AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
29.12.2019
İlham Əliyev: Biz elə etməliyik ki, xalqımız daha 
yaxşı yaşasın, heç bir sosial gərginlik olmasın
 
2001-ci il oktyabrın 2-də Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir: “...Bizim bu on illik tariximiz yazılmalıdır. Bəlkə də bu on ilin gündəliyi yazılmalıdır. Hansı gün nə olub, Azərbaycan hansı gün nə vəziyyətdə olubdur, hansı gün nə fəlakət qarşısında olubdur. Çünki bu dövr, zaman gələcək, Azərbaycan müstəqil bir dövlət kimi daha da möhkəmlənəcək, iqtisadi cəhətdən inkişaf edəcək, Azərbaycan möhkəm və qüdrətli bir dövlət olacaqdır. Ancaq gələcək nəsillər də gərək bunu unutmasınlar. Ona görə də bu on il təhlil edilməlidir...”.
Azərbaycanın iqtisadi inkişaf tarixinin son 25 ili, sözün əsl mənasında, iqtisadiyyatımızın gücünün, xalqımızın sosial həyatının yaxşılaşması tarixində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması tarixidir. 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev gənc müstəqil dövlətin siyasi, iqtisadi əsaslarını möhkəmləndirirdi, Azərbaycanın beynəlxalq aləmdə tanınması, ən aparıcı transmilli şirkətlərin dağılmış vəziyyətdə olan ölkə iqtisadiyyatına cəlb edilməsi, ölkədə sivil bazar münasibətlərinə cavab verən yeni iqtisadi sistemin qurulması üçün titanik fəaliyyət göstərirdi. O, Azərbaycanı xilas etdi, onun müstəqilliyinin əbədi, sarsılmaz olması üçün hər cür çətinliyə, təzyiqlərə məruz qaldı, arzu etdiyi məqsədə çatdı. Ulu öndərin Azərbaycan xalqı qarşısında unudulmaz və tarixi xidməti ondadır ki, o, ölkəsinin yaxın və uzaq gələcək üçün də dinamik inkişafının möhkəm əsaslarını yaratdı. Azərbaycanın müstəqilliyinin qorunması üçün titanik fəaliyyət göstərdi. Bu gün Azərbaycan beynəlxalq aləmdə dinamik və keyfiyyətli inkişaf edən qitələri birləşdirən, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirak edən ölkə kimi tanınır. Bütün bu uğurların təməlində ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. 2003-ci ildə keçirilən prezident seçkilərində İlham Əliyev seçicilərin həlledici hissəsinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. İlham Əliyevin seçkiqabağı və ondan sonrakı dövrdə işgüzar adamlarla görüşləri, həyata keçirdiyi proqramlar birmənalı şəkildə sübut edir ki, cənab prezident Heydər Əliyev siyasətini bundan sonra da davam etdirəcəkdir. Azərbaycanın gələcək inkişafına, milli maraqlara xidmət edən Azərbaycan iqtisadiyyatı, onun inkişaf perspektivləri barədə baxışları elmi dəlillərə, reallığın obyektiv, sistemli təhlilinə, respublikamızın malik olduğu elmi-texniki, istehsal, əmək potensialının düzgün qiymətləndirilməsinə əsaslanır. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev demişdir: “Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Azərbaycana hörmət edirlər. Azərbaycanda demokratiya daha da inkişaf edəcəkdir, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm. Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Prezident seçkilərinin yekunları, İlham Əliyevin seçicilərin dörddə üç hissəsindən çoxunun səsini qazanması və Azərbaycan Respublikasının Prezidenti seçilməsi yaranmış ab-havanın, ictimai-siyasi həyatın sağlam və sabit olmasından xəbər verir. Azərbaycan xalqı tam əmindir ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş düzgün inkişaf strategiyası respublikamızın uğurlu gələcəyi üçün yeni perspektivlər açır. Cəmiyyətdə taleyüklu problem ətrafında formalaşmış konsensus dinamik inkişafın güclü amilinə çevrilir. İslahatların sosial səmərəsini artırmaq istiqamətində genişmiqyaslı addımlar atılır, yeni iqtisadi sistemin dayaqları möhkəmlənir. Məhsuldar əməyə, yaradıcılığa, vətən torpağının çiçəklənməsi üçün maddi və mənəvi stimulların tətbiqinə diqqət artırılır. Bir sözlə, gələcək inkişafımızın təməli möhkəmlənir. Prezident İlham Əliyev bu amili fundamental əsas kimi qəbul edərək sosial-iqtisadi inkişafla bağlı daha miqyaslı tədbirlərin həyata keçirilməsini dövlət fəaliyyətində ən taleyüklü vəzifə kimi müəyyənləşdirmişdir. 2009-cu ildə Prezident İlham Əliyev ölkə iqtisadiyyatında keçid dövrünün başa çatmasını bəyan etdi. Dövlət başçısının bu bəyanatı Azərbaycan reallığını tam əks etdirirdi. Bunun üçün kifayət qədər əsas yaradılmışdı. Ölkədə bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi sistem qurulmuş, sərt inzibati amirlik sisteminə əsaslanan iqtisadi mexanizmlərdən istifadə minimuma endirilmiş, yeni güclü iqtisadi qanunvericilik bazası yaradılmışdır. İldən-ilə miqyası genişlənən irimiqyaslı layihələrin həyata keçirilməsi ölkə iqtisadiyyatının sahə, ərazi quruluşunun şaxələndirilməsi, sahibkarlığın inkişafı istiqamətində atılan addımlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirak edən qitələrin birləşdirilməsinə xidmət edən mühüm nəqliyyat dəhlizinə çevrilməsini, dünyanın neft siyasətində fəal oyunçu kimi çıxış etməsini şərtləndirmişdir. Buna heç şübhə yoxdur ki, hər hansı bir dövlətin müstəqilliyinin təmin edilməsi onun iqtisadi qüdrəti, gücü ilə bağlıdır. Burada ölkənin ərazisinin həcmi, əhalisinin miqdarı, təbii ki, vacib rol oynayır. Lakin bunlar həlledici amillər sayıla bilməz. İctimai-siyasi hadisələrin qloballaşdığı bir şəraitdə, hətta ərazisi nəinki o qədər də böyük olmayan dövlətlər öz müstəqilliklərini qoruyur, eyni zamanda, dünya siyasətində fəal iştirak edir, iqtisadiyyatın gücünü möhkəmləndirir, inkişaf səviyyəsini yüksəldir.
Ölkə iqtisadiyyatının inkişafını xarakterizə edən əsas göstəricilərin kompleks təhlili sübut edir ki, respublikanın davamlı inkişafını, əhalinin layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıyan dövlət siyasəti müvəffəqiyyətlə həyata keçirilir. Son illər Azərbaycan bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricinin - ÜDM-in artım sürətinə görə lider ölkələr sırasındadır. Azərbaycanın dövlət başçısı bildirir ki, biz, eyni zamanda, bu inkişaf dinamikasını daima diqqət mərkəzində saxlamalıyıq ki, qlobal rəqabət mübarizəsində uduzmayaq, keyfiyyətli inkişafdan geri qalmayaq, real sektorun mütərəqqi istiqamətlər üzrə inkişafının, müasir texnologiyaya əsaslanan məhsul və xidmətlərin istehsalının genişləndirilməsini, insan kapitalından səmərəli istifadə etmək üçün bütün işlərin yüksək sürətlə və keyfiyyətlə görülməsinin təmin edək. 2014-cü il noyabrın 11-də Budapeştdə Prezident İlham Əliyevin də iştirak etdiyi Azərbaycan-Macarıstan Biznes Forumunda Macarıstanın Baş naziri Viktor Orban belə bir fikir işlətdi:
“Bəzi ölkələr bu gün çətinliklər yaşayır, öz milli maraqlarını aydın şəkildə vurğulaya, milli təsisatları qura bilmir, bununla da dost və tərəfdaş ölkələrdən məhrum olurlar. Digər ölkələrdən yardım istəyən ölkələr də var. Xanımlar və cənablar, bu ölkələrin gələcəyi yoxdur. Bütün bəşəriyyət bu gün çox çətin və mürəkkəb dövr yaşayır. Münaqişə regionlarına diqqət yetirsəniz, bu gün bunları hesablamaq üçün əlimizdəki barmaqlar çatmaz. Bu gün xəbərlərə baxanda görürük ki, dünyanın müxtəlif yerlərində insanlar əzab-əziyyət, iztirab içindədirlər. Çünki bəzi dövlətlərdə səriştəli rəhbərlik yoxdur”. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, onun İlham Əliyev kimi lideri var. Dünyanın çox minillik tarixi göstərir ki, lider və dövlət, lider və inkişaf - bunlar bir-birilə sıx vəhdət təşkil edir. Lideri olmayan dövlət heç vaxt tərəqqi edə bilməz. Lideri olmayan dövlət heç vaxt tanına, beynəlxalq aləmdə nüfuz qazana bilməz. Lideri olmayan dövlət üzləşdiyi taleyüklü problemləri həll edə bilməz, dinamik və sabit inkişafdan qalar. Lideri olmayan dövlətin xalqı həmişə narahat yaşayar. Bu gün qloballaşan dünyada ən məşhur siyasətçilər, proqnoz­laşdırıcılar şəxsiyyətin tən­tənəsi amilini müasir dövrün ən apa­rıcı inkişaf amillərindən sayırlar. Bəli, lideri olmayan dövlətin, xal­qın taleyi həmişə sual altında olmuş və olacaq. Ətrafımızda baş verənlər bu deyilənləri bir daha təsdiq edir.
Ölkə inkişaf etdikcə, dövlətin, xalqın üzləşdiyi problemlər də öz həllini tapır. “Biz elə etməliyik ki, xalqımız daha yaxşı yaşasın, heç bir sosial gərginlik olmasın. Əminəm ki, növbəti illərdə bu vaxta qədər edə bilmədiyimiz məsələlər də öz həllini tapacaqdır. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm. Əgər onu hiss etməsəydim, tam əminəm ki, görülən işlərin bəlkə heç 10 faizini etmək mümkün olmazdı. Nə ölkə daxilində, nə xarici müstəvidə, nə ölkəmizin beynəlxalq mövqelərinin möh­kəmlənməsində, nə də ki Azərbaycanda inkişafın təmin edilməsində bu işləri görmək mümkün olmazdı”.
İnkişafın Azərbaycan modeli həm də ona görə uğurlu nəticələr əldə etməyə imkan verir ki, iqtisadi və siyasi islahatlar bir-biri ilə qarşılıqlı əlaqəli şəkildə aparılır. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan dövləti sosial­yönümlü bazar iqtisadiyyatının qurulmasında məqsəd və vəzifələri, hədəfləri dəqiq əsaslandırılmış strateji proqramlardan istifadə etməli, sosial tərəqqini, keyfiyyətli inkişafı xarakterizə edən göstəricilərin daim yaxşılaşmasını özünün vacib vəzifələrindən saymalıdır. Əhalinin taleyüklü sosial problemlərin həllini təmin etmək üçün güclü dövlət, güclü iqtisadiyyat, səmərəli dövlət tənzimlənməsi, inkişafın sosialyönümlülüyünün diqqət mərkəzində saxlanılması zəruridir. Uzağa getməyək. Qlobal maliyyə böhranı, neftin qiymətinin aşağı düşdüyü dövrdə Azərbaycan dövləti strateji proqramların, layihələrin heç birini dayandırmadı. Büdcə-maliyyə resurslarının bölüşdürülməsində müəyyən dəyişikliklər etdi, inflyasiya risklərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər gördü. Dövlət başçısı İlham Əliyev deyir: “Bu günlərdə dünyada yaşanan maliyyə böhranı da, demək olar ki, bir çox ölkələrin iqtisadi potensialına zərbə vurubdur. Amma Azərbaycan özünü tam əmin hesab edir. Biz beynəlxalq xəbərləri izləyərkən görürük ki, dünyada nə qədər böyük narahatlıq var. Bu narahatlığı həm dövlət və hökumət nümayəndələri, həm adi vətəndaşlar ifadə edirlər, həm də vətəndaşların əmanətləri artıq təhlükə altındadır. Bir neçə ən böyük maliyyə qurumları, demək olar ki, iflic vəziyyətinə düşübdür və böyük maliyyə qurumları artıq dövlət nəzarəti altına keçirlər. Yəni, bütün bunlar çox narahatedici hadisələrdir. Amma biz düşünülmüş siyasətlə və yaradılan güclü iqtisadiyyatla özümüzü bu böhranlı vəziyyətdən qoruyuruq. Nə Azərbaycan dövləti, nə Azərbaycan iqtisadiyyatı, nə də Azərbaycan vətəndaşı bu böhranı hiss edir. Bu, böyük nailiyyətdir və bir daha onu göstərir ki, bizim düşünülmüş iqtisadi siyasətimiz, risklərə çox ehtiyatlı yanaşmağımız ən düzgün siyasətdir”. Böhran heç kəsi sevindirə bilməz. Amma digər tərəfdən bu böhran bir həqiqət anı idi. Kimin nəyə qadir olduğunu çox qabarıq şəkildə göstərdi. İlk növbədə bu, onu göstərdi ki, Azərbaycan dövləti istənilən iqtisadi sınaqlardan şərəflə çıxa bilər, bu sınaqlar əhalinin sosial vəziyyətinə ciddi təsir göstərə bilməz! Hansı vəziyyətdə olmasından asılı olmayaraq, Azərbaycanda sosial və infrastruktur tədbirləri səngimək bilmədən davam etdiriləcəkdir. Bu prinsipial məsələ barədə dövlət başçısının mövqeyi müstəqil Azərbaycanın inkişafı üçün tarixi əhəmiyyət kəsb edir.
Neft vasitə deyil, məqsəddir
Azərbaycan dövlətinin başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının həyata keçirilməsi ilə əlaqədar məsələləri daima diqqət mərkəzində saxlayır. O, Azərbaycanın neft strategiyasının reallaşması ilə bağlı dünyanın ən nüfuzlu şirkətləri ilə fəal və işgüzar danışıqlar aparır, meydana çıxan problemlərə yüksək peşəkarlıqla müdaxilə edir və milli mənafeləri gözləməklə onların həllinə nail olur. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev dedi:
“Bu işin ərsəyə gəlməsində beynəlxalq əməkdaşlıq yarandı: üç ölkə - Türkiyə, Gürcüstan, Azərbaycan, xarici neft şirkətləri, xarici maliyyə qurumları, yerli mütəxəssislər, neftçilər, fəhlələr, hüquqşünaslar. Bu işlərdə əməyi olan bütün insanlara mən Azərbaycan dövləti adından öz dərin minnətdarlığımı bildirirəm”.
“Bakı-Tbilisi-Ceyhan” layihəsinin real­laşmasından danışan Prezident İlham Əliyev dedi: “Diqqəti ona cəlb edirik ki, bölgənin inkişafı bundan sonra tam başqa formalarla zənginləşəcəkdir. Bu gün Azərbaycan, Türkiyə və Gürcüstan regional müstəvidə müttəfiq ölkələrdir. Bizim müttəfiqliyimiz artıq həyatda öz əksini tapıbdır. Bizim müttəfiqliyimiz bölgəyə təhlükəsizlik, sabitlik gətirir. Biz bunu istəyirik, sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik. İstəyirik ki, xalqlarımız rifah içərisində yaşasınlar, problemlər öz həllini tapsın və ölkələrimiz möhkəmlənsin. Hər üç ölkə bu layihənin həyata keçirilməsindən böyük faydalar götürəcəkdir. Bəlkə də, bu gün onların hamısını təsəvvür etmək mümkün deyildir. Amma vaxt keçdikcə, həyat keçdikcə biz bunların bariz nümunələrini açıq görəcəyik. Bakı-Tbilisi-Ceyhan bizim müstəqilliyimizi möhkəmləndirəcək, enerji müstəqilliyimizi təmin edəcəkdir. Belə olan halda, biz müstəqil siyasət apararaq xalqlarımızın rifah halını yaxşılaşdıracağıq, milli maraqlarımızı daha da inamla müdafiə edəcəyik. Bir sözlə, bu, strateji əhəmiyyət daşıyan, ölkələrimizin müqəddəratını təmin edən, xoşbəxt gələcəyini təmin edən layihədir”. 2007-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri tam gücü ilə işləməyə başladı. 2007-ci ildə Azərbaycan ilk dəfə qaz ixracatçısı oldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı. 2014-cü ildə Səngəçalda Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi. 2017-ci ilin sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalandı. Bununla da “Əsrin müqaviləsi”nin davamına dair yeni müqavilə imzalandı və layihənin müddəti 2050-ci ilədək uzadıldı. Bu hadisə həqiqətən Azərbaycan xalqının tarixi nailiyyətlərindən biri kimi qiymətləndirilir. Yeni sazişə əsasən, BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-də iştirak payı 11,65 faizdən 25 faizə qaldırılır, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Beynəlxalq tərəfdaş şirkətlər ARDNF-yə 3,6 milyard dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var. Bütün dünyaya bəyan edildi ki, “Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib...”
“İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır...”. “Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının üçdə biri və ya daha çox, hətta 40 faizini təşkil edir. Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır...”
Azərbaycan dövlətinin düşünülmüş investisiya siyasətindən danışarkən Türkiyənin İzmir şəhərində 19 oktyabr 2018-ci ildə “Star” neft emalı zavodunun açılış mərasimini qeyd etməmək mümkün deyil. Hələ 2011-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təməli atılan “Star” zavodu hər iki ölkənin, bütövlükdə isə bu bölgənin iqtisadi inkişafına və enerji təhlükəsizliyinin təmin olunmasına öz müsbət töhfəsini verəcək tarixi layihədir. Qeyd edək ki, illik istehsal gücü 10 milyon ton olan “Star” neft emalı zavodu ilk beş il müddətində Azərbaycan iqtisadiyyatına ildə 850 milyon ABŞ dolları, sonrakı dövrlərdə isə hər il 600 milyon ABŞ dollarından çox gəlir gətirəcək.

Ölkənin davamlı inkişafına, iqtisadi  təhlükəsizliyinə 
xidmət edən investisiya siyasəti

 “Əsrin müqaviləsi”nin imzalanması respublika iqtisadiyyatının inkişafına güclü təkan verdi. Bu, ilk növbədə ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi hesabına əldə edildi.
Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatına investisiyaların təsiri məsələlərinə toxunaraq deyir: “Azərbaycanın inkişafının ilk illərində biz əsas diqqəti xarici sərmayələrə yönəltmişdik. Bu da təbii idi. Çünki ölkədə iqtisadi durum çox acınacaqlı idi, demək olar ki, müəssisələrin böyük əksəriyyəti fəaliyyət göstərmirdi, sahibkarlıq sıfır səviyyəsində idi. Olan sahibkarlığa da sahibkarlıq deyə bilməzdik. Çünki o, daha çox kölgə iqtisadiyyatının təzahürü idi. Ona görə 1994-1997-ci illərdə biz daha çox xarici sərmayəyə ümid edirdik. Bu, təbii proses idi. Xarici sərmayə Azərbaycana imkan verdi ki, neft sektoru inkişaf etsin. Çünki xarici sərmayənin əsas ünvanı neft sektoru idi. Ancaq neft sektoruna qoyulan hər bir dollar qeyri-neft sektoruna da minimum bir dollar gətirir. İndi isə Azərbaycanda formalaşan sahibkarlar ölkə iqtisadiyyatına sərmayə qoyur. Çünki xarici investisiyalar hər bir ölkə üçün çox önəmlidir. Amma bizim daxildə də imkanlarımız var. Ona görə gərək sahibkarlar bu gözəl işgüzar mühitdən səmərəli istifadə etsinlər”. Bir qayda olaraq, ölkəyə xarici kapital axını onun inkişaf imkanlarını artırır, yerli istehsalat amillərinin səfərbər edilməsinə və onların daha səmərəli istifadəsinə, qiymətlərin aşağı düşməsinə və idxalı əvəzləyən məhsulun və milli iqtisadiyyatın keyfiyyət göstəricilərinin yaxşılaşmasına kömək edir. Son 16 ildə Azərbaycan iqtisadiyyatına investisiya qoyan ölkələrin coğrafiyası xeyli genişlənmişdir. Heç şübhəsiz ki, hər iki tərəfin maraqlarına cavab verən bu kimi əlaqələrin inkişafı, xarici investisiyaların gələcəkdə digər sahələrə, xüsusilə də qeyri-neft sektoruna yönəldilməsi sürətləndiriləcəkdir. Çünki ölkədə investisiya, biznes mühiti ildən-ilə yaxşılaşır. Eyni zamanda, onu da məmnunluqla qeyd etmək lazımdır ki, investisiyaların strukturunda daxili investisiyaların xüsusi çəkisi xeyli yüksəlmişdir ki, bu da heç şübhəsiz ki, Azərbaycan dövlətinin mühüm uğurlarından biri kimi qiymətləndirilməlidir. Xaricin işgüzar adamlarının iştirakı ilə keçirilən forumda Prezident İlham Əliyev demişdir:
“Bu gün bizim qonaqlarımız öz çıxışlarında Azərbaycana yeni sərmayələr, kreditlər verilməsini və gəlib burada iş görmələrini arzu edirlər. Bu, çox sevindirici haldır. Onlar da öz çıxışlarında qeyd etdilər və bu da həqiqətdir ki, müstəqil Azərbaycanda bizim yaratdığımız ictimai-siyasi sabitlik olmasaydı, əgər müstəqil dövlət kimi Azərbaycan Dünya Birliyində etibar qazanmasaydı, əgər xarici banklar, Avropanın çox böyük, nəhəng şirkətləri Azərbaycan hökumətinə, dövlətinə inanmasaydılar, onları, necə deyərlər, zəncirlə də dartıb buraya gətirmək mümkün deyildi. Amma indi özləri gəlirlər, xahiş edirlər, özləri müraciət edirlər. Çünki xarici şirkətlərin Azərbaycanda səmərəli işləməsi üçün, təbiidir ki, özlərinin fayda götürməsi üçün və ölkəmizə vəsait qoyması üçün çox gözəl, münbit şərait yaranıbdır. Bu şəraiti biz yaratmışıq. Bu da Azərbaycanın müstəqilliyinin yeni böyük nailiyyətidir”.
Qeyri-neft sektorunun inkişafına yönəldilmiş vəsaitin ümumi həcmi 2003-cü illə müqayisədə 6,1 dəfə artaraq, 2017-ci ildə 8,3 milyard manat olmuşdur, onun xüsusi çəkisi cəmi vəsaitlərin 49,6%-ni təşkil etmişdir. 2004-2018-ci illərdə ölkədə 8119 çarpayılıq 106 xəstəxana, bir növbədə gəlişlərin sayı 8912 olan 156 ambulatoriya-poliklinika müəssisəsi, 514,8 min şagird yerlik 1457 ümumtəhsil məktəb binası, 21039 yerlik 204 məktəbəqədər təhsil müəssisəsi, 6880 yerlik 41 klub və digər sosial-mədəni obyektlər tikilib istifadəyə verilmişdir. Bütün bunlar ölkədə investisiya proseslərinin canlanmasını xarakterizə edir.
Prezident İlham Əliyev dövlətin investisiya siyasətinin uğurlarından danışarkən daha maraqlı məsələyə diqqəti çəkir: “Azərbaycanın qeyri-neft sektoruna böyük həcmdə investisiyalar qoyulur və biz bunu hər gün görə bilərik. Bakının müasirləşən, gözəlləşən siması bunu göstərir. Özəl şirkətlər tərəfindən həm infrastruktur, həm xidmət sektoruna çox böyük investisiyalar qoyulur. Əgər infrastruktur layihələri dövlət tərəfindən icra olunmasaydı, əlbəttə ki, nə paytaxtda, nə də bölgələrdə xidmət sektoruna heç kim investisiyalar qoymazdı. Bu gün bizim bölgələrdə beşulduzlu hotellər, gözəl istirahət mərkəzləri tikilir. Bölgələrimizdə turizm imkanları çox genişdir. Bu gün artıq gözəl təbii şəraitimiz, təbiətimiz səviyyəsində müasir istirahət və mehmanxana kompleksləri tikilir ki, bu, Azərbaycanın turizm imkanlarını böyük dərəcədə artıracaqdır. Beləliklə, dövlət tərəfindən özəl sektora verilən həm siyasi, həm maddi dəstək, həm də güzəştli şərtlərlə ayrılan kreditlər - bütün bunlar iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyini artırır və şaxələndirilməsi üçün çox möhkəm əsas yaradır”.
Əgər 2000-2004-cü illərdə özəl sektorun payı əsaslı vəsait qoyuluşunun 3,1 milyard manatını təşkil edirdisə, 2015-2018-ci illərdə bu rəqəm 15,7 milyard manat olmuş, yəni 5 dəfə artmışdır. Görülən tədbirlər sayəsində əsaslı tikintidə xeyli mütərəqqi dəyişikliklər baş vermiş, onun texniki-iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. 2005-2018-ci illərdə tikinti işlərinin həcmi 5,5 dəfə artmış, 80 milyard manatlıq əsas fondlar istifadəyə verilmişdir. Son 16 ildə tikintinin inkişaf sürəti ÜDM-in artım sürətini üstələyir. Bu meylin güclənməsi müəssisələrin modernləşdirilməsi, şəhər və rayonların kompleks inkişafı, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
Azərbay­canda iqtisadiyyata yönəldilmiş investisiyaların adambaşına düşən miqdarı və artım sürətinə görə Azərbaycan MDB məkanında ən yüksək yerə qalxmışdır. Son 16 ildə Azərbaycan iqtisadiyyatına 260 milyard dollar vəsait qoyulmuşdur. Dövlət başçısı deyir: “Biz resursları maliyyə resursları, kreditlər, investisiyalar şəklində ölkə iqtisadiyyatına qoymalıyıq ki, həmin layihələr də öz növbəsində milli gəlir gətirsin və bunun hesabına Azərbaycanın büdcəsi dolsun. Bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir. Əgər biz çox böyük investisiyaları qoymasaydıq, əgər biz bəzi beynəlxalq məsləhətçilərə qulaq assaydıq və ehtiyatları sadəcə olaraq yığsaydıq, bu gün Azərbaycan iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi. Biz bu böhrandan məhz ona görə uğurla çıxdıq ki, qeyri-neft sektoru hesabına iş yerləri açıldı, yerli istehsal işə başladı, idxaldan asılılıq azaldı. Biz demək olar ki, ərzaq məhsulları ilə özümüzü maksimum dərəcədə təmin edirdik. Əgər kreditləri verməsəydik, infrastruktur layihələrini həyata keçirməsəydik, yolları çəkməsəydik, elektrik stansiyaları tikməsəydik, qazlaşdırma aparılmasaydı, onda bunların heç biri də olmazdı... Məhz o vaxt biz, bax, bu “Holland xəstəliyi” ilə üzləşə bilərdik. Amma biz öz yolumuzu seçdik. Biz, ehtiyatları da yığdıq - bax, bu il artan valyuta ehtiyatlarımız onu göstərir ki, bu artım gedir - eyni zamanda, lazım olan sahələrə investisiyaları böyük həcmdə yönəldə bildik. Bu gün Azərbaycan hərtərəfli inkişaf edən ölkədir. Bizim şəhərlərimiz abad, gözəl şəhərlərdir. Hər bir sahədə işlər gedir, sosial məsələlər həllini tapır. Abadlıq, quruculuq işləri aparılır. Deyə bilərəm ki, bu investisiyaları ölkəyə lazım olan sahələrə tətbiq etməklə böyük uğurlara nail ola bilmişik...”.
Müstəqilliyin ilk illərində investisiyalara ciddi ehtiyac hiss edən ölkə indi dünyanın bir sıra ölkələrinə kapital yönəldir. Bu prosesin qarşıdakı illərdə də davam etməsi ölkəmizin siyasi, iqtisadi gücünün artmasına öz müsbət təsirini göstərəcəkdir. Azərbaycan hökuməti belə hesab edir ki, dövlət investisiya siyasətində qarşıdakı dövrdə aşağıdakı əsas istiqamətlərin diqqət mərkəzində saxlanılması; investisiyaların qeyri-neft sektorunun və regionların sürətli və tarazlı inkişafına yönəldilməsi; ölkənin investisiya siyasətinin müasir inkişaf meyillərinə, davamlı və keyfiyyətli inkişaf strategiyasına uyğun olaraq müəyyənləşdirilməsi; ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin daha da gücləndirilməsi; insan kapitalına qoyulan investisiyaların prioritetliyinin təmin edilməsi; nanotexnologiyalar və azkarbonlu istehsal sahəsinə dövlət investisiyalarının qoyuluşunun ön plana çəkilməsi; iqtisadiyyatın aparıcı sahələrinə, o cümlədən ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrdə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi qarşıdakı dövrün prioritet vəzifələrindən hesab edilməlidir.
 
Regionların tarazlı inkişafı iqtisadi və sosial tərəqqinin vacib amilidir

Azərbaycan iqtisadiyyatının inkişaf strategiyasının mühüm istiqamətlərindən biri regionların inkişafında mövcud uyğunsuzluqların əhəmiyyətli dərəcədə yumşaldılması, mövcud maddi əmək resurslarından səmərəli istifadə edilməsidir.
11 fevral 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respub­likası regionlarının sosial-iqtisadi inki­şafı Dövlət Proqramının (2004-2008-ci illər)” təsdiq edilməsi haq­qında sərəncam imzaladı. “Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı”nda müxtəlif məqsədləri əhatə edən 714 tədbir nəzərdə tutulmuşdu ki, bunun da 46-sı makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi, 668-i 9 iqtisadi rayonun, eləcə də hər bir rayonun spesifik xüsusiyyətlərinə uyğun müəyyən edilmiş tədbirlərdir. Bu barədə dövlət başçısı demişdi: “Bu, demək olar ki, ümumiyyətlə, bizim iqtisadi baxımdan görülən işlərin yeni bir istiqamətidir. Düzdür, həmişə bu sahəyə diqqət göstərilirdi, amma belə kompleks, sistem şəklində, düşünülmüş bir proqram çərçivəsində, demək olar, bu istiqamətin əsas parametrləri bu il müəyyən olunubdur. Deyə bilərəm ki, bizim bu sahədə gördüyümüz işlər də təqdirəlayiqdir. İndi regionlarda böyük canlanma var, böyük işlər - abadlıq, quruculuq işləri görülür. Azərbaycanı inkişaf etdirmək üçün kifayət qədər imkanlar var ki, onların da reallaşması işsizlik, yoxsulluq problemlərinin həlli ilə müşayiət olacaq. Əlbəttə, problemlər də mövcuddur. Biz bu problemləri bilirik. İşsizlik, yoxsulluq, digər problemlər var, amma biz onları həll edirik. İstərdik ki, daha da sürətlə həll edək. İstərdik ki, yeniləşmə, müasirləşmə, yaxşılığa doğru meyillər daha da sürətlə getsin”. Dövlət başçısının rayonlara və şəhərlərə müntəzəm səfərləri, yerlərdə sosial-iqtisadi vəziyyətlə tanış olması, əhali ilə görüşləri, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə tapşırıqların yerinə yetirilməsi barədə məlumatları dinləməsi və dərhal sonra konkret qərarlar verməsi artıq ənənəyə çevrilmişdir. Birinci Dövlət Proqramının icrası nəticəsində (2004-2008-ci illər) Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artdı, 766 min yeni iş yeri açıldı, sənaye istehsalının 2,5 dəfə artması təmin edildi. Yoxsulluq səviyyəsi kəskin azalaraq 49 faizdən 13,2 faizə düşdü. Regionların inkişaf proqramlarında aqrar sektorun inkişafı, ona dövlət dəstəyinin göstərilməsi istiqamətində irimiqyaslı işlər görüldü ki, bütün bunlar da öz müsbət nəticəsini verdi. Bakı ilə yanaşı Naxçıvan, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba, Xaçmaz, Abşeron, Dağlıq Şirvan, Aran iqtisadi rayonlarında dünya standartlarına cavab verən ofislər, binalar, istehsal sahələri, nəqliyyat, energetika, qaz təchizatı sistemində müsbət dəyişikliklər edilmiş, beynəlxalq tələblərə cavab verən rabitə stansiyaları, qovşaqları açılmış, o cümlədən ucqar kəndlərdə əhaliyə xidmətin yaxşılaşdırılması ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir. Respublikamızın bölgələrində beynəlxalq standartlara cavab verən yollar salınır, körpülər, aeroportlar tikilir, müasir diaqnostika mərkəzləri, istirahət ocaqları istifadəyə verilirdi. Müstəqillik illərində, xüsusilə də son 16 ildə Naxçıvan MR-də, Gəncə, Mingəçevir, Şirvan, Neftçala, Qəbələ və digər şəhər və rayonlarda bir sıra maşınqayırma, yüngül, yeyinti sənaye müəssisələri istifadəyə verilmişdir ki, bunlar da rayonların inkişaf səviyyəsini yüksəltməyə, yeni iş yerlərinin yaradılmasına öz müsbət təsirini göstərmişdir. Bəzi faktları qeyd edək. Müqayisə olunan dövrdə əksər məhsulların istehsalının artırılmasında müsbət meyillər güclənmiş, taxıl (42,3 faiz), şəkər çuğunduru (3,2 dəfə), pambıq (2,1 dəfə), dən üçün günəbaxan (62,6 faiz), tütün (13,5 faiz), tərəvəz (34,3 faiz), bostan məhsulları (22,8 faiz), kartof (18,8 faiz), üzüm (2,4 dəfə), meyvə və giləmeyvə (66,9 faiz) istehsalı sahəsində yüksək göstəricilər əldə edilmişdir. 2018-ci ildə 2003-cü ilə nisbətən ət istehsalı 70,7 faiz, süd istehsalı 73,3 faiz, yumurta istehsalı 2,5 dəfə və yun istehsalı 32,7 faiz artmışdır. 2018-ci ildə əsas ərzaq məhsulları, o cümlədən ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 82,7 faiz, yumurta üzrə 101,5 faiz, süd və süd məhsulları üzrə 86,7 faiz, balıq və balıq məhsulları üzrə 87,8 faiz, kartof üzrə 92,5 faiz, tərəvəz üzrə 113,8 faiz, bostan məhsulları üzrə 99,7 faiz, meyvə və giləmeyvə üzrə 123,1 faiz, şəkər üzrə 81,2 faiz, un üzrə 95,9 faiz, meyvə və tərəvəz konservləri üzrə 91,7 faiz, kərə yağı üzrə 71,1 faiz, marqarin üzrə 98,8 faiz, duz üzrə 103,1 faiz təşkil etmişdir. Dövlət başçısının prinsipial mövqeyi ondan ibarətdir ki, “real sektorun inkişafında özünü göstərən meyillər daha da güclənsin, daxili bazar qorunsun, yerli istehsalçılara daha da əlverişli şərait yaradılsın, aqrar sektorun rəqabətə davamlılığı artsın, kənd təsərrüfatı istehsalının ixtisaslaşması istiqamətində əməli tədbirlər görülsün”. Naxçıvan Muxtar Respublikasında quruculuq və abadlıq işləri geniş vüsət alıb. Yeni parklar salınır, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, idman obyektləri, icra nümayəndəlikləri və bələdiyyə binaları, milli və yerli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yüksək sürətlə və zövqlə inşa edilib vətəndaşların ixtiyarına verilir. Burada qazlaşdırma 100 faiz təmin edilib. Həmçinin, elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb. Naxçıvanın artan sənaye potensialını təmin edəcək güclü elektrik təsərrüfatı yaradılır, içməli suya olan tələbatın ödənilməsi ilə bağlı layihələr uğurla icra edilir:
Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirmişdir.
Bu gün Azərbaycan Respublikası böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Bu potensial dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açır. Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılmış, sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunmuşdur. Təşəbbüskarı olduğumuz transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanmışıq. “Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə, Azərbaycan dünya miqyasında 10-cu yerdədir. Bu o deməkdir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir. Rəhbərliyin dəyişikliklərə, yəni islahatlara meyillilik səviyyəsinə görə Azərbaycan dünyada 5-ci yerdədir. Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik. Yol infrastrukturuna görə 27-ci yerdəyik. Biz keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik.
Avtomobil yollarının yenidən qurulmasına, bərpasına, təmirinə, yeni yolların salınmasına böyük diqqət yetirilir. Belə ki, bu günə qədər şəhərlərarası yolları - Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz, Naxçıvan-Culfa yolları tam təmir olunub, salınıb və istifadəyə verilib. Bir sözlə, Naxçıvan Muxtar Respublikası bu gün inkişaf, çiçəklənmə və tərəqqi mərhələsini yaşayır. Azərbaycanın ayrılmaz bir tərkib hissəsi olaraq, onun inkişafına, tərəqqisinə öz töhfələrini verir. Ötən əsrin 90-cı illərinin sonları, 2000-ci illərin əvvəllərindən Sumqayıtın iqtisadi həyatının canlandırılması istiqamətində ciddi addımlar atıldı. 1999-cu ildə Yaponiya şirkətlərinin yaxından iştirakı ilə Sumqayıtda “Azərikimya” üçün buxar-generator qurğusunun (kompleksinin) hazırlanmasına start verildi və həmin il martın 24-də qurğunun təməlqoyma mərasimi düzənləndi. Təməlqoyma mərasimində iştirak edən Heydər Əliyev tədbirdə enerji kompleksinin müstəqil Azərbaycanın tarixində xaricdən alınan ilk qurğu olduğunu bildirmişdi. 2009-cu il dekabr ayının 22-də Sumqayıt Texnologiyalar Parkı (STP) fəaliyyətə başladı. STP bu gün Azərbaycan Respublikasının iqtisadiyyatının stabil inkişafına öz töhfəsini verən ən iri zavodlar kompleksindən biridir. Eyni zamanda, STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2018-ci il iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkı ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun təntənəli açılış mərasimi keçirilmişdi. İtaliya prezidentinin də bu açılışda iştirakı səbəbsiz deyildi, çünki bu zavodun başa gəlməsində İtaliya şirkətlərinin, xüsusilə, bütün inşaat işlərini yüksək səviyyədə aparmış “MaireTecnimont”un böyük rolu olmuşdu. Qeyd edək ki, polipropilen zavodunun (o cümlədən, polietilen zavodunun) istifadəyə verilməsi ilə Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. “Biz Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək”, - deyən prezident həmçinin bildirdi ki, Sumqayıt ölkəmizin, Cənubi Qafqazın ikinci sənaye şəhəridir və bu baxımdan, Sumqayıtın inkişafı üçün çox böyük işlər görülür, çox böyük layihələr icra edilir. O, “Sosial layihələr, infrastruktur layihələri, qazlaşdırma demək olar ki, yüz faiz səviyyəsindədir, içməli su 93 faiz səviyyəsindədir, yollar salınır, məktəblər tikilir, gözəl abadlıq işləri aparılır. Sumqayıt bulvarı yaradılıb, sakinlər üçün çox gözəl istirahət zonasıdır, “ASAN xidmət” mərkəzi, Olimpiya Kompleksi, xəstəxana istifadəyə verilib. Əlbəttə ki, Sumqayıt sənaye şəhəri kimi uğurla inkişaf edəcək”, - deyərək fikirlərini tamamladı. Bax, biz buna nail ola bilmişik. Buna görə Sumqayıtın ekoloji vəziyyətinin daim yaxşılaşdırılması diqqət mərkəzindədir və bu gün buranın təmiz havası, gözəl iqlimi əminəm ki, sumqayıtlılar üçün də çox önəmlidir”.
Prezident İlham Əliyev tərəfindən imzalanmış Dövlət proqramları çərçivəsində Gəncə, Mingəçevir, Şirvan, Neftçala, Qəbələ və digər şəhər və rayonlarda sənaye ixrac imkanları ildən-ilə genişlənən sənaye müəssisələri, sənaye məhəllələri yaradılır ki, bütün bunlar da ölkənin sənayeləşmə səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək. “Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibi əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşıb. Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşıb.
Ona görə daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var... Bütövlükdə isə deməliyik ki, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Hesablanıb ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq.
Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq. Çünki əvvəlki üç proqramın icrası bunu göstərir. Çünki proqramın hər biri artıqlaması ilə icra edilmişdir. Əminəm ki, dördüncü proqram da artıqlaması ilə icra ediləcək”. Bütün bunlar bir daha sübut edir ki, regionları sürətlə inkişaf etdirmək strategiyası yaxın və uzaq gələcəkdə də müstəqil Azərbaycanın keyfiyyətli və davamlı inkişafının güclü amili olacaqdır.
 
Sahibkarlıq ölkənin strateji resursudur

Dövlət başçısı milli iqtisadiyyatda dinamizmi təmin etməyi, yerli istehsalı inkişaf etdirməyi prioritet vəzifə kimi qiymətləndirir, millətimizin inkişafı, vətən torpağının çiçəklənməsi, kəndlərimizin qaynar həyatının bərpa olunması, sahibkarlığın inkişaf imkanlarından daha geniş istifadə edilməsi üçün mühüm tədbirlərin görülməsini vacib hesab edir. Bu gün özəl sektorun payına ÜDM-in 80%-dən çox hissəsi düşür. Bu, kifayət qədər böyük rəqəmdir və bir daha ölkədə özəl sektorun inkişafı üçün imkanların miqyasını xarakterizə edir. Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyət göstərdiyi müddətdə investisiya layihələrinin ümumi dəyəri 5,0 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit vermişdir. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşüb. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yeri açılmışdır. Bu dövrdə ölkəmizdə yaradılan iş yerlərinin 75 faizi məhz özəl sektorun payına düşmüşdür.
“Azərbaycan Respublikasında sahib­karlığın inkişafına dövlət dəs­təyi mexanizminin təkmilləşdiril­məsi haqqında” Prezident İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişaf Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə “Qaydası” təsdiq edilib. Güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOB subyektlərinin maraqlarının qorunması və problemlərinin həllində iştirak, onlara bir sıra xidmətlərin göstərilməsi, dövlət və özəl qurumların bu sahədəki xidmətlərinin əlaqələndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentlik kiçik və orta biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin genişləndirilməsinə qədər olan bütün mərhələlərdə KOB-a dəstək göstərməyi, bu sahədə dövlət qurumları və təşkilatları ilə KOB arasında körpü rolunu oynamağı hədəfləyir. Bu dəstək KOB-ların güzəştli maliyyə mənbələrinə çıxışının asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, onların xarici bazarlara çıxışı, sahibkarların maraq­larının müdafiəsi və digər tədbirləri əhatə edir. Agentlik tərəfindən bu missiyanın həyata keçirilməsi üçün “KOB evi”, “Kob Dostu”, “KOB könüllüləri” və digər dəstək mexanizmlərindən istifadə edilir. Dövlət başçısı, həmişə sahib­karlığın inkişafına əngəl olan səbəblərin aradan qaldırılmasını vacib hesab edir və bu istiqamətdə konkret tədbirlər görür. Belə ki, 2015-ci il oktyabrın 20-də qəbul edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bəzi istisnalarla yoxlamalar 2015-ci il noyabrın 1-dən 2021-ci il yanvarın 1-dək dayandırılmışdır. Həmin Qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində cəmi 640 yoxlama, o cümlədən 2018-ci il ərzində 483 yoxlama keçirilmişdir. Müqayisə üçün yoxlamaların dayandırılmasından əvvəlki 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla 185 mindən çox yoxlama keçirilmişdir. Sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə apelyasiya şuraları yaradılmış, ixracın və investisiyaların təşviqi mexanizmləri formalaşdırılmış, dövlət satınalmalarında yerli mallar üçün güzəştlər müəyyən olunmuş, gömrük prosedurları sadələşdirilmiş, tələb olunan sənədlərin sayı azaldılmış və konkretləşdirilmiş, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlər (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiq edilmiş, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı üçün subsidiyalar müəyyənləşdirilmişdir. 2017-2018-ci illərdə sahibkarlara 1646 lisenziya verilib ki, bunun da 1027-si yeni, 619-u müddətsiz lisenziya ilə əvəz edilmiş və ya yenidən rəsmiləşdirilmişdi. Lisenziyanın verilməsinə başlanıldığı 2015-2018-ci illərdə sahibkarlara ümumilikdə 5 min lisenziya verilmişdi. Bu lisenziyaların 2694-ü yeni, 2306-sı isə müddətsiz lisenziya ilə əvəz edilmiş və ya yenidən rəsmiləşdirilmiş lisenziyalardır. Lisenziyalar əsasən əczaçılıq, tikinti-quraşdırma işləri, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşın­ması, təhsil, bitki mühafizə vasitə­lərinin və aqrokimyəvi maddələrin idxalı, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadan­lığının, təzyiq altında işləyən qazan­ların, tutmaların quraşdırılması və təmiri, rabitə xidmətləri sahələrinə verilib. Vacib məsələlərdən biri milli iqtisadiyyatın daha sürətli və keyfiyyətli inkişafının təmin edilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin fikirləri müstəsna əhəmiyyət kəsb edir. “Biz xarici istehsalçını dəstəkləməliyik, yoxsa yerli istehsalçını?! İndi Azərbaycana gətirilən spirtli içkilərin keyfiyyətinə baxmaq lazımdır. Çünki zəhərlənmə halları çoxdur. Mən artıq müvafiq orqanlara bu barədə göstəriş vermişəm. Eyni zamanda, bütövlükdə biz gərək öz bazarımızı qoruyaq. Biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, bununla bərabər, inhisarçılığa yol verməməliyik. Bu, da çox ciddi məsələdir. Çünki əlbəttə, mən çox istəyirəm ki, Azərbaycan məhsulları daha çox istehsal olunsun, biz idxaldan asılığı daha da azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal edək. Ancaq bununla bərabər, əgər biz idxal mallarına süni əngəllər qoysaq, bu zaman rəqabət olmayacaq. Amma rəqabət əsasdır. Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir. Ona görə burada iki amil nəzərə alınmalıdır. Həm qiymətlərin tənzimlənməsi, bütün süni maneələr, idxal qarşısında duran maneələr aradan götürülməlidir, eyni zamanda, daxili istehsal qorunmalıdır. Ona görə müvafiq qurumlar çox fəal işləməlidirlər ki, bu iki amili təmin etsinlər. Yerli istehsal, idxaldan asılılığın azaldılması bizim gələcək dayanıqlı inkişafımızın əsas mə­sə­ləsidir. Ancaq, eyni zamanda, inhisarçılığa da yol vermək olmaz. Bəzi hallarda bizdə təbii inhisarçılıq yaradılır. Çünki bazar o qədər də böyük deyil. Hər hansı bir, ya iki böyük müəssisə görürsən ki, bütün bazarı öz əlinə götürür”.
Qlobal dünya böhranı bir çox ölkələrin iqtisadiyyatına, sosial şəraitinə ciddi zərbələr vurmuşdur. Dünya iqtisadiyyatının inkişaf sürəti xeyli aşağı düşmüş, böhrana düçar olmuş ölkələr ağır problemlər, sosial gərginliklərlə üzləşmişlər. Ən nüfuzlu beynəlxalq təşkilatların, inkişaf etmiş dövlətlərin başçılarının iştirakı ilə dəfələrlə aparılan müzakirələr, antiböhran tədbirləri hələ də lazımi səmərə verməmişdir. Dünya böhranı onu da təsdiqlədi ki, inkişaf səviyyələrinə, siyasi sistemlərinə, tarixi şəraitinə və sair spesifik amillərə görə bir-birindən xeyli fərqlənən ölkələr üçün vahid oyun qaydaları səmərə vermir, böhrandan daha çox azad bazar münasibətlərini tam fetişləşdirən, dövlətin rolunu minimuma endirən, real sektoru arxa plana atan ölkələr əziyyət çəkirlər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra onun Ümumdünya Ticarət Təşkilatına daxil olması barədə çoxsaylı müzakirələr, danışıqlar olmuşdur. Bu barədə ölkəmizin iqtisadi müstəqilliyinin qorunması baxımından uzun illər müqayisəli təhlillər aparmış, çoxsaylı ekspertlərin, alimlərin fikirləri ilə tanış olmuş bir iqtisadçı kimi tam məsuliyyətlə onu deyə bilərəm ki, nə yaxşı ki, ölkəmiz o çətin illərdə bu təşkilata üzv olmadı. Dövlətimizin bu məsələdə prinsipial mövqeyi, demək olar ki, Azərbaycan iqtisadiyyatının ağır vəziyyətdə olan qeyri-neft sektorunu dağılmaqdan xilas etdi. Biz proteksionizmin qətiyyən tərəfdarı deyilik. Amma aparılan araşdırmalar göstərir ki, bu gün Azərbaycan iqtisadiyyatı haqsız, amansız rəqabətə qarşı hazır deyildir. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olması ilə bağlı fikirləri milli iqtisadiyyatın inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir. O, dekabrın 23-də yerli jurnalistlərə müsahibəsində deyib:
“Bildiyiniz kimi, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq. Onu da bildirməliyəm ki, hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır. Demək olar ki, bəzi ölkələr arasında - təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır. Ona görə imzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik. Ümid edirik ki, onlar buna anlayışla münasibət göstərəcəklər”.
Son 20 ilə yaxın bir dövrdə ölkəmizin maliyyə sistemi əhəmiyyətli dərəcədə təkmilləşmiş onun iqtisadi, sosial inkişafda, ölkənin təhlükəsizliyin, müdafiə qabiliyyətinin möhkəmlənməsində rolu əhəmiyyətli dərəcədə artmışdır. Onu göstərmək kifayətdir ki, XX əsrin arxada qalan iki onilliyində dövlət büdcəsinin gəlir və xərcləri 15 dəfədən çox artmış, büdcə xərclərinin strukturunda mütərəqqi proseslər baş vermişdir. Sosial sahədə mövcud problemlərin, o cümlədən yoxsulluğun azaldılmasını nəzərdə tutan Dövlət proqramlarına uyğun olaraq yeni iş yerlərinin yaradılması, təhsil almaq, səhiyyə xidmətlərindən faydalanmaq imkanlarının genişləndirilməsi və kommunal xidmətlərə olan ehtiyacın ödənilməsi, sanitariya və gigiyena şəraitinin, həmçinin ətraf mühitin yaxşılaşdırılması, insan üçün layiqli həyat şəraitinin təmin edilməsi ilə məqsədi müntəzəm tədbirlərin həyata keçirilməsi bu sahəyə ayrılan vəsaitlərin dəfələrlə artmasını təmin etdi. Respublikamızın dünya iqtisadiyyatına ölkəmizin milli maraqlarına cavab verən inteqrasiyası iqtisadi inkişafımız üçün yeni imkanlar açır. Bu imkanların uğurla reallaşdırılması üçün milli iqtisadiyyatımızın inkişafına xidmət edən əlverişli mühitin daha da təkmilləşməsinə nail olmalı, qloballaşma şəraitində son dərəcə vacib problemin həllinə - ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunmasına çalışmalıyıq.
Dünya maliyyə-iqtisadi böhranı təsdiqlədi ki, azad bazarı fetişləşdirmək olmaz. Bir çox ölkələrin “hər şeyi bazar həll edir” şüarını hakim ideologiyanın məhsulu kimi ön plana çəkməsi, dövlətin mühüm strateji vəzifələrdən uzaqlaşdırılması həmin ölkələrin iqtisadiyyatında ciddi uyğunsuzluqların baş verməsi, cəmiyyətdə sosial gərginliklərin artması ilə nəticələndi. Azərbaycan dövləti bu yolla getmir, yəni azad bazarı fetişləşdirmir, özünün müstəqil inkişaf modelini müəyyənləşdirmiş, iqtisadi inkişafa təsir edən xarici və daxili amilləri ölkənin spesifik xüsusiyyətləri, milli maraqlarını nəzərə almaqla qiymətləndirir.
“Bizim büdcəmiz və siyasətimiz sosialyönümlüdür. Azərbaycanda həm bazar iqtisadiyyatı prinsipinə sadiqlik özünü göstərir, eyni zamanda, sosial məsələlərin həllinə də böyük diqqət yetirilir. Bizim ölkəmizin siyasətini səciyyələndirən də məhz bu amillərdir. Əgər Azərbaycanda sırf bazar iqtisadiyyatı prinsipi tətbiq olunarsa, əhalinin bir hissəsi böyük çətinliklərlə üzləşə bilər. Ona görə iqtisadi yönümlü, investisiya yönümlü, bazar iqtisadiyyatı prinsiplərinə sadiq olan siyasətimiz, eyni zamanda, sosial proqramlar ilə də tamamlanmalıdır. Bu məqsədlə də böyük işlər görülür və görüləcəkdir. Əhalinin sosial müdafiəsi məsələləri ön planda olmalıdır. Müxtəlif sosial proqramların həyata keçirilməsi, müxtəlif təşəbbüslərin başlanması bu məqsədi daşıyır”. Dövlət başçısının büdcə xərcləri barədə mövqeyi çoxəsaslı və ölkənin sosial inkişaf məqsədlərinə xidmət edir:
“Büdcə xərclərinin artması çox müsbət göstəricidir, müsbət əlamətdir. Amma bununla bərabər, büdcə xərclərinə nəzarət də gücləndirilməlidir. İndi böyük məbləğlərdən söhbət gedir. Bizim büdcəmiz 1 milyard dollar səviyyəsində olanda Azərbaycanda o qədər də böyük büd­cə xərcləri yox idi. Büdcəmiz, sadəcə olaraq, sosialyönümlü büdcə idi. İnvestisiya xərcləri, demək olar ki, çox aşağı səviyyədə idi. Amma indi büdcəmiz həm sosialyönümlüdür, həm də investisiya yönümlüdür. Böyük məbləğdə vəsait ayrılır, tikinti, infrastruktur layihələri, yollar, körpülər, elektrik stansiyaları, məktəb, xəstəxana tikintisi - haraya baxsaq, bu inkişafı görərik. Bu da ölkəmizin iqtisadi və siyasi potensialını göstərir. Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkədir”.
Əhalinin sosial vəziyyətinin yaxşılaşması əhəmiyyətli dərəcədə kommunal xidmətlərin qiymətlərindən asılıdır. Bu barədə bir məsələni qeyd etmək istərdim. Ümumiyyətlə, müəyyən inkişaf mərhələsində enerji resursları və bəzi xidmətlər üçün daxili qiymətlərdən istifadə olunması obyektiv zərurətdir. Bəzi xarici ekspertlər reallığı, əhalinin gəlir və xərclərini, iqtisadi inkişaf səviyyəsini nəzərə almadan daxili qiymətlərdən istifadə edilməməsini təklif edirlər. Dünya təcrübəsi konkret faktlarla sübut edir ki, bu cür yanaşma inkişaf etməkdə olan ölkələrin milli iqtisadiyyatının dirçəlməsinə, rəqabət qabiliyyətinin artmasına ciddi əngəl törədir. Ona görə də müəyyən inkişaf dövründə daxili qiymətlərdən istifadə olunmasına və bu prosesin dövlət büdcəsi vasitəsilə tənzimlənməsinə ehtiyac vardır. Yəni, əhalinin sosial müdafiəsinə xələl gətirməmək məqsədilə enerji daşıyıcılarına müəyyən dövrdə aşağı qiymətlər müəyyən edilir və istehlakçıya dəymiş zərər dövlət büdcəsi hesabına ödənilir.
Ölkə əhalisinin qazla təchizatına dövlət dəstəyi barədə dövlət başçısı deyirdi: “Rusiyadan alınan hər 1000 kubmetr qazın qiyməti 52 dollardır. Əgər biz dollarla hesablasaq, Azərbaycanın daxilində hər 1000 kubmetr 8 dollara satılır. Bu isə onu göstərir ki, dövlət, yəni Dövlət Neft Şirkəti Azərbaycanda bütün qaz istehlakçılarına böyük həcmdə subsidiyalar verir. Bəlkə də çox adam bilmir, amma həqiqət budur. Əgər biz Azərbaycanda hasil edilən qazın hər 1000 kubmetrinin qiymətini 52 dollardan hesablasaq, görərik ki, əhaliyə və müəssisələrə verilən qazın dəyəri 600 milyon dollara bərabərdir.
Azərbaycan dövləti hər il əhaliyə və müəssisələrə 600 milyon dollarlıq qazı subsidiya formasında verir. Heç bir başqa ölkədə 8 dollara 1000 kubmetr qaz tapmaq mümkün deyildir. Qonşu ölkələrə, MDB ölkələrinə baxın. Orada qazın 1000 kubmetrinin qiyməti 80-100 dollardır. Türkiyədə 120 dollardır. Gürcüstanda da o qədərdir. Amma Azərbaycanda 8 dollardır. Bu, ciddi məsələdir. Azərbaycan dövləti neçə-neçə milyard manatlar sərf edərək, ölkəni qaz idxalından azad edərək, qaz ixrac edən ölkəyə çevirmişdir” (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lerik rayonuna təbii qazın verilməsi münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışından). Bu gün ölkə əhalisinin qazla təchizatı, demək olar, həll edilmişdir. Ölkədə qazlaşdırma ilə bağlı köklü işlər görülmüşdür. Kəndlərin qazlaşma səviyyəsinin yüksəldilməsi əhalinin sosial həyatına əhəmiyyətli dərəcədə müsbət təsir etmişdir. 2018-ci ildə SOCAR tərəfindən satılan 12,0 milyard m3 təbii qazın 10,6 milyard m3-i, 204,0 min ton maye qazın 151,6 min tonu daxili bazarda satılmış, 51,8 min tonu isə ixrac edilmiş, əhaliyə 3,0 milyard m3 təbii qaz verilmişdir. Bundan başqa, 1798,2 milyon m3 qaz idxal, 1423,4 milyon m3 qaz isə ixrac olunmuşdur. Ölkədə satılmış qaza görə daxilolmalar 1407,5 milyon manat, ixrac qazına görə isə 384,9 milyon manat təşkil etmişdir. Təkcə 2018-ci ildə qaz təchizatı sisteminin yenidən qurulması və genişləndirilməsi üçün 3242 kilometr müxtəlif diametrli boru xətti çəkilmiş, 4 ölçü qovşağı tikilmiş, 1 kompressor quraşdırılmış, 544 kilometr uzunluğunda qaz xətləri əsaslı təmir edilmişdir. Payız-qış mövsümündə istehlakçıların fasiləsiz qaz təminatı məqsədilə yeraltı qaz anbarlarına 2,0 milyard m3-ə yaxın təbii qaz vurularaq 3,1 milyard m3-dən çox qaz ehtiyatı yaradılmışdır. 2019-cu ildə bu həcmin 3,5 milyard m3-ə çatdırılması nəzərdə tutulur. Ölkə üzrə qazlaşdırma səviyyəsi 96,0 faizə çatdırılmışdır. Ümumilikdə son 15 il ərzində qazlaşdırılan məntəqələrin sayı 449-dan 2346-ya çatmışdır. Abunəçilərin sayı 3 dəfə artaraq 2,2 milyon olmuşdur ki, bunun 2,7 milyonunu əhali, 30 minini isə qeyri-əhali təşkil etmişdir. Kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi qarşıdakı dövrdə diqqət mərkəzində olacaqdır. Bu zaman bir sıra obyektiv amillər, o cümlədən əhalinin real əməkhaqqı, həmçinin təbiəti nisbətən sərt, soyuq qış aylarında hava temperaturu orta respublika göstəricisindən yüksək olan rayonlara güzəştlərin edilməsi, yerli istehsalın rəqabət qabiliyyətinin artırılması (xüsusilə də ixracyönümlü istehsal sahələri üzrə) kimi məsələlər nəzərə alınır.
Amma Avropa İttifaqı bizə başqa təkliflər edir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə müsahibəsində aşağıdakıları vurğulamışdır:
“Digər vacib məsələ energetika sektoru ilə bağlıdır. Burada da baxmayaraq ki, Avropa İttifaqı ilə enerji sahəsində bizim əməkdaşlığımız uğurludur və birgə layihələr icra edilir, ancaq sazişdə təklif olunan məsələlərin biri də, - mən istəyirəm ictimaiyyət onu da bilsin, - enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil. Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil. Ya da ki, biz böyük çətinliklə və böyük səylər göstərərək, böyük investisiyalar qoyaraq Cənub Qaz Dəhlizini, demək olar ki, başa çatdıraraq xarici bazarlara öz qazımızı 58 dollara çatdırmalıyıq. Bu, qətiyyən qəbuledilməzdir və təəccüb edirəm ki, nə üçün bizim tərəfdaşlarımız, bu sadə məntiqlə, bu hesablamalarla razılaşa bilmirlər. Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır və bizim mövqeyimiz birmənalıdır. Bu saziş bizim maraqlarımıza uyğun olmalıdır. Prinsip etibarilə mən avropalı tərəfdaşlarıma sual vermişəm ki, “Siz mənə cavab verin, nə üçün biz bu sazişi imzalamalıyıq?”. Biz indi bu sazişsiz də yaşayırıq, yaxşı da inkişaf edirik, heç kimdən heç nə gözləmirik, heç bir imtiyaz üçün müraciət etməmişik. Biz sazişi ona görə imzalamaq istəyirik ki, bu saziş əlaqələrimizi yeni mərhələyə çıxarsın və maraqlarımız təmin edilsin. Əks təqdirdə, əlbəttə ki, bu saziş imzalanmayacaq”.
2019-cu il başlayandan sosial sahədə atılan addımlar böyük sosial paketin tərkib hissəsidir. Prezident İlham Əliyev dəfələrlə bildirib, əhalinin sosial müdafiəsinə xidmət edən tədbirlərin davamlı həyata keçiriləcəkdir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Prezidentinin imzaladığı 2019-cu il 18 iyun tarixli sərəncam isə respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində cari ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır. Artımın əhatə etdiyi 950 minədək vətəndaşın 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait təmin olunacaqdır. Minimum əməkhaqqı məbləğinin 250 manata çatdırılması ilə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq tarif maaşları üzrə orta əməkhaqqı 265 manatdan 367 manata çatacaqdır.
Görülmüş tədbirlər nəticəsində Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə qalxdı. Minimum əməkhaqqının artırılması ilə dövlət böyük vəsait ödənişinə gedərək vətəndaşların sosial rifahını gücləndirdi. Heç şübhəsiz ki, əməkhaqqı islahatı çərçivəsində illik 2 milyard manatlıq bir vəsaitin vətəndaşlara ödənilməsi onların alıcılıq qabiliyyətini artıracaq və bu vəsaitlər ilk növbədə istehlaka yönəldiləcək. İstehlaka yönələn istənilən vəsait bazarda tələb artanda təklifin artmasını stimullaşdırır, həm kiçik və orta sahibkarlığın, həm də kənd təsərrüfatı və sənaye ilə məşğul olanların imkanlarının genişlənməsinə xidmət edir. Ona görə də birmənalı olaraq bu, çox müsbət amildir və ölkə keyfiyyətli həyat səviyyəsinin yüksəlməsi iqtisadiyyatına öz töhfəsini verəcəkdir. 2018-ci ildə ölkə üzrə 400 min şəxs 180 manatdan az əməkhaqqı alırdı, onların 67 faizi, yəni 270 mini dövlət sektorunda çalışırdı. Prezidentin sərəncamından sonra isə minimum aylıq əməkhaqqı yaşayış minimumuna bərabərləşdi və orta əməkhaqqının 33 faizini təşkil etdi. Minimum əməkhaqqının 250 min manata çatdırılması bu rəqəmin də xeyli dərəcədə azalmasını təmin etdi. Prezidentin imzaladığı və 2 milyon insanı əhatə edən bu son sərəncamlar həm də onu göstərir ki, islahatlar kompleks xarakter daşıyır və atılan hər bir addımın mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanır. Xatırlatmaq yerinə düşər ki, Əmək Məcəlləsinə əsasən müxtəlif amillərə görə işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qadağandır. Hesablamalar göstərir ki, bu sərəncam respublika üzrə orta əməkhaqqının da səviyyəsini azı 10 faiz artıracaq. 2019-cu ilin əvvəlində əməkhaqqı, pensiya və müavinətlərin artırılması, şəhid ailələrinə kompensasiyaların verilməsi, əmanətlərin tam sığortalanması, özünüməşğulluq proqramının genişləndirilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təbii fəlakətin nəticələrinin aradan qaldırılması sahəsində görülən tədbirlər bir daha sübut edir ki, inkişafın Azərbaycan modelinin reallaşması nəticəsində ölkənin maliyyə imkanlarının genişlənməsi qarşıdakı dövrdə əməkhaqqının və digər əsas sosial göstəricilərin dinamikasında müsbət meyilləri daha da gücləndirəcəkdir.
2019-cu ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklər, əmək müqavilələrinin bağlanmamasına, kölgə iqtisadiyyatının fəaliyyətinə görə hüquqi-inzibati tədbirlərin tətbiqi, heç şübhəsiz ki, fəal əmək fəaliyyəti ilə məşğul olanların sayının obyektiv olaraq artmasını təmin edəcəkdir. Kompleks araşdırmalar göstərir ki, məşğulluq probleminin uğurlu həlli iqtisadi orqanların fəaliyyətinin daha da təkmilləşməsini tələb edir. Problemə yeni baxışlar, sistemli yanaşma tələb olunur. Apardığımız müşahidələr, hesablamalar göstərir ki, bu istiqamətdə görüləsi işlər çoxdur, daha doğrusu, hazırlanan tədbirlərin keyfiyyətinin yüksəldilməsinə ciddi ehtiyac vardır. Dövlət başçısının şəffaflığın artırılması, kölgə iqtisadiyyatının azaldılması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq Vergi Məcəlləsində edilən dəyişikliklər bu rəqəmləri, heç şüb­həsiz, artıracaq, bir işçi tərəfindən yaradılan yeni dəyərin miqdarı ilə əməkhaqqı arasındakı nisbətin daha da təkmilləşməsinə öz müsbət təsirini göstərəcəkdir. Əhalinin yaşayış səviyyəsini xarakterizə edən vacib göstəriş hesab edilən mənzil tikintisi də geniş vüsət almışdır. Təkcə 2010-2018-ci illərdə bütün mülkiyyət növləri üzrə ümumi sahəsi 19,1 milyon kv.m yaşayış sahəsi istifadəyə verilmişdir. İstifadəyə verilən yaşayış evlərinin 90 faizi özəl sektorun payına düşmüşdür. Əhalinin dinamik artan pul gəlirləri hesabına tikilən yaşayış evlərinin sayı da artmağa meyil edir. Azərbaycan dövlətinin sosial siyasətinin ali məqsədlərindən biri də ondan ibarətdir ki, əhalinin mənzillə təminatı ildən-ilə yaxşılaşsın, aztəminatlı ailələr əlverişli qiymətlərlə yeni mənzillərlə təmin edilsin. Bu problemin uğurlu həlli üçün dövlət başçısının sərəncamı ilə yeni bir qurum yaradılıb. Aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşmasını ən vacib problemlərdən biri hesab edən Prezident İlham Əliyev Nazirlər Kabinetinin keçirilən iclasında demişdir: “Bu il biz sosial mənzillərin inşasına başlamaq fikrindəyik. Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradılıb. Onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq”. Heç şübhəsiz ki, sosial mənzil tikintisi proqramının uğurla həyata keçirilməsi inşaat kompleksinə də yeni nəfəs verəcək, minlərlə iş yerləri yaradılacaq, tikintidə ixtisaslaşdırılmış müəssisələrin texniki-iqtisadi göstəriciləri yaxşılaşacaq, inşaatla əlaqədar olan sahələrin inkişaf imkanları, xüsusilə tikinti materialları istehsalı daha sürətlə artacaqdır. Ən başlıcası, on minlərlə ailə yeni mənzillərdə sevinc dolu illər yaşayacaq.

Azərbaycan borcalan ölkədən borcverən ölkəyə çevrilib

1999-cu ildə Neft Fondunun yaradılması, 2005-ci ildən başlayaraq Azərbaycana neftin satışından daxil olan gəlirlərin reallaşdırılması, Fondun vəsaitləri hesabına həyata keçirilən layihələrin əhatə dairəsinin genişlənməsi, qeyri-neft sektorunun, regionların üstün inkişaf etdirilməsinin vacibliyi dövlətin borc siyasətində zəruri dəyişikliklər edilməsini zəruri etdi. Dünya təcrübəsi göstərir ki, iqtisadi inkişafın müəyyən mərhələsində, xüsusilə qloballaşma şəraitində beynəlxalq əlaqələrin genişləndirilməsi, əlverişli şərtlərlə yeni investisiya resurslarına, müasir texnologiyalara çıxışı təmin etmək məqsədilə borcun alınması və vaxtında ödənilməsi iqtisadi cəhətdən də, siyasi cəhətdən də vacib şərtlərdən sayılır. Azərbaycan dövlətinin apardığı borc siyasəti, dövlətin, Maliyyə Nazirliyinin, hökumətin borclanma ilə əlaqədar gördüyü tədbirlər dövlət başçısının daima nəzarətindədir. Son 16 ildə Azərbaycan dünya ölkələri içərisində ən az borc alan ölkə kimi tanınmışdır. Qarşıdakı illərdə manatın məzənnəsinin qəflətən aşağı düşməsinin nəticələrinin aradan qaldırılması, eyni zamanda, iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun sürətli inkişafı nəticəsində bu meyil daha da güclənəcəkdir. “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlara 2018-ci ildə edilən dəyişikliklər, eləcə də dövlət borcu barədə təsdiq edilmiş strategiyada nəzərdə tutulan tədbirlər Azərbaycanın borclanma siyasətini bundan sonra da ölkəmizin iqtisadi qüdrətinin, iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinin mühüm amillərindən biri olacaqdır. Prezident İlham Əliyevin bununla əlaqədar olaraq bir fikrinə müraciəti vacib sayıram. Dövlət başçısı deyir:
“...Böhran onu göstərdi ki, elə ölkələr var onlar öz hesabına yaşaya bilmir, başqa ölkələrin yardımına möhtacdır və bu yardımları alırlar. Bəzi hallarda beynəlxalq maliyyə qurumlarından kreditlər şəklində yardımlar alırlar. Ancaq o da həqiqətdir ki, bu kreditlər gec-tez qaytarılmalıdır və bu yardımı edənlər də müəyyən şərtlər irəli sürür. Azərbaycan o nadir ölkələrdəndir ki, nəinki heç kimə yardım üçün müraciət etməyib, eyni zamanda, bizə dəfələrlə başqa yerlərdən kreditlərin verilməsi ilə əlaqədar müraciətlər daxil olmuşdur”.
Azərbaycan dövlətinin borclanma siyasəti ölkənin milli maraqlarını əsas tutmaqla iqtisadi müstəqilliyin daha da güclənməsinə, qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafına xidmət edir. Xarici borcun həcminin ÜDM-ə nisbəti bir çox ölkələrdəki borclanmadan dəfələrlə azdır. Bu gün Azərbaycan artıq borcalan ölkədən borcverən ölkəyə çevrilib. Müəyyən miqdarda daxili borclanmaya getməklə iqtisadiyyatımızı daxili imkanlar hesabına daha geniş səviyyədə inkişaf etdirə bilərik. Xarici banklarda saxlanılan vəsaitlərimizin optimal həddi barədə düşünmək onların bir hissəsinin ölkə daxilində istifadə edilməsi məqsədəuyğun olardı. 2020-ci il üçün Azərbaycan Respublikasının daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 1 milyard manat müəyyən edilmişdir. Bu kifayət qədər məqbul həddir və ölkənin iqtisadi təhlükəsizlik meyarlarına tam cavab verir. Onu da qeyd edək ki, “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində heç 100 milyon dollar valuta ehtiyatı olmayan respublikamızın bu gün 50 milyard dollar valyuta ehtiyatları vardır. Bu, ölkənin xarici borcunun həcmindən 5 dəfədən çoxdur. Bütün bu təhlillər onu göstərir ki, Azərbaycan dövləti xarici borclanma siyasətinə həssaslıqla yanaşır, borclanma məsələsini həmişə diqqət mərkəzində saxlayır, onun alınmasında və qaytarılmasında qarşı tərəflə razılaşdırılmış şərtlərin yerinə yetirilməsini strateji vəzifə kimi qiymətləndirir. Məqsəd ondan ibarətdir ki, müvafiq strukturlar alınan borc vəsaitlərindən səmərəli istifadə etməli, borclanma siyasətində yalnız strateji, innovasiyalı rəqabətə davamlı iqtisadiyyatın qurmasına xidmət edən layihələrə üstünlük verməlidirlər.
Azərbaycan dünyanın mühüm müasir nəqliyyat mərkəzlərindən biridir
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri də qədim İpək Yolu nəqliyyat dəhlizində respublikamızın aktiv iştirakını təmin etməsidir. Çünki bu dəhlizin fəaliyyəti respublikamızın sosial-iqtisadi inkişafına böyük təsir göstərəcəkdir.
İpək Yolu kimi beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizində Azərbaycanın aktiv iştirakı ölkəmiz üçün əsrlər boyu faydası olacaq bir vasitədir. Çünki qloballaşan dünyada əlverişli nəqliyyat dəhlizlərinə yiyələnmək, bu mümkün olmadıqda isə alternativ yollar axtarmaq istiqamətində böyük mübarizələr gedir. Ona görə də bu rəqabət mübarizəsində uduzmamaq, ölkənin iqtisadi inkişaf imkanlarını artırmaq, xarici iqtisadi əlaqələrini genişləndirmək, Azərbaycanın sahib olduğu məkanın üstünlüklərini reallaşdırmaq məqsədilə Prezident İlham Əliyev başçılıq etdiyi dövlətin nəqliyyat kompleksinin inkişaf strategiyasının prioritet istiqamətlərini müəyyənləşdirdi. Tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycanın nəqliyyat kompleksinin bütün strukturları bu strategiyanın həyata keçirilməsi ilə bağlı böyük işlər görmüş və görürlər. Bütün bunların nəticəsidir ki, bu gün respublikamız gəmiçilik donanmasına, müasir gəmiqayırma zavoduna və hava nəqliyyatı sisteminə malikdir. Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanda bütün sahələrdə inkişaf, gündən-günə geniş vüsət alan islahatlar prosesi yaşanmaqdadır. Bu proses, bu inkişaf Azərbaycan dəmir yolundan da yan keçməyib və keçə də bilməzdi. Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərindən başlayan və 2000-ci illərin əvvəllərinə qədər davam edən gerilik, tənəzzül dövrü artıq arxada qalmışdır. Azərbaycan dəmir yolunun inkişafında yeni mərhələ başlanmışdır. Bakı və Sumqayıt Dəmiryolu vağzallarının ən müasir standartlara cavab verən səviyyəyə çatdırılması, elə ötən ildə Bakı-Gəncə sürət qatarının işə salınması, ən əsası tarixi layihə olan “Bakı-Tbilisi-Qars” dəmiryolu xəttinin təhvil verilməsi deyilənlərin əyani təsdiqidir. Davos Dünya İqtisadi Forumunun dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatında göstərilir ki, Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdədir. Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, yükdaşımalar kəskin artır, eyni zamanda, ölkə daxilində infrastruktur təzələnir, İsveçrə istehsalı olan yeni müasir “Ştadler” vaqonları alınıb. Hazırda Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir. Qəbələyə, Şahdağa qədər dəmir yollarının tikintisi nəzərdə tutulur. Həmçinin, Bakı-Yalama, Astara-Ələt dəmir yolunun bərpası planlaşdırılır. Abşeron dairəvi dəmir yolu xəttinə gəlincə, orada ümumilikdə 17 stansiya və dayanacaq var. Yəni, Bakı sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt sərnişin-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi dəmir yolu xəttinin ümumi uzunluğu 191,6 kilometrdir. Aparılan yenidənqurma işləri çərçivəsində Zabrat-1, Məmmədli dayanacaqları, Pirşağı və Zabrat-2 stansiyaları yenidən qurulub. Eyni zamanda, gələn il artıq Sumqayıt-Pirşağı dəmir yolu birləşəcək və beləliklə, dairəvi yol formalaşacaq. Həmçinin, gələn ilin investisiya proqramında yenə əlavə vəsaitin nəzərdə tutulması gözlənilir ki, bununla da dəmir yolu şəbəkəsini genişləndirmək mümkün olsun. Uzun illər respublikanın şəhər və kəndlərində avtomobil yollarının tikilməsi, yenidən qurulması, təmiri və yolların cari saxlanmasının təmin edilməsi üçün bizim kifayət qədər maliyyə imkanlarımız yox idi. Amma 2008-ci ildə Prezident İlham Əliyevin sədrliyi ilə respublikada avtomobil yolları şəbəkəsinin inkişafına həsr olunmuş müşavirə keçirildi. Müstəqillik tariximizdə bu qəbildən ilk müşavirədə ölkə üzrə avtomobil yollarının vəziyyəti barədə müvafiq icra strukturlarının məlumatını dinlədikdən sonra dövlət başçısı qeyd etdi ki, Azərbaycanın dinamik inkişafı naminə bu sahədə də dönüş əldə edilməsi üçün böyük işlər görülməlidir. Respublikanın bir çox rayonlarında, xüsusən dağ rayonlarında avtomobil yollarının texniki səviyyəsi yüksək deyildir. Əhali yolun keyfiyyətsiz olmasından narahatlıq keçirir. Kənd təsərrüfatı məhsullarının daşınmasında itkilərə yol verilir.
Bir sözlə, yaxşı yolun olmaması rayonların inkişafını ləngidir. Eyni zamanda, şəhərləri, rayonları birləşdirən yolların tikintisinə ciddi ehtiyac hiss olunur. Bəzi hallarda insanlar bir bölgədən digərinə getmək üçün Bakıdan keçməyə məcbur olurlar ki, bu da həm vaxt itkisinə, həm də paytaxtda və Bakı ətrafında nəqliyyat sıxlığına səbəb olur. Bununla yanaşı, artıq 3 milyona yaxın əhalisi olan Bakının özündə geniş yollar məsələsi müstəsna hallar istisna olmaqla, sanki unudulmuşdu. Bir sözlə, ölkədə şəhər nəqliyyatının intensivliyi, minik avtomobillərinin sürətlə artması şəraitində şose yollarının köhnə vəziyyətdə qalması mümkün deyildir. Müşavirəyə yekun vuran Prezident demişdir: “Azərbaycanın avtomobil nəqliyyatı infrastrukturunun tamamilə yeniləşməsi mümkün olacaqdır. Bu, çox böyük proqramdır və həm magistral yolların, şəhərlərarası, kənd yollarının, şəhər yollarının tikintisi, həm də yol qovşaqlarının, piyada keçidlərinin tikintisi, nəqliyyatı idarəetmə sisteminin təkmilləşdirilməsi üçün çox vacib bir vasitə olacaqdır. İndi sadəcə olaraq, təqdimatda göstərilən bütün layihələri bir daha nəzərdən keçirmək lazımdır. Biz onların prioritetlərini müəyyən etməliyik ki, bu il hansılar və gələn il hansılar başlanmalıdır. Ancaq hesab edirəm ki, bu, böyük, gözəl proqramdır və bunun icrası nəticəsində, demək olar ki, nəqliyyatla bağlı əsas məsələlər öz həllini tapacaqdır. Əlbəttə, bunu etmək üçün texniki imkanlar lazımdır və onlar da var”. 2018-ci ildə avtomobil yollarının tikintisinə, yenidən qurulmasına, təmirinə və saxlanmasına dövlət zəmanəti ilə alınan məqsədli xarici kreditlər də daxil olmaqla 1710,8 milyon manat vəsait yönəldilmiş, o cümlədən “Avtomobil yolları” məqsədli büdcə fondundan ümumi istifadədə olan və Bakı şəhər yollarının və yol qurğularının saxlanmasına və təmirinə 372,0 milyon manat vəsait sərf olunmuşdur. Respublikanın 54 rayonunda, həmçinin Bakı və Sumqayıt şəhərlərində 90 layihə başa çatdırılmışdır. Respublika üzrə 500 yaşayış məntəqəsini əhatə edən 1300,0 km uzunluğunda yollar tikilərək istismara verilmiş, o cümlədən 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolunun, 2 körpünün və 1 avtomobil yolu tunelinin tikintisi başa çatmışdır. Son 16 ildə 16 min km-dən çox yeni mobil yolları salınmışdır. 2018-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə ümumilikdə tikintisi başa çatan layihələr də daxil olmaqla, 40 layihə üzrə avtomobil yollarının və yol qurğularının açılış, təməlqoyma mərasimləri keçirilmiş, dövlət başçısı tərəfindən müvafiq tövsiyə və tapşırıqlar verilmişdir. Bütün bu işlər həm də biznes mühitinin yaxşılaşmasını səciyyələndirən yüksək göstəricilərdən biri kimi qiymətləndirilir. Dövlət başçısı deyir: “Bütövlükdə ölkənin səviyyəsini, onun imkanlarını göstərən amillərdən biri də yol infrastrukturudur. Bizdə isə yol tikintisi çox sürətlə gedir. Hər bir kənd məntəqəsinə çəkilən yeni yol, öz növbəsində, biznes mühitini də yaxşılaşdırır, turizm imkanlarını genişləndirir. Bir sözlə, bu, aydın məsələdir ki, yol olan yerdə canlanma da, inkişaf da var. Bütün bu sahələr üzrə konkret proqramlar var, büdcə vəsaiti var və növbəti illərdə bu vaxta qədər əldə edilmiş uğurlar, əlbəttə ki, daha da artırılmalıdır”.

“Bakı-Tbilisi-Qars” dəmir yolu Qədim İpək Yolu layihəsinin reallaşmasında mühüm mərhələdir

Bu dəhlizin işə salınmasına qədər görülən işlər barədə bəzi tarixi məqamları qeyd edək: 2004-cü il iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri zamanı Gürcüstandan Türkiyəyə dəmiryol xəttinin çəkilməsinin vacibliyi vurğulanmış və Azərbaycanın bu layihədə iştirak etməyə hazır olduğu bildirilmişdir.
İlham Əliyev nəinki Azərbaycan Respublikası vətəndaşlarının, 10 milyonluq Azərbaycan əhalisinin, bütövlükdə dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının PREZİDENTİ, LİDERİ kimi böyük nüfuz qazandı. Azərbaycan dövlətinin iqtisadi, siyasi gücünün möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun artmasında Prezident İlham Əliyevin silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanımın müstəsna rolu vardır. Mehriban xanım hər zaman öz yüksək ziyalılığı, intellektuallığı, insanpərvərliyi, xeyirxahlığı, dövlətçilik dəyərlərinə sıx bağlılığı ilə seçilib, fərqlənib, tanınıb. Bu gün hər birimiz, dövlətinə, vətəninə bağlı hər bir kəs Mehriban xanım kimi ictimai və dövlət xadiminin olması ilə fəxr edir, öyünür. Mehriban xanım artıq 36 ildir ki, dünyamiqyaslı siyasətçi və dövlət xadimi, böyük şəxsiyyət Heydər Əliyevin ocağındadır, Əliyevlər ailəsinin bir üzvüdür. Övladları Leyla, Arzu və Heydər Əliyevlər də Azərbaycan gəncliyinə öz savadları, öz tərbiyələri, öz intellektləri ilə nümunə olan gənclərimizdəndir. Leyla xanımın, Arzu xanımın da ölkənin ictimai, siyasi, sosial, mədəni həyatındakı rolu, fəaliyyəti hər kəsə bəllidir. Onların həyata keçirdikləri layihələr həm Azərbaycan daxilində, hər ölkə hüdudlarından çox-çox kənarlarda rəğbət qazanmaqda, təqdir edilməkdə, alqışlanmaqdadır. Mehriban xanım elə bir insan, elə yüksək dəyərlər daşıyıcısı olan bir şəxsiyyətdir ki, Azərbaycanda nə baş versə, hamıdan öncə - silahdaşı, ən yaxın və ən sədaqətli dostu olan ölkə Prezidenti cənab İlham Əliyevlə birlikdə olacaqdır. Azərbaycanın XXI əsrin iki onilliyində keçdiyi böyük inkişaf yoluna həsr etdiyim bu yazını Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi bu fikirlərlə bitirmək istəyirəm:  “Biz ətrafda baş verən hadisələrə baxırıq, izləyirik, dünyada baş verən hadisələrə biganə qalmırıq. Görürük, o ölkələrdə ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr, demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir. Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi. Çünki mən 10 il bundan əvvəl çox yaxşı başa düşdüm ki, əgər biz buna nail olmasaq, Azərbaycan gələcəkdə böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq heç kimə sirr deyildir. Bu barədə daha danışmağa da dəyməz. Çünki bu, bir aksiomdur. Təsəvvür edin, əgər iqtisadi müstəqilliyimiz olmasaydı, bizə hansı qərarları qəbul etdirərdilər. İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunması - bu amillər bizi problemlərdən qoruya bildi. Azərbaycanın gələcəkdə uğurlu inkişafı üçün bütün bu amillər daha da güclənməlidir”. Yaşasın müstəqil Azərbaycan! Ulu tanrı dövlətimizə yar olsun!
 
Akademik Ziyad SƏMƏDZADƏ,
Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq
İqtisadçılar İttifaqının vitse-prezidenti
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır