AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
19.01.2012
Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin layihəsi Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunmuşdur

Milli Məclisin iqtisadi siyasət, təhlükəsizlik və müdafiə, aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 16-də keçirilmiş birgə iclasında 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə olunmuşdur.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizin sosial-iqtisadi inkişafı barədə danışmışdır. Bildirilmişdir ki, bu gün ölkəmiz kifayət qədər maliyyə imkanlarına malikdir. Növbəti ilin büdcə layihəsi də bu imkanlara, həmçinin “Büdcə sistemi haqqında” qanunvericiliyə, ölkənin əsas makroiqtisadi proqnoz göstəricilərinə, mövcud sosial-iqtisadi vəziyyətə əsaslanmaqla tərtib olunmuşdur.
Sonra maliyyə naziri Samir Şərifov çıxış etmişdir. Nazir demişdir ki, 2012-ci il dövlət və icmal büdcələrinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər Konstitusiyaya uyğun olaraq Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur.
Gələn ilin əsas maliyyə sənədinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən daxili və xarici amillər, o cümlədən 2011-ci ilin ötən doqquz ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilmişdir.
2012-ci il üçün dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən Prezident İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun surətdə iqtisadi və sosial islahatlara dəstək olmaqla, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq, ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi inkişafına və digər dövlət əhəmiyyətli məsələlərə dair qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmiş və müvafiq həcmlərdə vəsait nəzərdə tutulmuşdur.
Gələn ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 37,8 faizi həcmində, mütləq ifadədə isə 16436,4 milyon manat və yaxud 2011-ci ilin proqnozuna nisbətən 5,7 faiz (882,2 milyon manat) çox nəzərdə tutulmuşdur.
Gəlirlərin 12035,0 milyon manatı və ya 73,2 faizi neft, 4401,4 milyon manatı və ya 26,8 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcəkdir. Dövlət büdcəsinin gəlirlərinin hesablanmasında 1 barrel xam neftin satış qiyməti 80 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5310,0 milyon manat daxilolma nəzərdə tutulmuşdur ki, bunun da 3180,0 milyon manatı və ya 59,9 faizi qeyri-neft sektorunun, 2130,0 milyon manatı və ya 40,1 faizi neft sektorunun payına düşür. Vergilər Nazirliyi üzrə daxilolmalar 2011-ci ilin proqnozu ilə müqayisədə 2,9 faiz və ya 150,0 milyon manat çoxdur.
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1200,0 milyon manat gəlir proqnozu nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 60,0 milyon manat və ya 5,3 faiz çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği 9905,0 milyon manat proqnozlaşdırılmışdır.
Növbəti il dövlət büdcəsinin xərcləri ÜDM-in 39,1 faiz həcmində nəzərdə tutulmuşdur ki, bu da 2011-ci illə müqayisədə 1,5 faiz çoxdur.
Kəsirin maliyyələşmə mənbələri və Dövlət Neft Fondundan ayrılan 9905,0 milyon manat transfert nəzərə alınmaqla 2012-ci il dövlət büdcəsinin xərcləri 16984,4 milyon manat proqnozlaşdırılmışdır. Bu da cari ilə nisbətən 1043,2 milyon manat və ya 6,5 faiz çoxdur.
Funksional istiqamətlər üzrə bu ilə nisbətən 2012-ci il dövlət büdcəsi xərclərində iqtisadi fəaliyyət xərcləri 56,3 faiz, nəqliyyat və rabitə xərcləri 24,9 faiz, təhsil xərcləri 12,6 faiz, sosial müdafiə və sosial təminat xərcləri 10,5 faiz, elm xərcləri 7 faiz, səhiyyə xərcləri 5,7 faiz artımla proqnozlaşdırılmışdır.
Ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün müdafiə xərclərinə ümumi xərclərin 14,8 faizi həcmində vəsait ayrılacaq ki, bu da 2011-ci ilə nisbətən 1,9 faiz çoxdur.
Respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üçün 2011-ci ildə əmək haqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdlərin artımının təminatı, cari ilin sonuna gözlənilən artımın tətbiqi hesabına 2012-ci ilin dövlət büdcəsində 800 milyon manat vəsait nəzərdə tutulmuşdur.
İlk dəfə olaraq növbəti ilin büdcəsində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının icrası üçün 20 milyon manat vəsait ayrılacaqdır.
Nazir bildirmişdir ki, ümumilikdə dövlət büdcəsi xərclərinin 51,8 faizi və ya 8794,1 milyon manatı cari xərclərə, 46,1 faizi və ya 7827,9 milyon manatı əsaslı xərclərə, 2,1 faizi və ya 362,4 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.
Maliyyə naziri onu da bildirmişdir ki, 2012-ci il icmal büdcəsinin gəlirləri 18220,3 milyon manat olmaqla 2011-ci ilə nisbətən 1762,2 milyon manat və ya 8,8 faiz, xərcləri 20026,4 milyon olmaqla 2011-ci ilə nisbətən 1411,7 milyon manat və ya 7,6 faiz çox nəzərdə tutulmuşdur.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 2454,3 milyon manat proqnozlaşdırılır ki, bu da 2011-ci illə müqayisədə 288,8 milyon manat və ya 13,3 faiz çoxdur.
Dövlət Neft Fondunun büdcəsinin xərcləri 10482,5 milyon manat olmaqla 2011-ci illə müqayisədə 630,1 milyon manat və ya 6,4 faiz çoxdur.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 305,2 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2011-ci ilə nisbətən 9,9 milyon manat və ya 3,4 faiz çoxdur.
2012-ci ilin icmal büdcəsinin kəsiri 1806,1 milyon manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan isə icmal büdcənin kəsiri 12503,1 milyon manat və ya nəzərdə tutulan ümumi daxili məhsulun 28,8 faizi həcmində olacaqdır.
İclasda 2012-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Hesablama Palatasının da rəyi dinlənilmişdir. Palatanın sədri Heydər Əsədov bildirmişdir ki, 2012-ci il büdcə layihəsi ilə bağlı müxtəlif aspektlərə və parametrlərə uyğun əhatəli təhlillər aparılmışdır. Növbəti ilin büdcə layihəsinin də əsas ideologiyası ölkənin iqtisadi strategiyasının, prioritet hədəflərin maliyyə təminatını yaratmaqdır. Gələn ilin dövlət büdcə gəlirlərinin 5,7 faiz, xərclərinin 6,5 faiz artması və bunun ümumi iqtisadi artımı üstələməsi deməyə əsas verir ki, gələn ilin büdcəsi nəinki hədəflərin maliyyə təminatını yaradacaq, eləcə də iqtisadi inkişafa dəstək verəcəkdir.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, vergilər nazirinin müavini Natiq Əmirov, qiymətli kağızlar üzrə dövlət komitəsinin sədri Rüfət Aslanlı və deputatlar çıxışlarında müxtəlif sahələrdə artan büdcə proqnozlarından danışmışlar. 2012-ci ilin büdcə proqnozlarının həm də Azərbaycanın ümumilikdə gələcək inkişafı üçün hesablanmasını doğru hal kimi xarakterizə etmişlər.
İclasa yekun vuran Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirmişdir ki, növbəti illərdə də büdcə vəsaitlərinin artması əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcəkdir.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasında baxılmağa tövsiyə olunmuşdur.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır