Prezident İlham Əliyevin yürütdüyü siyasət Ermənistanın beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınması prosesini sürətləndirir, torpaqlarımızın tezliklə azad olunacağı günü yaxınlaşdırır
Azərbaycan xalqı 32 ildən artıqdır ki, Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzədir. Bunun təəssüf doğuran əsas tərəflərindən biri bu işğalın dünyanın gözü qarşısında baş verməsidir. Avropadakı mövcud münaqişələri qəti şəkildə aradan qaldıran beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünün pozulmasına olan etinasız münasibəti, məsələyə yanaşmada ikili standartlardan çıxış etməsi nə qədər acı olsa da, reallıqdır.
Bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat, Azərbaycan ərazilərinə soxulmaq cəhdi də beynəlxalq ictimaiyyətin işğalçını öz adı ilə çağırmamasının, ona təzyiq etməməsinin, əksinə bir çox hallarda təəssübünü çəkməsinin nəticəsidir.
Tovuz istiqamətində ordumuzun mövqelərini ələ keçirmək istəyən Ermənistan bu hərəkəti ilə işğalçılıq siyasəti yürütdüyünü və təcavüzkar dövlət olduğunu bir daha təsdiq etdi. Azərbaycan Ordusu düşmənin bu niyyətinin qarşısını qəhramanlıqla aldı. Əks həmlə və zərbələrlə geri qaçmağa məcbur olan ermənilər xeyli canlı itki verdilər, hərbi texnika sarıdan tələfata məruz qaldılar.
Ermənistanın hərbi təxribatının qarşısının alınması bir sıra məlum həqiqətlərə yenidən işıq saldı ki, bunlardan biri ordumuzun şəxsi heyətinin, hər bir hərbi qulluqçumuzun yüksək vətənpərvərliyi, torpağımızn uğrunda canını belə fəda etməyə hazır olmasıdır.
Döyüşlərdə 12 hərbçimizin, general Polad Həşimovun, polkovnik İlqar Mirzəyev kimi yüksəkrütbəli zabitlərimizin, gizir və əsgərlərimizin qəhrəmancasına həlak olması hər birimizi kədərləndirdi. Bütün dünya gördü ki, Azərbaycan Ordusunun generalı, polkovniki öz əsgərləri ilə birlikdə ön xəttdə vətənin müdafiəsindədir. Şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Şəhidlərimizin ruhu rahatdır, çünki qanları yerdə qalmadı. Ordumuz şəhid olan bütün hərbçilərimizin qisasını layiqincə aldı. Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev Ermənistanın təxribatının qarşısının qətiyyətlə alındığını bəyan edərək bu barədə dedi: “Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.
Bəli, torpaq uğrunda ölən varsa, vətəndir. Azərbaycan xalqı belə qəhrəman generalları, zabitləri, əsgərləri olan ordumuzla fəxr edir. İyulun 14-də Bakıda ordumuza dəstək məqsədilə xalqın yürüş keçirməsi də ordumuza, əsgərimizə dəstəyinin ifadəsi idi. Orduya dəstək yürüşü xalqımızın milli həmrəyliyinin, Azərbaycan vətəndaşlarının möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin təcəssümü idi. Aksiya iştirakçılarının səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti qürurverici haldır.
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bu yürüşü xalq-iqtidar birliyini göstərən daha bir mənzərə adlandırdı: “Bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər Xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər Xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”.
Bu cür tədbirlər göstərir ki, Azərbaycan xalqı torpaqlarının işğalı faktı ilə heç vaxt barışmayacaq və bu mübarizədə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir.
Milli həmrəyliyimizin qarşısında bütün təxribatçı planlar iflasa məhkumdur
Lakin təəssüflə qeyd etməliyik ki, ordumuza dəstək məqsədilə iyulun 14-ü axşam saatlarında Bakıda keçirilən yürüşə bir qrup təxribatçı tərəfindən sonradan siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər edilib. Belə ki, Şəhidlər Xiyabanının və Milli Məclisin qarşısına toplaşanların arasından həmin qrup gecə saatlarında parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə, foyesinə daxil olan təxribatçılar inzibati binada dağıntılar törədib, inventara ziyan vurublar. Polis əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində bu hərəkətin qarşısı alınıb və aksiya iştirakçıları parlamentin binasından çıxarılıblar.
Unutmaq lazım deyil ki, bu kimi hallar dövlətə və cəmiyyətə ziyandan başqa heçnə gətirmir.
Bir neçə gün əvvəl Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev də bildirdi ki, 1992-ci ildə parlament binasını zəbt edənlər eyni ssenarini bu dəfə də həyata keçirmək istədilər: “Yəqin ki, siz də xatırlayırsınız, 1992-ci ili. Azərbaycan Xalq Cəbhəsinin hərbi çevrilişi parlamentin binasının zəbt edilməsi ilə başlamışdı və orada da başa çatmışdı. O kadrlar da var, yəqin ki, televiziyalar onu göstərəcəklər. O vaxt Azərbaycan hakimiyyəti bunun qabağında dura bilmədi. Çünki cəsarət, qətiyyət göstərmədi, iradə və ən önəmlisi, xalqın dəstəyi yox idi. Ona görə orada bir dəstə adam yığışan kimi, oraya basqın edən kimi hakimiyyət tamamilə dağıldı. Hərə bir tərəfə çəkildi, gizləndi, biri evində, biri harada. Hakimiyyətsizlik hökm sürürdü. Eyni ssenari üzrə bunlar bu dəfə də bunu etməyə çalışırdılar. Eyni ssenari üzrə, parlamentin binasını zəbt etmək, orada öz hakimiyyətini elan etmək”.
İyulun 14-dən 15-ə keçən gecə Bakıda baş verənlər göstərdi ki, həmin vaxt olduğu kimi indi qaragüruh qruplar ölkəmizi xaosa, anarxiyaya sürükləmək istəyir. Lakin onların Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq cəhdləri əbəsdir. Xalqımız bundan sonra da belə bədxah niyyətlərə qarşı sipər olacaq. Digər tərəfdən bu gün Azərbaycan dövləti çox güclüdür və ölkəmizi xoasa, anarxiyaya sürükləmək mümkün deyil. Ən əsası isə cəmiyyətimizdə möhkəm milli həmrəylik var və Azərbaycan xalqı öz rəhbərinin ətrafında sıx birləşib. Ona görə ölkəmizlə bağlı bütün təxribatçı planlar iflasa məhkumdur.
Tovuz qələbəsi Azərbaycanın hərbi qüdrətininmüharibə meydanındakı nümayişi oldu
Ermənistanın hərbi təxribatının dəf olunması və düşmənə sarsıdıcı zərbənin vurulmasının təsdiq etdiyi başqa bir reallıq isə Azərbaycan Ordusunun əzici üstünlüyü və düşmənin istənilən hücumunun qarşısını anında almağa qadir olmasıdır.
Respublikamızda bu gün prioritet elan edilmiş vəzifələrdən biri ordunun gücləndirilməsi, ümumən Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş qabiliyyətinin artırılması, modernləşməsidir. Xüsusən döyüş imkanlarının artırılmasında ən son hərbi texnologiyaların tətbiqi diqqət yetirilən əsas məsələlərdəndir. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı, status-kvonu qorumağa çalışdığı üçün ordumuz yenilməz və hər bir tapşırığı qələbə ilə yerinə yetirməyə qadir olmalıdır.
Bütün bu məsələləri daim diqqətdə saxlayan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzun güclənməsi məqsədilə gərəkən bütün addımları atır. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi xərclərin əhəmiyyətli yer tutması da tamamilə məntiqlidir. Bunun nəticəsidir ki, Silahlı Qüvvələrimizin döyüş imkan və qabiliyyətinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, hərbi hissələrdə silahlanmaya qəbul edilməsi istiqamətində davamlı və ardıcıl işlər aparılır. Qoşunların silah və döyüş sursatı ilə təminatı, uzun müddət istismarda olan silahların və cihazların yeniləri ilə əvəzlənməsi, onların istifadəsinin düzgün təşkili məsələlərinə də xüsusi diqqət yetirilir.
Təsadüfi deyil ki, xarici reytinq agentliklərinin hesabatlarında da göstərilir ki, Azərbaycan Ordusu öz imkanlarına görə Ermənistanı xeyli qabaqlayır. Məsələn, ABŞ-ın “Global Firepower” araşdırma mərkəzinin açıqladığı dünyanın ən güclü ordularının siyahısında Azərbaycan Silahlı Qüvvələri də yer alır. Mərkəzin dünyanın 137 ölkəsinin hərbi gücü ilə bağlı araşdırmasına əsasən Azərbaycan 52-ci yerdə qərar tutub. “Global Firepower” hesab edir ki, Azərbaycan Ordusu tanklarına görə dünyada 32-ci, zirehli döyüş maşınlarına görə 41-ci, özüyeriyən artilleriyaya görə 27-ci, raket sistemlərinə görə isə 21-ci yerdədir.
2016-cı ilin Aprel hadisələri zamanı cəbhənin Tərtər və Füzuli istiqamətində baş verənlər, yəni erməni hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması zamanı keçirilən hərbi əməliyyatlar Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktik təsdiqi oldu. Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması və Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel qələbəsindən sonra növbəti zəfəri oldu. Xalq Cümhuriyyətinin və ordumuzun yaradılmasının yüzüncü ildönümünə təsadüf edən bu hadisə cəmiyyətimizin xoş ovqatını daha da artırdı, düşmən üzərindəki qələbə gününün o qədər də uzaqda olmadığını göstərdi. Hər birimiz növbəti dəfə ordumuzdakı qalibiyyət əzminin şahidi olduq.
Bu günlərdə Tovuz istiqamətində baş verənlər isə bir daha Azərbaycanın Ermənistan üzərindəki əzici hərbi üstünlüyünü göstərdi. Ən əsası odur ki, bu cür təxribatçılıq əməlləri Ermənistanın öz başında çatlayır və Azərbaycanı sürətlə böyük Qələbəyə yaxınlaşdırır.
Beynəlxalq ictimaiyyətin obyektiv reaksiyası erməni yalanlarının qarşısını alır
Tovuz istiqamətində baş verən yeni hərbi toqquşmalardan sonra Azərbaycanın müttəfiqləri, tərəfdaşları, ayrı-ayrı dövlətlər ölkəmizin müdafiəsinə qalxdılar. Ermənistanın sərhəddəki təxribatı ilə bağlı ən böyük dəstək qardaş Türkiyədən gəldi. Bu ölkənin siyasi və hərbi rəhbərliyi birmənalı və qəti şəkildə, həm də sərt üslubda Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər. “Qardaş Azərbaycanı qətiyyən tək qoymarıq. Dağlıq Qarabağ işğal altındadır. Minsk qrupu 25-30 ilə yaxındır ki, bu işi masanın üstündə saxlayıb”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib. Prezident İlham Əliyevlə vəziyyəti müzakirə etdiyini, Azərbaycan hərbi nümayəndə heyətinin Ankaraya səfərə gəldiyini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə belə bir vaxtda qardaş Azərbaycanı qətiyyən tək qoymayacaq, sona qədər öz dəstəyini verəcək. “Qafqaz mücadiləsində olduğu kimi, bu gün də Azərbaycanın, azərbaycanlı qardaşlarımızın yanındayıq, yanında olacağıq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Daha bir qətiyyətli dəstək dost Pakistandan gəldi. Eyni zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, 57 dövlətin birləşdiyi İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər. Bu sırada Ukrayna və Moldova dövlətlərinin də mövqeyi təqdirəlayiqdir.
Üzvlərinin sayına görə BMT-dən sonra dünyanın ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatının Ermənistanın hərbi təxribatı ilə bağlı qəbul etdiyi kommünike isə 120 ölkənin Azərbaycana dəstəyinin ifadəsi oldu. Sənəddə təşkilata üzv dövlətlər Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, respublikamızın öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə göstərdiyi səylərlə həmrəy olduqlarını ifadə ediblər.
İtaliya parlamentinin üzvlərinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla çıxış etmələri mühüm siyasi hadisədir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanın hərbi təxribatı ilə bağlı beynəlxalq təşkilatların və dünya ölkələrinin reaksiyasına dair fikirlərini bildirərək deyib: “Budur bizə göstərilən beynəlxalq dəstək. Qeyd etdiyim kimi, digər ölkələr, bəzi Avropa ölkələri öz rəsmi nümayəndələri vasitəsilə Azərbaycana dəstək ifadə etdilər. İndi baxın, görün Ermənistana kim dəstək göstərdi? Görməmişəm. Burada da təcrid vəziyyətindədir. Çünki hamı bilir ki, Azərbaycan haqlıdır. Bir çoxları bizim fəaliyyətimiz nəticəsində biliblər ki, bu çirkin təxribatı Ermənistan törətmişdir”.
Beləliklə, beynəlxalq ictimaiyyətin obyektiv reaksiyası Ermənistanın təcavüzkar dövlət kimi tanınması prosesini sürətləndirir. Mən bu sırada xarici ölkələrdəki diaspor təşkilatlarımızın təşkilatçılığı ilə keçirilən aksiyaları da xüsusilə qeyd etmək istərdim. Məhz onların bu günlərdə aktiv fəaliyyəti nəticəsində hadisələrlə bağlı obyektiv məlumatlar xarici ölkələrin ictimaiyyətinə çatdırıldı və ermənilərin bu barədə yalan informasiya yaymaq cəhdlərinin qarşısı alındı.
Son hərbi məğlubiyyətdən sonra Ermənistanın diplomatik müstəvidə də uğursuzluğu daha da artacaq
Bu günlərdə heç bir dövlət və təşkilat Ermənistanın lehinə olan fikir səsləndirmədi. Yerevanda Ukrayna səfirliyinə qarşı həyata keçirilən iyrənc hadisə isə Ermənistanın siyasi-hərbi rəhbərliyinin son hərbi təxribatdan sonra diplomatik müstəvidə uğursuzluğa məruz qalmasına görə keçirdiyi əsəbin göstəricisi idi.
Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da onu müdafiə edən hansısa bəyanat vermədi. Məlum olduğu kimi bu hadisədən sonra təşkilat dərhal toplanmalı və baş vermiş hadisəni dəyərləndirməli idi. İyulun 12-də Ermənistan hadisə ilə bağlı KTMT-yə müraciət etmiş və təşkilatın iclasının çağırılmasını tələb etmişdi. Bu barədə qurumun saytında elan da yerləşdirilmişdi. Lakin qısa müddət sonra elan saytdan silindi və KTMT-nin heç bir iclası keçirilmədi.
Bu hadisə pərt vəziyyətinə düşən Ermənistanın diplomatik müstəvidə növbəti uğursuzluğu oldu. Bir daha sübut edildi ki, vassal Ermənistan üzvü olduğu təşkilatlarda belə ciddi qəbul olunmur. Əslində Ermənistanın məqsədi KTMT-ni bu hadisəyə cəlb etmək idi. Lakin Paşinyanın bu siyasi oyunu uğursuzluğa düçar oldu. Hətta Paşinyan Minskə səfər edərək dövlət başçılarından ayaqüstü dəstək almağa çalışsa da, istədiyinə nail olmadı.
Bununla belə, son günlər Azərbaycana tərəfdaş olan ölkələrin, konkret olaraq Serbiyanın Ermənistana silah-sursat göndərməsinin məlum olması dərin təəssüf hissi doğurur. Bu faktlar Azərbaycan dövlətinin və ictimaiyyətinin haqlı hiddətinə səbəb olub. Çünki Azərbaycan daim Serbiyaya dəstək verib, iqtisadiyyatına sərmayə yatırıb. Azərbaycan 2014-cü ildə daşqınlar zamanı Serbiyaya yardım əlini uzadan ilk dövlət olub, bu yaxınlarda isə koronavirusa görə humanitar yardım göndərib. Ən əsası isə daim Serbiyanın ərazi bütövlüyünü dəstəkləyib. Artıq ölkəmiz diplomatik kanallarla etirazını Serbiyaya çatdırıb.
ABŞ Konqresində ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlər qəbul edilib
Erməni yalanlarının bütün dünyada tədricən ifşa olunması artıq reallıqdır. Xarici ölkələrdəki erməni diaspor təşkilatlarının saxta təbliğatı əvvəlkitək ayaq tutub yerimir. Bugünkü reallıqları, tarixi həqiqətləri düzgün dəyərləndirən ayrı-ayrı ölkələrin siyasi mərkəzləri uzun illərdir dünyanı aldadan ermənilərin əlində artıq alət olmaq istəmirlər. Bir neçə gün öncə ABŞ Konqresində Azərbaycan əleyhinə daşnaklar tərəfindən təşviq olunan qanunvericilik təkliflərinin qarşısının qətiyyətlə alınması və ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlərin qəbul edilməsi bunu təsdiq edir.
Qeyd edim ki, son aylarda ABŞ-ın ermənipərəst qrupları 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər. Bu proses çərçivəsində, Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüb. İyulun 17-də keçirilən ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsinin iclasında Konqres üzvləri Stiv Kohen və Stiv Şabot tərəfindən təklif olunan Ermənistan əleyhinə düzəlişlər Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.
Bununla yanaşı erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı, Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst konqresmen Brəd Şerman və erməni əsilli Cəki Spiir tərəfindən Azərbaycan əleyhinə təklif olunan düzəlişlər qəbul edilməyib. Bu uğursuzluq erməni lobbisinin və xüsusilə də, Daşnak partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığına və məyusluğuna səbəb olub. Ermənipərəst Konqres üzvlərinin Azərbaycan əleyhinə irəli sürdüyü düzəlişlərə dəstək üçün erməni lobbisinin bütün qüvvələrinin, hətta son dəqiqədə milyonlarla izləyicisi olan erməni əsilli “tanınmış simaların” səfərbər olunmasına baxmayaraq, sözügedən düzəlişlərin qəbul edilməməsi erməni tərəfində ciddi narahatlığa səbəb olub. Ermənilərə bu işdə ermənipərəst mövqeyi ilə seçilən Qaydalar Haqqında Komitənin sədrinin dəstək göstərməməsi də ermənilər arasında əlavə gərginliyə və narazılığa səbəb olub.
Fakt faktlığında qalır ki, ABŞ Konqresi erməni diasporuna və erməni yalanlarına böyük zərbə vurub.
İnformasiya təhlükəsizliyinə əməl olunması düşmənlə mübarizədə əsas vasitələrdən biridir
Məlum olduğu kimi, xüsusən son onilliklərin sıçrayışlı texniki inkişafı informasiya cəmiyyətinin yaranmasına səbəb olub. İnformasiya cəmiyyətinin formalaşması özlüyündə mütərəqqi hadisə olsa da, informasiya təhlükəsizliyinin təmin olunması baxımından ciddi problemlər yaradır.
Ermənistanın Tovuz istiqamətində həyata keçirdikləri təxribat zamanı, o cümlədən Bakıda antimilli qüvvələrin iğtişaşı zamanı informasiya təhlükəsizliyi məsələləri yenidən gündəmə gəldi. Təəssüflə qeyd etməliyik ki, həmin günlərdə ermənilərlə yanaşı, sapı özümüzdən olan baltalar sosial şəbəkələr üzərindən həqiqətə uyğun olmayan informasiyalar yaymaqla insanları çaşdırmağa, cəmiyyəti qorxutmağa, təhdid etməyə cəhd göstərdilər. Təqdirəlayiq haldır ki, Azərbaycan cəmiyyəti bu yalanlara inanmadı və ordumuzun şanlı qələbəsi bu kimi əməllərin üstündən xətt çəkdi. O cümlədən ölkə daxilində təxribatçılıq məqsədilə yalan informasiyalar yayanlar müəyyən olunaraq məsuliyyətə cəlb edildilər.
Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da diqqəti məhz buna yönəldərək hər kəsi ayıq-sayıq olmağa çağırıb. “Yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur. Hər an unutmamalıyıq ki, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər.
Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd - çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır...
Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir. Axı bizim əsas vəzifələrimizdən biri ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqdır”, - deyə müraciətdə bildirilir.
Xalqımızın sosial şəbəkələrdə nümayiş etdirdiyi milli həmrəyliyi görməmək mümkün deyil. Lakin hər zaman sayıq olmalı, təxribata uymamalıyıq. Sosial şəbəkələrdə foto və video yerləşdirərkən və ya şərh yazarkən unutmalı deyilik ki, bu platformalardan düşmən də istifadə edir və paylaşdığımız hər bir informasiyanı diqqətlə izləyir.
Mən bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, həm bu müraciət, həm də Heydər Əliyev Fondunun nümayəndələrinın Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşmələri Mehriban xanım Əliyevanın bütün bu məsələlərə olduqca həssas münasibətinin, yüksək diqqətinin nümunəsidir. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondunun nəzarətinə götürülməsi bütün ölkə ictimaiyyəti tərəfindən alqışla qarşılandı. Bütün vətən sevgisi, budur xalqa layiqli xidmət missiyası...
Xarici siyasətimiz Prezidentin hücum diplomatiyasına adekvat olmalıdır
Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin nüfuzunu müəyyən edən bir sıra ənənəvi səbəblər var. Bunların arasında ən mühüm təbii ki, dövlətin yeritdiyi siyasətin məzmunu və mahiyyətidir.
Prezident İlham Əliyev müstəqil, milli maraqları əsas tutmaqla, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yürüdür. Elə bir beynəlxalq müzakirə mövzusu yoxdur ki, Azərbaycan həmin vaxt atdığı addımı hansısa dövlətin siyasi və ya iqtisadi maraqlarına uyğunlaşdırsın. Enerji məsələlərindən başlamış, xarici siyasi əməkdaşlığa, beynəlxalq təşkilatlarda iştiraka, qlobal terrorizmlə mübarizəyə qədər Azərbaycan tamamilə müstəqil siyasət həyata keçirir. İlk növbədə, müstəqil siyasət yürütməsi dövlətimizin beynəlxalq münasibətlər sistemindəki nüfuzunu və yerini şərtləndirən əsas amildir.
Eyni zamanda, illər öncədən Prezident İlham Əliyev ölkənin xarici siyasətində yeni məzmun dəyişikliklərinə səbəb olan kardinal dəyişikliklər edib ki, bunlardan biri də hücum diplomatiyasının həyata keçirilməsidir. Hücum diplomatiyası nəticəsində son illərdə erməni təbliğatının və erməni lobbisinin yaratdığı mifin qarşısı alınmaqda, Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi prosesi daha da sürətlənməkdədir.
Azərbaycan Prezidentinin hücum diplomatiyası, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prinsipial və ardıcıl mövqeyi regionda tamam yeni bir vəziyyətin yaranmasına gətirib çıxarıb.
Lakin təəssüflə qeyd etməliyik ki, ölkənin xarici siyasətinin formalaşmasında iştirak edən şəxslərin fəaliyyəti Prezidentin hücum diplomatiyası ilə adekvat təşkil etmirdi. Ona görə cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasında və yeni Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edərkən bu barədə sərt danışması tamamilə başadüşüləndir. Ölkə Prezidenti xarici siyasətin həyata keçirilməsinə məsul olan şəxslərdən hücum diplomatiyasının mahiyyətinə uyğun olaraq qətiyyət, cəsarət gözləyir.
Yeri gəlmişkən, Ceyhun Bayramov idarəçilikdə yüksək təcrübəsi olan bir məmurdur. İnanırıq, onun Xarici İşlər naziri kimi həyata keçirəcəyi fəaliyyət bu sahədə də köklü dəyişikliklərin baş verməsinə gətirib çıxaracaq.
Bu gün zaman Azərbaycanın xeyrinə işləyir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir ki, Ermənistanın işğalçı dövlət kimi tanınması prosesi sürətlənir və bütün dünyada erməni yalanlarına zərbə vurulur. Ən əsası, bu siyasət torpaqlarımızın işğaldan azad olunacağı günü sürətlə bizə yaxınlaşdırır.
Ziyad SƏMƏDZADƏ, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı. |