AZE | РУС
 
FOTO QALEREYA
İctimai-siyasi fəaliyyəti
XİZ: Obyektiv reallıqdan doğan zərurət

Müsahibimiz Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadədir.

- Necə hesab edirsiniz, indiki şəraitdə Azərbaycanda XİZ-in yaradılması nə ilə əlaqədardır?

- Ölkənin maliyyə imkanları genişlənir, qanunvericilik bazası təkmilləşir, investisiya cəlb edilməsi üçün əlverişli şərait yaranır. Azərbaycanın özünün yerləşdiyi coğrafi mövqe azad iqtisadi zonaların yaradılması üçün geniş imkanlar açır. Bu imkanları nəzərə alan Prezident İlham Əliyev müvafiq fərmanı ilə xüsusi iqtisadi zonaların yaradılmasına qərar vermişdir.

İEÖ və eləcə də İEOÖ-in təcrübəsinin öyrənilməsi və tətbiqi son nəticədə ETT-yə, iqtisadi artıma və əhalinin həyat şəraitinin yüksəldilməsinə səbəb olur. Ölkə iqtisadiyyatının inkişafı təsərrüfat kompleksinin reformasiyası və səmərəli innovasiya prosesləri nəticəsində texnologiyalarla təchiz olunma dərəcəsindən asılıdır. Bundan ötrü zəmanət, investisiyaların effektiv cəlb edilməsi üçün əlverişli hüquqi şərait olmalıdır. Şəhərlər, bələdiyyələr sosial və iqtisadi şəraitlərini yaxşılaşdırmaq üçün müxtəlif yollar axtarıb tapırlar. Şəhərlər artıq sözün birbaşa mənasında investisiyaya ehtiyacı olan sahibkarlara çevrilirlər. Bütün bunları həyata keçirmək üçün şəhərlərin daxili imkanları kifayət qədər deyildir.

Dünya təcrübəsinə müraciət etsək görərik ki, ölkəyə investisiya axınını təmin etməyin ən mütərəqqi və geniş yayılmış forması azad iqtisadi zonalardır. Öz növbəsində keçid iqtisadiyyatı şəraitində azad iqtisadi zonalar yaratmaq ölkəmizə də bir çox üstünlüklər verə bilər.

Əlbəttə, bu məsələdə də elmi araşdırmalar ön plana çəkilmişdir. Sevindirici haldır ki, Azərbaycan iqtisadçılarının da xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı müəyyən baxışları formalaşır. Bu baxışların ana xəttini ölkə iqtisadiyyatının davamlı inkişafı, ilk növbədə qeyri-neft sektoruna diqqətin artırılması, qloballaşan dünyada Azərbaycanın rəqabətə davamlı bir ölkə kimi tanınması təşkil edir.

- Dünya miqyasında AİZ-in yaradılması sahəsində konkret olaraq hansı ölkələrin təcrübəsi cəlbedici görünür?

- AİZ əlverişli investisiya mühiti olan ölkələrdə daha yaxşı inkişaf etmişdir. Əlverişli investisiya mühiti dedikdə, burada heç də güzəştlərin çoxluğu və müxtəlifliyi deyil, ən əsası xarici firmaların daha çox mənfəət qazanması başa düşülür. Amerika və Avropada AİZ-dəki hal-hazırkı mənfəət norması 30-35% təşkil edir. Asiyada isə maliyyə böhranınadək TMK 40%-dək mənfəət əldə edirdilər. AİZ-də qoyulan kapitalın çıxarılması müddəti hər hansı bir digər sahəyə nisbətən 2-3 dəfə azdır.

Hal-hazırda dünyada 1000-dən çox AİZ fəaliyyət göstərir. Onların fəaliyyət göstərdiyi 100 ölkə içərisində təkcə ABŞ-da 200-ü var. 80-ci illərdən etibarən Asiya ölkələri olan Çin, Cənubi Koreya və Malayziyada fəaliyyətə başlayan AİZ, sözün həqiqi mənasında, iqtisadiyyata böyük töhfələr vermiş oldu. Zənnimcə, bu baxımdan ilk növbədə İEÖ-in, Çinin və MDB ölkələrinin təcrübəsinin öyrənilməsi praktik əhəmiyyət daşıyır.

SSRİ dövründə ilk AİZ 80-ci illərin sonlarında yaradılmağa başlanmışdı. AİZ yaradılması üzrə özündə onun məqsədi və konsepsiyasını əks etdirən və məqsədəuyğunluğunu əsaslandıran rəsmi sənədlər hazırlanmışdı. Bu zaman AİZ-ın təşkil edilməsində əsas məqsəd müəssisələrin xarici iqtisadi fəallığının artması nəticəsində AİZ-da birgə müəssisələrin yaradılması idi.

AİZ-ə SSRİ-nin dövlətlərarası iqtisadi fəaliyyətinin stimullaşdırılmasında köməkçi bir vasitə kimi baxırdılar. Birinci növbədə AİZ-i Uzaq Şərqdə yaratmaq istəyirdilər. Hesab edilirdi ki, inkişaf etmiş elmi-texniki potensialı olan bu region mövcud yerli texnologiyalar və xarici kapital hesabına yüksək keyfiyyətli elm tutumlu məhsulların istehsalı ilə inkişaf etməli idi. Ərazidə təsərrüfat-hüquqi güzəştlər isə yalnız birgə müəssisələrə münasibətdə tətbiq olunurdu. Xarici investisiyaların həddi isə SSRİ ərazisində fəaliyyət göstərən normalar əsasında tənzimlənirdi.

Qazaxıstanda ilk AİZ 1991-ci ildə Cezqazqan vilayətində Jayrem-Atasuyda, Taldıkurqan vilayətində Alakul və Jarkent, "Taldıkurqanvneştrans" müəssisəsinin nəzdində subzona, Kustanay vilayətində Lisakov və Almatıda "Atakənd" azad ticarət zonası şəklində yaradılmışdır. Bundan əlavə, bir çox vilayətlər də (Atırau, Şərqi-Qazaxıstan, Karaqanda, Manqistau) AİZ kimi elan edilmişdir.

Lisakov XİZ-nın göstəriciləri regionda iqtisadi vəziyyətin sabitləşdiyini göstərir. 1993-cü ildə bu zona yaradıldıqdan sonra sənaye istehsalı 22.9 dəfə artdı, 1997-ci ildə istehsalın artımı isə 74% təşkil etdi. Həmin ildə pərakəndə ticarət isə 1996-cı ilə nisbətən 129.5% təşkil etmişdir. Mövcud müəssisələrlə yanaşı onlarla yeni yüngül və yeyinti sənayesi müəssisələri yaradılmışdır. Kiçik və orta biznes subyektlərinin dinamik inkişafı nəticəsində onların büdcə gəlirlərindəki xüsusi çəkisi 59.8%-ə çatmışdır. İnzibati şura əmək haqqı və pensiyaları vaxtında və bütövlükdə ödəyir, layihələri maliyyələşdirirdi.

1997-ci ildə neft emalı sənayesində məhsul istehsalı 3.0%, yüngül sənayedə 3.4 dəfə, yeyinti sənayesində isə 57.8% artmışdır. Taxıl istehsalı 23 dəfə, kənd təsərrüfatı maşınları üçün ehtiyat hissələri 4 dəfə, kağız 2.3 dəfə, neft 2.7%, tikiş məmulatları 34%, çörək və çörək məmulatları 31.4%, şirniyyat məhsulları istehsalı isə 4.1 dəfə artmışdır. Şəhər müəssisələri tərəfindən pəncərələr üçün jalüz ("Ansar" TOO, "Temirxan" TOO), buğda unu ("Aydan Aqro" DTOO), meyvə sokları ("Sır-Şarabı" AO) istehsalına başlanılmışdır. "Aydan FNM" DTOO-da qeyri parça materiallarının, "Aydan-ayaqqabı" DTOO-da ayaqqabı, "Aydan-Akkus" DTOO-da yumurta, quş əti istehsalı bərpa olunmuşdur. Kiçik müəssisələr istehsal həcmini 3.1 dəfə artırmışlar.

Hal-hazırda regionda 7 birgə müəssisə fəaliyyət göstərir ki, onlardan da 4-ü neft-qaz yataqlarının kəşfiyyatı ilə məşğuldur. 1997-ci il ərzində AİZ-ya 1.8 mlrd tenqe (23.8 mln dollar) xarici investisiya qoyulub və mənimsənilib, 62.5 mlrd tenqelik (821.8 mln dollar) layihə isə baxılmaq üzrədir.

Beləliklə, Qazaxıstanda AİZ-in inkişafı regionlarda iqtisadi islahatları həyata keçirməklə sənaye məhsulları istehsalını artırmağa, xarici investisiya cəlb etməyə, daxili bazarı rəqabətqabiliyyətli məhsullarla təchiz etməyə imkan verir. Əlbəttə ki, bu baxımdan MDB ölkələrinin təcrübəsi maraq doğurur.

- Siz Çin iqtisadiyyatını öyrənən alim kimi "Çin iqtisadi möcüzəsi" kitabında Çinin iqtisadi zonaları haqqında yazmısınız. Bu barədə oxucularla bəzi mülahizələrinizi bölüşməyinizi istərdik.

- Çinin AİZ yaradılması sahəsində 25 illik təcrübəsi vardır. 1980-ci ildə Çinin cənubi-şərqində yerləşən 5 xüsusi iqtisadi rayon (XİR) yaradılmışdır.

XİR xarici bazarlar üçün nəzərdə tutulmuşlar. Orada istehsal olunan məhsulun 50%-i ixrac olunur. Burada əsasən emaledici sənaye, ETTKİ sahəsi və ticarət-təchizat şəbəkəsi inkişaf etmişdir. XİR ərazisində xüsusi iqtisadi siyasət və idarəetmə həyata keçirilir. Həmin ərazidə xarici investorlar müxtəlif vergi və gömrük güzəştlərindən istifadə edirlər, onlara böyük səlahiyyətlər verilmişdir. Bunun nəticəsində Çin yüksək keyfiyyətli texnika və texnologiyaları, istehsalın müasir idarəetmə üsullarını, dünya ticarət və maliyyə bazarlarındakı informasiyanı əldə etdi və kadr potensialının hazırlıq səviyyəsini artırdı. Bütün bunlar Çin hökumətinin siyasi iradəsi və həmin ərazilərdə yüksək keyfiyyətli infrastrukturun yaradılması nəticəsində əldə edilmişdir. Belə xərclərin 80%-i Çin hökumətinin üzərinə düşdü.

1984-cü ildə Çin hökuməti ölkənin 14 iri liman şəhərini xarici ticarət üçün açıq elan etdi. Onlar xarici bazarlara pəncərə və vasitəçi rolunda çıxış edirlər. Bu zonalarda yaradılmış texniki-iqtisadi şərait həmişə xarici investorları cəlb edir. Zonalarda yaradılan birgə müəssisələrin sayı minlərlə, cəlb edilən kapitalın miqdarı isə 10 mlrd. dollarlarla ölçülür. 90-cı illərin ortalarında Çin AİZ-nə illik təxminən 40 mlrd. dollar vəsait cəlb olunurdu.

1991-ci ildən sonra isə Çinin bir neçə sərhədyanı şəhəri də xarici bazarlar üçün açıldı. Sərhədyanı şəhərlər qonşu ölkələrlə ticarət-iqtisadi əlaqələr yaratmaq üçün əlverişli şəraitə malikdir.

Əlbəttə, hər bir ölkə inkişaf modelini özü seçir. Məsələn, Filippində rekreasion zonaların hüquqi rejimi respublika aktı ilə tənzimlənir. Çində və İndoneziyada turizmin inkişafı ilə əlaqədar olaraq çoxlu zonalar fəaliyyət göstərir. Hondurasda investorları 100% idxal-ixrac rüsumlarından azad edən azad turist zonaları haqqında qanun fəaliyyət göstərir. Bununla yanaşı, elə bir zona yaratmaq olar ki, orada turizm yeganə inkişaf istiqaməti olmasa da, aparıcı sahə olsun. Belə zonalar İordaniyada fəaliyyət göstərir.

Cənubi Koreya hökuməti 2010-cu ilə kimi Çecudo adasını azad turizm zonasına çevirmək qərarına gəlib. Cənubi Koreya və digər xarici ölkə investorları adanın inkişafına 10 mln. dollar vəsait qoyaraq vergilərdən 3 illik azad edilmiş və sonrakı illərdə də verginin 50% ödənilməsi kimi güzəşt əldə etmişlər. Hətta Ukrayna da "Kurortopolis Truskaves" kimi turist-kurort tipli xüsusi iqtisadi zonaların yaradılmasına nail olmuşdur.

Dünya təcrübəsi göstərir ki, turizm biznesi dinamik inkişaf edən gəlirli sahədir. Belə ki, 1950-ci ildə bu biznesin gəlirləri 2.1 mlrd. dollar qiymətləndirilirdisə, 2003-cü ildə bu rəqəm artıq 514 mlrd. dollara çatmışdır.

Azərbaycanda turizm biznesinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq demək istərdim ki, bizdə xarici turistləri qəbul etmək üçün hələ beynəlxalq standartlara cavab verən kifayət qədər mehmanxanalar və turist bazaları mövcud deyildir. Yüksək keyfiyyətli xidmət səviyyəsi və rahatlığı ilə seçilən belə bir mehmanxananın inşası və ya rekonstruksiyası üçün çox vəsait tələb olunsa da, respublikanın buna gücü çatar. Yay Olimpiya oyunlarının keçirilməsində iddialı olan ölkə üçün bu amil vacib sayıla bilər. Hesab edirəm ki, turist-rekreasion tipli xüsusi iqtisadi zonaların yaradılması haqqında da düşünmək olar və bu baxımdan dünya təcrübəsi maraq doğurur.

- XİZ yaratmaq üçün Azərbaycanda münbit şərait varmı? XİZ yaradılması üçün hansı ərazilər seçilə bilər?

Təbii ki, var. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu neft strategiyası nəticəsində ölkə iqtisadiyyatının müxtəlif sahələrində yüksək göstəricilər əldə olunmuş, Azərbaycan ÜDM-in artım tempinə görə dünyada lider dövlətə çevrilmişdir. Bilavasitə respublikamızın iştirakı ilə gerçəkləşən qlobal əhəmiyyətli neft-qaz və kommunikasiya layihələri Azərbaycanda da davamlı və sabit inkişafın möhkəm təməlini qoymuşdur. Bu təməllər üzərində ölkə iqtisadiyyatının digər strateji sahələrinin inkişafı üçün də perspektivlər açılmışdır. Bütün bu sadalananlar respublikada XİZ-in yaradılması üçün münbit şəraitin olduğunu göstərir.

XİZ-in yaradılmasında məqsəd ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafı nəticəsində prioritet iqtisadi məsələlərin həllinə, strateji proqram və layihələrin həyata keçirilməsinə nail olmaqdır. Bu və ya digər zonanı yaradarkən qarşıya qoyulan məqsəddən asılı olaraq zonanın formalaşdırılması zamanı müəyyən tələblər meydana çıxır:

- Xarici və daxili bazarlara çıxmaq baxımından əlverişli nəqliyyat-coğrafi şəraitin olması və inkişaf etmiş nəqliyyat-kommunikasiya sistemlərinin mövcudluğu;

- inkişaf etmiş istehsal potensialı, istehsal və sosial infrastrukturun mövcudluğu;

- təbii resurs ehtiyatının kəmiyyət və keyfiyyət baxımından mövcudluğu (karbohidrogen, əlvan metallar, meşə resursları və s.).

Yuxarıda qeyd olunanlara əsasən demək lazımdır ki, XİZ üçün əlverişli ərazi xarici ölkələrə münasibətdə yaxın- sərhədyanı, dəniz ticarət yolu və magistral nəqliyyat şəbəkəsi olan, sənaye, elmi və mədəni mərkəz rolunda çıxış edən, təbii resurs ehtiyatının cəmləşdiyi ərazi olmalıdır.

Bəzi hallarda XİZ-i inkişaf etməmiş sənayesi, istehsal və sosial infrastrukturu olan eyni zamanda uzunmüddətli dövlət proqramlarını həyata keçirməyə imkan verən yeni təsərrüfat rayonlarında yaratmaq məqsədəuyğun sayılır. Hesab edirəm ki, Azərbaycan da öz növbəsində XİZ yaradarkən bu təcrübədən istifadə etməlidir.

- Sizcə, XİZ yaradılarkən təqdim olunacaq güzəştlər hansı formada olmalıdır?

- Bu çox vacib məsələdir. Güzəştlər, onların həcmi və istiqamətləri barədə müxtəlif fikirlər var. Bizim fikrimizcə, XİZ-ə təqdim olunacaq güzəştləri aşağıdakı kimi qruplaşdırmaq olar:

a) müxtəlif növ güzəşt və stimulların tətbiqi:

- Xarici ticarət- idxal-ixrac rüsumlarının aşağı salınması və ya ləğv edilməsi, xarici ticarət əməliyyatlarının həyata keçirilməsinin sadələşdirilməsi;

- Fiskal-konkret fəaliyyət növlərinin vergi stimullaşdırılması. Güzəştlər vergi bazasına, onun ayrı-ayrı komponentlərinə, vergi dərəcəsinin səviyyəsinə, daimi və ya müvəqqəti vergidən azad edilməyə aid ola bilər;

- Maliyyə- özündə birbaşa və ya dolayı yolla subsidiyalaşdırmanı cəmləşdirir. Birbaşa subsidiyalar dedikdə, dövlət büdcəsi vəsaitləri və dövlət kreditləri, dolayı isə kommunal xidmətlərə aşağı tariflərin müəyyənləşdirilməsi, torpaqdan istifadəyə görə icarə haqqının aşağı salınması və s. başa düşülür;

- İnzibati- müəssisələrin qeydiyyatı sisteminin və xarici vətəndaşların giriş-çıxış rejiminin sadələşdirilməsi;

b) zonanın lokal surətdə geniş iqtisadi spektrdə qərarlar qəbul etmək azadlığı;

c) mərkəzi hökumət tərəfindən hərtərəfli dəstək.

Söhbət ondan gedir ki, xüsusi iqtisadi zonaların yaradılması heç də məqsəd deyil, regionların sosial-iqtisadi inkişafını və dünya iqtisadiyyatına intensiv inteqrasiyasını təmin etmək üçün bir vasitədir. Bu baxımdan, belə zonaların yaradılması üçün konkret olaraq iqtisadi və elmi cəhətdən əsaslandırılmış proqramlar hazırlanmalıdır.

- Sizə elə gəlmir ki, açıq qapı siyasəti yürüdərək ÜTT-yə üzv olmaqdansa, XİZ yaradaraq, yəni ölkə ərazisinin müəyyən kiçik bir hissəsini xarici kapitalın üzünə açıq elan edərək daha çox üstünlüklər əldə etmək olar?

- Bu iki məsələni bir-birinə qarşı qoymaq düz deyil. Dünyanın inkişaf etmiş ölkəsi olan ABŞ da ÜTT-nin üzvüdür, amma eyni zamanda ərazisində iqtisadi zonaların inkişafı üçün hər cür şərait yaradır və bunu stimullaşdırmaqda davam edir. Biz ÜTT-yə daxil olmaq istəyirik və daxil olacağıq da. Mən bu fikri dəfələrlə söyləmişəm. Suala ətraflı cavab vermək üçün qonşu ölkələrin təcrübəsinə müraciət edək.

ÜTT-yə üzv olduqdan sonra xarici və yerli mallar üçün eyni şərait yaradan Qırğızıstan yenidənqurma mərhələsini yaşayan milli sənayeyə ağır zərbə vurmuş oldu. Dünya təcrübəsi sübut edir ki, Qırğızıstan kimi İEOÖ üçün investisiyalar çox mühüm əhəmiyyət kəsb edir. Lakin milli bazarın idxal malları üçün açılması investisiyalar üçün qapıları bağlamaq demək idi. Belə bir vəziyyət Qırğızıstanı xammal ölkəsinə çevirdi. Zərbə Qırğızıstan iqtisadiyyatının 80%-ni təşkil edən kənd təsərrüfatına da dəydi. Qırğızıstan ixrac subsidiyalarını, idxal kvotalarını və lisenziyalaşdırmanı ləğv etdi. İdxala münasibətdə rüsumların 10%-lik həddi aşmaması son nəticədə Qırğızıstanın ÜTT-na 8 ildən artıq bir müddətdə üzv olmasına baxmayaraq iqtisadi göstəricilərinin bütün MDB ölkələri içərisində ən aşağı səviyyədə olmasına gətirib çıxarmışdır.

Nəticə olaraq qeyd etmək lazımdır ki, Qırğızıstan kimi ölkələrin (o cümlədən Azərbaycanın) idxal tarif və kvotalarını ləğv edərək iri miqyaslı liberallaşdırma siyasəti yürütməsi ağır itkilərlə müşayiət olunur.

Keçmiş sovet respublikalarının ÜTT-dən dividentlər əldə etməməsin

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır