Azərbaycan sivil inkişaf yolu ilə inamla irəliləyə və bu da müstəqilliyimizin əbədi olacağına təminat verir. Azərbaycan artıq 20 ildir müstəqil dövlət kimi yaşayır. Mən cəsarətlə deyə bilərəm ki, bu müddət ərzində biz onilliklərə bərabər yol keçmişik. İlk növbədə, Azərbaycanda yeni iqtisadi sistem yaradılmışdır. Ölkəmizin 20 il ərzində əldə etdiyi nailiyyətlər bir daha göstərdi ki, getdiyimiz yol tamamilə düzgün yoldur. Bu müddət ərzindəki nailiyyətlərimiz göz qabağındadır. Bu sözləri Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirində iştirak edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə AzərTAc-a müsahibəsində demişdir. Akademik vurğulamışdır ki, 20 il ərzində əldə etdiyimiz nailiyyətlər nəticəsində Azərbaycanda adambaşına düşən məhsulun həcmi on dəfədən çox artmışdır. Azərbaycanın digər makro-iqtsiadi göstəriciləri də yüksəkdir. Ölkəmiz dünyanın neft siyasətində aparıcı rol oynayan bir dövlətə çevrilmişdir. İndi Azərbaycanla hesablaşırlar, onu tanıyırlar, ölkəmiz beynəlxalq aləmdə nüfuz sahibidir. Strateji məkanda yerləşən Azərbaycan qonşuları ilə balanslaşdırılmış siyasət aparır. Respublikamızda iqtisadi islahatların bütün mərhələlərdə uğurla həyata keçirildiyini diqqətə çatdıran Z.Səmədzadə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünün QHT tərəfindən beynəlxal səviyyədə qeyd edilməsini ölkəmizdə sivil vətəndaş cəmiyyətinin qurulmasının bariz göstəricisi olduğunu bildirmişdir. |