətinin mühüm istiqamətidir. Bu istiqamətdə görülən işlər ildən-ilə genişlənir. Bu yerdə qeyd etmək yerinə düşər ki, Azərbaycanda, xüsusilə də Bakı şəhərində tikilən, vətəndaşların istifadəsinə verilən çoxmənzilli yaşayış binaları ilə bağlı yaranan problemlər neçə illər idi ki, hər bir kəsi ciddi narahat edirdi. Çünki bu mənzillərin böyük əksəriyyəti sənədləşdirilmir, bir çox hallarda haqqını tələb edən mənzil sahibləri get-gələ salınır, incidilir, bürokratik süründürməliklər hökm sürür, həmçinin işıq, qaz və sair problemlər yaşanırdı. Odur ki, dövlət başçısı bu problemin həlli məqsədilə bu ilin fevral ayında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” çox mühüm fərman imzaladı. Heç şübhəsiz ki, bu fərman həmin sahədə illərdir həllini gözləyən problemə son qoyacaq, artıq sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Mənzil sahibləri bundan sonra heç vaxt belə problemlərlə qarşılaşmayacaqlar. Ümumilikdə, bu fərman 400-dək yaşayış kompleksinə şamil olunur, 50 minədək mənzili əhatə edir.Onu da qeyd etmək istərdik ki, artıq sözügedən fərmanın icrası istiqamətində də addımlar atılmaqdadır. Aidiyyatı qurumlar bu məsələnin həlli yönündə məlum fəramandan irəli gələn müddəaların icarasına başlamışlar və bu baxımdan inanmaq istərdik ki, nəhayət, bu məsələ ilə də bağlı ortada olan problemlərin aradan qaldırılması, insanlarımızın öz mənzillərinə sahiblənməsi, orada tam rahat şəkildə həyatlarını, yaşayışlarını davam etdirməsi mümkün olacaq…Bu məsələ ölkə prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında da dilə gətirildi. Dövlət başçısı çıxışında “Çoxmənzilli binalarda yaşayan vətəndaşlar əziyyət çəkirdilər, çünki o binalarla bağlı sənədləşmə işləri aparılmamışdır, müəyyən çatışmazlıqlar var idi. Ona görə bu məsələ ilə bağlı da Fərman imzalandı və indi komissiya işləyir. Artıq evlərin, mənzillərin sənədləşməsi prosesi başlamışdır”, -deyərək bu yöndə işlərin daha da sürətlə getməsi və qüsurların tezliklə aradan qaldırılması üçün növbəti dəfə göstəriş verdiyini bildirdi.Bununla yanaşı, son illər cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biri də sosial evlərin tikilməsi məsələsidir. Çünki hələ də bəzi kateqoriyadan olan insanlarımız, vətəndaşlarımız özlərinin mənzil, yaşayış təminatlarını həyata keçirməkdə çətinlik çəkirlər. Hələ də mənzillərə ehtiyacı, tələbatı olan insanlarımız az deyil. Odur ki, Azərbaycan dövləti, ölkə prezidenti bu məsələdə də öz vətəndaşının yanında olduğunu nümayiş etdirməklə, Bakı şəhərinin bəzi ərazilərində, o cümlədən, Yasamal rayonunda mənzilə ehtiyacı olan və kifayət qədər sərfəli şərtləri, əlçatanlığı özündə ehtiva edən sosial evlərin, yaşayış binlarının tikintisinə qərar verdi. Artıq bu istiqamətdə görülən işlər göz qabağındadır.Eyni zamanda, ötən ilin sonlarında, dekabr ayının 26-da ölkə prezidenti və birinci vitse-prezident Yasamal rayonunda inşa edilən yaşayış kompleksinə baş çəkərək, bir daha həm dövlətin, həm özlərinin bu məsələyə nə dərəcədə mühüm önəm verdiklərini ortaya qoymuş oldular. Ölkə prezidenti və birinci xanım həmin gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal yaşayış kompleksinin açılışında iştirak etdilər. Açılış zamanı görülən işlər barədə məlumat verilərək, qeyd edildi ki, yaşayış kompleksinin ümumi sahəsi 11,6 hektardır. 2016-cı ilin dekabrında kompleksin ilk doqquzmərtəbəli yaşayış binasının və ərazidə yerləşən ümumtəhsil məktəbinin binasının təməli qoyulub. Ərazidə planlaşdırma sənədi üzrə 29 yaşayış binası inşa olunub. Kompleksin baş planı üzrə 5 binada bu ilin sentyabrında “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 324 mənzil satışa çıxarılıb. Daha sonra ölkə prezidentinin və birinci xanımın iştirakı ilə yeni yaşayış kompleksinin ümumi sahəsi 15,4 hektar olacaq növbəti mərhələsinin təməlqoyma mərasimi keçirildi. Binalar üzrə mənzillərin ümumi sayı 2200-dən çoxdur. Bu mənzillər də tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək...Həmçinin, Hövsan qəsəbəsində bu yöndə ikinci layihə icra edilir. Hazırda orada 3 minə yaxın mənzil inşa olunur. Ona görə bir daha qeyd etmək istərdik ki, ölkə prezidentinin təşəbbüsü ilə yaradılan MİDA məhz sosial məna daşıyan bir layihədir. Sosial evlərin tikintisi minlərlə ailənin mənzillə təmin edilməsi üçün şərait yaradır. Bu, minlərlə iş yeri yaradır və eyni zamanda, inşaat sektoruna böyük təkan verir. Yəni, təkcə bir yaşayış kompleksində 3 minə yaxın mənzilin tikintisi, görün, nə qədər insanı bu işlərə cəlb edir, nə qədər sahibkarı işlə təmin edir…Tarixdə analoqu olmayan fərman və ya problemli kreditlər məsələsinə son qoyuldu...Son bir ildən danışarkən, problemli kreditlərin həlli istiqamətində atılan tarixi addımı, ölkə prezidentinin məlum fərmanını qeyd etməmək, xatırlatmamaq mümkün deyil. Belə ki, 2015-ci ilin fevral və dekabr devalvasiyalarından sonra ölkənin bank sektorunda ciddi problemlər yaşanmağa başlandı. Xüsusilə, banklardan kredit götürmüş vətəndaşlarla, yüz minlərlə insanlarla banklar arasında ciddi narazılıqlar, problemlər üzə çıxmış, özünü göstərmişdi. Vətəndaşların, bank müştərilərinin böyük əksəriyyəti, xüsusilə dollarla verilən kreditlərin ödənilməsində ciddi sıxıntılarla üz-üzə qaldılar. Dəfələrlə bu problemin, bu məsələnin ən müxtəlif səviyyələrdə müzakirə edilməsinə, çıxış yollarının aranmasına, bir sıra təkliflərin verilməsinə baxmayaraq, problemin həlli yönündə banklarla vətəndaşlar arasında qarşılıqlı anlaşma mümkün olmurdu. Xüsusilə də, bank sektoru bu məsələnin həlli istiqamətində dövlətin dəstəyinə, sağlamlaşdırma siyasətinə rəğmən irəliyə doğru heç bir addım atmırdı. Nəticədə də vətəndaşlar get-gələ salınır, incidilir, yüz minlərlə insan məhkəmə qapılarında qalır, məhkəmə çəkişmələrində vaxt, zaman itirməli olurdu. Hələ məhkəmə yolu ilə evləri, mülkləri əllərindən alınan insanları demirəm. Təbii ki, Azərbaycan dövləti, xüsusilə də dövlət başçısı və birinci xanım bu məsələyə çox həssaslıqla yanaşdılar. Dövlət başçısının və birinci xanımın tapşırığı və təşəbbüsü ilə ötən ilin payızından müvafiq qurumlar bu məsələnin müzakirələrinə başlayaraq, konkret addımların atılmasına doğru hərəkətə keçdilər. Bu yöndə ilk sevindirici xəbər isə fevral ayının 25-də ölkə prezidentinin sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə verildi. Dövlət başçısı çox yaxın günlərdə problemli kreditlər məsələsində konkret addımların atılacağını bildirdi və cəmi 3 gün sonar - fevral ayının 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” tarixi fərman imzaladı. Bu fərman ölkədə sosialyönümlülük və humanizm prinsiplərinin əsas götürülərək, əhalinin sosial maraqlarının müdafiəsinə və rifah halının yaxşılaşmasına yüksək diqqət yetirildiyini bir daha göstərdi. Eyni zamanda, ölkə prezidentinin yaradıcı şəxslərlə görüşdə vurğuladığı kimi, problemli kreditlərlə bağlı fərman dünyada analoqu olmayan fərman kimi tarixə düşdü. Fevralın 28-də imzalanan prezident fərmanı ilə, nəhayət, yüz minlərlə insanı, yüz minlərlə ailəni, bütövlükdə 800 mindən artıq vətəndaşı əhatə edən problemə son qoyuldu. Bu fərmanla, həmçinin 311 mindən artıq məhkəmə işi geri çəkilmiş oldu. Artıq fərmandan irəli gələrək, bu istiqamətdə konkret addımların atılmasına da başlanılıb. Konkret olaraq, kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir və artıq 22 aprel 2019-cu il tarixindən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayıblar ki, bununla da bütün ödənişlərin fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.Hesab edirəm ki, bu addımlardan sonra Azərbaycanın bank sektoru da öz fəaliyyətinə bir daha nəzər yetirməli, xüsusilə kredit faizləri məsələsində ciddi dəyişikliklər etməli, azaltmalar nəzərdə tutmalıdır. Çünki indiki faiz dərəcələri həddindən artıq yüksəkdir və onun aşağıya endirilməsi lazımdır. Eyni zamanda, hər zaman dediyim kimi, bank sektoru real iqtisadiyyata vəsait qoymalı, bu prosesdə daha yaxından və daha aktiv şəkildə iştirak etməlidir, istehlak kreditlərinə həddindən artıq üstünlük verməməlidirlər. Kölgə iqtisadiyyatı, vergi sistemində inqilabi addımlar...Ötən bir ildən danışarkən, heç şübhəsiz ki, çox cəsarətli və qətiyyətli addımlardan biri kimi, ölkənin vergi sistemində, gömrük orqanlarında həyata keçirilən, islahatları, o cümlədən kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində görülən işləri qeyd etmək gərəkir. Çünki uzun illər bu sahələrdə mövcud olan problemlər özünü nümayiş etdirməkdə, cəmiyyətdə xeyli suallar doğurmaqda idi. Təbii ki, Azərbaycan dövləti və ölkə prezidenti də biganə qala bilməzdi. Həmçinin, kölgə iqtisadiyyatının mövcudluğu dövlət, cəmiyyət üçün ciddi sıxıntılar yaşadır. Ötən ilin oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı vergi orqanlarında ciddi struktur islahatları aparıldığını qeyd edərək, burada əsas vəzifənin kölgə iqtisadiyyatının aradan qaldırılması olduğunu vurğuladı.Dövlət başçısı “Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır. Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər”, - deyərək heç kimə heç bir güzəşt edilmədiyini və edilməyəcəyni bəyan etdi. Dövlət başçısı, eyni zamanda, bəzi sahibkarların bır sıra dövlət məmurlarına arxalandığını, ancaq o dövrün artıq keçdiyini diqqətə çəkdi.O, çıxışında “Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq”, - deyə fikirlərini tamamladı.Odur ki, bu sahədə kadr və srtuktur islahatlarına start verilməklə, qısa zaman kəsiyində mühüm adımların atılmasına, müsbət nəticələrin əldə edilməsinə nail olundu. Xüsusilə, vergi sistemində əsl şəffaflıq təmin edildi. Qeyd edək ki, vergi sistemində əldə edilən uğurlar bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da önə çəkildi. Bildirildi ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Həmçinin, qeyd edildi ki, aparılan islahatlar, görülən tədbirlər nəticəsində kölgə iqtisadiyyatına böyük zərbə vurulub və bu istiqamərdə işlər bundan sonra da davam etdirilməlidir. Ümumiyyətlə, vergi sahəsində islahatlar nəticəsində bu ilin üç ayında büdcə daxilolmaları böyük dərəcədə artıb, vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıblar. Bunlar hamısı bir daha şəffaflıq hesabına, aparılmış siyasət nəticəsində mümkün olub…2019-cu ilin geridə qalan aylarına gəlincə, Nazirlər Kabinetinin məlum iclasında da qeyd edildiyi kimi, ilin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər potensialımızı gücləndirib və əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradıb. Belə ki, birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsi vergi sahəsində, 50 milyon manatdan çox hissəsi isə gömrük sahəsində əldə edilib. Burada sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergi toplaya biliblər. Bu da məhz islahatların bariz nümunəsidir. Artıq sahibkarlar da bilirlər ki, onlar dövlətin vergisini tam ödəməlidirlər. Yəni, şəffaflıq və yeni yanaşma nəticəsində ilin birinci rübündə böyük məbləğdə əlavə vəsait əldə edilib və bu, imkan yaradıb ki, bu vəsaitlər ilk növbədə sosial sahəyə yönəlsin, necə ki, yönəldilib…Struktur islahatlarının yeni mərhələsi…Son bir ildən bəhs edərkən, aparılan struktur islahatlarından da danışmamaq mümkün deyil. Dövlət idarəetməsinin səmərəliliyini, effektivliyini artırmaq üçün struktur islahatları, struktur dəyişiklikləri önəmli məsələlərdəndir. Odur ki, xüsusilə son bir ildə bu istiqamətdə çox önəmli addımlar atılmaqda və onların ilkin müsbət nəticləri də özünü göstərməkdədir. Belə ki, ölkə prezidentinin imzaladığı müvafiq fərman və sərəncamlarla ötən bir il ərzində bir sıra dövlət qurumu ləğv edildi, bir neçə qurum bir sıra nazirliklərin, o cümlədən İqtisadiyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibinə birləşdirildi Ölkə prezidenti 9 avqust tarixində əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı. Fərmana əsasən, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs dünyada analoqu olmayan “ASAN Xidmət”in “ABAD”-dan sonra yeni bir tərəfdaşı və müttəfiqi (DOST Agentliyi) yaradıldı.Artıq bu qurumun da işləkliyini təmin etmək, fəaliyyətini genişləndirmək və sürətləndirmək üçün müvafiq addımlar atılmaqda, “DOST” mərkəzləri açılmaqdadır. Bunlar isə nəticədə vətəndaş məmnunluğunu təmin etmək üçündür. Vətəndaş məmnunluğundan danışarkən, onu da mütləq qeyd etmək istərdik ki, bu il bölgələrdə daha beş “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur və beləliklə, onların sayı 20-yə çatacaq. Həmçinin, Nazirlər Kabinetinin iclasında vurğulandığı kimi, Bakı şəhərində də yeni mərkəzlərin tikintisinə ehtiyac var. Çünki “ASAN xidmət”in funksiyalarının həcmi və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. “ASAN xidmət” məhz ona görə yaradılıb ki, rahatlıq və şəffaflıq olsun, növbədə gözləmə və heç bir pozuntu olmasın. Əslində, buna da nail olunub, “ASAN xidmət”in bəyənmə əmsalı 100 faizə yaxındır. Ancaq onu da nəzərə alsaq ki, funksiya genişlənir və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Ona görə paytaxtda da yeni mərkəzlərin açılmasına ehtiyac duyulur və verilən məlumatlara görə, artıq Bakı şəhərində əlavə iki “ASAN xidmət” mərkəzinin yaradılması gözlənilir…Eyni zamanda, ölkə prezidenti tərəfindən Sosial Tədqiqatlar Mərkəzinin, o cümlədən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və icbari tibbi sığorta ilə bağlı məsələləri tənzimləmək üçün “TƏBİB”-in yaradılması istiqamətində müvafiq fərmanlar imzalandı. Bu qurumların da yaxın zamanlarda tam gücü ilə fəaliyyətə başlayacağı və müstəqil Azərbaycanın inkişafına müsbət töhfələr verəcəyi gözlənilir…Həmçinin, ölkə prezidenti tərəfindən Sosial Tədqiqatlar Mərkəzi, o cümlədən, Beynəlxal Münasibətlərin Təhlili Mərkəzinin yaradılması ilə bağlı müvafiq fərmanlar imzalandı. Bu qurumların da yaxın zamanlarda tam gücü ilə fəaliyyətə başlayacağı və müstəqil Azərbaycanın inkişafına müsbət töhfələr verəcəyi gözlənilir…1,7 milyonluq artım və ya 10 milyonuncu Azərbaycan vətəndaşı...Onu da fəxr və qürur hissi ilə vurğulamaq gərəkir ki, ötən 15-16 il ərzində ölkə əhalinin sayı 1,7 milyon artıb. Dünyanın bir çox ölkələrində, o cümlədən qabaqcıl və inkişaf etmiş bir sıra Avropa ölkələrində əhali artımı, demoqrafik inkişaf sahəsində ciddi geriləmələr və bununla əlaqədar ciddi narahatlıqlar yaşandığı halda, Azərbaycanda bu istiqamətdə də artım, müsbət irəliləyiş baş verdi və verməkdədir. Düzdür, əhali artımı, demoqrafik inkişaf özü ilə bərabər bir sıra məsələlərin həllini vacib etsə də, ancaq bu fakt, bu məqam həm də xalqımızın, dövlətimizin gələcək milli-demoqrafik təhlükəsizliyinə təminat verir. Əhali artımı əlverişli demoqrafik şərait, həm də milli-siyasi təhlükəsizlik deməkdir. Heç təsadüfi deyil ki, bu il yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda dövlət başçısı özü də bu məqama xüsusi diqqət ayıraraq, qeyd etdi ki, bu, çox gözəl göstəricidir. Dövlət başçısı fikirlərini davam etdirərək “Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər...”, - deyə sözlərinə əlavə etdi.Çox sevindirici və hər birimizi qürurlandıran bir məqam - bir neçə gün öncə, aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğuldu. Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində Azərbaycanın 10 milyonuncu vətəndaşı, ölkənin birinci xanımının adı verilmiş balaca Mehriban Rauf qızı Həsənova dünyaya gəldi. Bununla əlaqədar elə həmin gün ölkə prezidenti və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdilər. Yəni, bütün bunlar onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa iqtisadi, sosial vəziyyətlə bağlıdır. Bütün bunlar həm də onun göstərir ki, əhali artımı, demoqrafik inkişaf məsələsi də Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri və ən başlıcalarındandır. Zəfərlərdən növbəti zəfərlərə...Beləliklə, müstəqil Azərbaycanımız, dövlətimiz, xalqımız ölkə prezidentinin son bir illik fəaliyyəti ilə tarixi bir mərhəlini, 11 aprel seçkilərindən sonrakı bir ili geridə qoydu. Ötən bir ildə Azərbaycanın bütün sahələrində dinamik inkişaf təmin edildi, ictimai-siyasi sabitlik qorunub, saxlanıldı. Azərbaycan regionun, yerləşdiyi coğrafiyanın sabitlik və təhlükəsizlik adası kimi, özünü bütün hərbi, siyasi, iqtisadi qlobal kataklizmlərdən qorudu, beynəlxalq mövqelərini gücləndirdi. Ölkənin dövlət büdcəsi ötən ilin yayında aparılan dürüstləşdirmə nəticəsində iki milyard manat, eyni zamanda, bu il əhəmiyyətli dərəcədə artırılaraq, 25 milyardı ötdü. Bununla yanaşı, 2006-cı ildə Dünya Bankının “Doing Business” hesabatında 98-ci yerdə qərarlaşan ölkəmiz aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda 25-ci yerdə qərarlaşdı. Həmçinin, Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə dünyanın məşhur rəy-sorğu şirkətlərindən olan “Opinion Way” şirkətinin apardığı və bugünlərdə açıqladığı sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını ölkə prezidentin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Yəni, sorğunun nəticələrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib. Bütün bunlar isə ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillər olub. Hesab edirəm ki, bu soğru və onun nəticələri ölkədə həyata keçirilən daxili və xarici siyasətin necə böyük miqyası əhatə etdiyini bir daha açıq şəkidə ortaya qoyurEyni zamanda, ötən bir il - bütövlükdə son 26 il Azərbaycan xalqının seçiminin nə qədər doğru, düzgün olduğunu və onun öz seçimində yanılmadığının əyani təsdiqi oldu. Bir insan, bir Azərbaycan vətəndaşı, bir ziyalı olaraq, qürur hissi keçirirəm və taleyimdən də çox razıyam ki, hər zaman olduğu kimi, müstəqillik illərində, o cümlədən son 26 ildə də dövlətimlə, dövlətçiliyimizlə bir olmuşam, dövlətimə, dövlətçiliyimizə xidmət etmişəm. İstər 1993-cü ilin məlum hadisələri və prezident seçkiləri zamanı, istərsə də 2003-cü ilin Azərbaycan xalqı və dövlətçiliyi üçün çox mühüm anlar təşkil edən prezident seçkiləri zamanı öz qələmimlə, öz yazılarımla ulu öndərimizə, cənab prezident İlham Əliyevə öz münasibətimi, açıq mövqeyi ifadə etmişəm. Ona görə tam qətiyyətlə və tam əsasla, mənəvi haqla deyə bilərəm ki, bu bir il və ümumiyyətlə, 1993-cü ilin iyun ayından, o cümlədən 2003-cü ilin oktyabrından başlanan, vüsət alan bu yol, bu mərhələ xalqımızın, müstəqil dövlətimizin tarixində qalacaq, xatırlanacaq, elmi-tədqiqat əsərlərinin mövzusu olacaq, daim işıqlandırılacaq və yaddaşlara, tarixə qızıl hərflərlə həkk olunacaq bir yol, bir mərhələ, bir dönəmdir. 1993-94-cü illərdən başlanan, yol alan sabitlik, inkişaf, tərəqqi yolu, islahatlar prosesi 2003-cü ildən daha da sürətləndirilərək, son bir ildə, o cümlədən artıq ilk 4 ayını başa vurduğumuz 2019-cu ildə özünün ən yüksək səviyyəsinə qalxdı. Ötən 26 il ərzində, eləcə də, son bir il ərzində görülən işlər, əldə edilən nailiyyətlər, qələbələr, zəfərlər nəticə etibarı ilə ölkəmizin, müstəqil Azərbaycanımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti hədəflərə çatmasında, yeni zəfərlər əldə etməsində baza rolunu oynayacaq.Bu baxımdan, İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bildirildiyi kimi, həyata keçirilən işlərin davamlı, nəzərdə tutulan addımların daha uğurlu olması, növbəti hədəflərə daha tez çatılması üçün islahatların davam etdirilməsi lazımdır. Daha ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq. Cənab prezidentin qeyd etdiyi kimi, “Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və inkişafı dayanıqlı və uzunmüddətli edək…”Odur ki, İlham Əliyevlə növbəti hədəflərə və zəfərlərə doğru, müstəqil Azərbaycan. Bu gün Azərbaycanın, Azərbaycan dövlətinin, Azərbaycan xalqının taleyi çox möhkəm və etibarlı əllərdədir. Bu etibarlı əllər isə dövlət başçısının, yenidən prezidentliyinin 100 gününə həsr etdiyim yazımda da qeyd etdiyim kimi, bundan sonra da Azərbaycanı, Azərbaycan xalqını və Azərbaycan dövlətini zəfərlərdən zəfərlərə, qələbələrdən qələbələrə, uğurlardan uğurlara doğru aparacaq!
Ziyad SƏMƏDZADƏ, akademik, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri |