Müasir dövrün böyük strateqi Heydər Əliyev xoşbəxt gələcəyi olan bir dövlət qurdu
Lider və dövlət, lider və inkişaf - bunlar bir-biri ilə sıx vəhdət təşkil edir. Lideri olmayan dövlət heç vaxt tərəqqi edə bilməz. Lideri olmayan dövlət heç vaxt tanına, beynəlxalq aləmdə nüfuz qazana bilməz. Lideri olmayan dövlət üzləşdiyi taleyüklü problemləri həll edə bilməz, dinamik və sabit inkişafdan qalar. Lideri olmayan dövlətin xalqı həmişə narahat yaşayır. Dünyanın inkişaf tarixi bütün bunlara əyani sübutdur. Bu gün qloballaşan dünyada ən məşhur siyasətçilər, proqnozlaşdırıcılar şəxsiyyətin təntənəsi amilini müasir dövrün ən aparıcı inkişaf amillərindən sayırlar. Azərbaycan xalqı Heydər Əliyevi özünün umumilli lideri hesab edir. Bu, bir həqiqətdir ki, Sovetlər İttifaqına daxil olan mütləq respublikanın rəhbərləri, bir qayda olaraq, İttifaq tərəfindən müəyyən edilən «oyun qaydaları» əsasında fəaliyyət göstərirdilər. Hər bir mühüm məsələ SSRİ dövlətinin nəzarətində idi. Lider kimi fəaliyyət göstərmək üçün çoxlu məhdudiyətlər var idi. 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev də bütün bu məhdudiyyətlərlə, çətinliklərlə üzləşməli oldu. Üstəlik də respublika iqtisadiyyatında, sözün əsl mənasında, ağır vəziyyət yaranmışdı: bütün əsas sosial-iqtisadi göstəricilərə görə Azərbaycan İttifaqda axırıncı yeri tuturdu. Heydər Əliyev ilk növbədə iqtisadiyyatda yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin sistemli təhlilini apardı, risklər edərək bir sıra təşkilati tədbirlər həyata keçirdi. İttifaq hökuməti qarşısında respublikanın gələcək iqtisadi həyatı ilə bağlı məsələlər qaldırdı və qısa vaxt ərzində Sovet hökumətinin Azərbaycan Respublikasının inkişafına dair xüsusi qərarının qəbul edilməsinə nail oldu. Heydər Əliyev əsl liderə məxsus olan keyfiyyətlərdən uğurla istifadə edərək, respublika hökumətini, bütün idarəetmə strukturlarını iqtisadiyyatda yaranmış geriliyin aradan qaldırılması işində səfərbər etdi. Məqsəd və vəzifələr dəqiqləşdirildi, idarəetmə strukturlarına profesionallar cəlb edildi, strateji məqsədlərə çatmaq yolları və vəzifələri müəyyənləşdirildi. İttifaq orqanları ilə əməkdaşlıq formalarının təkmilləşdirilməsi istiqamətində səmərəli addımlar atıldı, məhsuldar əməyə, işin nəticələrinə layiqli qiymət vermək ön plana çəkildi. Bir sözlə, respublika iqtisadiyyatında qaynar həyatın formalaşması üçün bütün imkanlar və vasitələr hərəkətə gətirildi ki, bütün bunlar da öz bəhrəsini verdi: milli gəlir, sənaye, kənd təsərrüfatı məhsulları istehsalındakı 60-cı illərdəki gerilik aradan qaldırıldı, yeni keyfiyyətli inkişafın fundamental əsaslarının möhkəmləndirilməsi üçün xeyli iş görüldü. Azərbaycan dotasiyasız yaşayan bir respublika kimi tanındı. Bütün bu nailiyyətlərdən məharətlə istifadə edən Heydər Əliyev SSRİ hökuməti qarşısında daha fundamental məsələlər qaldırdı və onların həllinə nail oldu. Heydər Əliyev tam əmin idi ki, respublika sənayesinin struktur, səmərəlilik problemlərini həll etmədən respublikanın dinamik inkişafına nail olmaq mümkün olmayacaqdır. Ona görə də bu problemi Azərbaycanın inkişaf strategiyasında prioritet istiqamət kimi müəyyən etdi. Çünki birtərəfli inkişaf, digər sahələrə ayrılan əsaslı vəsait qoyuluşunun məhdudluğu, yeni texnika və texnologiyaların zəif tətbiqi, əsas fondların fiziki və mənəvi köhnəlməsi, xammal istehsal edən sahələrin yüksək çəkiyə malik olması sənayenin dinamik inkişafını və səmərəliliyinin yüksəldilməsini xeyli ləngidirdi. Lakin bu problemin həllində dönüş yaratmaq o qədər də asan məsələ deyildi: axı, sənaye müəssisələrinin 90%-i İttifaq mülkiyyətində idi. Bütün bu ciddi problem və çətinliklərə baxmayaraq, Heydər Əliyev xalqının, respublikanın inkişafı naminə sərt planlaşma sisteminin bu gün də dünyada inkar edilməyən üstünlüklərindən məharətlə istifadə edir, İttifaq nazirlikləri ilə birlikdə istehsal, onun maddi, maliyyə resursları ilə təminatı məsələlərinin həllinə nail olurdu. Bunu təmin edən vacib şərtlərdən biri də o idi ki, İttifaqın bir çox nazirliklərində Azərbaycan rəhbərinə, onun quruculuq fəaliyyətinə inam gündən-günə artırdı. Bu illərdə Nazirlər Soveti, Dövlət Plan Komitəsi, Maliyyə Nazirliyi, Elmlər Akademiyası, Dövlət Maddi-Texniki Təchizat İdarəsi İttifaq nazirlikləri ilə sıx əlaqədə işləyir, respublikada yeni istehsal sahələrinin yaradılması məsələlərini təhlil edir, daxili imkanları araşdırır, sənayenin inkişafının müxtəlif variantlarını hazırlayırdılar. Heydər Əliyev qəti qərara gəlmişdi ki, respublika iqtisadiyyatının gələcək inkişafı elmi-texniki tərəqqini müəyyən edən sahələrin daha üstün inkişaf etməsindən çox asılı olacaqdır. Bu strateji xətti həyata keçirmək üçün Heydər Əliyev titanik fəaliyyət göstərdi, ciddi maneələrin aradan qaldırılmasına nail oldu. 1976-cı ildə Sov. İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanda sənayenin strukturunun təkmilləşməsinə dair çox münüm sənədi qəbul etdilər. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan sənayesinin inkişaf tarixində mühüm rol oynayan bu proqramın uğurla reallaşması üçün böyük təşkilati iş aparıldı. Nəticədə sənayenin vacib proporsiyaları xeyli yaxşılaşdı, yeni tipli sənaye müəssisələri, istehsal sahələri istifadəyə verildi, on minlərlə yeni iş yerləri yaradıldı, sənayenin ixrac potensialı xeyli artdı, istehsalın mədəni-texniki səviyyəsi yüksəldi. 1976-1980-ci illərdə Azərbaycan sənayedə məhsul istehsalının artımına görə SSRİ-də birinci yerə çıxdı. Sənayenin strukturunda maşınqayırma və metal emalı sənayesinin payı 1965-ci ildəki 10%-dən 16,3%-ə qalxdı. Elmi-texniki tərəqqini müəyyən edən sənaye sahəldərində istehsalın həcmi əvvəlki onillikdəki səviyyəyə nisbətən 2,4 dəfə artdı. 70-ci illər tariximizə, sözün əsl mənasında, Azərbaycan sənayesinin intibah dövrü kimi daxil oldu. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasında iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi problemi də mühüm vəzifə kimi müəyyən edilmişdi. Lakin bu problemin həllində də çətinliklər var idi. Hər şeydən əvvəl ona görə ki, qapalı iqtisadiyyat, qapalı cəmiyyət kimi tanınan SSRİ-də uzun müddət resurslardan istifadə məsələsinə azad bazar iqtisadiyyatı qurmuş ölkələrə nisbətən az fikir verilirdi. Bundan əlavə, səmərəli iqtisadi həvəsləndirmə sisteminin olmaması problemin həllini daha da çətinləşdirirdi. Məhz buna görə də SSRİ əmək məhsuldarlığının səviyyəsi, material resursları, əsas fondlardan istifadə və keyfiyyət göstəricilərinə görə inkişaf etmiş ölkələrdən xeyli geri qalırdı. Azərbaycanda isə bu problemlə bağlı qəribə bir vəziyyət də yaranmışdı: əsas istehsal fondlarının xeyli hissəsinin cəmləndiyi yanacaq sənayesində hasilat aşağı enirdi. Neft sənayesi istisna olmaqla digər sahələrdə əməyin fondlarla silahlanması İittifaq və digər respublikalarla müqayisədə bir neçə dəfə aşağı idi. Yəni, səmərəlililk göstəricilərini yaxşılaşdırmaq imkanları o qədər də əlverişli deyildi. Amma Heydər Əliyev müəyyənləşdirdi ki, bu problemdə də dönüş yaradılmalıdır, çünki bu məsələni həll etmədən respublikanın hazırladığı təklifləri İttifaqda qorumaq çox çətin olacaqdır. Ona görə də respublika rəhbəri yeni inkişaf imkanlarını hərəkətə gətirmək üçün sistemli iş apardı, əmək məhsuldarılığı, məhsulun fond veriminin, keyfiyyətinin artırılması üçün məqsədli proqramların hazırlanmasını, əsaslandırılmış əlavə texniki-təşkilati tədbirlərin görülməsini zəruri saydı. Ən narahatlıq doğuran məsələlərdən biri sənayedə əmək məhsuldarlığının zəif artımı idi. 1960-1970-ci illərdə respublika sənayedə əmək məhsuldarlığının artımına görə müttəfiq respublikalar arasında 14-cü yeri tuturdu. 1978-ci ilin iyun ayında Azərbaycan KP MK-nın Bürosunda H.Əliyevin sədrliyi ilə sənayedə əmək məhsuldarlığının yüksəldilməsi tədbirləri haqqında məsələ müzakirə edildi. Büroya problemlə əlaqədar olaraq materialların hazırlanmasında iştirak etdiyim üçün mən də dəvət olunmuşdum. MK-nın şöbə müdiri mərhum Firudin Əliyevin məlumatı və büro üzvlərinin çıxışından sonra Heydər Əliyev konkret və inandırıcı faktlarla Azərbaycan sənayesinin imkanlarını və eləcə də gələcək inkişaf istiqamətləri ilə bağlı fundamental əhəmiyyət kəsb edən fikirlərini açıqladı. Texniki tərəqqi, maddi və əmək ehtiyatlarından səmərəli istifadə olunması, iqtisadi və maddi həvəsləndirmə metodlarının təkmilləşməsi, sənayedə struktur dəyişikliklərinin daha da sürətləndirilməsi, əməyin və istehsalın təşkili məsələlərinə diqqətin artırılmasını xüsusilə vurğuladı. Görülmüş tədbirlər nəticəsində respublika sənayesinin bu göstəriciyə görə İttifaqdan geri qalmasına son qoyuldu. Diqqəti həm də o cəlb edir ki, bu dövrdə Azərbaycan sənayesində bir orta illik işçiyə düşən ümumi məhsulun, eləcə də təmiz məhsulun həcmi orta İttifaq, bir çox respublikalardakı səviyyədən yüksək idi. Bir sözlə, 70-ci illərdə əmək məhsuldarlığının sürətli artımı respublika iqtisadiyyatının çox güclü amilinə çevrildi. Böyük qürur hissi ilə qeyd etməliyik ki, bu illərdə yüksək səmərəlillik uğrunda əməksevər xalqımızın mübarizəsi onun şanlı tarixinin qızıl səhifələridir. Bu gün də bizimlə əməkdaşlıq edən xarici şirkətlərin rəhbərləri, menecerləri yerli mütəxəssis və fəhlələrin iş qabiliyyəti, bacarığına, məharətinə heyran qalır, onların əməyə münasibətini yüksək qiymətləndirirlər. Heydər Əliyevin öz dövləti, xalqı qarşısında tarixi xidmətlərindən biri də odur ki, O, Azərbaycan iqtisadiyyatının maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni-yeni sənaye sahələrinin, istehsal obyektlərinin istifadəyə verilməsi məqsədilə keyfiyyətli investisiya strategiyasını hazırladı və onun uğurlu həllinə nail oldu. XX əsrin əvvəllərində, istərsə də sovet hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatında əsas rolu neft sənayesi oynayırdı. Böyük Vətən müharibəsi illərində SSRİ-nin neftə olan tələbatının 70%-dən çoxu Bakının payına düşürdü. Ona görə də investisiyaların həlledici hissəsi bu sahəyə yönəldilirdi. Lakin iqtisadiyyatın birtərəfli inkişafı, eyni zamanda, bir çox problemlər yaradırdı. Heydər Əliyev iqtisadiyyatın maddi-texniki bazasında yaranmış geriliyin aradan qaldırılması, qeyri-neft sahələrinin üstün inkişafının təmin edilməsi üçün əsaslandırılmış təkliflər hazırladı. Lakin onların reallaşması prosesində də ciddi maneələr mövcud idi. Çünki respublikada maliyyə resurslarının ayrılması mərkəzdə həll edilirdi və bu zaman bir çox amillərlə yanaşı, illik tapşırıqların yerinə yetirilmə səviyyəsi nəzərə alınırdı. Bu məsələdə isə vəziyyət xeyli pis idi. Bir faktı göstərək. Səkkizinci beşillikdə əsas fondların istifadəyə verilməsi üzrə ayrılmış vəsait 25 faiz kəsirlə yerinə yetirilmişdi, başa çatmamış tikintinin həcmi xalq təsərrüfatına bir il üçün ayrılmış əsaslı vəsait qoyuluşunun həcminə bərabər idi. Bu sahədə dönüş yaratmaq, əsaslı tikintinin texniki-iqtisadi göstəricəlirinin yaxşılaşması istiqamətində qısa vaxtda konkret tədbirlər həyata keçirildi. Bütün bunlar Heydər Əliyevin investisiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı SSRİ hökuməti qarşısında qaldırdığı məsələlərin reallığını artırdı. 1971-1975-ci illərdə respublika iqtisadiyyatına 1966-1970-ci illərdəkindən 30 faiz çox vəsait qoyuldu, 64 iri sənaye müəssisəsi istifadə verildi. 1976-cı ildə Azərbaycan KP MK-nın Plenumu əsaslı tikintinin daha da yaxşılaşdırılması məsələlərini müzakirə etdi. Materialları hazırlayan işçi qrupunda mən də iştirak edirdim. Plenuma çox ciddi hazırlıq gedirdi. Ayrı-ayrı sahələr, iri müəssisələr üzrə təhlillər, hesablamalar aparılır, İttifaq nazirlikləri qarşısında istehsalın rekonstruksiya edilməsi, yeni avadanlıqların alınması, maddi-texniki təchizatın yaxşılaşdırılması araşdırılır, bir sözlə, Azərbaycan iqtisadiyyatının maddi-texniki bazasının möhkəmlənməsi üçün son dərəcə zəruri olan tikinti kompleksinin inkişaf istiqamətləri müəyyən edilirdi. Bu dövrdə istifadəyə verilən əsas fondların miqdarı 8-ci beşillikdəki göstəriciyə nisbətən 1,7 dəfə artdı, əsaslı vəsait qoyuluşunun səmərəlilik göstəriciləri xeyli yaxşılaşdı. Bir faktı qeyd edək ki, 1960-1970-ci illərdə milli gəlirin bir faiz artması əsaslı vəsait qoyuluşunun 1,3 faiz, 1976-1980-ci illərdə isə 0,8 faiz artması ilə müşayiət edilmişdi SSRİ üzrə, əksinə, milli gəlirin bir faiz artımı əsaslı vəsait qoyuluşu göstəricilərinin xeyli dərəcədə pisləşməsi ilə müşayiət edilirdi. Heydər Əliyev əsl liderə xas olan nailiyyətlərə də tələbkarlıqla yanaşır, iqtisadiyyatın maddi-texniki bazasının daha da möhkəmlənməsi, əsas istehsal fondlarının quruluşunun təkmilləşməsi, istehsal aparatının yeniləşməsi, istehsal potensialından istifadənin səmərəliliyinin artırılmasını ön plana çəkirdi. Bu məqsədlə tikinti kompleksinin inkişafı ilə bağlı İttifaq hökuməti qarşısında daha cəsarətli, miqyası etibarilə daha tutumlu məsələlər qaldırdı və onların həllinə nail oldu. Nəticədə tikinti kompleksi Azərbaycanın gələcək inkişafı üçün zəruri olan güclü bazaya malik bir kompleksə çevrildi. Qətiyyətlə bildirmək lazımdır ki, bu illərdə tikinti kompleksində qazanılmış təcrübə, tikinti sürəti, professional kadrlar məktəbi olmasaydı, respublika iqtisadiyyatı bu gün çoxlu çətinliklərə məruz qala bilərdi. Heydər Əliyevin Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməklə bağlı müəyyən etdiyi strategiyada aqrar sektor xüsusi yer tuturdu. Altmışıncı illərdə Azərbaycan kəndində əhalinin yarısı yaşayırdı, kənd təsərrüfatında istehsal olunan milli gəlir də böyük çəkiyə malik idi. Amma bu mühüm sahənin göstəricilərinin səviyyəsi ciddi narahatlıq doğururdu. İstehsal zəif artır, güzəran isə yaxşılaşmırdı. Heydər Əliyev İttifaq hökuməti qarşısında aqrar sektorun inkişafı, kənd əhalisinin məşğulluğu, güzəranı baxımından taleyüklü məsələlər qaldırdı və onların həllinə nail oldu. 1971-1975-ci illərdə 1966-1970-ci illərə nisbətən məhsul istehsalı 34 faiz artdı, bir sıra vacib sahələrdə yüksək göstəricilərin əldə edilməsinin möhkəm təməli yarandı. 1976-1980-ci illərdə Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun artımına görə İttifaqda birinci yerə çıxdı. Aqrar sektorun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün mühüm tədbirlər görüldü. İstehsalın ixtisaslaşmasında yerli xüsusiyyətləri, səmərəlilik göstəricilərini nəzərə almaqla mütərəqqi dəyişikliklər edildi. Bunun üçün mərkəzdən külli miqdarda vəsaitin ayrılması məsələsi həll edildi, on min hektarlarla bağlar və üzüm plantasiyaları salındı, əkinçilik mədəniyyətinin yüksəlməsi üçün böyük işlər görüldü. Bir sözlə, Heydər Əliyev kənd təsərrüfatında istehsalın intensivləşdirilməsi məsələlərini müvəffəqiyyətlə həll etməyə nail olurdu. Lakin bütün bu nailiyyətlərə də Heydər Əliyev böyük tələbkarlıqla yanaşır və hələ də kifayət qədər istifadə olunmamış imkanların olduğunu açıqlayırdı. Məsələn, O kənd təsərrüfatının ümumi məhsulunun strukturunda heyvandarlıq məhsullarının xüsusi çəkisinin artmasını, kəndin sosial inkişafı üçün əlavə tədbirlərin görülməsini prioritet vəzifələr kimi qiymətləndirir, onların reallaşması üçün böyük işlər görürdü. Onun nəticəsidir ki, 70-ci illərdə Azərbaycan kəndində, sözün əsl mənasında, sosial-iqtisadi həyat qaynayırdı. Aqrar sektorun dinamik inkişafının arxasında on minlərlə, yüz minlərlə kənd zəhmətkeşi, kənd ziyalısı, yüzlərlə aqrar-sənaye müəssisəsinin ahəngdar fəaliyyəti, məhsul yığımını uğurla başa çatdıran, torpağın qədrini bilən əməksevər Azərbaycan xalqı dururdu. O vaxtlar SSRİ-də hər ilin nəticələrinə görə respublikalar arasında yarış keçirilmişdir. Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərfindən çox dərin müqayisəli təhlillərdən sonra qaliblər müəyyənləşdirilirdi. Qeyd etmək lazımdır ki, uzun illər Azərbaycan bu yarışların qalibi olmuşdur. Bu, təkcə fəxri diplom və bayraqlar deyildi, qalib respublikalara İttifaq xeyli maddi vəsait, müəyyən imtiyazlar verirdi. Lakin İttifaq rəhbərliyində Azərbaycan iqtisadiyyatının dinamik inkişafına qısqanclıqla yanaşanlar da az deyildi (MK-da işləyərkən mən bir neçə il respublikanın inkişafının yekunları ilə bağlı məsələlərin Sov.İK MK-nın şöbələrində müzakirəsində bilavasitə iştirak etmişəm və respublikamıza, onun iqtisadi uğurlarına qısqanclıqla yanaşmaların şahidi olmuşam). Heydər Əliyev Moskvada yüksək vəzifəyə təyin edildikdən sonra bu qısqanclıq, paxıllıq daha da artmışdı. Bu dövrdə bilavasitə Sov.İKP MK-nın göstərişi ilə respublikaya çoxlu yoxlama komissiyaları göndərilirdi ki, onların bir məqsədi var idi: nəyin bahasına olursa-olsun, 70-ci illərdə Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi yüksək nəticələri azaltmaq... 1984-cü ilin ortalarında Azərbaycana Sov.İKP MK-nın təşkilat şöbəsinin birinci müavini L.Nikifirovun başçılığı ilə böyük bir komissiya gəldi. Onunla və komissiya üzvləri ilə söhbətlərdən açıq-aşkar hiss olunurdu ki, mərkəzin komissiyası qərəzli mövqedən sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafı ilə maraqlanır, əsassız olaraq 70-ci illərdə görülmüş işlərin nəticələrini azaltmağa çalışır. Azərbaycan KP MK-nın Bürosunun tapşırığı ilə mən (o vaxtlar MK-nın İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışırdım) respublikanın sosial-iqtisadi inkişafına dair arayış, əyani cədvəllər və digər hesablamalar hazırladım, Büro və komissiya üzvləri qarşısında məruzə etdim. İnandırıcı faktlarla zəngin olan informasiyalar, Nazirlər Soveti, Dövlət Plan Komitəsi və s. idarəetmə strukturlarının hazırladığı arayışlar komissiya üzvlərinə güclü təsir etmişdi, onlardan bəziləri hətta etiraf etdilər ki, bizdə kifayət qədər məlumatlar yox idi. Nəticədə komissiya qabaqcadan Moskvada hazırladıqları arayışa ciddi dəyişikliklər etməyə məcbur oldu... 1960-1980-ci illərdə respublika iqtisadiyyatının əsas göstəricilərinin müqayisəli təhlili sübut edirdi ki, 1960-1970-ci illərdə Azərbaycan əsas inkişaf göstəricilərinin səviyyəsi və dinamikasına görə respublikalar arasında 15-ci yeri tuturdu. Narahatlıq doğuran həm də o idi ki, bu göstəricinin Azərbaycan üzrə artım sürəti İttifaq üzrə göstəricidən 33 faiz bənd geri qalırdı. 1976-1980-ci illərdə isə vəziyyət köklü surətdə dəyişdi. Azərbaycan milli gəlirin artımına görə birinci yerə çıxdı və İttifaq üzrə göstəricisini 24 faiz bənd ötdü. Sənaye istehsalının artımına görə respublikamız 1960-1970-ci illərdə SSRİ-də axırıncı yeri tuturdu, ittifaq üzrə göstəricidən 33 faiz bənd geri qalırdı, 1976-1980-ci illərdə Azərbaycan bu göstəriciyə görə də SSRİ məkanında birinci yerə çıxdı. İttifaq üzrə orta göstəricini 23 faiz bənd ötdü. Sənayedə əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan 1960-1970-ci illərdə müttəfiq respublikalar arasında 15-ci yeri tuturdu və İttifaq üzrə göstəricidən 23 faiz bənd geri qalırdı. 1976-1980-cı illərdə isə bu sahədə də gerilik aradan qaldırıldı, əməksevər xalqımızın qəhrəmanlıq tarixinə yeni-yeni sahələr yazıldı. 70-ci illərdə Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı göstəriciləri tarixi inkişafın ayrı-ayrı dövrləri ilə müqayisə etdikdə, birmənalı olaraq aşağıdakı nəticəni çıxarmaq olar: Azərbaycanın 1969-1985-ci illəri əhatə edən dövründə iqtisadiyyatda yüksək artım sürəti təmin edilmiş, onun keyfiyyət göstəriciləri əsaslı surətdə yaxşılaşmışdır ki, bütün bunlar da müstəqil Azərbaycanın iqtisadi bazasının formalaşması və inkişafında müstəsna rol oynamışdır. Qeyd edək ki, 70-ci illərdə yaradılmış elmi-texniki istehsal potensialı olmasaydı, bu gün müstəqil Azərbaycan çoxlu çətinliklər, problemlərlə üzləşə bilərdi. Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində başabəla islahatçıların professionallıqdan uzaq, reallığı nəzərə almayan addımları nəticəsində sosial-iqtisadi göstəricilər 70-ci illərdəki göstəricilərlə müqayisədə xeyli pisləşdi. Məsələn, 1985-1990-cı illərdə respublikada istehsal olunan milli gəlirin artımına görə müttəfiq respublikalar içərisində yenidən 14-cü yeri tutdu. Adambaşına düşən milli gəlirin miqdarı isə hətta azalmağa meyil etdi. Halbuki, yuxarıda qeyd olunduğu kimi, 1970-1985-ci illərdə Azərbaycan bu mühüm göstəriciyə görə ölkədə ən qabaqcıl mövqe tuturdu. 90-cı illərin əvvəllərində əhalinin yaşayış səviyyəsinin göstəriciləri də xeyli dərəcədə pisləşmişdi. 1990-cı ildə bütünlükdə xalq təsərrüfatı üzrə əməkhaqqı İttifaq səviyyəsinin cəmi 73%-ni təşkil edirdi. Hər nəfərə düşən ictimai istehlak fondlarının miqdarına görə də respublikamızın vəziyyəti xeyli pisləşdi. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi yarandıqda, xalqımız mövcud hakimiyyətin dəyişməsini təkidlə tələb etməklə həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etdi. Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtdı, respublikanı ağır fəlakətdən qutarmaq üçün Azərbaycanın tarixi-iqtisadi xüsusiyyətlərinə, xalqın mentalitetinə, geopolitik şəraitinə, milli mənafelərinə uyğun inkişaf strategiyası hazırladı, düşünülmüş və əsaslandırılmış sistemli tədbirlər həyata keçirdi, beynəlxalq təşkilatlar, inkişaf etmiş ölkələrlə əməkdaşlığın formalaşmasını, iqtisadi islahatların aparılmasını prioritet vəzifələr kimi müəyyən etdi. Müstəqil dövlətin inikşaf strategiyasında dövlət quruculuğu, sivil demokratik cəmiyyətin, yeni iqtisadi sistemin hüquqi bazasının formalaşması prosesi beynəlxalq hüquq normaları, qarşılıqlı əməkdaşlıq prinsipləri ilə əlaqələndirildi. Respublikada iqtisadi, investisiya mühitinin yaxşılaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Qeyd edək ki, müstəsna təşkilatçılıq qabiliyyətinə, zəngin idarəçilik təcrübəsinə, dərin təfəkkürə və iti analitik duyuma malik olan Heydər Əliyevin müstəqil Azərbaycanın inkişaf strategiyası barədə baxışları fundamental, konseptual xarakter daşıyır, bu baxışlar Azərbaycan reallığına, onun malik olduğu imkanların sistemli təhlilinə, qloballaşan dünyada gedən proseslərin milli maraqlar baxımından qiymətləndirilməsinə əsaslanır. Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi sisteminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Bu elə bir iqtisadi sistemdir ki, o, respublikamızın perspektiv inkişaf, xalqın yaşayış səviyyəsinin yüksəldilməsi imkanlarını reallaşdırmağa güclü zəmin yaratmağa qadirdir. Heydər Əliyev xarici iqtisadi siyasətlə bağlı strategiyasını çox çətin bir şəraitdə formalaşdırdı. Müstəqilliyin ilk illərində respublikada yaranmış ağır şərait, qeyri-ictimai-siyasi sabitlik müstəqil Azərbaycanın beynəlxalq aləmdə imicini çox aşağı salmışdı. Heç bir dövlət Azərbaycana investisiya baxımından əlverişli bir region kimi baxmırdı. Respublika isə xariclə iqtisadi əməkdaşlığa böyük ehtiyac hiss edirdi. Heydər Əliyev beynəlxalq əməkdaşlığın yeni prinsiplər əsasında inkişafını formalaşdırmaq üçün bir sıra qanunlarda dəyişiklik etdi. Xarici ticarətin genişləndirilməsi istiqamətində cəsarətli addımlar atdı. Lakin bütün bu mərhələlərdə milli maraqları ön plana çəkdi. Xarici şirkətlərin, demək olar ki, hamısı gözləyirdi ki, Heydər Əliyev tez bir zamanla ondan əvvəl hazırlanmış neft kontraktlarını imzalayacaq. Amma dövlət başçısı bunu etmədi və çıxışlarının birində bunu vurğuladı ki, biz milli mənafelərimizin əleyhinə gedə bilmərik, təkid edilən şərtlər respublikanın maraqlarına cavab vermir. Bundan sonra dərin araşdırmalar aparıldı, müqayisəli təhlillər edildi, müstəqil ekspertlərin fikirləri açıqlandı. Demək istəyirəm ki, H.Əliyev xarici iqtisadi əməkdaşlıq məsələlərində milli maraqları ön plana çəkməyi inkişaf strategiyasının vacib prinsipi kimi qiymətləndirirdi. Heydər Əliyev ağır vəziyyətdə olan Azərbaycan iqtisadiyyatını dirçəltmək, bütünlükdə dövlətimizin müstəqilliyinin qorunmasını təmin etmək üçün çox düşünülmüş strategiya seçdi və bu strategiyada neft amilinə üstünlük verdi. Bu, yeganə çıxış yolu idi. Bu, beynəlxalq əmək bölgüsündə iştirak etmək, maliyyə imkanları, demək olar ki, tükənmiş respublikaya investisiyaların cəlb edilməsi yolu idi. Azərbaycan xalqı yaxşı bilir ki, Heydər Əliyevin neft siyasətinin həyata keçirilməsinə nə qədər güclü təzyiqlər, maneələr oldu. Amma dövlətimizin başçısı millətimizin dövlətimizin taleyi, tərəqqisi üçün çox vacib olan prinsipial mövqeyindən dönmədi və 1994-cü ildə Azərbaycan Respublikası dünyanın böyük neft şirkətləri ilə «Əsrin müqaviləsi»ni imzaladı. Bu, müstəqil Azərbaycan dövlətinin, onun prezidentinin tarixi uğuru idi. Bu, eyni zamanda, Azərbaycanın dünyaya inteqrasiyasında fəal iştirakı üçün əlverişli imkanların yaradılması idi. Biz hamımız bunu dərk etməliyik ki, neft faktoru qlobal bir məsələdir. XX əsrdə dünyada baş verən böyük konfliktlərin, müharibələrin əsas səbəblərindən biri neft sərvətlərinə yiyələnmək olmuşdur. Heydər Əliyev sübut etdi ki, Azərbaycan suveren dövlət kimi öz təbii sərvətlərinin sahibidir və tarixin ona verdiyi bu şansdan xalqının mənafeyi naminə uğurla istifadə edilməlidir. Müstəqil Azərbaycanın neft strategiyası dünya təcrübəsini nəzərə aldı. Məlumdur ki, neftlə zəngin olan ölkələrin bir çoxu yoxsulluq, səfalət içində yaşayır. Bu ölkələrin təcrübəsindən məlum olur ki, onlarda milli mənafelərə cavab verən inkişaf strategiyası olmayıb, istimai-siyasi sabitlik təmin edilməyib, demokratik institutlar yaradılmayıb, neft gəlirlərindən daxil olan külli miqdarda vəsaitlərdən istifadənin şəffaflığı təmin edilməyib. Korrupsiyaya qurşanmış dövlət məmurlarına qarşı laqeydlik göstərilib, xalqın taleyüklü problemlərinin həlli arxa palana atılıb. Müstəqil Azərbaycan başqa dövlətlərin keçdiyi yolu təkrar etmədi, öz yolunu öz inkişaf modelini seçdi. Neft siyasətini ümumi inkişaf startegiyası, hüquqi demokratik cəmiyyətin prinsipləri ilə əlaqələndirdi, milli mənafelər, investisiya mühitinin yaxşılaşması, risk faktorunun azalması üçün zəruri tədbirlər həyata keçirdi. Amerika və Avropanı Azərbaycanın maraqlarına cəlb etdi ki, bütün bunlar da Azərbaycan dövlətinin beynəlxalq aləmdə imicinin yüksəlməsinə, respublikaya investisiya axınının güclənməsinə əlverişli şərait yaratdı, respublikamızın müstəqil bir dövlət kimi inkişaf imkanlarını genişləndirdi. Bu gün respublikamıza güclü investisiya axını vardır. Azərbaycanın beynəlxalq aləmdə reytinqi yüksəlir. Qərb, Rusiya ilə əməkdaşlıq imkanları genişlənir. Azərbaycan dövləti dünyada düşünülmüş, balanslaşdırılmış siyasət aparan bir dövlət kimi tanınır. Bir sözlə, əsası Heydər Əliyevin neft siyasətinin hazırlanması və reallaşması ilə bağlı olan bu uğurlu nəticələr getdikcə daha artıq dərəcədə Azərbaycanın tərəqqisinə, keyfiyyətli inkişafına xidmət edir. Heydər Əliyevin neft strategiyasının qlobal əhəmiyyəti daha böyükdür. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri işə düşdükdən sonra respublikamıza çoxlu vəsaitlər daxil olacaqdır ki, onlardan da səmərəli istifadə edilməsi iqtisadiyyatın dinamik inkişaf imkanlarını xeyli genişləndirəcəkdir. Neft amili hələ uzun müddət ərzində bütünlükdə respublika iqtisadiyyatının inkişafı üçün çox mühüm rol oynayacaqdır. Bu, həmçinin onunla əlaqədar olacaqdır ki, neft satışından əldə edilən gəlirlərdən digər strateji inkişaf proqramlarının reallaşdırılması üçün istifadə ediləcəkdir. H.Əliyevi idxal və ixracın nisbətində ilk illərdə yaranmış mənfi saldo narahat edirdi. Bu gün isə nisbət ixracın xeyrinə dəyişib. Qeyri-neft sektorunun üstün inkişaf etdirilməsi ilə bağlı müəyyən edilən strateji inkişaf xətti ixracın strukturunun daha da təkmilləşməsini təmin edəcəkdir. Heydər Əliyev açıq iqtisadiyyatın, bazar iqtisadiyyatının prinsiplərinin nəinki tərəfdarı, həm də fəal təbliğatçısı idi. Eyni zamanda, O, zəngin dövlətçilik təcrübəsinə malik olan ölkə başçısı kimi, dövlət və iqtisadiyyatın münasibətlərində optimallığı müəyyən etməyi tövsiyə edirdi. O, sosial problemlərin, elm, təhsil, ekologiya, qlobal struktur və inkişaf problemlərinin həllində dövlətin imkanlarından, köməyindən (söhbət təkcə maliyyə yardımından getmir) səmərəli istifadə etməyi, iqtisadi orqanların məsuliyyətinin artmasını həmişə diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa xüsusi diqqət verirdi. Bu əməkdaşlıqda da milli maraqları əsas tuturdu və sevinirdi ki, ölkənin maliyyə imkanları ildən-ilə artır, borc almağa ehtiyac azalır, büdcə sisteminin göstəricilərində müsbət meyillər güclənir. Amma yenə də arzu edirdi ki, bank-maliyyə qurumları daha səmərəli fəaliyyət göstərsinlər, ölkənin milli maraqlarını daha güclü surətdə qorusunlar. Heydər Əliyev iqtisadiyyatda müasir tələblərə cavab verən struktur dəyişikliklərinin edilməsi, müstəqil Azərbaycanın inikşaf etmiş sənayeyə malik olması üçün düşünülmüş strategiyaya malik idi və bu istiqamətdə görülən işlərin miqyasının genişlənməsi üçün çox çalışırdı. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında dahi xidmətlərindən biri də Qədim «İpək yolu» nəqliyyat dəhlizində respublikamızın aktiv iştirakını təmin etmək üçün möhkəm əsaslar yaratması ilə bağlıdır. Çünki bu yolun fəaliyyəti respublikamızın sosial-iqtisadi dirçəlişinə böyük təsir göstərəcəkdir. Qədim «İpək yolu»nun bərpası və orada Azərbaycanın aktiv iştirakı qlobal əhatə dairəsi, miqyası, əsrlər boyu faydası çox böyük olan bir məsələdir ki, onun da həllində Heydər Əliyev müstəsna rol oynadı. Aparılan dərin araşdırmalar sübut edir ki, qədim «İpək yolu» Azərbaycan üçün daimi kapitaldır, daimi iqtisadi inkişaf amilidir, daimi gəlir və siyasi sabitlik mənbəyidir. Eyni zamanda, unutmamalıyıq ki nəqliyyat dəhlizlərinə yiyələnmək, bu mümkün olmadıqda isə alternativ yollar axtarmaq istiqamətində dünyada, elə bizim regionda böyük mübarizələr gedir. Ona görə də biz sayıqlığımızı itirməməliyik. İqtisadi İnkşaf Nazirliyi, Nəqliyyat Nazirliyi bu barədə ciddi düşünməlidir. Bunu ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Bakıda keçirilmiş Bakı sammitində qoyduğu vəzifələrin həyata keçirilməsi zərurəti tələb edir. Heydər Əliyev liderliyinin gücü onda idi ki, o, bütün işlərə yüksək tələbkarlıqla yanaşırdı. Onun bu keyfiyyəti əsl səfərbərlik faktoruna çevrilmişdi. O, daima təhlil aparırdı, müqayisəli araşdırmalara üstünlük verirdi, islahatların gedişi prosesində meydana çıxan problemlərin həlli üçün zəruri tələblərin həyata keçirilməsini hökumətdən tələb edirdi. Açığını deyək ki, bir sıra idarəetmə strukturları bu tələblə ayaqlaşa bilmirdilər. O, müvafiq strukturların rəhbərlərindən tələb edirdi ki, xidməti vəzifələrin məsuliyyətini tam dərk etsinlər, dövlətin vəsaitlərindən səmərəli istifadə etsinlər, əhalinin qayğıları ilə yaşasınlar, şəhər təsərrüfatlarında su, qaz, enerji ilə əlaqədar yaranan çətinliklərin təkrarlanmamasına, onların sistemli həllinə nail olsunlar. Bir anlığa gözlərimiz qarşısında Heydər Əliyevin sədrliyi ilə keçən özəlləşmə, sahibkarlığın inkişafı, respublika əhalisinin su, qaz, elektrik enerjisi ilə təminatının yaxşılaşması məsələlərinin müzakirəsinə həsr edilmiş iclasları canlandıraq. Heydər Əliyev Bakıda keçirilən Beynəlxalq Konfransda demişdir»: İqtisadi islahatlar, özəlləşdirmə, iqtisadiyyat sahəsində bizim apardığımız işlərin hamısı iqtisadiyyatı inkişaf etdirməyə, vətəndaşların rifah halını yaxşılaşdırmağa, sosial problemləri həll etməyə yönəlibdir və bu məqsədi daşıyır. Əgər biz aparılan bütün tədbirlər nəticəsində buna nail ola bilmiriksə, onda bazar iqtisadiyyatının, özəlləşdirmənin həyata keçirilməsi istiqamətində gördüyümüz işləri, islahatları ləkələmiş oluruq. Beləliklə, bizim indiyə qədər gördüyümüz işlər dövlət idarəetmə sistemində islahatın daha da dərinləşməsi zəruriliyinə gətirib çıxarır». Dövlət başçısının İqtisadi İnkişaf Nazirliyinin rolunun artması, inkişaf elementləri olan bir sıra sənaye müəssisələrinin fəaliyyətlərinin canlanması, yerli tikinti təşkilatlarının gücündən daha geniş istifadə etmək və s. ilə bağlı tövsiyələri məhz bu zərurətdən irəli gəlmişdi. O, iqtisadi işin keyfiyyətinin daha da yüksəldilməsini, milli maraqların üstün tütulmasını xüsusi vurğulayırdı. Heydər Əliyevin müzakirə olunan hər bir məsələ barədə professional baxışı, sistemli təhlili, inkişafı ləngidən maneələrin aradan qaldırılması üçün verdiyi qlobal və lokal təkliflər onun bir daha ümummilli lider kimi məsuliyyətindən, daima narahatlığından, bütün varlığını xalqına həsr etməsindən xəbər verirdi. Heydər Əliyev bütün fəaliyyəti dövründə insan, onun qayğıları, sosial inkişaf problemlərinə xüsüsi diqqət yetirirdi. Respublikamızda yeni iqtisadi sistemin tələblərinə uyğun olaraq sosial sahədə islahatların keçirilməsi xalqın güzəranının yaxşılaşdırılması imkanlarını xeyli gücləndirirdi. Bununla belə, Heydər Əliyev narahatlıq keçirirdi ki, əhalinin müəyyən hissəsi işsizlik, yoxsulluq şəraitində yaşayır, doğma yurdlarından erməni millətçiləri tərəfindən qovulmuş azərbaycanlılar ağır çətinliklərlə üzləşirlər. Sadalanan hər bir problem haqqında onun çox dəyərli, proqram xarakterli tövsiyələri, təklifləri var idi. Heydər Əliyevin tapşırığı ilə 2001-ci ildə Azərbaycanda «Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramı» qəbul edildi. Hazırda Prezident İlham Əliyevin nəzarətində olan bu proqramın reallaşması üçün mühüm tədbirlər həyata keçirilir. İllər keçəcək, Azərbaycanda bir nəfər də yoxsul olmayacaqdır. Bütün xalq dahi Heydər Əliyevi ehtiramla yad edəcəkdir ki, «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı» onun bilavasitə tapşırığı ilə hazırlanmışdı. Heydər Əliyev yeni iqtisadi sistemin səmərəli fəaliyyəti üçün çox vacib olan amilə - sahibkarlığın inkişafına xüsusi diqqət verirdi. Sahibkarlığı iqtisadi inkişafın strateji resursu kimi qiymətləndirən Heydər Əliyev özəl sektorun inikşafı, mülkiyyət münasibətlərinin formalaşması, kiçik və orta biznesə mane olan əngəllərin qaldırılması, ümumiyyətlə, əlverişli işgüzar, investisiya mühitinin yaradılması üçün ardıcıl və sistemli mübarizə aparırdı. O, milli sahibkarların, orta sahibkarlıq sinfinin formalaşması, yerli resurslardan səmərəli istifadə, rəqabətə davamlı məhsullar istehsalının genişləndirilməsini çox arzulayırdı. Heydər Əliyev əmin idi ki, Azərbaycan iqtisadiyyatında yaradıcı, məhsuldar əməyə diqqət daha da artacaq, bu məqsədlə kadr potensialından, yerli mütəxəssislərin əməyindən daha səmərəli istifadə ediləcək, onlar müasir menecment qaydalarına yiyələnəcəklər. Bu yaxınlarda «Amerikanskaya strategiya dlya XX veka» adlı maraqlı bir kitabı oxuyarkən orada bir fikir mənim diqqətimi cəlb etdi: «Ölkə əsas həyati fəaliyyət proseslərini idarə etməyə qabil olan insanlara, idarəçiliyə ehtiyac duyduğu zaman, gec və ya tez həmin vakuumu xarici ölkə vətəndaşları doldurmağa başlayır. Buna kolonizasiya (müstəmləkəçilik - Z.S) deyirlər...». Azərbaycan da vaxtilə bu kimi təhlükəli proseslə üzləşə bilərdi. Belə ki, uzun müddət respublikanın bir sıra aparıcı sahələrində azərbaycanlı kadrların xüsusi çəkisi çox aşağı idi. Ona görə də 70-ci illərdə Heydər Əliyev əsl strateq, üzaqgörən bir lider kimi böyük səy göstərdi. Minlərlə azərbaycanlı gəncin Sovetlər İttifaqının nüfuzlu ali məktəblərində təhsil almasına nail oldu. Bu gün müstəqil dövlətimizin həyati əhəmiyyət kəsb edən sahələrinin ahəngdar fəaliyyəti üçün tələb olunan kifayət qədər kadr potensialımız var. Bunlar bizim milli sərvətimizdir, onların yüksək potensiallığı, əməksevərliyi hətta xaricin tələbkar iş adamlarını da heyran edir. Heydər Əliyev vətən torpağının hər qarışının çiçəklənməsi üçün çalışırdı, məhsuldar qüvvələrin ərazi üzrə yerləşdirilməsindəki illər boyu yaranmış uyğunsuzluqların aradan götürülməsi, Bakı-Sumqayıt regionunda istehsalın təmərküzləşməsinin qarşısının alınması, kiçik və orta şəhərlərin inkişafını strateji vəzifə kimi qiymətləndirirdi və onların yerinə yetirilməsi üçün böyük zəhmət sərf edirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra Heydər Əliyev qəti əmin oldu ki, kənddə torpaq münasibətlərini radikal şəkildə dəyişdirmədən, kəndlini torpağın sahibi etmədən əhalinin güzəranını yaxşılaşdırmaq, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək mümkün olmayacaqdır. Bu tarixi missiyanı yerinə yetirmək üçün Heydər Əliyev dünya təcrübəsini, yerli xüsusiyyətləri, əhalinin mentalitetini, yaranmış vəziyyəti sistemli təhlil etdi, bir-birini tamamlayan qanunları imzaladı, normativ baza yaratdı, informasiya təminatını gücləndirdi. Bütün bunlar respublikada torpaq islahatlarının uğurla, sosial sarsıntılarsız həyata keçirilməsini təmin etdi. İlk nəticələr böyük inkişaf imkanlarından xəbər verir. İndi kənddə islahatların ikinci mərhələsi davam etdirilir ki, bu istiqamətdə də görüləsi işlər dövlət başçısı İlham Əliyev tərəfindən ciddi nəzarətə götürülüb. Çünki kəndə qayğı Azərbaycanın gələcəyinə qayğıdır. Heydər Əliyev dünya azərbaycanlılarının da ümummilli lideri idi. O, çox arzulayırdı ki, bir çox səbəblər üzündən tarixən dünyanın bir çox ölkələrində məskunlaşmış azərbaycanlılar Azərbaycanla daima əlaqədə olsunlar, azərbaycançılıq ideyalarının yayılmasında fəallıq göstərsinlər. Heydər Əliyevin «mən fəxr edirəm ki, azərbaycanlıyam» sözləri dünya azərbaycanlılarına müqəddəs çağırış idi. Bu çağırışla Heydər Əliyev bütün dünya azərbaycanlılarını, qədim tarixə, zəngin mədəni irsə, yüksək mənəvi dəyərlərə malik olan Azərbaycanı dünyada tanıtmaq istəyir, onun xalqını bu sahədə daha geniş iş aparmağa səsləyirdi. Heydər Əliyev xaricdə yaşayan soydaşları qarşısında Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı çıxışlarında Azərbaycanın gələcəyinə inandığını, bunun üçün real imkanların, müəyyən etdiyi strategiyanın dönməz olduğunu, onun xalqımızın milli mənafelərinə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə yönəldiyini xüsusi vurğulayır, bu kimi ali amallara xidmət etməyi hər bir azərbaycanlının müqəddəs vəzifəsi sayırdı. O, xaricdə yaşayan imkanlı azərbaycanlıları Azərbaycanda iş qurmağa, investisiya qoymağa çağırdı. O, yaxşı bilirdi ki, qloballaşan, gündən-günə mürəkkəbləşən dünyada mənafelər uğrunda mübarizələr daha da genişlənəcək. Qərblə Şərq, Qərblə İslam dünyası, Qərb və postsovet məkanı ölkələri arasında münasibətlər ciddi amillərin təsirindən asılı olaraq Azərbaycana da bu və ya digər dərəcədə təsir edə bilər. O, Türk dünyasının daha sürətlə inkişafıını arzulayırdı və Bakı-Tbilisi-Ceyhan neft-boru kəmərinin də bu baxımdan tarixi rolunu xüsusi vurğulayırdı. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, Azər baycanın türk dünyası ölkələri ilə iqtisadi sahədə əməkdaşlığı daha da inikşaf etməlidir, investor hər iki ölkənin milli maraqlarına cavab verən layihələr həyata keçirməlidirlər. Onun Türkiyənin dövlət, hökumət rəhbərləri ilə səmimi dostluğu Türk dünyası ölkələrinin birliyinə xidmət edirdi. Böyük məmnunluqla qeyd etmək istəyirəm ki, indi bu dostluq, qardaşlıq münasibətlərini Prezident İlham Əliyev bir müqəddəs vəzifə kimi davam etdirir. Biz hamımız bunu dərk etməliyik ki, Azərbaycanın Heydər Əliyevi və Türkiyənin Atatürkü Mustafa Kamal Türk dünyasının XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdir - ümumilli liderlərdir. Bu iki görkəmli şəxsiyyətin dövlət başçıları kimi çox dəyərli iqtisadi platformaları, baxışları olub ki, bunların da ana xəttini Türkiyə və Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətlər səviyyəsinə yüksəlmələri təşkil edir. Bizim hamımız Böyük Atatürk və Böyük Heydər Əliyevin türk dünyasının Türkiyə və Azərbaycanın inkişafı barədə baxışlarını uca tutmalı, ölkələrimiz arasında əməkdaşlığın nəinki kəmiyyət, həmçinin keyfiyyət göstəricilərinin yüksəlməsinə nail olmalıyıq. Bu yazıda biz ümumilli lider Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının mahiyyəti, prioritet istiqamətlərini açıqladıq, bu dahi şəxsiyyətin amalı, fəaliyyəti barədə bəzi məqamlara toxunduq. Bir iqtisadçı kimi bildirmək istəyirəm ki, Heydər Əliyevin iqtisadi baxışları, fikirləri çox zəngindir, onların sistemləşdirilməsi, qruplaşdırılması və dərindən öyrənilməsi nəinki iqtisadi qurumların, həmçinin iqtisadi təhsilin və iqtisad elminin ən vacib vəzifələrindən sayılmalıdır. Heç şübhə yoxdur ki, Heydər Əliyevin Azərbaycan iqtisadiyyatına dair baxışları uzun müddət hamımızın fəaliyyət proqramında öz layiqli yerini tutacaqdır. Hamımız qürur hissi keçiririk ki, müstəqil dövlətimizin gələcəklə bağlı Heydər Əliyev tərəfindən müəyyən edilmiş stragiyası vardır. Gələcək inkişaf üçün onun tərəfindən möhkəm təməl yaradılmışdır. Bu təməl Azərbaycan dövlətinin dinamik inkişafına, xalqın yaxşı yaşamasına, ölkəmizdə hüquqi, demokratik cəmiyyətin qurulmasına, Azərbaycanın sivil dövlətlər içərisində özünə layiqli yer tutmasına xidmət edir və edəcəkdir. Onun Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı arzuları böyük idi. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə o, respublikasını SSRİ məkanında birincilər sırasına çıxarmaq vəzifəsini qarşıya qoymuşdu. O buna nail oldu. İkinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyini xilas etməli, ölkənin ictimai-siyasi həyatında yaranmış xaosu aradan qaldırmalı, sabit və dinamik inkişafa xidmət edən yeni iqtisadi sistem yaratmalı idi. O, buna da nail oldu. Heydər Əliyev öz respublikasının taleyüklü iqtisadi problemlərinin həllində özünü əsl ümumilli lider kimi təsdiq etdi. Əsl lider kimi öz gücünü düzgün, sona qədər sərf etdi. Onun lider kimi başlıca xüsusiyyətlərindən biri uzaqgörənlikdir. Sakit təbiətə malik olan Heydər Əliyev hadisələri qabaqcadan görmək, gələcəyi proqnozlaşdırmaq məharətinə malik idi, riski sevirdi, strateji, qlobal düşünməyə çox üstünlük verirdi. Əldə etdiyi nailiyyətlərə yüksək tələbkarlıqla yanaşırdı. İnadkar və möhkəm idi, məsuliyyət hissini çox yüksək qiymətləndirirdi, böhran, ağır şəraitdə idarə etmək, təhlükəni aradan qaldırmağa qadir idi. Heydər Əliyev əlçatmaz olana doğru inamla gedirdi və məqsədinə nail olurdu. Ümummilli liderə məxsus olan bu keyfiyyətlərin, xüsusiyyətlərin hər birini respublikamızın taleyi ilə bağlı faktlarla açıqlamaq olar. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dağılmasının qarşısının alınması, respublikamızın geriliyinin aradan qaldırılması, neft kontraktlarının bağlanması, ölkənin dinamik inkişafının təmin edilməsi, qloballaşan dünyada Azərbaycanın özünə layiqli yer tutması və s. fundamental problemlərin uğurla həll edilməsinə nail oldu. Azərbaycanı, onun xalqını dünyaya tanıtdı. Heydər Əliyevin tarixi şəxsiyyət, ümumilli lirder kimi fundamental uğuru ondan ibarətdir ki, onun qurduğu müstəqil Azərbaycan dövləti yaşayır və inkişaf edir. Bu gün Azərbaycanda iqtisadi inkişaf sürəti dünya iqtisadiyyatı üzrə olan göstəricini xeyli ötür. Bu, bizim tarixi nailiyyətimizdir. Bu inkişaf meyli uzun bir dövr üçün mütləq və mütləq davam etməlidir ki, dövlətimizin iqtisadi qüdrəti daha da möhkəmlənsin, keyfiyyətli həyat səviyyəsi təmin edilsin, Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə çatması istiqamətində cəsarətli addımlar atılsın. Çox sevindirici haldır ki, bütün bunlar reallığa çevrilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün çıxışlarında, həyata keçirdiyi tədbirlərdə, hökumətə verdiyi tapşırıqlarda respublika iqtisadiyyatının inkişafında baş verən müsbət dəyişişkliklərin daha da gücləndirilməsini, dərinləşdirilməsini xüsusi vurğulayır. Dahi Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyim yazını ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə andiçmə mərasimində dediyi aşağıdakı sözlərlə bitirmək istəyirəm:
İlham Əliyev: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm». * * * * * 2018-ci il sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “...Bu gün isə Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir. Bu gün Azərbaycan tam müstəqil siyasət aparır. Qeyd etdiyim bütün məsələlər – istər xarici siyasətlə, daxili siyasətlə, iqtisadiyyatla bağlı olan bütün nailiyyətlər bu məqsədə xidmət göstərir ki, bizim müstəqilliyimiz daha da möhkəmlənsin. Müstəqilik təkcə dövlət atributları deyil. Sən müstəqil siyasət apara bilirsən, yoxsa yox? Bunu uğurla apara bilirsən, yoxsa yox? Bu müstəqil siyasət sənə xeyir gətirir, yoxsa yox? Bax, bu suallara cavab verdikdə əminliklə deyə bilərik ki, bu gün tam şəkildə müstəqil siyasət aparan Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edir. Azərbaycan parlamentinin bu işlərdə önəmli rolu var.
Akademik Ziyad SƏMƏDZADƏ
|