Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında
əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir
Müsahibimiz Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadədir. “Bir kəmər, bir yol”a gedən yol... - Bildiyiniz kimi, bugünlərdə Çinin paytaxtı Pekində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak və geniş çıxış etdiyi 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu keçirildi. Dəfələrlə Çində səfərdə olmuş, bu ölkənin iqtisadiyyatı, ictimai-siyasi həyatı ilə yaxından maraqlanmış, tanış olmuş, bu istiqamətdə bir sıra elmi məqalələr yazmış, ən əsası Azərbaycan-Çin münasibətlərinə böyük töhfə sayılacaq “Dünya iqtisadiyyatı: Çin iqtisadi möcüzəsi”, “Çin qlobal dünya iqtisadiyyatında” - Azərbaycan və rus dillərində kitablarının müəllifi kimi, Forum haqqında, ümumiyyətlə, “Bir kəmər, bir yol” təşəbbüsü və layihəsi barədə nə deyərdiniz? - Əvvəla, onu deyim ki, dünyada son illər sürətli qloballaşma prosesi gedir. Eyni zamanda, qlobal kataklizmlər, siyasi, iqtisadi böhranlar, hərbi qarşıdurmalar, sivilizasiyalararası toqquşmalar, dağıdıcı vətəndaş müharibələri, güclü və qarşısıalınmaz miqrant problemi və s. yaşanır. Artıq müstəqilliyinin 28-ci ilini yaşayan müstəqil Azərbaycan dövləti də demokratik, dünyəvi, unitar bir ölkə kimi dünyanın bir parçası, tərkib hissəsidir. Ölkəmiz də dünyada gedən proseslərdən kənarda qalmayıb, əksinə, bu proseslərdə, xüsusilə, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktyorlardan birinə çevrilib. Müstəqil Azərbaycan dövlətinin xarici siyasət prioritetləri arasında dünyanın ən böyük 3 supergücündən biri olan, əhalisinin sayına görə dünyada birinci, ərazisinin sahəsinə görə də yenə ilk yerlərdən birini tutan Çin Xalq Respublikası ilə əməkdaşlıq, strateji tərəfdaşlıq xətti dayanır. Heç təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə ilk səfər etdiyi ölkələrdən biri məhz Çin Xalq Respublikası oldu. Çünki həmin dövrdə Azərbaycan müstəqilliyinin ilk və ağır illərini yaşayırdı, Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə olunmamışdı, qanlı savaş davam edirdi, iqtisadiyyatımız dağıdılmış vəziyyətdə idi, “Əsrin müqaviləsi” hələ imzalanmamışdı. Dünya erməni yalanları və fitnəkarlıqları ilə uyumaqda idi, Azərbaycanın haqq səsi eşidilmirdi. Odur ki, Çin kimi dövlətlə yüksək münasibətlər qurmaq, əlaqələri inkişaf etdirmək, həmçinin Qarabağ, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində dəstək almaq çox vacib və önəmli idi. Ağır, çətin missiya olsa da, Azərbaycan dövləti ulu öndərin böyük siyasi iradəsi və qətiyyəti sayəsində buna nail ola bildi. Bu gün bütün beynəlxalq qurumlarda bu iki dövlət bir-birinə güclü şəkildə dəstək verməkdədirlər. Ölkələrimiz arasında bir çox sahələrdə güclü əlaqələr mövcud olmaqda, müsbət nəticələrini verməkdədir. Hər iki lider Azərbaycan-Çin, Çin-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik münasibətlərinə çevrilməsi istiqamətində mühüm addımlar atmaqdadırlar. Bu baxımdan, Çinin 2013-cü ildən təşəbbükarı olduğu və Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanın dəstəklədiyi bu təşəbbüs təkcə nəqliyyat layihəsi deyil, həm də sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən layihədir... - Ziyad müəllim, istərdik ki, qısaca da olsa, bu layihənin mahiyyəti barədə həm bizi, həm də oxucuları məlumatlandırasınız... - Bildiyiniz kimi, ötən əsrin 60-70-ci illərinə kimi Çin dünyanın əhalicə və ərazicə böyük dövlətlərindən sayılsa da, inkişaf səviyyəsinə görə çox geridə qalırdı. Böyük potensialına, təbii və insan resurslarına baxmayaraq, Çin digər supergüclərlə müqayisədə çox zəif görünürdü. Ancaq bildiyiniz kimi, ötən əsrin 70-ci illərinin sonlarından Çində həyata keçirilən dərin iqtisadi islahatlar nəticəsində, xüsusilə, sosializm quruluşunun qorunub, saxlanılması şərti ilə açıq bazar iqtisadiyyatına keçilməklə, Çin dünyanın ən inkişaf etmiş ölkələrindən, iqtisadi və siyasi nəhənglərindən birinə çevrilə bildi. Dünyada Çin iqtisadi möcüzəsi, Çin iqtisadi modeli deyilən bir anlayış, bir model meydana gəldi və artıq 40 ilə yaxındır ki, bu model həm Çinin dünyadakı lider mövqeyinin təmin edilməsinə, onun qorunub, saxlanılmasına xidmət edir, həm də iqtisadiyyatları xeyli geridə qalmış bir çox Asiya və Avropa ölkələrinin, postsosialist və postsovet ölkələrinin inkişafına öz əməli töhfələrini verir. “Bir kəmər, bir yol” layihəsi də məhz Çinin super güclü dövlət istəyinin, bu planın bir tərkib hissəsidir. Çinin təşəbbüskarı olduğu bu layihənin məqsədi planetə nüfuz edən güclü nəqliyyat və logistika infrastrukturu yaratmaqdır. Çünki belə bir infrastruktur Çin mallarının, ideyalarının və mədəniyyətinin təbliğinə və nəqliyyat marşrutlarına bitişik bütün ölkələri birləşdirməyə imkan verəcək. Mahiyyət etibarı ilə böyük rəqabət mübarizəsidir. Çünki ABŞ da vaxtilə Qədim və Böyük İpək yolu ilə maraqlanıb. Hətta ABŞ Konqresi İpək yolu haqqında qanun da qəbul edib. 1999-cu ildə ulu öndər Heydər Əliyev ABŞ-a səfər edəndə buna görə ABŞ rəhbərliyinə təşəkkürünü də bildirib. Lakin ABŞ bu məsələdə özünün maraqlarını daha çox önə çəkdiyi üçün sonradan bu prosesdə çox da fəal rol ala bilməyib. Yenə də qeyd edirəm, bu, böyük bir rəqabət mübarizəsidir. Çin də, öz növbəsində böyük gərginlik yaratmadan bu böyük layihəni həyata keçirməklə, dünya miqyasında lider dövlətə çevrilməkdədir. Çünki bu layihədə iştirak edən bütün ölkələr Çinin siyasətini dəstəkləyirlər. Artıq Avropanın özündə belə Çinə münasibət, yanaşma dəyişib. Avropa da bu gün Çinə investisiya qoymaq istəyir. Çin də Avropaya getdikcə daha böyük miqdarda investisiyalar qoymağa başlayıb. Ona görə bu kəmərin istifadəyə verilməsi, təbii ki, Çinə çox böyük dividendlər gətirəcək. Çin, ümumiyyətlə, bütün səviyyələrdə-həm Rusiya, həm qonşu ölkələrlə, həm də Avropa dövlətləri ilə sıx əməkdaşlıq edir. Heç təsadüfi deyil ki, bir müddət əvvəl ÇXR rəhbərliyi İtaliyaya səfər edib, bundan əvvəl Fransaya səfər gerçəkləşdirilib. Belə demək mümkünsə, ABŞ Prezidenti Donald Trampın müəyyən mənada apardığı, yeritdiyi proteksionist siyasətin əleyhinə olaraq, Çin Avropa bazarlarına daha sürətlə daxil olmağa başlayıb.Ümumiyyətlə, Çin mətbuatı bu layihədə mümkün investisiyanın 4-8 trilyon dollara qədər olduğunu təxmin edir və belə hesab edilir ki, “Bir kəmər, bir yol” layihəsi dünya əhalisinin 60 faizini əhatə edəcək. Çin mətbuatına görə, ötən illər ərzində təkcə Yaxın Şərqdəki layihəyə qoyulan investisiyalar artıq 300 milyard dolları aşıb. Eyni zamanda, hazırda “Bir kəmər, bir yol” təşəbbüsünün 150 ölkə tərəfindən dəstəkləndiyi, bu sıraya bir sıra nüfuzlu beynəlxalq təşkilatların da daxil olduğu bildirilir... Bu, həm daimi gəlir mənbəyi, həm iqtisadi təhlükəsizliyin təmin edilməsi, həm də siyasi mövqe deməkdir... - Ziyad müəllim, Azərbaycanın bu təşəbbüsə qoşulmaqda məqsədlərinin və əldə etdiyi, yaxud edəcəyi mənfəətlərin nə olacağı barədə də fikirlərinizi bilmək istərdik... - Qeyd etdiyim kimi, 1994-cü ildən ötən 25 il ərzində uğurla davam etdirilən Azərbaycan-Çin, Çin-Azərbaycan əməkdaşlığı, hətta deyərdim strateji müttəfiqlik münasibətləri nəticəsində böyük məsafə qət edilib. Hər iki ölkə bərbərhüquqlu dövlətlər kimi, bütün sahələrdə əməkdaşlıq əlaqələrinə malikdirlər və bu əlaqələrin, bu əməkdaşlığın genişləndirilməsində, sürətləndirilməsində maraqlıdırlar. Heç təsadüfi deyil ki, dövlətimizin başçısı 2015-ci ildə Çinə dövlət səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunu imzalayaraq, Çinlə əməkdaşlıqda, o cümlədən adıçəkilən layihənin reallaşmasında maraqlı və qətiyyətli olduğunu nümayiş etdirdi. Belə ki, tarixi “Bir kəmər, bir yol” təşəbbüsü, layihəsi bir neçə dəfə qeyd etmişəm ki, Azərbaycan üçün daimi kapitaldır, daimi gəlir mənbəyidir, daimi iş yerləridir, daimi siyasi mövqedir, ölkəmizin həm də iqtisadi təhlükəsizliyinin təmin edilməsidir. Dövlət başçımız Davos İqtisadi Forumunun son-2019-cu il toplantısı çərçivəsində reallaşdırlan “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusundakı sessiyada iştirak edərək, orada bir çox sualları cavablandırmaqla, bir daha Azərbaycanın bu layihədə iştirakına aydınlıq gətirmiş oldu. “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycan kimi qonşu ölkə üçün nə deməkdir?” sualına cavab olaraq bəyan edildi ki, bu layihə ölkəmizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək. Həmçinin, qeyd edildi ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü kimi, “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməklə həm də özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Bir daha qeyd etməyi vacib sayıram ki, Azərbaycan-Çin münasibətləri daim qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanır. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 43 faizi Azərbaycanın payına düşür. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün potensial böyükdür və hesab edirəm ki, bu rəqəm yaxın illərdə dəyişməlidir. Həmçinin, Azərbaycanda 120-dək Çin kapitallı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycana 800 milyon dollardan çox investisiya yatırıb. Azərbaycan Çinlə ikitərəfli ticarət əlaqələrinin inkişafı istiqamətində bir çox tədbirlər görüb. Azərbaycanın Çində ticarət nümayəndəsi, Urumçidə və Şanxayda Azərbaycan şərab evləri, Lucouda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir, Çinə ixrac missiyaları təşkil edilir. Bundan başqa, Çinin paytaxtında və müxtəlif regionlarında keçirilən sərgilərdə Azərbaycan şirkətlərinin məhsulları və xidmətləri nümayiş etdirilir və böyük maraqla qarşılanır. Çin ilə ikitərəfli ticarətin genişləndirilməsi üçün Birinci Çin Beynəlxalq İdxal Sərgisi platformasından da səmərəli istifadə olunub, 180 çeşiddən çox Azərbaycan məhsulu təqdim edilib. Nümayiş etdirilən məhsullarımıza çinli ziyarətçilər tərəfindən böyük maraq göstərilib. Qeyd olunub ki, Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində də əməkdaşlıqda maraqlıdır. Çəltikçilik, çayçılıq, pambıqçılıq, ipəkçilik, tütünçülük sahələrində əlaqələrin inkişafı üçün imkanlar genişdir. Çin şirkətləri artıq pambıqçılığın və ipəkçiliyin maddi-texniki bazasının inkişafında Azərbaycanla uğurlu əməkdaşlıq edir. Azərbaycan Çinə yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarını, o cümlədən pambıq, tütün, şərab, alüminium və kimya sənayesi məhsulları ixrac edə bilər. Ölkəmiz isə Çindən yüksək keyfiyyətli məhsulların idxalını dəstəkləyir. Bununla yanaşı, Azərbaycan Çinin regionları ilə əlaqələrin genişləndirilməsində, qarşılıqlı səfərlərin və tədbirlərin təşkilində də maraqlıdır. Çinin rəhbəri tərəfindən bir daha vurğulanıb ki, Azərbaycan tərəfi və ölkə prezidenti kimi İlham Əliyev Çin-Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirir və bu, qarşı tərəfdən yüksək qiymətləndirilir. Qeyd edilmişdir ki, Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Si Cinpin “Sizinlə birlikdə ortaq səylərimizlə “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram…” sözlərinə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizi mühüm əhəmiyyət daşıyır”, - deyə əlavə etmişdi. Forumda çıxışı zamanı isə Azərbaycan prezidenti adıçəkilən layihəni və Forumu Azərbaycan ilə Çin arasında dostluğun və tərəfdaşlığın göstəricisi hesab etdiyini vurğulamışdı. Həmçinin, qeyd edilmişdi ki, bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir, eyni zamanda, müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. Ümumiyyətlə, okeana çıxışı olmayan bir ölkə olmasına baxmayaraq, Azərbaycan bu gün dünyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Nəqliyyat mərkəzi, nəqliyyat kompleksi də, sözün əsl mənasında, bütün nəqliyyat növlərinin tarazlı inkişafı nəticəsində ola bilər. Bu gün Azərbaycanda nəqliyyat kompleksinin bütün istiqamətləri üzrə - dəmir yolu, dəniz və hava limanları, avtomobil yolları ilə bağlı böyük uğurlar əldə edilib. Ümumiyyətlə, yollar uğrunda mübarizə qloballaşan dünyada getdikcə daha güclü amilə çevrilir. Yəni, hər bir ölkə dünya bazarına çıxmaq, iqtisadi əməkdaşlığı genişləndirmək istəyir. O ölkələr bu əməkdaşlıqda udublar ki, onların güclü nəqliyyat-logistika mərkəzləri var. Azərbaycanın da bu gün güclü nəqliyyat mərkəzi kimi tanınması artıq dünya tərəfindən qəbul edilmiş bir gerçəklikdir və ölkəmiz, müstəqil dövlətimiz həm elmi, həm də reallıq baxımından məsələləri düzgün qiymətləndirir. Bizim gəmiqayırma zavodumuz var, bizim dəniz donanmamız, güclü gəmiçilik ənənələrimiz var. Dünyada ilk neft-dəniz donanması məhz Azərbaycanda yaradılıb. Azərbaycanın üçrəngli bayrağı altında dünya sularında gəzən gəmilərimiz var. Həmçinin, ötən ilin avqustunda Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı dövlət başçısı tərəfindən Xəzərin hüquqi statusu ilə bağlı tarixi Konvensiya imzalandı ki, bununla bizim əməkdaşlıq imkanlarımız bir az da genişlənmiş oldu. Artıq beş Xəzəryanı dövlət arasında əməkdaşlıq nəinki ildən-ilə, gündən-günə genişlənməkdədir. Azərbaycan regionun və dünyanın aparıcı nəqliyyat, logistika mərkəzi rolunda... Digər vacib elementlərdən biri də odur ki, bütün bu daşımalarda dəmir yolunun xüsusi rolu və çəkisi var. Bu istiqamətdə də Azərbaycan öz güclü dəmir yolu infrastukturu vasitəsilə çox mühüm addımlar atmaqdadır. Əslində Qədim və Böyük İpək yolu həm də dəmir yolunun inkişafı deməkdir. Heç uzağa getmək lazım deyil, elə son illərdə Azərbaycanın dəmir yolunda sərnişin dövriyyəsi də, yük dövriyyəsi də xeyli dərəcədə azalmışdı. Bunu qısa müddətdə bərpa etmək o qədər də asan məsələ deyildi. Çünki vaxt itmişdi, zaman bizim əleyhimizə işləmişdi. Keçmiş əlaqələrin qırılması, müəssisələrin dağılıb, sıradan çıxması və sair, bu sahədə xeyli dərəcədə geriləmə yaratmışdı. Ancaq Allaha min şükürlər olsun ki, Azərbaycan dövləti dəmir yolunun vacibliyini nəzərə alaraq bu sahədə dinamik, inkişafa təkan verən islahatları ön plana çəkdi. Elə götürək Bakı-Tbilisi-Qars dəmir yolunun həyata keçirilməsi prosesini. Nə qədər maneçiliklər, nə qədər çətinliklər vardı, bir çox dairələr bunun gerçəkləşdirilməsində maraqlı deyildilər. Amma bunlar hamısı dəf edildi və nəhayət, 2017-ci ilin sonlarında bir neçə dövlət və hökumət başçsının iştirakı ilə bu tarixi dəmir yolunun açılışı mərasimi keçirildi. Bu tarixi dəmir yolu həm də Azərbaycanın güclü nəqliyyat-logistika mərkəzinə çevrilməsində ən mühüm addımlardandır. Onu da deyim ki, istər bu dəmir yolunun, istər Bakı-Tbilisi-Ceyhan, istər Bakı-Tbilisi-Ərzurum layihələrinin həyata keçirilməsində, onların reallaşdırılmasında Azərbaycan qonşu və dost Gürcüstana xeyli dərəcədə güzəştlər etdi. Ümumiyyətlə, bəlkə də dünyada Azərbaycan kimi çox az və nadir ölkələr var ki, dostluq, qonşuluq münasibətləri naminə öz gəlirlərinin müəyyən hissəsindən imtina etmiş olsun. Ancaq Azərbaycan dövləti bunu da bacardı, qonşu gürcü xalqı və dövlətinin gələcəyi, inkişafı naminə öz gəlirlərindən imtina etdi. Mən bu məqamı ona görə xatırladıram ki, bu güzəştlərə, həm də tarixi qonşuluq və dostluq münasibətlərinə baxmayaraq, qonşu dövlətin bəzi rəsmi nümayəndələri, siyasətçiləri tərəfindən bu münasibətlərə zərər vura, kölgə sala biləcək davranışlar sərgilənir. Hesab edirəm ki, bunlar yolverilməz və qəbuledilməzdir, həm də münasibətlərin, əlaqələrin, əməkdaşlığın ruhuna ziddir. Amma bütövlükdə bu iki qonşu və dost dövlət zaman-zaman bir sıra məsələlərin öhdəsindən uğurla gəldiyi, əməkdaşlıq yolunda birgə addımladığı kimi, bu kimi əngəllərin də öhdəsindən gələcək və əməkdaşlıq, tərəfdaşlıq münasibətlərini daha sürətli şəkildə davam etdirəcək. Azərbaycan hər zaman olduğu kimi, bu gün də səmimi, açıq və şəffaf siyasət yeridir və bu siyasətdən bir an olsun belə geriçəkilmə yoxdur. Bu yerdə həmçinin qeyd etmək lazımdır ki, ölkə prezidenti təxminən ayyarım əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə də tanış olmuşdur. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirmişdir ki, QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyə və Gürcüstandan keçməklə martın 29-da Bakıya çatmışdır. Amma bundan əvvəl qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda test rejimində sınaqdan keçirilmişdir. Həmçinin, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili bu ilə planlaşdırılıb. Eyni zamanda, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən, ikinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulmuşdur. Gəncə sürət qatarı - Qəbələyə, Şahdağa qədər uzanan dəmir yolu qitələri birləşdirən dəhlizin bir istiqaməti kimi Mövzudan uzaqlaşmaq istəmirəm, ötən il dekabrın 29-da istifadəyə verilən Bakı-Gəncə sürət qatarının işə salınmasını götürək. Bu, həm mənəvi, həm iqtisadi, həm də ekoloji cəhətdən çox vacib məsələdir. Bəzən burada diletant fikirlərə də rast gəlinir, deyirlər ki, adı sürət qatarı olsa da, sürət o qədər də yüksək deyil və s. Onlar tam yanılırlar. Çünki Azərbaycanın ərazisi o qədər də geniş, kənd, yaşayış məntəqələri arasındakı məsafə çox da böyük və uzaq deyil. Bunlar vaxtı ilə formalaşmış, əhali ilə məskunlaşmış ərazilərdir. Bunları birdən-birə ən böyük sürətlə təmin etmək də mümkün deyil, heç buna ehtiyac da yoxdur. Amma obyektivlik naminə onu demək lazımdır ki, burada güzəştli tarif siyasəti, qiymətlərin aşağı olması ən vacib məqamlardandır. Həmçinin, dəmir yolunun inkişafı, o cümlədən adını çəkdiyimiz Bakı-Gəncə sürət qatarının işə düşməsi nəticəsində artıq ekologiyamıza zərərli hava buraxılması xeyli azalacaq. Heç kimə sirr deyil ki, son illər ölkəmizdə avtomobillərin, nəqliyyat vasitələrinin həddindən çox artması nəticəsində Azərbaycan ekologiyasına böyük ziyan dəymiş, ekologiyamız xeyli dərəcədə çirklənmişidi. Ancaq məhz dəmir yolunun innkişafı, yeni, müasir vaqonların istifadəyə verilməsi, dəmir yolu xətlərinin və stansiyalarının müasirləşdirilməsi ilə ekoloji problemlərin həllində də müsbət nəticələrə nail olunması mümkündür və Azərbaycan da bundan istifadəni reallaşdırmaqda, önəmli addımlar atmaqdadır. Onu da deyim ki, biz adətən xarici ölkələrə səfər edəndə daha çox dəmir yoluna üstünlük veririk. Odur ki, dəmir yolunun inkişafı həm də Azərbaycanın gözəlliklərinin, onun reallıqlarının, onun inkişafının təbliği, dünyaya çatdırılması deməkdir. Dəmir yolundan istifadə edən qonaqlar, turistlər, iş adamları bununla bir daha Azərbaycanın gözəlliyinə və inkişafına şahidlik etmiş olurlar. Bu istiqamətdə görülən işlərə misal olaraq, həmçinin Bakı-Böyük Kəsik istiqamətində əsaslı yenidənqurma və təmir işlərinin aparılmasını qeyd etmək olar. Bu istiqamətdə işlərin görülməsi üçün 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Bunun özü də çox vacib və önəmli məqamlardandır. Eyni zamanda, Qəbələyə, Qusara (Şahdağa) dəmir yolu xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur ki, artıq bu istiqamətdə də addımların atılmasına başlanılıb. Konkret olaraq, qeyd edək ki, ölkənin əsas turizm mərkəzlərindən olan Qəbələyə dəmir yolu ilə sərnişindaşımaların həyata keçirilməsi bu ilin sonuna nəzərdə tutulmuşdur. Bu yerdə bir məqamı da mütləq dilə gətirməyi vacib hesab edirəm. Belə ki, ölkənin dəmir yollarının uzandığı, hər gün müxtəlif istiqamətlər üzrə sərnişin daşınması ilə məşğul olan qatarların ötüb keçdiyi ərazilərdə hələ də ciddi problemlər yaşanmaqda, qalmaqdadır. Özü də bu problemlər təkcə bu günün, indinin deyil, çox-çox illər öncəsinin problemləridir. Belə ki, qatarboyu ərazilərdə hələ də zibilliklər, ərtafı bürüyən üfunət, pis qoxu davam etməkdədir. Hansı ki, istər yerli-ölkə vətəndaşlarının, istərsə də ildən-ilə, gündən-günə çoxalan turist axınının yaşandığı, kütləviləşdiyi və səfər, tanışlıq üçün daha çox üstünlük verdikləri qatarların keçdiyi ərazilərdə bu mənzərinin olması, yaşanması heç bir halda xoşagələn və qəbuledilən deyil. Xüsusilə də, sürətli, dinamik inkişaf yolunda, tikinci-quruculuq-abadlıq işlərinin geniş vüsət aldığı, nəinki paytaxtın, bütövlükdə Azərbaycan regionlarının simasının dəyişdiyi, gözəlləşdiyi bir fonda bu mənzərə olduqca narahatedici bir məsələdir. Ona görə mütləq bu məsələyə, bu problemə də ciddi diqqət yetirmək, qatarlar, dəmir yolları keçən əraziləri zibilliklərdən, tör-töküntülərdən təmizləmək, həmin əraziləri müasirləşdirmək lazımdır. Bunun özü həm də ekologiyanın çirkləndirilməsinin qarşısının alınması istiqamətində mühüm töhfələrdən biri ola bilər. Həm də təmizlənmiş, müasir hala gətirilmiş həmin ərazilər o yollardan, oradan keçən insanlarda, yerli və əcnəbi sərnişinlərdə xoş duyğular yaradar, ölkəmiz, məmləkətimiz haqqında daha gözəl fikirlərin, rəylərin yaranması ilə sonuclanar. Bununla yanaşı, İran və Azərbaycan dəmir yolları sistemlərini birləşdirəcək Qəzvin-Rəşt-Astara dəmir yolunun gerçəkləşdirilməsi çox mühüm layihələrdəndir. Qeyd edək ki, bu ilin mart ayında Azərbaycanın bir sıra yüksək səviyyəli hökumət rəsmilərinin qatıldığı və İran İslam Respulblikasının prezidenti iştirak etdiyi Qəzvin-Rəşt dəmir yolu xəttinin açılış mərasimi keçirildi. Bu yerdə qeyd edək ki, 2012-ci ildə tikintisinə başlanılan Qəzvin-Rəşt-Astara yolunun Rəşt-Astara hissəsinin isə qarşıdakı 2 il ərzində inşa edilərək istismara veriləcəyi nəzərdə tutulur. Həçminin, qeyd edək ki, Qəzvin-Rəşt dəmir yolu yalnız İranın və Azərbaycanın deyil, eyni zamanda, Rusiya və Şimali Avropa ölkələrinin də dəmir yolları sistemlərini birləşdirəcək. Bütövlükdə götürdükdə, qarşıya qoyulmuş hədəflərdən biri də iki ölkə-Azərbaycanlaİran arasında nəqliyyat-tranzit sahəsindəki əməkdaşlığı daha da genişləndirmək, böyük əhəmiyyətə malik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin həyata keçirilməsini təmin etməkdir. Son illərdə də artıq bu istiqamətdə önəmli işlər görülməkdədir. Belə ki, hüquqi bazanın formalaşdırılması məqsədilə 2016-cı ildə Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Niyyət Protokolu imzalanmışdır. Sözügedən açılış mərasimində çıxışı zamanı Azərbaycanın iqtisadiyyat naziri bir daha bu mühüm məqama diqqət çəkərək bildirmişdir ki, Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb, eyni zamanda, İran ərazisində bu istiqamətdə görülən işlərə öz dəstəyini verir. Astara-Astara dəmir yolunun tikintisi, Astaraçay çayı üzərində dəmir yolu körpüsünün inşası, Astarada (İran) tikintisi davam edən yük terminalı və məhsul anbarları “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən işlərin mühüm tərkib hissələridir. Qəzvin-Rəşt dəmir yolunun tikintisi də bu sahədə görülən uğurlu işlərin nəticələrindəndir. Qəzvin-Rəşt dəmir yolunun fəaliyyətə başlaması təkcə Şimal-Cənub deyil, eyni zamanda, “Cənub-Qərb” Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox mühüm addımdır. Bütün bunlar daşınan yüklərin həcminin artırılmasını təmin etməklə Azərbaycan Respublikasının və İran İslam Respublikasının nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə böyük töhfə verəcək. Yəni, bunları deməkdə və xatırlatmaqda məqsədim odur ki, Azərbaycan həm dəmir yolunu inkişaf etdirməklə, həm də məlum “Bir kəmər, bir yol” layihəsinə qoşulmaqla bir daha özünün güclü nəqliyyat kompleksini formalaşdırmaq, güclü nəqliyyat və logistika mərkəzi kimi həm özünün, həm də dünyanın inkişafına öz töhfələrini vermək niyyətindədir. Həm də bunlar təkcə niyyət məsələsi deyil, artıq gerçəkləşməsi mümkün olmuş reallıqlardır. Bir sözlə, sualınıza geniş cavabımı son olaraq, dövlət başçısının Nazirlər Kabinetinin bugünlərdə keçirilən son müşavirəsində səsləndirdiyi fikirlərlə bitirmək istərdim: “Nəzərə almalıyıq ki, biz indi nəqliyyat mərkəzlərindən birinə çevrilirik. Bu yaxınlarda Çində keçirilmiş “Bir kəmər, bir yol” Forumunda Azərbaycanın iştirakı bir daha onu göstərir ki, ölkəmiz bu önəmli layihənin tərkib hissəsidir. Bizim gəlirlərimiz artacaq, maliyyə və iqtisadi imkanlarımız daha da böyüyəcək...” “Şimal-Cənub dəhlizi” və ya dünyanı qovuşduran daha bir dəhliz... - Yeri gəlmişkən, “Şimal-Cənub dəhlizi” barədə daha ətraflı məlumat vermənizi istərdik... -Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Şərqi Asiya ölkələri ilə Avropanı əlaqələndirən irihəcmli layihədir. Bu layihənin əsası 2000-ci ildə Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan tərəfindən qoyulub. Sonralar layihəyə Qazaxıstan, Türkmənistan, Tacikistan, Belarus, Ukrayna, İordaniya, Bolqarıstan da qatıldılar. Azərbaycan 2005-ci ildə bu layihəyə qoşuldu və çox keçmədən aparıcı iştirakçıya çevrildi. Azərbaycan prezidentinin qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi islahatların tərkib hissəsi kimi dəmir yollarında köklü yenidənqurma işləri görüldü. Ölkə prezidenti Azərbaycanın coğrafi mövqeyini düzgün və uzaqgörənliklə qiymətləndirərək, ölkəmizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması prosesinə qatmaqla tranzit məntəqəyə çevirdi. Azərbaycan bu layihəyə qoşulduqdan sonra isə İlham Əliyevin irəli sürdüyü təklif daha səmərəli və cəlbedici oldu. Bu səmərəlilik ondan ibarətdir ki, yüklərin daşınması xərci azalır və çatdırılması vaxtı qısalır. Yəni, yüklər gəmi ilə Hindistanın Mumbai limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatara yüklənir və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülür və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Avropa ölkələrinə çatdırılır. Bu layihədə İranın da maraqlı olması təbiidir. Çünki İran da tranzit rolunu oynamaqla tranzit gəlirlər əldə etməyə və özünün idxal-ixrac əməliyyatlarını daha qısa və ucuz başa gələn yolla həyata keçirməyə çalışır. Buna görə də İran dövləti ölkə ərazisində geniş dəmir yolları şəbəkəsi inşa etmək qərarına gəlib. Körfəz sahillərində yerləşən limanlar ilə dəmir yolu əlaqəsi çoxdan mövcuddur. Lakin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması üçün yeni yolların salınması da lazım gəldi. Odur ki, İran 2000-ci ildən başlayaraq Qəzvin şəhərindən Rəştə, oradan isə Astara şəhərinə dəmir yolu xətti çəkməyə başladı ki, həm özünün, həm də tranzit yüklərin Azərbaycana, oradan isə Rusiya və Avropaya daşınmasına nail olsun. Eyni zamanda, Azərbaycan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlı olduğu üçün yolun Rəşt-Astara hissəsinin tikintisinə 500 milyon dollar güzəştli kredit ayırıb. Azərbaycan prezidentinin göstərişi ilə ayrılan kredit tikinti işlərinin sürətlənməsinə səbəb olub. Qeyd etmək lazımdır ki, Azərbaycan üzərinə düşən öhdəliyi artıq yerinə yetirib. Azərbaycanın və İranın dəmir yollarını birləşdirəcək Astara (Azərbaycan)-Astara (İran) 8,7 kilometrlik dəmir yolu körpüsü inşa edilib və istismara verilib. Nəzərə çatdırmaq lazımdır ki, bu gün Rusiya İrana malların ixracını məhz Astara dəmir yolu körpüsü vasitəsilə həyata keçirir. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən 511 kilometr dəmir yolu tam hazır vəziyyətdədir. Bildiyimiz kimi, Azərbaycan ilə Rusiyanın dəmir yolları arasında hələ SSRİ dövründən əlaqə mövcuddur ki, bu da əlavə xərc çəkib dəmir yolu inşa etmək ehtiyacını yaratmır. Artıq bu marşrut İran, Hindistan, Rusiya və Azərbaycanla yanaşı, Fars körfəzi və Orta Asiya dövlətlərinin, həmçinin Çinin də marağına səbəb olub. Qeyd edək ki, Çin də bu marşrutla maraqlanıb və iqtisadi-texniki əsaslandırmadan sonra investisiya yatıracağına qərar verəcək. Çinin yaxın gələcəkdə mallarını məhz sözügedən dəhlizin Qərb marşrutu ilə dünya bazarına çıxaracağı şübhə doğurmur ki, bunun da önəmli səbəbi var. Məsələ ondan ibarətdir ki, Çinin gəmiləri Malayziyanın Malay yarımadası ilə İndoneziyanın Sumatra adası arasındakı Malakka boğazından keçərək dünya okeanına çıxırlar. Hind okeanı ilə Sakit okeanı birləşdirən bu boğaz iqtisadi baxımdan Cənub-Şərqi Asiya ölkələri üçün olduqca əhəmiyyətlidir. Hər il Malakka boğazından bu regionun müxtəlif ölkələrinə məxsus 50 mindən çox gəmi keçir. Lakin burada məskunlaşmış dəniz quldurları gəmilərə hücum edərək onları qarət edirlər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyanın müxtəlif regionlarında baş verən qanlı münaqişələr dəniz quldurlarının sayını artırıb və 2006-cı ildən başlayaraq Malakka boğazından keçən gəmilərin qarət olunması halları çoxalıb. Dəniz quldurları gəmiləri qarət etməklə yanaşı, heyət üzvlərini də girov götürərək yüksək məbləğdə pul tələb edirlər. Onu da nəzərə çatdırmaq lazımdır ki, yay aylarında Sumatra adasında baş verən meşə yanğınları nəticəsində boğazın üzəri sıx dumana bürünür və 200 metr irəlini görmək olmur. Belə vəziyyət həm qəzalara səbəb olur, həm də dəniz quldurlarını təqib etməyə imkan vermir. Bu problem Çini ciddi düşündürür. Qazaxıstan-Türkmənistan-İran dəmir yolu xətti də istifadəyə verilib. Yolun Qazaxıstan-Türkmənistan hissəsi 2013-cü ildə, Türkmənistan-İran hissəsi isə 2014-cü ildə istismara buraxılıb. Orta Asiya respublikaları üçün bu yolun mahiyyəti ondadır ki, onlar Fars körfəzinə çıxış əldə edəcəklər. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindən kənar daşınan yüklər Hindistandan çıxaraq 4 dənizdən keçib Almaniyaya çatdırılır. Mumbai limanından çıxan yüklü gəmilər Ərəbistan dənizinə, Fars körfəzindən keçərək Qırmızı dənizə, Süveyş kanalından keçərək Aralıq dənizinə, Hibraltar boğazından Atlantik okeanına, La-Manş boğazından Şimal dənizindəki Almaniya limanlarına daxil olurlar. Bundan başqa, Süveyş kanalının ötürmə qabiliyyəti zəif olduğundan gəmilər bəzən həftələrlə növbə gözləməli olurlar. Dənizlərdəki fırtınaları, ərazi sularından keçmək üçün ödənilən tranzit haqlarını və gömrük terminallarında yubanmaları nəzərə alsaq, bu yolun uzun, bahalı, üzücü və təhlükəli olduğunu görərik. Hindistandan Finlandiyaya qədər uzunluğu 7200 kilometr olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yüklərin daşınma müddəti 2 dəfədən çox azalır. Mütəxəssislərin fikrincə, dəhliz Süveyş kanalından fərqli olaraq yolu 800 kilometr azaldır ki, bu da müqayisədə yüklərin 20 gün tez çatdırılması deməkdir. Bütün bunlar isə hər 15 ton yükün daşınmasında 2500 dollar vəsaitə qənaət edilməsinə gətirib çıxarır. Daşınan yüklərə gəldikdə, qeyd etmək lazımdır ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçısı olan hər bir dövlətin ixrac və idxal potensialı var. Təsadüfi deyil ki, mütəxəssislər ilkin mərhələdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə ildə 7 milyon, gələcəkdə isə 22-25 milyon ton yükün daşınacağını bildirirlər. Bütövlükdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam olaraq işə düşməsi nəinki region ölkələrinin iqtisadi inkişafına təkən verəcək, eyni zamanda, həmin ölkələr siyasi sabitlik üçün də zəmanət əldə etmiş olacaqlar… Qarşılıqlı investisiyaların artmasını təmin edəcək əməkdaşlıq nümunəsi - Ziyad müəllim, məlumdur ki, ölkə başçısının Çinə son səfəri çərçivəsində həmçinin iki ölkə arasında növbəti mühüm sənədlər imzalanmışdır. Bu sənədlərdə hansı məsələlərin həlli nəzərdə tutulmuşdur? - Bəli, tamamilə doğrudur. Səfər çərçivəsində Azərbaycanın Çində daha iki ticarət evinin açılmasını nəzərdə tutan memorandum imzalanmışdır. Hər iki ticarət evinin məhz bu il açılması nəzərdə tutulmuşdur ki, bununla da Çindəki ticarət evlərimizin sayı 3-ə çatmış olacaq. Ümumilikdə, səfər və adıçəkilən konfrans çərçivəsində Azərbaycanla Çin arasında 821 milyon dollar dəyərində 10 investisiya sənədi imzalanmışdır. Bu sənədlərdən biri də Azərbaycan İnvestisiya Şirkəti ASC və Çinin “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumudur ki, həmin memorandum Çin şirkətinin Sumqayıt Kimya Sənaye Parkında avtomobil şini istehsalı zavodunun yaradılmasında iştirakını nəzərdə tutur. İqtisadiyyat naziri Şahin Mustafayevin verdiyi məlumata görə, Çin şirkəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti olacaq. İlkin razılaşmaya əsasən, İnvestisiya Şirkəti layihədə 10 faiz payla iştirak edəcək. Layihəyə əsasən illik istehsal gücü 3,3 milyon ədəd şin olan zavod yaradılacaq. Nazirin dediyinə görə, 800 nəfərin işləyəcəyi müəssisə 300 milyon dollara başa gələcək. Bu vəsaitin 90 faizini Çin şirkəti yatıracaq. Sumqayıtda yaradılacaq zavod istehsalı həm yerli, həm də xarici xammal hesabına təmin edəcək. İstehsal olunan məhsul daxili tələbatın ödənilməsi ilə yanaşı, xaricə də ixrac olunacaq. Mühüm məqamlardan biri də Kürdəmirdə Çinin yaxından iştirakı ilə ilk beynəlxalq aqroparkın yaradılması məsələsidir. Bildiyiniz kimi, ölkə prezidentinin son illər regionların inkişafı ilə bağlı həyata keçirdiyi və reallaşdırdığı siyasətin mərkəzində bölgələrdə aqroparkların yaradılması məsələsi durur. Bu istiqamətdə də görülən işlər göz önündədir və bunları geniş danışmağa ehtiyac yoxdur. Bu baxımdan, Kürdəmirdə Çinin yaxından iştirakı ilə beynəlxalq aqroparkın yaradılması məsələsi çox mühüm və önəmli məqamlardan birini təşkil edir. Bu, həm Kürdəmirin, bütövlükdə Azərbaycan iqtisadiyyatının, aqrar sektorun inkişafına, həm də Azərbaycan-Çin əməkdaşlığının, tərəfdaşlığının, ticarət, əmtəə dövriyyəsinin inkişafına öz müsbət töhfələrini verəcək. Bundan qazanan isə iki dövlət, xalqlarımız olacaq.
Müsahibəni apardı: Kamil Həmzəoğlu |