AZE | РУС
 
FOTO QALEREYA
Xarici-iqtisadi əlaqələr

Bakı, 16 sentyabr (AzərTAc). Sentyabrın 16-da Bakıda Azərbaycan–Belarus Dostluq və Əməkdaşlıq Cəmiyyətinin təsis konfransı keçirilmişdir.
Tədbirdə ziyalılardan ibarət təşəbbüs qrupu iki ölkə arasında son illər əlaqələrin genişləndiyini nəzərə alaraq Azərbaycan–Belarus Dostluq və Əməkdaşlıq Cəmiyyətinin yaradılmasını qərara almışdır.
Tədbirdə çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan və Belarus arasında son illər mehriban dostluq əlaqələrinin yarandığını, bu münasibətlərin təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırmışdır. Ölkələrimiz arasında iqtisadi əlaqələrin gündən-günə genişləndiyini deyən Z.Səmədzadə Azərbaycan və Belarusun dövlət başçılarının qarşılıqlı səfərlərinin əməkdaşlığa böyük töhfə verdiyini xüsusi qeyd etmişdir. O, qarşılıqlı əməkdaşlıqda mütəxəssislərin, ziyalıların fəaliyyətini sıx əlaqələndirməyin vacibliyini qeyd etmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev cəmiyyətin sədri seçilmişdir.
Arif Mehdiyev ona göstərilən etimada görə minnətdarlığını bildirərək Azərbaycan və Belarus xalqları arasında tarixən mövcud olmuş zəngin mədəni ənənələrdən danışmışdır. O, Azərbaycan–Belarus Dostluq və Əməkdaşlıq Cəmiyyətinin hər iki ölkənin xalqının maraqlarına cavab verdiyini söyləmişdir.
Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç ölkələrimiz arasında münasibətlərdən razı qaldığını söyləmişdir. Səfir demişdir ki, mən şadam, bu gün belə bir cəmiyyət yaranmışdır. Bu təşəbbüslə məhz Azərbaycan ziyalılarının çıxış etməsini xüsusi vurğulamaq istərdim.
Səfir ölkələrimiz arasında əməkdaşlıqda fəal rol oynadığı üçün Belarus Elmlər Akademiyasının rəyasət heyəti tərəfindən akademik Ziyad Səmədzadənin xüsusi fərmanla təltif olunduğunu bildirmişdir. Diplomat həmin fərmanı Ziyad Səmədzadəyə təqdim etmişdir.
Azərbaycan “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova Belarusun qadın təşkilatları ilə əməkdaşlığın qurulmasının vacibliyini vurğulamışdır. Sentyabrın 22-dən 30-dək Minskdə “Azərbaycan-Belarus və dünya klassikləri miniatür kitablarda” adlı sərginin keçiriləcəyini deyən Z.Salahova, bu sərgidə Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı kitabların da nümayiş olunacağını söyləmişdir.
Tədbirdə çıxış edənlər belə bir ümumi fikir bildirmişlər ki, Belarus ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq etmək üçün böyük potensial vardır. Azərbaycan–Belarus Dostluq və Əməkdaşlıq Cəmiyyəti nəinki siyasi və iqtisadi, habelə, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlıq üçün faydalı olacaqdır.

 

 

Bakı, 29 sentyabr (AzərTAc). Sentyabrın 29-da Bakı Fond Birjasının fəaliyyətinin 10 illik yubileyinə həsr edilmiş “Kollektiv investisiyalar: beynəlxalq təcrübə və imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransda hökumətin iqtisadi blokunu təmsil edən qurumlar, ölkədə akkreditə olunmuş diplomatik korpus, beynəlxalq maliyyə təşkilatları, yerli biznes qurumları, bank, sığorta, lizinq təşkilatları, eləcə də Türkiyə Kapital Bazarları Şurasının nümayəndələri, London, Varşava, İstanbul, Gürcüstan və Qazaxıstan fond birjalarının, Avrasiya Fond Birjaları Federasiyasının rəhbərləri iştirak etmişlər.
Konfransı Bakı Fond Birjası İdarə heyətinin sədri Xəyal Abdinov açaraq BFB-nin 10 illik fəaliyyəti barədə ətraflı məlumat vermiş və bildirmişdir ki, konfransın məqsədi Azərbaycan kapital bazarını populyarlaşdırmaq, yerli bazar üçün yeni olan kollektiv investisiya mexanizmləri barədə biznes dairələrə və potensial investorlara məlumat vermək, kollektiv investisiya alətlərinin bazarda tətbiqi üçün zəmin yaratmaqdır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, maliyyə naziri Samir Şərifov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov tədbir iştirakçılarını yubiley münasibətilə təbrik etmiş, qiymətli kağızlar bazarının inkişafının mövcud vəziyyəti, iqtisadiyyatın inkişaf perspektivində kollektiv investisiya mexanizmlərinin əhəmiyyəti və onun maliyyə bazarlarının inkişafındakı rolundan danışmışlar.
Bakı Fond Birjası Müşahidə Şurasının sədri Cahangir Hacıyev, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobiya və İstanbul Fond Birjasının sədri Hüseyn Erkan mövzu ilə bağlı fikirlərini bölüşmüş, kollektivin işinə uğurlar arzulamışlar.
Xarici fond birjalarının nümayəndələri, kollektiv investisiyalar üzrə beynəlxalq ekspertlər və nüfuzlu xarici investisiya şirkətlərinin təmsilçiləri öz ölkələrinin müvafiq sahədəki təcrübələri barədə danışmışlar.
QKDK-nın və BFB-nin əməkdaşları Azərbaycanda kollektiv investisiya mexanizmlərinin perspektivləri və fond bazarının arxitekturası barədə çıxış etmişlər.
Sonda BFB-nin sədri Xəyal Abdinov kollektiv investisiya mexanizmlərinin yerli bazarda tətbiqinin zəruriliyini və bazarın buna hazır olduğunu qeyd edərək, bazarın peşəkar iştirakçılarının və bütün maraqlı tərəflərin bu sahənin tətbiqinə töhfələrini verəcəyinə əminliyini bildirmişdir.

 

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır