Sentyabrın 27-də Sənaye və Energetika Nazirliyində “Azərbaycanın dövlət müstəqilliyi: sənaye-energetika kompleksi yeni zirvələrə doğru” mövzusunda “dəyirmi masa” keçirilmişdir. AzərTAc xəbər verir ki, “dəyirmi masa”da çıxış edən sənaye və energetika naziri Natiq Əliyev son 20 ildə ölkənin, o cümlədən sənaye, neft-qaz, neftayırma və kimya sahələrinin inkişafından danışaraq, bu dövrdə yeni yataqların kəşfi haqqında məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik, məqsədyönlü və ardıcıl həyata keçirdiyi qlobal, genişmiqyaslı iqtisadi siyasət nəticəsində bu gün neft sənayesi Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyini, iqtisadi tərəqqisini təmin etmişdir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. “Əsrin müqaviləsi”nin əhəmiyyətindən söz açan Natiq Əliyev vurğulamışdır ki, əgər ötən əsrin 90-cı illərinin əvvəlində ölkədə ildə 9 milyon ton neft hasil olunurdusa, hazırda bu göstərici 50 milyon tona çatmışdır. O, ölkənin neftayırma sahəsinin inkişafına dair yeni proqram hazırlandığını da qeyd etmişdir. Sonra Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Akif Əlizadə, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və başqaları çıxış edərək, ümummilli lider Heydər Əliyevin alimlərə diqqətindən, elmin inkişafına göstərilən dövlət siyasətindən, ulu öndərin yeni neft strategiyası sayəsində qazanılmış uğurlardan söhbət açmışlar. |