AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
21.02.2011

"İqtisadi inkişafa xidmət edən vergi islahatları" mövzusunda dəyirmi masa keçirilmişdir

 Fevral ayının 11-də Bakı Biznes Mərkəzində vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş "İqtisadi inkişafa xidmət edən vergi islahatları" mövzusunda tədbir  keçirilmişdir.

Tədbirdən əvvəl Vergilər Nazirliyinin kollektivi Fəxri Xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülmüşdür. Vergi xidməti əməkdaşları Şəhidlər Xiyabanını da ziyarət etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Bakı Biznes Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov vergi xidməti işçilərinin peşə bayramını ölkənin görkəmli iqtisadçıları, alimləri və işgüzar dairələrin nümayəndələri ilə birlikdə, "İqtisadi inkişafa xidmət edən vergi islahatları" mövzusuna həsr olunmuş dəyirmi masa ətrafında qeyd etməkdən məmnunluq duyduğunu vurğulayaraq Nazirliyin yaradılmasından ötən 11 il ərzində ölkəmizdə bir çox siyasi və sosial-iqtisadi problemlərin uğurla həll edildiyini, demokratik dövlət quruculuğu prosesinin dönməz xarakter aldığını, regionda lider dövlətə çevrilən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun müqayisə olunmaz dərəcədə artdığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Qeyd edilmişdir ki, ardıcıllıqla həyata keçirilən dinamik iqtisadi inkişaf strategiyası, kompleks proqramlar və modern ideyalar əsasında reallaşdırılan quruculuq işləri nəticəsində ölkənin iqtisadi potensialı əhəmiyyətli dərəcədə artmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir. Bütün dünyanı bürümüş maliyyə böhranına baxmayaraq, təkcə 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə yönəldilmişdir. İnvestisiyaların strukturunda daxili investisiyaların payının çoxalması, qeyri-neft sahələrinə yönəldilən sərmayələrin neft sənayesinə qoyulan sərmayələri üstələməsi iqtisadiyyatın diversifikasiyasını və dayanıqlığını şərtləndirmişdir.

Vergilər naziri ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilməsinə başlanmış vergi siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan mütərəqqi islahatlar nəticəsində vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirildiyini diqqətə çatdırmışdır. Nazir Azərbaycanın müasir Avropa standartlarına cavab verən vergi qanunvericiliyi bazasına malik olduğunu və onun təkmilləşdirilməsi üçün lazımi tədbirlər görüldüyünü bildirmişdir. Vurğulanmışdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi vergi ödəyiciləri üçün bərabər iqtisadi şərait yaradır, vergi ödəyiciləri arasında diskriminasiyaya yol vermir. Qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində hüquqi şəxslərin mənfəət vergisi ilə fərdi sahibkarların gəlir vergisinin dərəcəsi uzlaşdırılmış, rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükü bərabərləşdirilmişdir ki, bu da investisiya yatırılmasını şərtləndirən əsas amillərdəndir. Vergi Məcəlləsinin təkmilləşdirilməsi prosesində mütəxəssislər və sahibkarlar, Vergilər Nazirliyinin Ekspert Komissiyasının üzvləri, iqtisadçı alimlər yaxından iştirak edirlər.

Fazil Məmmədov bildirmişdir ki, vergi yükünün səviyyəsi ölkədəki iqtisadi reallıqlara uyğundur, vergi dərəcələri mütəmadi olaraq aşağı salınır. 2010-cu ilin yanvar ayının 1-dən etibarən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizədək, gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizədək endirilmiş, fərdi sahibkarlar üçün gəlir vergisi 20 faiz səviyyəsində müəyyən edilmişdir.

«Elektron hökumət» layihəsinin tərkib hissəsi olan Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin vergi ödəyicilərinə ən mütərəqqi xidmətləri təqdim etməyə imkan verdiyini bildirən vergilər naziri qeyd etmişdir ki, Azərbaycan MDB məkanında elektron bəyannamələri tətbiq etmiş ilk ölkələrdən biridir. Ötən ilin yekununa görə, Azərbaycanda ƏDV ödəyicilərinin 99.9%-i, digər vergi ödəyicilərinin isə 82.6 %-i bəyannamələrini elektron formada təqdim etmişlər.

Nazir çox uğurlu və unikal bir layihə olan ƏDV depozit hesablarını tətbiq edildiyi 3 il ərzində ödənilən ƏDV-nin ümumi məbləğinin 2 dəfəyə yaxın artdığını bildirərək hal-hazırda Vergilər Nazirliyinin Avropa Şurasının Twininq proqramı çərçivəsində ölkəmizdə elektron auditin tətbiqi üzərində işlədiyini bildirmişdir.

Vergilər naziri qeyd etmişdir ki, cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində və "2011-ci il üçün dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə ölkə başçısının imzaladığı 24 noyabr 2010-cu il tarixli Fərmanında vergi orqanları qarşısında qoyulmuş konkret tapşırıqların həlli vergi orqanlarının bütün qüvvələrinin səfərbər olunmasını tələb edir. Bu istiqamətdə aparılan işlər barədə məlumat verən nazir səhmlərinin 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslərin vergi hesablamaları və ödəmələrinin vergitutma bazasının ciddi təhlil olunduğunu, potensial mənbələrin aşkarlanaraq vergiyə cəlb olunması istiqamətində tədbirlərin həyata keçirildiyini bildirmişdir. Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən investisiya layihələri üzərində vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, həmin layihələr üzrə tenderlərdə qalib gəlmiş vergi ödəyicilərinin fəaliyyətinə vergi nəzarətinin gücləndirilməsinə, vergi ödəyicilərində iş yerlərinin rəsmiləşdirilməsinə və əmək haqlarının leqallaşmasına nəzarətin artırılmasına, podratçıların fəaliyyətinin daha şəffaf həyata keçirilməsinə imkan verəcəkdir. Vergilər naziri fevral ayından başlayaraq vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) uçot məlumatlarının dəqiqləşdirilməsi məqsədilə onların pasportlaşdırılmasına başlandığını qeyd etmişdir.

2011-ci ildə qarşıda duran vəzifələrdən danışan vergilər naziri nağdsız ödənişlərinin stimullaşdırılması, həmçinin vergi, rüsum, icarə haqqı və digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdan kənar nağd qaydada aparılmasının minimuma endirilməsi istiqamətində də işlər aparılacağını söyləmişdir.

Tədbirdə Azərbaycanda vergi sisteminin formalaşması, keçdiyi inkişaf mərhələləri, bu sahədə aparılmış islahatlar haqqında film nümayiş etdirilmişdir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, ADİU-nun rektoru, professor Şəmsəddin Hacıyev, akademik Asəf Nadirov, "Azərbaycan" Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Akif Musayev, Auditorlar Palatası sədrinin müşaviri Nəcəf Talıbov, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, "Karat-Holdinq" MMC-nin direktoru Taleh Qasımov və başqaları çıxış edərək öz fikir və təkliflərini səsləndirmişlər.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır