AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
24.02.2011

CƏMİYYƏT : Ziyad Səmədzadə Disertasiya Şurası ilə bağlı səslənən fikirlərə aydınlıq gətirdi

 Müstəqil İnformasiya Agentliyində (MİA) yayımlanan "Ali Attestasiya Komissiyasında qalmaqal” adlı yazıda adı keçən akademik Ziyad Səmədzadə səslənən fikirlərə yazılı şəkildə reaksiya verib.

 Akademik Z.Səmədzadə MİA-ya göndərdiyi açıqlamada yazıda səslənən fikirlərin həqiqəti əks etdirmədiyini bildirib. Qeyd edək ki, adıçəkilən yazıda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verən Disseratasiya Şurasının Gəncəyə - Azərbaycan Dövlət Aqrar Universitetinə köçürülməsi və Şuraya akademik Z.Səmədzadənin sədr təyin olunması faktı tənqid olunurdu.

 "Digər tərəfdən ötən il AAK tərəfindən aparılan yoxlamalar zamanı Dissertasiya Şurasının sədri kimi fəaliyyətinə ciddi iradlar tutulan akademik Ziyad Səmədzadənin yenidən Gəncədəki Disseratasiya Şurasına sədrlik etməsinin qərarlaşdırılması qalmaqalı böyüdüb. MİA-ya verilən məlumata görə, Disseratasiya Şurasının AAK əsasnaməsini də pozaraq Gəncədə fəaliyyət göstərməsinə nail olmaq cəhdi alimlər arasında ciddi narazılığa səbəb olub və AAK sədri bununla bağlı ciddi tədbir görməyə cağırıblar" - deyə xəbərdə bildirilirdi.

 Z.Səmədzadə bizə ünvanladığı məktubda həm yazıda səslənən bir sıra fikirlərə, həm də Disseratasiya Şurası ətrafında gedən proseslərə aydınlıq gətirib. "Açığını deyim ki, “Ali Attestasiya Komissiyasında qalmaqal” adlı yazını oxuyanda çox təəccübləndim. Hiss olunur ki, yazının müəllifinə əsası olmayan, şantaj xarakterli məlumatlar ötürülüb. Həqiqət isə

belədir. Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun rəhbərliyi institutun nəzdində fəaliyyət göstərən dissertasiya şurasında keyfiyyətsiz işlərin müdafiəsi üçün bütün xoşagəlməz üsullara əl atırdı. Adını çəkdiyim institutda dəfələrlə elmi seminarların təşkilində məsuliyyətsizliyin, dissertasiyaların ekspertizasının aşağı səviyyədə keçirilməsinin, biganəliyin, xoşagəlməz hadisələrin şahidi olmuşam. Bu barədə institutun rəhbərliyinə narahatlığımı bildirsəm də, heç bir nəticə çıxarılmırdı. Elmi seminarın təşkilinə kifayət qədər tələbkarlıqla yanaşmadığına görə müdafiə şurasının iclasında onun rəhbərinin dəyişdirilməsi barədə təkliflə çıxış etdim.

 Digər bir xoşagəlməz fakt barədə. İnstitutun rəhbərliyi tərəfindən AAK-na reallığa uyğun olmayan məlumat verilmişdi ki, guya müdafiə etmək üçün 41 nəfər növbədədir, onlardan bəziləri hətta elmi seminardan keçib. Bu fikir də yalandır. Araşdırmalar göstərir ki, bu dissertantların əksəriyyətinin elmi işi hazır deyil, dissertasiyalar heç bir ekspertizadan, elmi seminardan keçməmişdir. AAK-ın tələblərinə uyğun olaraq elmi seminarın rəyi olmadan dissertasiya müdafiə şurasına çıxarıla bilməz.

 Son illərdə institutun elmi-kadr potensialının xeyli zəifləməsi (tam ştatda cəmi 2 nəfər iqtisad elmlər doktoru çalışır), AAK-ın əsasnaməsinin kobud şəkildə pozulması, müdafiəyə qədər hazırlıq prosesində ciddi nöqsanların olması və bəzilərinin etik normalara sığmayan iddiaları, nəyin bahasına olursa-olsun elmlə əlaqəsi olmayan insanların müdafiəsi üçün ən iyrənc üsullara əl atılması nəinki müdafiə şurasının normal fəaliyyətinə mənfi təsir edir, eyni zamanda iqtisad elminin gələcəyi baxımından narahatçılıq doğururdu".

 Akademik Z.Səmədzadə qeyd edir ki, bütün bunlara görə AAK-ın dissertasiya şurasının Azərbaycan Dövlət Aqrar Universitetində yaradılması qanunauyğun haldır. "Universitet respublikamızın qocaman, nüfuzlu ali təhsil müəssisəsidir. Onun şanlı tarixi , gözəl ənənələri, güclü elmi-kadr potensialı var. Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılmış birləşmiş dissertasiya şurasının tərkibinə respublikamızın görkəmli, saf, sağlam əqidəli iqtisadçı alimlər daxil edilmişdir. Əgər ləğv edilən müdafiə şurasında institutun cəmi 2 nəfər əməkdaşı var idisə, Dövlət Aqrar Universitetində isə yaradılan yeni müdafiə şurasının 9 üzvü universitetin əməkdaşıdır"- deyə akademik bildirir.

 Akademikin fikrincə, yeni müdafiə şurasının fərqli müsbət cəhəti bir də ondan ibarətdir ki, burada iqtisad elminin 4 istiqaməti üzrə dissertasiyalar müdafiə ediləcək: "Bu isə iqtisadçı elmi kadrların strukturundakı ciddi uyğunsuzluqların aradan qaldırılmasına öz müsbət təsirini göstərəcəkdir. Dissertasiya şurası heç şübhəsiz ki, Attestasiya Komissiyasının tələblərini rəhbər tutacaq, gənc elmi tədqiqatçılara dəstək olacaq, dissertasiyaların keyfiyyətinin artmasına çalışacaq, iqtisad elminə təsadüfi insanların gəlməsinə imkan verməyəcəkdir. Elmi ictimaiyyət yaxşı bilir ki, Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun rəhbərliyi öz fəaliyyətində bu meyarları arxa plana atmışdı...".

 Akademik Z.Səmədzaə sonda vurğulayır ki, Azərbaycan hər tərəfli inkişaf edir, regionların siması dəyişilir. "Ona görə də böyük inkişaf imkanları olan Gəncədə, Naxçıvanda və digər zonalarda elmi mərkəzlərin yaradılması qanunauyğun haldır və bu istiqamətdə AAK-ın atdığı addımı hər bir ziyalı, alim müsbət hal kimi qiymətləndirməlidir. Prezident Adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin böyük ziyalılıq və əsl vətəndaşlıq duyğusu ilə yazdığı “İctimai və Humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsində ictimai və humanitar elmlərin əsl məzmun və əhəmiyyəti üzə çıxarılmış, onların rolu və səmərəliliyinin artırılması ilə bağlı konkret vəzifələr müəyyənləşdirilmişdir".

 Sonda akademik bu sahədə islahatların aparılmasının zəruriliyini qeyd edir. "İqtisadçı elmi kadrların hazırlanması prosesi köklü şəkildə təkmilləşməlidir, bir sıra dissertasiyalarda təsvirçilik halları üstünlük təşkil edir. Müvafiq strukturlara lazımi səviyyədə konkret təkliflər verilmir. Bu prosesin mənfi nəticələrinin vaxtında qarşısını almaq üçün fəlsəfə doktorları və elmlər doktorlarının hazırlanması sistemində islahatlar aparılmalıdır. AAK-ın Dövlət Aqrar Universitetində müvafiq dissertasiya şurasının yaradılması barədə qərarı bu islahatların vacib tərkib hissələrindən biridir".

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır