Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov demişdir ki, belə bir tədbir ilk dəfədir təşkil olunur. Məqsəd yeni seçilmiş deputatlara parlamentin fəaliyyəti, qanunların hazırlanması, müzakirəsi və qəbulu qaydaları, seçicilərlə işin təşkili, dövlət hakimiyyəti orqanları ilə cəmiyyət arasındakı münasibətlərdəki rolu, beynəlxalq əlaqələri barədə məlumat verməkdir. O demişdir ki, hər bir deputatın qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ vardır. Parlament həm də dövlət büdcəsi üzərində nəzarəti həyata keçirir, Nazirlər Kabinetinin, Hesablama Palatasının, Ombudsmanın hesabatlarını dinləyir, Azərbaycan dövlətinin başçısının xarici siyasətinin düzgün həyata keçirilməsinə kömək göstərir. Bunun üçün Milli Məclisdə 70-ə yaxın dostluq qrupu vardır və deputatlar bu qruplarda çox fəal olmalıdırlar. ABŞ səfirliyinin nümayəndəsi Adam Sterlinq, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Parlament proqramının icraçı direktoru Aybəniz Məmmədova layihəni yüksək qiymətləndirmiş və dəstəklədiklərini bildirmişlər. Sonra Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlamentarizmin mahiyyəti, tarixi, fəlsəfəsi, formaları, iş prinsipləri, Milli Məclisin hakimiyyət bölgüsündəki yeri barədə geniş məlumat vermişdir. Tədbirdə deputat Mübariz Qurbanlı Milli Məclisin komitə və komissiyalarının fəaliyyətinin hüquqi əsasları, iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deputatın statusu, toxunulmazlıq hüququ, fəaliyyətinin normativ əsasları, deputat Məlahət İbrahimqızı qanunvericilik təşəbbüsü hüququnun subyektləri, Milli Məclis sədrinin müavini Bahar Muradova deputatın seçicilərlə işinin təşkili, seçki dairələrində problemlərin həlli və seçici maraqlarının müdafiəsi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və s. məsələlər barədə məruzələr etmişlər. Daha sonra Milli Məclis Aparatının müxtəlif şöbələrinin təqdimatı olmuşdur. |