AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
04.11.2010
Baki, 6 oktyabr (AzərTAc). Baki Biznes Universitetində Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin 70 illik yubileyinə həsr edilmiş “Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr, milli inkişaf modelinin formalaşması problemləri” mövzusunda respublika elmi-praktiki konfransının (25 iyun 2010-cu il) materiallarından ibarət toplunun təqdimat mərasimi keçirilmişdir.
Mərasimi giriş sözü ilə AMEA-nın prezidenti akademik Mahmud Kərimov açdıqdan sonra akademik Ziyad Səmədzadə “Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatmasını müəyyən edən şərtlər və nəticələr. Gələcək barədə düşüncələr” mövzusunda məruzə etmişdir. Natiq bildirmişdir ki, müstəqil Azərbaycan dövlətinin tarixində keçid dövrü özünəməxsus yer tutur. Azərbaycan dövləti, xalqımız qədim tariximizin ən mürəkkəb mərhələlərindən biri olan keçid dövründə müstəqilliyimiz, gələcəyimiz üçün fundamental əhəmiyyət kəsb edən işlər gördü. Prezident İlham Əliyev 2009-cu il noyabr ayının 2-də Bakı Dövlət Universitetinin 90 illik yubiley mərasimindəki çıxışında ölkəmizin iqtisadiyyatında keçid dövrünün başa çatdığını bəyan etdi. Bu, tarixi bir bəyanat idi.
Z.Səmədzadə keçid dövrü çətinliklərinin aradan qaldırılmasında, qarşıya çıxan problemlərin həllində ümummilli lider Heydər Əliyevin rolunu vurğulamış, dövlətimizin başçısının bəyanatının iqtisad elmi qarşısında da mühüm vəzifələr qoyduğunu xatırlatmış, iqtisadçı alimlərimizin, tədqiqatçıların cavab axtarmalı olduğu sualları xatırlatmışdır.
Akademik məlumat vermişdir ki, təqdim olunan topludakı materiallar 10 bölmədə yerləşdirilmişdir. Buraya respublikamızın və xarici ölkələrin 90-dək nüfuzlu təşkilatlarını, elm-təhsil müəssisələrini təmsil edən 400-ə yaxın müəllifin yazısı daxildir. Məruzə və tezislərdə iqtisadçılar Azərbaycan dövlətinin, onun başçısı İlham Əliyevin apardığı siyasəti birmənalı şəkildə dəstəkləyir, ölkəmizin iqtisadi qüdrətinin möhkəmlənməsinə xidmət edən təkliflər irəli sürürlər. Sevindirici haldır ki, azərbaycançılıq, Azərbaycana xidmət bütün yazılardan qırmızı xətlə keçir, müəlliflər Prezidentimizin müəyyənləşdirdiyi və müasir dövrün reallıqlarını, perspektivlərini öbyektiv qiymətləndirən, ölkənin milli maraqlarına, iqtisadi təhlükəsizliyinə cavab verən iqtisadi siyasəti müdafiə edir, dövlət başçısının düşünülmüş siyasətinin reallaşmasına xidmət edən konseptual baxışlarına, fikirlərinə özlərinin elmi tədqiqatları üçün metodoloji əsas, güclü bir mənbə kimi baxırlar. Konfrans materiallarına dünyanın bir çox ölkələrinin tanınmış alimlərinin məruzə və tezisləri daxil edilmişdir. Bu, ölkələr arasında iqtisadi inkişaf, qlobal böhrana davamlılığı ilə bağlı müqayisəli təhlillər aparmağa imkan verir.
Tədbirdə akademik Asəf Nadirovun, AMEA-nın müxbir üzvləri Ağasəlim Ələsgərovun, Akif Musayevin, Əli Nuriyevin, AMEA İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyevin, Bakı Biznes Universitetinin rektoru İbad Abbasovun və başqalarının məruzələri dinlənilmişdir.
Tədbirdə irəli sürülmüş təkliflərin ümumiləşdirilməsi üçün işçi qrup yaradılmışdır.
İştirakçılar adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır