AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
12.07.2011

Nazirlər Kabinetində görüş

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iyulun 8-də ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Əvvəlcə Baş nazirlərin təkbətək görüşü olmuşdur. Sonra görüş geniş tərkibdə davam etdirilmişdir.
Baş nazir Artur Rasizadə demişdir ki, Belarus Azərbaycana dost ölkədir. Ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirən A.Rasizadə siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin güclənməsindən, birgə layihələrin həyata keçirilməsindən məmnunluğunu ifadə etmişdir. Baş nazir A.Rasizadə Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafındakı xüsusi rolunu vurğulamış və bildirmişdir ki, bizim indiki münasibətlərimiz gələcək əlaqələrimizin perspektiv inkişafının əsasını təşkil edir.
Dünyada baş verən maliyyə böhranının Azərbaycana az təsir etdiyini vurğulayan Baş nazir buna Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət sayəsində nail olunduğunu bildirmişdir. Azərbaycanda müasir infrastrukturun yaradılmasına xüsusi diqqət yetirildiyini deyən A.Rasizadə qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişaf etdirilməsinin ölkəmizdə həyata keçirilən siyasətin əsas məqsədi olduğunu diqqətə çatdırmışdır. Baş nazir bu sahədə Azərbaycan ilə Belarus arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunmuş, ölkələrimiz arasında əməkdaşlığın inkişafında birgə layihələrin həyata keçirilməsinin vacibliyini bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə belaruslu həmkarına ətraflı məlumat verən Baş nazir A.Rasizadə bir milyondan artıq azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkün düşdüyünü diqqətə çatdırmışdır. Baş nazir demişdir ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi mühüm layihələr nəticəsində bütün çadır düşərgələri ləğv olunmuş, onlar üçün hər cür şəraiti olan yeni qəsəbələr salınmışdır.
Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayan Belarusun Baş naziri Mixail Myasnikoviç bildirmişdir ki, səfər çərçivəsində ticarət və iqtisadiyyat, eləcə də investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. M.Myasnikoviç Belarus ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur.
"Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında Saziş", "Azərbaycan Respublikası hökuməti ilə Belarus Respublikası hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında Saziş" və "2011-2012-ci illər üzrə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Belarus Respublikası Xarici İşlər Nazirliyi arasında tematik məsləhətləşmələr Planı" imzalanmışdır.
Sənədləri Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Belarus Respublikasının xarici işlər nazirinin birinci müavini İqor Petrişenko imzalamışlar. 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır