Azərbaycan iqtisadiyyatının dinamik inkişafı gələn ildə də uğurla davam etdiriləcəkdir
Noyabrın 4-də Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilmişdir. İclasda respublikanın əlaqədar nazirlik və təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” qanunlar zərfinə daxil olan “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə olunmuşdur. İclasda iştirak edən Milli Məclis sədrinin müavini Bahar Muradova demişdir ki, Azərbaycanda qarşıya qoyulan əsas məqsədlərdən biri vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial təminatının gücləndirilməsi, rifah halının yüksəldilməsi istiqamətində atılan mühüm addımlar gələn il də uğurla davam etdiriləcəkdir. Parlamentin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə gələn ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan layihələrdəki göstəricilərin artırılmasını şərtləndirən amillərdən danışmışlar. Bildirilmişdir ki, büdcə vəsaitləri ilə yanaşı hökumətin büdcə sistemindəki şəffaflığın artırılması istiqamətində gördüyü işləri xarici ekspertlər də yüksək qiymətləndirir. Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov fondun 2012-ci il büdcə proqnozları barədə məlumat vermişdir. O demişdir ki, layihənin tərtibi zamanı ölkədə həyata keçirilən sosial iqtisadi siyasətin uğurla davam etdiriləcəyi nəzərə alınmışdır. Demoqrafik proqnozlara, 2009-2015-ci illərdə Azərbaycanda Sığorta-Pensiya Sisteminin İnkişafına dair Dövlət Proqramında gələn il üçün nəzərdə tutulan islahat tədbirlərinin qiymətləndirilməsinə əsas yer verilmişdir. Son 3 və cari ilin ötən dövrünü əhatə edən ölkənin əsas iqtisadi-sosial göstəriciləri, əhalinin gəlir və xərcləri, ümumi daxili məhsul istehsalı, adambaşına düşən orta aylıq əmək haqqı, məşğulluq və demoqrafiya, istehlak qiymətlərinin indeksləri, işsizlik müavinətləri ilə bağlı proqnozlar və məlumatlar fondun büdcəsinin əsas istiqamətlərini müəyyənləşdirən amillərdir. Fondun gələn il üçün büdcə xərcləri 2 milyard 454,3 milyon manat nəzərdə tutulmuşdur ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozuna nisbətən 288,8 milyon manat və ya 13,3 faiz çoxdur. Bu məbləğin 97,5 faizini əhaliyə ödənişlər təşkil edəcəkdir. Gələn il əmək pensiyalarının ödənilməsinə 2 milyard 322,5 milyon manat yönəldiləcəkdir ki, bu da cari ilə nisbətən 13,4 faiz çoxdur. Qeyd olunmuşdur ki, 2012-ci ildə də ölkə iqtisadiyyatının dinamik inkişafı davam etdiriləcəkdir. Əhalinin gəlirləri 6,8 faiz artacaqdır. İlin sonuna orta aylıq əmək haqqı ilin əvvəlinə nisbətən 11,8 faiz artaraq 432,5 manat təşkil edəcəkdir. Əmək qabiliyyətli əhalinin orta illik sayı 5 milyon 913 min, iqtisadi fəal əhalinin orta illik sayı 4 milyon 366 min, iqtisadiyyatda məşğul olanların orta illik sayı 4 milyon 161 min nəfərə çatacaqdır. İqtisadiyyatda muzdla işləyənlərin orta illik sayının azalma tempi 3 dəfə aşağı düşəcəkdir. Gələn ilin sonuna əhalinin sayının 9 milyon 342 min nəfərə çatacağı proqnozlaşdırılır. Bu ilin sonuna pensiyaçıların sayının təqribən 1 milyon 281 min 400 nəfər, gələn ilin sonunda isə 1 milyon 279,3 min nəfər olacağı gözlənilir. İclasda “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə də baxılmışdır. Bildirilmişdir ki, 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manatdan 108 manata, əmək qabiliyyətli əhali üçün 102 manatdan 116 manata, pensiyaçılar üçün 72 manatdan 84 manata, uşaqlar üçün 76 manatdan 87 manata qaldırılacaqdır. Eləcə də gələn il ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 75 manatdan 84 manata qaldırılacaqdır. Müzakirələrdən sonra qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin ümumi iclasına tövsiyə olunmuşdur. |