Hesablama Palatasında müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilmişdir
Hesablama Palatasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Hesablama Palatasından AzərTAc-a bildirmişlər ki, tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin qurumun inzibati binasının foyesindəki büstü önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Hesablama Palatasının sədri Heydər Əsədov iştirakçıları əlamətdar yubiley münasibətilə təbrik etmişdir. H.Əsədov Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizədən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlətin və dövlətçiliyimizin bərpası və möhkəmləndirilməsi üçün apardığı mücadilədən, onun rəhbərliyi ilə ilk növbədə siyasi sabitliyin və iqtisadiyyatın bərpası və gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyətindən danışmışdır. Sədr Hesablama Palatasının da öz funksiyalarını yüksək səviyyədə həyata keçirməklə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, siyasi və iqtisadi cəhətdən daha da gücləndirilməsi işinə töhfələr verdiyini qeyd etmişdir. H.Əsədov Palatanın qarşısında duran ən aktual məsələlərdən biri - nəzarət tədbirləri zamanı büdcə vəsaitlərindən sui-istifadə edilməsinə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması istiqamətində fəaliyyətini daha da gücləndirməklə qüvvələrini səfərbər etdiyini, öz fəaliyyəti ilə Prezident İlham Əliyevin bütün təşəbbüslərinə dəstək olacağını bildirmişdir. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycandakı iqtisadi durumdan danışmışdır. Qeyd etmişdir ki, müstəqilliyin ilk illərində ölkədəki siyasi quruluşun dəyişməsi və keçid dövrünə xas olan qarışıqlığın, iqtisadi böhranın, sosial gərginliyin, işsizliyin, kriminal ünsürlərin güclənməsinin, əhalinin təhlükəsizliyinin pozulmasının və ərzaq qıtlığının aradan qaldırılması məhz ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində mümkün olmuş, ümummilli liderin səriştəsi, məqsədyönlü siyasəti Azərbaycanda həyat üçün, iqtisadi, siyasi, ictimai fəaliyyət üçün əlverişli şəraitin yaranmasını, respublikamızın bütün dünyaya öz müstəqilliyini və stabilliyini nümayiş etdirə bilməsini təmin etmişdir. Akademik ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən ölkə başçısı İlham Əliyevin dinamik və çevik, düşünülmüş və balanslı siyasəti nəticəsində Azərbaycanın bu gün regionda lider dövlət kimi formalaşdığını bildirmişdir. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxışında Azərbaycanın dövlətçilik və müstəqillik uğrunda mübarizə tarixi barədə qısa məlumat vermiş, 1990-cı illərin əvvəllərində sosial-siyasi vəziyyəti şərh edərək o şəraitdə ümummilli liderin hakimiyyətə qayıdışının ölkə üçün yeganə xilas yolu olduğunu, Azərbaycanı o dövrdə düşdüyü çıxılmaz vəziyyətdən ulu öndərin xilas etdiyini bildirmişdir. M.Qurbanlı hələ Sovet dönəmində ulu öndərin öz ölkəsini və xalqını düşündüyünü, Azərbaycanın sərvətlərini, milli-mənəvi dəyərlərini talan edilməkdən, xalqımızın ən görkəmli nümayəndələrini repressiyalardan qorumağa çalışdığını xatırlatmış, ümummilli lider Heydər Əliyevin taleyüklü siyasi qərarlarının bugünkü inkişafımızın təməlini qoyduğunu bildirmişdir. |