Sentyabrın 12-də Milli Məclisin payız sessiaysında iqtisadi siyasət komitəsinin ilk iclası keçirilmişdir.
Komitənin sədri, akademik Ziyad Səmədzadə deputat həmkarlarının payız sessiyasının başlanması münasibətilə təbrik etmiş, komitənin ötən sessiyadakı gördüyü işlərin hesabatını təqdim etmişdir. Bildirilmişdir ki, ötən dövrdə komitə çox məhsuldar işləmiş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi inkişafını sürətləndirən qanunların, Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən saziş, müqavilə və konvensiyaların qəbulunda mühüm rol oynamışdır.
Payız sessiyasında “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında”, “Təhsil kreditləri haqqında” qanun layihələrinə, Rəqabət Məcəlləsinin layihəsinə və digər qanunlara münasibət bildirərək Milli Məclisin ümumi iclasında müzakirəyə təqdim ediləcəkdir.
Sonra komitə sədrinin müavini Çingiz Əsədullayev, deputatlardan Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Əli Məsimli və başqaları çıxış edərək komitənin payız sessiyası üçün qanunvericilik işləri planı barədə rəy və təkliflərini söyləmişlər.
İclasda Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Serbiya və Sloveniya respublikaları hökumətləri arasında dəniz nəqliyyatına, gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardıma, sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair saziş layihələrinə münasibət bildirilmişdir.
Deputatlar bu beynəlxalq sənədlərin Azərbaycanın milli maraqlarına xidmət etdiyini vurğulamışlar.
Daha sonra, “İstehlakçılaının hüquqlarının müdafiəsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Sosial sığorta haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihələrinə münasibət bildirilmişdir.