AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
17.12.2010
Dövlət Gömrük Komitəsinin yeni saytının təqdimatı keçirilmişdir Bakı, 10 dekabr (AzərTAc). Dekabrın 10-da Dövlət Gömrük Komitəsinin (DGK) yeni internet saytının təqdimatı olmuşdur. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkədə gömrük sahəsinin inkişafı, yeni internet səhifəsi barədə danışmışdır. Bildirmişdir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən keçirilən müsabiqədə DGK-nın yeni internet saytı “ən yaxşı elektron xidmət” nominasiyası üzrə birinci olmuşdur. DGK-nın yeni saytı “Milli Net 2010” müsabiqəsində dövlət və bələdiyyə saytları nominasiyası üzrə 2-ci yerə layiq görülmüşdür. A.Əliyev vurğulamışdır ki, yeni saytda xarici ticarət iştirakçıları, iş adamları, sadəcə sərhədi keçən adi vətəndaşlar üçün zəruri və mühüm məlumatlar yerləşdirilmişdir, çoxsaylı xidmətlər təqdim olunur. Bu səhifənin yaradılması və burada nəzərdə tutulan yeniliklər DGK-nın informasiya resurslarından daha səmərəli istifadə olunması, gömrük orqanları və biznes strukturları arasında əlaqələrin genişlənməsi, əhalinin və sahibkarların maraqlarının daha asan və çevik təmin olunmasına imkan verəcəkdir. Hesab edirik ki, bu sayt gömrük işində tam şəffaflığa doğru atılan əsas addımlardan biridir. Səhifənin “Səyahətçilər üçün məlumat” bölməsində sərhədi keçən fiziki şəxslərin ölkəyə gətirə biləcəyi və ya ölkədən çıxara biləcəyi mal və pul vəsaitinin, nəqliyyat vasitələrinin gətirilməsi qaydaları və s. zəruri məlumatlar əksini tapmışdır. Səhifədə gömrük bəyannamələrinin formaları ilə də tanış olmaq mümkündür. İnternet səhifəsi vasitəsilə xarici ticarət fəaliyyəti ilə məşğul olanlar özləri barədə məlumat verə bilərlər. A.Əliyev diqqətə çatdırmışdır ki, istənilən iş adamı və şirkət bu səhifədə öz vəziyyəti və məhsulu barədə də məlumat yerləşdirə bilər, amma bu şirkətin yalnız öz razılığı və icazəsi ilə olmalıdır. Bu məlumatlar onun fəaliyyətini asanlaşdıra və sahibkar kimi işlərini sürətləndirə bilər. Bundan başqa, şirkətlər xüsusi login və parol almaqla özü barədə məlumatı - öz şirkəti tərəfindən aparılan xarici ticarət (idxal-ixrac) əməliyyatları barədə məlumatları izləyə bilərlər. Amma bu məlumatlar yalnız həmin şirkətlərin özünə açıq olacaqdır. BMT İnkişaf Proqramının rezident nümayəndəsi Fikrət Akçura bildirmişdir ki, Komitənin yeni saytı bu sahədə olan inkişafın bir göstəricisidir. Ticarətin həyata keçirilməsi və asanlaşdırılması üçün yeni internet saytı çox vacibdir. Azərbaycanda gömrük xidmətinin yaxşılaşdırılması bütövlükdə regionda ticarətin inkişafına kömək etmişdir. Dağlıq Qarabağ probleminin yaxın vaxtlarda həll olunacağına ümid edən F.Akçuranın sözlərinə görə, bu, bütövlükdə Asiya və Avropa ölkələri arasında əlaqələrin genişlənməsinə kömək edəcəkdir. DGK-nin fəaliyyətinə, onun daha da genişlənməsinə, imkanlarının artırılmasına dəstək veririk. DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev bildirmişdir ki, yeni internet saytı informasiyanın verilməsindən və çatdırılmasından əlavə, elektron gömrük xidmətini təmin edir. Məsələn, logistika (yük daşımaları) ilə məşğul olan şirkətlər saytda qeydiyyatdan keçməklə “yaşıl kart” ala bilərlər ki, bu da onların sərhədi keçərkən yoxlanması və qeydiyyatı prosesini sürətləndirəcəkdir. Bundan başqa, əvvəllər idxal-ixrac əməliyyatları ilə məşğul olan şəxslər bunun üçün statistik kodu Komitəyə müraciət etməklə alırdılar. İndi isə lazımi kodları və pasport məlumatlarını daxil etməklə statistik kodu sayt vasitəsilə də əldə edə bilərlər. Avtomobil vasitəsilə Azərbaycana gəlməyə hazırlaşan şəxslər əvvəlcədən sayta daxil olub, bura lazımi məlumatları yerləşdirə bilər. Nəticədə həmin şəxs gömrük məntəqəsinə çatanda bu məlumatlar artıq gömrük işçilərində olacaq ki, bu da rəsmiləşdirmə və sərhədi keçmə prosesini asanlaşdırmalı və sürətləndirməlidir. İnternet səhifə vasitəsilə həm fiziki, həm də hüquqi şəxslər elektron ödəmələr də apara bilər. Bunun üçün lazımi qaydada qeydiyyatdan keçmək lazımdır. Ödəmə əməliyyatları “Visa” və “MasterCard” sistemləri vasitəsilə də mümkündür. Saytın əsas səhifəsində “Gömrük komitəsi”, “Qanunvericilik”, “Gömrük məcəlləsi”, “Beynəlxalq əlaqələr” “Xarici iqtisadi fəaliyyət iştirakçılarının ofisi”, “Gömrük qanunvericiliyi”, “Elektron gömrük xidmətləri”, xəbərlər və s. bölmələr vardır. Saytda təqdim olunan yeniliklər və xidmətlər gömrük-biznes əməkdaşlığının güclənməsinə və şəffaflaşmasına kömək edəcəkdir. İnternet səhifəsində hətta bu sahədə işləyən şirkətlərin işçi axtarması, eləcə də bu sahələrdə iş axtaranların işini asanlaşdıran sistemlər yer almışdır. Sayt 3 dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərir. İnternet səhifəsi vasitəsilə iş adamları və idxal-ixrac əməliyyatları ilə məşğul olanlar, hətta adi vətəndaşlar birbaşa komitə rəhbərliyinə müraciət edə bilər və bu müraciətlər ciddi araşdırılır. Sayt vasitəsilə iş adamları konkret gömrük işçisindən də şikayət edə bilərlər. Ulu öndər Heydər Əliyevin DGK-nın 5 illik yubileyindəki çıxışından bir hissə səsləndirilmişdir. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edərək bildirmişdir ki, Azərbaycan dövləti dünyaya uğurla inteqrasiya edir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası gələcəyə hədəflənən strategiyadır. Hazırda bu strategiya uğurla davam etdirilir. DGK ölkənin iqtisadi təhlükəsizliyini, milli təhlükəsizliyini təmin edən ən vacib strukturlardan biridir. Komitənin yeni internet saytı Azərbaycanın xarici iqtisadi əlaqələrinin sistemli təhlili, ölkənin ixrac və idxal potensialının artırılması, ölkədə qanunvericiliyin təkmilləşməsi və digər məsələlərin həlli üçün imkanlar yaradır. Yaxın vaxtlarda gömrük məcəlləsinin yeni variantda müzakirəsi ilə əlaqədar Milli Məclisdə çox böyük işlər başlanacaqdır. Dövlət başçısının təqdimatı ilə Milli Məclisə gömrük məcəlləsinin yeni layihəsi gəlmişdir. Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkədə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, o cümlədən DGK-nın yeni internet səhifəsi barədə danışmışdır. Vurğulamışdır ki, DGK İKT-nin tətbiqində dövlət qurumları arasında irəlidə gedənlərdən biridir. Sayt mükəmməl, çox zəngin texnologiyalardan istifadə edilməklə hazırlanmışdır. Tədbirin sonunda DGK-da “vahid pəncərə” sisteminin tətbiqi ilə bağlı film nümayiş etdirilmişdir.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır