AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
19.01.2012
Milli Məclis Azərbaycan Respublikasının 2012-ci il üçün dövlət büdcəsinin
layihəsini təsdiq etmişdir

Dekabrın 6-da Milli Məclisin növbəti iclası keçirilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov bildirmişdir ki, gələn ilin əsas maliyyə sənədi olan “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər bir neçə gün ərzində parlamentin iclaslarında geniş müzakirə edilmişdir. Müzakirələrdə çıxış edən deputatlar layihə barədə fikir və təkliflərini söyləmişlər. Müzakirələrin sonunda hökumətə qaldırılan məsələləri və onların həlli yollarını araşdırmaq üçün vaxt verilmişdir. Bugünkü iclasın gündəliyinə büdcə layihəsi və büdcə zərfinə daxil olan sənədlərlə birlikdə Vergi Məcəlləsinə dəyişikliklər də daxil olunmuşdur.
Sonra maliyyə naziri Samir Şərifov Milli Məclisdəki müzakirələrdə qaldırılan məsələlərə münasibət bildirmişdir. Nazir demişdir ki, 2012-ci il dövlət və icmal büdcə layihələrinin Milli Məclisin iclaslarında ətraflı müzakirəsi zamanı 74 deputat çıxış etmişdir. Onların layihə barədə fikir və təklifləri təhlil olunmuş, bəzi məsələlər məqbul hesab edilmişdir. Çıxış edən deputatlar əhalinin maddi rifah halının yaxşılaşdırılması, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, elm, səhiyyə, mədəniyyət, idman və digər sahələr üzrə təkliflər səsləndirmişlər. Bu təkliflərin nəzərə alınması nəticəsində büdcədən əlavə 87,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, büdcənin xərclər hissəsi artırılaraq 17 milyard 72 milyon manata çatdırılır. S.Şərifov demişdir ki, dövlət xərclərinin artırılması nəticəsində gəlirlər əvvəllər proqnozlaşdırılan 16 milyard 436,4 milyon manata qarşı 16 milyard 438 milyon manat, büdcə kəsiri isə 634 milyon manat olacaqdır.
Maliyyə nazirinin çıxışı deputatlar tərəfindən yüksək qiymətləndirilmiş və “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilmişdir.
Sonra büdcə zərfinə daxil olan digər qanun layihələri səsverməyə çıxarılmışdır.
“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” qanun layihəsinə edilmiş dəyişikliklər barədə danışan fondun sədri Səlim Müslümov diqqətə çatdırmışdır ki, Milli Məclisdə müzakirələr zamanı deputatlar bir sıra məsələlər qaldırmışlar. Həmin təkliflərə əsasən əhalinin pensiyalarının verilməsini asanlaşdırmaq üçün Beynəlxalq Bank tərəfindən 50, Kapital Bank tərəfindən isə 23 əlavə bankomatın quraşdırılması qərara alınmışdır. Sığortalıların uşaqlarının sosial müdafiəsinin gücləndirilməsi üçün isə fondun büdcəsinə əlavə 100 min manatın ayrılması məqbul hesab edilmişdir.
Fondun büdcəsi təsdiqləndikdən sonra iclasda “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında”, Milli Məclisin və Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında büdcə zərfinə və daxil olan digər sənədlər də təsdiq edilmişdir.
Sonra Milli Məclisin komitə sədri Ziyad Səmədzadə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında məsələ barədə məlumat verdi. Həmin dəyişikliyə əsasən, vergi orqanları işçilərinin sosial müdafiəsi məsələlərindəki uyğunsuzluğu aradan qaldırmaq üçün vergi orqanları işçilərinin sosial müdafiəsini təmin etmək məqsədi ilə bu orqanların büdcədənkənar fonduna ayrılan məbləğ 5 faizdən 25 faizə qaldırılır.
Deputatlar məlumatı dinlədikdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında məsələni səsə qoyaraq qəbul etmişlər.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır