Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər”
mövzusunda vergi forumu keçirilmişdir
Fevralın 9-da Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda vergi forumu keçirilmişdir. Forumda Azərbaycanın vergilər naziri Fazil Məmmədov, Milli Məclisin deputatları, dövlət qurumlarının rəhbərləri, Avropa İttifaqının, Dünya Bankının, beynəlxalq maliyyə təşkilatlarının, Bakıda akkreditə olunmuş səfirliklərin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq strukturlarının, bankların, ali məktəblərin, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak etmişlər.
Azərbaycanda vergi sisteminin formalaşması barədə film nümayiş olunduqdan sonra, tədbirin moderatoru, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə forumun məqsədləri barədə danışmışdır.
Sonra vergilər naziri Fazil Məmmədov vergi sisteminin strukturu və qanunvericilik bazası haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanda vergi sahəsində ilk forumun məqsədi biznes və vergi orqanlarının nümayəndələri arasında açıq dialoqun qurulmasına təkan verməkdir.
Fazil Məmmədov diqqətə çatdırmışdır ki, respublikamızda cəmiyyətin vergilərə dair elementar biliklərinin olmadığı bir vaxtdan başlanan vergi quruculuğu tarix baxımdan qısa bir zamanda, cəmi 20 ildə, bir çox ölkələrin bəzən yüz illər ərzində qət etdiyi bir inkişaf prosesini keçmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda vergi sisteminin strukturu və vergi sahəsində milli qanunvericilik bazası formalaşdırılmış, Vergi Məcəlləsi qəbul edilmişdir. Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə vergi sistemində islahatlara başlanılmış, vergi siyasətinin əsas istiqamətləri, vergilərin sayı və dərəcələrinin optimal səviyyəsi müəyyənləşdirilmiş, ölkədə vergi yükünün aşağı salınması, vergi menecmentinin müasirləşdirilməsi istiqamətində bir sıra uğurlar əldə olunmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi altında vergi xidməti son illər əsaslı modernləşmə prosesi keçmiş, onun texnoloji imkanları genişləndirilmiş, vergi inzibatçılığı təkmilləşdirilmişdir.
Vergi sistemində həyata keçirilən islahatlar, o cümlədən elektron xidmətlər barədə danışan nazir artıq kommersiya-hüquqi şəxslərin də elektron qeydiyyatına başlanıldığını, vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron xidmətin tətbiqi ilə bağlı hazırlıq işlərinin başa çatdırıldığını bildirmişdir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Rolan Kobia və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cozef Ouen də ölkəmizin vergi sistemində həyata keçirilən islahatlardan söz açmış, əldə olunan uğurlardan, həyata keçirilən layihələrin əhəmiyyətindən danışmışlar.
Forumun birinci hissəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin müdiri, AMEA-nın müxibr üzvü Əli Nuriyev “Ölkənin iqtisadi potensialının gücləndirilməsi və vergi siyasəti”, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə ölkə meneceri Aliyə Əzimova “Azərbaycandakı biznes mühiti Beynəlxalq Maliyyə Korporasiyasının gözü ilə”, Amerika-Azərbaycan Ticarət Palatası sədrinin müavini Alum Bati “Sahibkarların ictimai birlikləri ilə vergi orqanlarının əlaqələrinin gücləndirilməsi - uğurlu vergi siyasətinin əsas şərti kimi” mövzularında məruzə etmişlər.
Müzakirə olunan məsələlər ətrafında geniş diskussiya aparılmış, forumun iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmişlər.
Tədbirdə yekun sözü ilə çıxış edən Fazil Məmmədov vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə qədəm qoymasında belə tədbirlərin əhəmiyyətini vurğulayaraq demişdir ki, nazirlik yeni ideyalara və innovasiyalara açıqdır, beynəlxalq qurumlarla, işgüzar dairələrlə dialoq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinə və buna xidmət edən hər bir addımı və ideyanı dəstəkləməyə hazırdır.