İyunun 1-də Yeni Azərbaycan Partiyasının (YAP) və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşkilatçılığı ilə “Pensiya təminatında vahid prinsipin tətbiqi islahatların yeni mərhələsidir” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov “dəyirmi masa”nın əhəmiyyətindən və vacibliyindən danışmış, ölkənin pensiya sistemində islahatların uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ölkədə dayanıqlı pensiya sistemi formalaşmışdır. İnkişaf sürətləndikcə sosial müdafiə və pensiya sistemində ciddi islahatların aparılmasına ehtiyac yaranır. Dövlətimizin başçısının rəhbərliyi altında bütün sahələrdə, o cümlədən pensiya sistemində güclü islahatlar həyata keçirilir. Bu da yaşlı əhalinin layiqli həyat səviyyəsinin və sosial statusunun təmin edilməsinə öz töhfəsini verməkdədir. DSMF-nin sədri Səlim Müslümov mövzu ilə bağlı təqdimatla çıxış etmiş, həyata keçirilmiş islahatlar barədə ətraflı məlumat vermişdir. Vurğulamışdır ki, sığorta-pensiya sistemində həyata keçirilən islahatlar kompleks xarakter daşıyır. Yeni sistemin tətbiq olunmasından indiyədək DSMF-nin gəlirləri 4 dəfə artmış, sığortaolunanların sayı 1 milyon 300 min nəfərdən 1 milyon 860 min nəfərə çatmış, sosial sığorta haqlarının dərəcələri 29 faizdən 25 faizə endirilmişdir. DSMF-nin xərcləri 4 dəfə artmışdır. Xərclərin 97,5 faizindən çoxu əhaliyə ödənişlərdən ibarətdir. Əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır. Bildirmişdir ki, həyata keçirilən islahatlara uyğun olaraq yeni pensiya təyinatında tətbiq olunan qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqlarının yenidən hesablanması nəzərdə tutulur. Belə ki, 2006-cı ilin 1 yanvarınadək olan iş stajının hər ili üçün 170 manat pensiya kapitalı verilir. Sonra həmin kapital qanunvericiliklə müəyyən olunmuş gözlənilən pensiya ödənişi müddətinə, yəni 144 aya bölünür, alınan məbləğə 2006-2010-cu illərin inflyasiya faizi tətbiq edilməklə hər il üçün 1,94 manat pensiyanın sığorta hissəsi təyin olunur. Hesablamalarımıza əsasən, 845 min nəfərin pensiyası orta hesabla 40 faiz artacaq və bu tədbirin illik maliyyə yükü 390 milyon manat, 2011-ci ilin 6 ayında isə 195 milyon manat təşkil edəcəkdir. Hazırkı vəziyyətdə minimum pensiya alma halı aradan qaldırılacaqdır. Daha sonra Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən və vacibliyindən danışmış, pensiya sistemində aparılan islahatların uğurla həyata keçirildiyini diqqətə çatdırmış, qarşıda duran vəzifələrə toxunmuşlar. Qeyd olunmuşdur ki, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Aparılan siyasət öz bəhrəsini verməkdədir. Pensiya sistemi daim təkmilləşir. Dövriyyəyə buraxılan pul kütləsinin sürətlə artdığı bir şəraitdə gələcəkdə regionlar üzrə gəlirlərin bölünməsi, gəlirlərin yaş qrupları arasında bölünməsi, əmək pensiyasının yığım hissəsi və digər məsələlər diqqətdə saxlanılır. Eyni zamanda, dövlətin funksiyalarından daha səmərəli istifadə edilməsi istiqamətində müəyyən addımlar atılmalıdır. Hazırda bununla bağlı işlər aparılır. “Dəyirmi masa”da Milli Məclisin deputatları, ziyalılar, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. |