BAKIDA "ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ NƏZARƏTİN ROLU VƏ ƏHƏMİYYƏTİ" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR Sentyabrın 18-də Bakıda, "Gülüstan" sarayında "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət planının icrasını dəstəkləmək məqsədilə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti" mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Azərbaycan İqtisadçılar İttifaqının və Auditorlar Palatasının təşkilatçılığı ilə keçirilən konfransda 10-dan artıq ölkənin və beynəlxalq qurumların nümayəndələri iştirak edirdilər. Tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydular, ulu öndərin xatirəsini ehtiramla yad etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül düzüldü. Konfransı Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə açdı. Sonra Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz MEHDİYEV çıxış etdi. O dedi: - Hörmətli konfrans iştirakçıları! Xanımlar və cənablar! Azərbaycan İqtisadçılar İttifaqı ilə Auditorlar Palatasının birgə təşkil etdikləri beynəlxalq konfransın açılışı münasibətilə hamınızı təbrik edir və bütün konfrans iştirakçılarını salamlayıram. Konfransın keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbriklərini sizə çatdırmaq istərdim. Xüsusi vurğulamaq istərdim ki, cənab Prezidentin müasir idarəçilik siyasəti sosial-iqtisadi inkişafda və dövlət təsisatlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə yönəlmişdir. Şəffaflıq iqtisadi artımın, sosial rifahın yüksəldilməsi, ictimai etimadın artırılması, modern və çevik idarəetmənin mühüm vasitələrindən biridir. Şəffaflıq bu məqsədlərə nail olmaqla yanaşı, həm də bütün cəmiyyətləri narahat edən korrupsiyaya qarşı mübarizə üçün qaçılmaz seçimdir. Hörmətli konfrans iştirakçıları! Qanunun aliliyinin təmin olunduğu, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyətin qurulması korrupsiyaya qarşı mübarizəni və yüksək səviyyədə şəffaflığın təmin edilməsini şərtləndirir. Azərbaycanın müasirləşdirilməsinə uyğun istiqamətlər azad bazar münasibətlərinə əsaslanan sosial yönümlü iqtisadiyyatın, açıq vətəndaş cəmiyyətinin və demokratik dövlət təsisatlarının gücləndirilməsidir. Ölkəmizdə həyata keçirilən islahatların uğuru, ilk növbədə, korrupsiyaya qarşı ardıcıl və səmərəli mübarizədən asılıdır. Son illər bu məqsədlə ölkəmizdə beynəlxalq standartlara cavab verən hüquqi və institusional baza formalaşdırılmışdır. Dövlət Proqramı həyata keçirilmiş, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi kimi ixtisaslaşmış qurumlar yaradılmışdır. 2007-ci ildə isə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə yeni Milli Strategiya təsdiq edilmişdir. Azərbaycan bu sahədə bütün beynəlxalq konvensiyalara qoşulmuşdur. Ölkə beynəlxalq təşəbbüslərdə fəal iştirak edir, Avropa Şurası, ATƏT, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü, Transpores İnternasional, USAİD və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Eyni zamanda, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində xeyli işlər görülmüşdür. Təsadüfi deyil ki, bü günlərdə Dünya Bankı tərəfindən açıqlanan "Doing Business-2009" hesabatındakı siyahıda Azərbaycan əvvəlki illə müqayisədə 64 pillə irəliləyərək, 181 ölkə arasında 33-cü yeri tutmuş və dünya dövlətləri sırasında ən islahatçı dövlət kimi göstərilmişdir. Azərbaycan hesabatdakı 10 parametrdən 7 parametr, yəni biznes başlamaq prosedurlarının sadələşdirilməsi, investorların müdafiəsi, mülkiyyətin qeydiyyatı, kreditlərin alınması, əmək bazarının inkişafı, əlverişli vergi mühitinin yaradılması, müqavilələrin icrası üzrə ciddi irəliləyişlərə nail olmuşdur. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində neft gəlirlərinin səmərəli xərclənməsi və idarə olunması sahəsində ölkəmizin topladığı təcrübə dünyada nümunə kimi göstərilir. Ölkəmiz korrupsiyaya qarşı ardıcıl və barışmaz mübarizə apardığı üçün Birləşmiş Millətlər Təşkilatı 2007-ci ildə Azərbaycan Dövlət Neft Fondunu məhz şəffaflığın təmin olunmasına görə yüksək mükafatla təltif etmişdir. Diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən sabit və ən dinamik inkişaf edən ölkəsidir. Ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə və 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, iqtisadiyyatımızın həcmi, ümumi daxili məhsul 2,7 dəfə, dövlət büdcəsinin vəsaitləri 10 dəfə artmışdır. Yoxsulluq səviyyəsi 44 faizdən 15 faizə enmişdir. Əhalinin rifah halının daha da yüksəldilməsi məqsədi ilə bu günlərdə ölkə Prezidenti tərəfindən 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilmişdir. Azərbaycanda işsizlik problemi tədricən aradan qaldırılmaqdadır. Son bir neçə ildə 700 mindən çox yeni iş yeri açılmış və yaxın zamanlarda əlavə olaraq bir neçə min yeni iş yerinin açılması gözlənilir. Həyata keçirilən sosial yönümlü siyasət nəticəsində getdikcə artan iqtisadi imkanlarımız aztəminatlı təbəqənin yaşayışının yaxşılaşdırılmasına xidmət edir, belə insanlara dövlət dəstəyi gücləndirilir, təqaüdlər və əməkhaqları ildən-ilə artırılır. Bu iqtisadi nailiyyətlər və sosial tərəqqi əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sürətli inkişaf strategiyası nəticəsində mümkün olmuşdur. Mühüm geoiqtisadi və geosiyasi məkan olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycanın rəhbər tutduğu tarazlaşdırılmış xarici siyasət və praqmatik xarici iqtisadiyyat xətti regionda və Avratlantik məkanda təhlükəsizliyə öz töhfəsini verməkdədir. Azərbaycan Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Avropa və Asiyanı birləşdirən TRASEKA, Bakı-Tbilisi-Qars dəmir yolu kimi enerji və nəqliyyat layihələrinin başlıca təşəbbüskarı olmuş, onların həyata keçirilməsində əvəzsiz rol oynamış və oynamaqda davam edir. Hörmətli konfrans iştirakçıları! Azərbaycanın iqtisadi potensialının güclənməsi və gəlirlərinin artması əldə etdiyimiz nailiyyətlərdən xəbər verir və bu, sözsüz ki, bizi sevindirir. Eyni zamanda, büdcə xərclərinə nəzarəti və maliyyə intizamını gücləndirmək, gəlirlərin səmərəli istifadəsini təmin etmək bizi qayğılandıran məsələlərdən biridir. Belə ki, şəffaflıq olmadan qazanılan iqtisadi uğurların davamlılığını və sosial rifahı təmin etmək mümkün deyildir. Korrupsiya həmişə qaranlığı, tutqunluğu, zülməti sevir. O, belə şəraitdə daha da güclənir, şaxələnir, qol-qanad açır. Bu qaranlıq məkana işıq salanda, orada şəffaf və aydın mühit təmin edəndə korrupsiyanın gözləri tutulur. Bundan sonra o, əlbəttə, özünə yeni qaranlıq yer axtarır. Ona görə də müasir dövrdə azad, şəffaf cəmiyyətin və idarəçiliyin qurulması korrupsiyanın əsas düşməninə çevrilir. Şəffaflıq, eyni zamanda, korrupsiyaya qarşı mübarizədə nəzarət orqanlarının işini asanlaşdırır. Bu isə öz növbəsində həmin orqanların şəffaf işləməsini tələb edir. Dövlət gəlirləri və xərcləri üzərində ictimai nəzarətin gücləndirilməsi dövlət orqanlarının fəaliyyətinin səmərəli surətdə təhlil edilməsinə, qiymətləndirilməsinə və ictimai müzakirəsinə şərait yaradır, dövlət qurumlarına etimadı gücləndirir, onların məsuliyyətini artırır və nəticədə bu sahədə fəaliyyətin təkmilləşməsinə, sui-istifadə hallarının aradan qaldırılmasına gətirib çıxarır. Dövlət orqanlarının həyata keçirdiyi nəzarətlə yanaşı, müstəqil audit fəaliyyəti də böyük əhəmiyyət kəsb edir. Audit maliyyə və vergi intizamının artırılması,vəsaitlərin xərclənməsində aşkarlığın təmin edilməsi üçün səmərəli vasitələrdən biridir. Ölkəmizdə audit fəaliyyətinin dövlət tənzimlənməsi Auditor Palatası tərəfindən həyata keçirilir. Fəaliyyəti dövründə Palata audit xidmətinin inkişafına nail olmaqla yanaşı, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə də öz töhfəsini vermişdir. Beynəlxalq standartların tətbiqinə başlanılmış, daxili audit xidmətinin və auditorların fəaliyyətinə nəzarət sistemləri yenidən qurulmuşdur. İqtisadi inkişafın hazırkı mərhələsində maliyyə vəsaitlərindən səmərəli istifadə sahəsində mövcud problemlərin və qarşıda duran perspektivlərin müəyyənləşdirilməsi vacibdir. Bugünkü tədbir də məhz belə zərurətdən irəli gəlir. İnanıram ki, konfransın gedişində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə, nəzarət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi faydalı olacaq, bu sahədə strategiya və planların inkişaf etdirilməsi üçün tövsiyə və təkliflər veriləcəkdir. Şübhə yoxdur ki, müxtəlif ölkələrin dövlət, elm, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən konfrans yalnız milli səviyyədə deyil, həm də beynəlxalq səviyyədə dövlətlərin əsas qayğılarından birinə çevrilən korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasına xidmət edəcək və təcrübə mübadiləsi üçün uğurlu forum olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm! * * * Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadə respublika iqtisadiyyatının müasir inkişaf mərhələsində maliyyə nəzarətinin təkmilləşdirilməsinin aktual problemlərindən danışdı, ölkədə müəyyən edilmiş strateji xəttin reallaşdırılması üçün səmərəli icra mexanizminin yaradıldığını, hökumət strukturları, o cümlədən iqtisadi strukturlar arasında əlaqələndirmənin səviyyəsinin xeyli yüksəldiyini vurğuladı. Bildirdi ki, Azərbaycanda yaradılmış yeni iqtisadi sistemin daha da təkmilləşməsinə, milli iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsinə xidmət edən qanunvericilik bazası yaradılmışdır. İqtisadi, siyasi, hüquqi islahatlar qarşılıqlı əlaqəli şəkildə həyata keçirilir, ölkənin iqtisadi qüdrətinin, maliyyə imkanlarının artdığı şəraitdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın yeni keyfiyyət mərhələsinə çıxması təmin edilmişdir. Z.Səmədzadə neft gəlirlərinin səmərəli xərclənməsi və idarə olunması sahəsində Azərbaycan təcrübəsinin beynəlxalq aləm üçün nümunə olduğunu xüsusi vurğuladı. Sonra çıxış edən Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov hər bir ölkədə şəffaflığın artırılmasının və mükəmməl nəzarət sisteminin qurulmasının demokratiyanın mühüm ünsürlərindən biri kimi qiymətləndirildiyini xatırladaraq dedi ki, bu məsələlər ölkəmizdə də daim diqqət mərkəzində saxlanılır və bir sıra mühüm normativ hüquqi aktlar qəbul olunmuşdur. Hakimiyyətin bütün pillələrində şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizəyə dair səmərəli qanunun və dövlət proqramlarının qəbul edilməsi bu sahədə konkret nailiyyətlərin əldə olunmasına imkan vermişdir. V.Novruzov korrupsiya ilə mübarizədə audit xidmətinin rolunu vurğuladı, Auditorlar Palatasının ölkənin digər dövlət və idarəetmə orqanları ilə sıx əlaqədə işlədiyini bildirdi. Konfransda Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, vergilər naziri Fazil Məmmədov, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, Hesablama Palatasının sədri Heydər Əsədov, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov, Hesablama Palatasının auditoru Mehriban Alışanova və başqaları çıxış edərək, korrupsiyaya qarşı mübarizədə rəhbərlik etdikləri qurumların fəaliyyətindən, şəffaflığın artırılmasında maliyyə nəzarətinin rolundan danışdılar. Beynəlxalq Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü Katibliyinin başçısı Conas Moberq, Polşa Mühasiblər Assosiasiyası Baş Audit Komitəsinin sədr müavini Tadeuş Pieniajek, Türkiyə Auditorlar Palatasının (TÜRMOB) sədri Mehmet Timur, Rusiya Hüquq Akademiyasının prorektoru Yuliya Kroxina, Ukrayna Auditorlar Palatasının sədri Aleksey Qaçkovski, Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının icraçı direktoru Marina Şelaru və digərləri korrupsiyaya qarşı mübarizə üzrə öz ölkələrinin təcrübəsindən bəhs etdilər, bu işdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğuladılar. Konfrans sentyabrın 19-dan bölmə iclaslarında işini davam etdirmişdir. |