Azərbaycanda yoxsulluğun səviyyəsi 5 dəfə azalmışdır
Bakı, 21 oktyabr (AzərTAc). Oktyabrın 21-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması sahəsində həyata keçirilən tədbirlər və insan hüquqlarının müdafiəsi” mövzusunda konfrans keçirilmişdir. Ombudsman Elmira Süleymanova məlumat vermişdir ki, konfrans 17 oktyabr - Beynəlxalq yoxsulluqla mübarizə və 24 oktyabr - BMT gününə həsr olunmuşdur. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən Azərbaycanda həyata keçirilmiş siyasi-iqtisadi və hüquqi islahatlar nəticəsində ölkəmiz azad iqtisadi fəaliyyət prinsiplərinə əsaslanan inkişaf yoluna qədəm qoymuşdur. Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkədə yoxsulluğun səviyyəsinin azaldılması həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biridir. İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov vurğulamışdır ki, Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişafı üzrə 2008-2015-ci illəri əhatə edən ikinci Dövlət Proqramı təsdiq edilmişdir. Görülmüş işlər nəticəsində ölkədə yoxsulluq səviyyəsi 5 dəfə azalmışdır. 2001-ci ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idisə, 2010-cu ildə isə 9,1 faizə enmişdir. Son 8 ildə ölkə iqtisadiyyatı 300, sənaye istehsalı 300, büdcə xərcləri 20 dəfə, pensiyalar 40 faiz artmış, 950 mindən çox yeni iş yeri açılmışdır. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə isə bildirmişdir ki, artıq Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralada olan islahatçı ölkə kimi tanınır. Tədbirdə “Müstəqil dövlətimizin yoxsulluqla mübarizə sahəsində həyata keçirdiyi islahatlar və insan hüquqlarının daha səmərəli təmini məsələləri”, “Azərbaycanda yoxsulluğun azaldılması iqtisadi siyasətin prioritet istiqaməti kimi”, “Azərbaycanda davamlı inkişaf və yoxsulluğun azaldılması”, “Qaçqın və məcburi köçkünlərin hüquqlarının səmərəli müdafiəsi yoxsulluğun azalmasına xidmət edir” və digər mövzularda məruzələr dinlənilmişdir. |