AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
07.12.2012
Milli Məclisdə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin müzakirəsi başa çatmışdır Milli Məclisin noyabrın 15 –də keçirilmiş iclasında Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin layihəsinin müzakirəsi davam etdirilmişdir. AzərTAc xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, ötən iki gün ərzində gələn ilin dövlət büdcəsi geniş müzakirə olunmuş, deputatlar bir sıra məsələlərlə bağlı rəy və təkliflər səsləndirmişlər. Bu iclasda maliyyə naziri və iqtisadi inkişaf nazirliyinin nümayəndəsi deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirəcəklər. Sonra maliyyə naziri Samir Şərifov ötən iclaslarda deputatlar tərəfindən qaldırılan sualları cavablandırmışdır. Nazir, büdcə layihəsində neftin 1 barrelinin qiymətinin 100 ABŞ dolları göstərilməsi ilə bağlı risklərin yaranacağı barədə deputatların iradlarına münasibət bildirmişdir. O demişdir ki, dövlət büdcəsinin gəlirlərinin bir qismi gömrük və vergi orqanlarından daxilolmalar və Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaqdır. Büdcəyə Dövlət Neft Fondundan transfert neft rəqəmləri ilə bağlı deyildir. Vergi daxilolmaları isə qeyri-neft sektorundan, ARDNŞ və ABƏŞ-dən daxil olan vergilərdən ibarətdir. Mənfəət vergiləri müəyyən risklərlə üzləşə bilər. Digər tərəfdən, neftin qiymətinin kəskin düşməsi büdcəyə ciddi risk yaratmayacaqdır. Hökumət beynəlxalq vəziyyəti izləyir və növbəti illərdə neftin qiymətinə dəyişikliklər edilə bilər. Lakin hökumətin hesablamalarına görə, dövlət büdcəsinin gəlirlər hissəsinə dəyişikliklər gözlənilmir. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqlarının artırılması ilə bağlı məsələyə aydınlıq gətirən nazir demişdir ki, 2004-cü ildən bu günədək minimum aylıq əmək haqlarının baza hissəsi təqribən 10 dəfədən çox artmışdır. Həkim və müəllimlərin əmək haqları 11 dəfə artırılmışdır. Gələn il də bu ənənə davam etdiriləcək və maaşlar qaldırılacaqdır. Lakin, əhalinin sosial müdafiəsi bununla bitməyəcəkdir. Azərbaycanda möhtəşəm sosial layihələr həyata keçirilir, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır, iş şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülür. Bu cür tədbirlər gələn ildə də davam etdiriləcəkdir. Son illərdə olduğu kimi gələn ilin də dövlət büdcəsi daha çox investisiya yönümlüdür. 2013-cü ilin dövlət büdcəsindəki əsaslı xərclər ümumi xərclərin 45,8 faizini təşkil edir. Bununla belə, sosial xərclərdə heç bir azalma baş verməyib, əksinə artım görünür. Sonra iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişdir. O demişdir ki, ölkənin iqtisadi inkişaf konsepsiyası hazırlanmışdır və həmin sənəddə iqtisadiyyatın bütün sahələrinin inkişaf istiqamətləri müəyyən olunmuşdur. Konsepsiyada maşınqayırma, kimya, metallurgiya, yüngül sənaye, turizm əsas sahələr kimi müəyyənləşdirilmişdir. Nazir müavini bildirmişdir ki, gələn 10 ildə ÜDM-nin həcmini 2 dəfədən çox artırmağı, adambaşına düşən gəlirin 13 min dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Gələn il qeyri-neft sektorunda 11,7 faiz artım olacaqdır. Büdcəyə qeyri-neft sektorundan vergi gəlirləri 14,7 faizə çatacaqdır. Qeyri-neft sektorunun, xüsusən ticarət sektorunun geniş miqyaslı dəstəklənməsi üçün tədbirlər görüləcəkdir. Hazırda Azərbaycanda sənayenin modernləşdirilməsi, sənayeləşmə həyata keçirilir. O bildirmişdir ki, Azərbaycanda gəmiqayırma zavodu, mineral gübrə zavodu tikilir. İnfrastrukturu inkişaf etdirən layihələrin həyata keçirilməsi də qeyri-neft sektorunun inkişafına təkan verəcəkdir. Orta müddətli büdcə çərçivəsində tranzit yollarının, Cənub-Şimal dəhlizinin tikintisi başa çatacaqdır. Sevinc Həsənova subsidiya mexanizminin təkmilləşdirildiyini xüsusi qeyd etmişdir. İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yeni subsidiya sistemi hazırlamışdır. İqtisadi inkişaf nazirinin müavini demişdir ki, regionların inkişafı ən əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Bu sahədə birinci proqram başa çatmış, ikinci proqramın icrasına başlanılmışdır. Çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov bildirmişdir ki, Milli Məclisin üç gün davam edən iclaslarında 2013-cü ilin dövlət büdcəsi geniş müzakirə olunmuşdur. Hökumət iclaslarda səslənən rəy və təklifləri nəzərdən keçirmək üçün parlamentdən vaxt istəmişdir. Hökumətə bu məqsədlə vaxt verilir. Rəy və təkliflərə baxıldıqdan sonra büdcə zərfi yenidən parlamentə qaytarılacaq və səsvermə olacaqdır. Daha sonra Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi zərfinə daxil olan digər qanun layihələri müzakirə edilmişdir. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2013-cü il büdcəsi haqqında məlumat vermiş, bəzi rəqəmləri müqayisəli təhlil etmişdir. DSMF-nin sədri Səlim Müslümov isə bildirmişdir ki, gələn il üçün fondun gəlirləri 2 milyard 632 milyon 700 min manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 178 milyon 700 min manat və ya 7,3 faiz çoxdur. Qeyd olundu ki, 2013-cü ildə 1 milyon 279 min nəfər pensiyaçının olması nəzərdə tutulur ki, bu da cari ildən 1100 nəfər çoxdur. Fondun gəlirlərinin əsas hissəsi onların pensiyalarının ödənilməsinə sərf ediləcəkdir. Vurğulandı ki, pensiyaların çatdırılmasının 99 faizi artıq avtomatlaşdırılmışdır. Fondun büdcəsinin müzakirəsi zamanı çıxış edən deputatlar əhalinin pensiya və müavinətlərini almalarını daha da asanlaşdırmaq üçün ölkənin şəhər və rayonlarında bankomatların sayının artırılmasının vacibliyini vurğulamışlar. Eyni zamanda yeni doğulmuş uşaqlara verilən birdəfəlik müavinətlərin məbləğinin artırılması da məqsədəuyğun hesab olunmuşdur. Çıxış edən Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri barədə məlumat verdi. Bildirildi ki, Azərbaycan Respublikasında 2013-cü ildə yaşayış minimumu adambaşına 116, əmək qabiliyyətlilər üçün 125, pensiyaçılar üçün 94, uşaqlar üçün 93 manat nəzərdə tutulmuşdur. Ölkədə ehtiyac meyarı isə 93 manat olacaqdır. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirmişdir ki, dövlət başçısının həyata keçirdiyi məqsədyönlü sosial siyasətin uğurlu nəticəsidir ki, bu rəqəmlər ötən illərlə müqayisədə əsaslı surətdə artmışdır. Daha sonra parlamentin işlər idarəsinin müdiri Firudin Hacıyev “Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası haqqında” məlumat vermişdir. Bildirmişdir ki, Milli Məclisin və onun Aparatının 2013-cü il üçün xərclər smetası 18 milyon 529 min 231 manat məbləğində nəzərdə tutulmuşdur. Bu vəsaitin 67,2 faizi əmək haqlarının ödənməsinə sərf olunacaqdır. İclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında” məsələyə də baxılmışdır. Palatanın sədri Heydər Əsədov diqqətə çatdırmışdır ki, Hesablama Palatası üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait Palatanın səmərəli fəaliyyəti üçün kifayət edir. Bununla da 2013-cü ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatmışdır.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır