AZE | РУС
 
FOTO QALEREYA
Zahid Məmmədov
Zahid Məmmədov - 60

Tale yollarında

Dünyaya göz açıb gələn hər bir insanın öz tale yolları vardır. Ona görə də, xalqımızın min illər boyu yaşatdığı gözəl və çox dəyərli deyimlərində deyilir: taleyin uğurlu, yolun nurlu olsun. Ulu Tanrı da insanları bu xoş məramlı niyyətlə yaradır. Lakin bu niyyət öz-özünə reallaşmır. Bunun üçün insanın ağılı, zəkası, zehni, düşüncəsi, həyatın tələblərini və gedişatını dərindən dərk edib, qarşıya qoyduğu məqsəd və amalına nail olmaq uğrunda bütün əqli və fiziki qabiliyyətini səbr, dözüm və təmkinlə sərf etməsi həlledici şərtdir. Bütün bunlara əməl etməyi bacaranlar taleyin daşlı-kəsəkli yollarında istədiklərinə nail olur, arzularının yüksək zirvəsinə ucalırlar.

Onlardan biri də Azərbaycan ziyalıları sırasında öz mövqeyi, öz alimlik və dəyərli şəxsiyyət dəsti-xətti olan tanınmış coğrafiyaşünas, coğrafiya elmləri doktoru, professor Zahid Səttar oğlu Məmmədovdur. Zahid müəllim birdən-birə bu ərsəyə gəlib çatmamışdır. Onun ömrünün tale yolları çox rəngarəng, acılı-şirinli, kədərli-sevincli anlarla dolu olmuşdur.

Onun ömür kitabını vərəqlədikcə həyatının səhifələri gözlərimiz önündə canlanır. O səhifələr ki, alimin uşaqlıq illərindən başlayaraq kamillik zirvəsinə qədər keçdiyi tale yollarını işıqlandırır, həyatın əsl mənasını bizə andırır.

Məsəl var deyərlər, ot kökü üstündə bitər. Bu mənada Zahid müəllimin soyadı safdı, mayası nurdu. Sözün əsl mənasında, ona görə nurdur ki, o, ölkəmizin Tanrı nuru ilə dolu olan dilbər guşələrindən birində - Zəngilan rayonunun Baharlı kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Uşaqlıq illərini kənd mühitində keçirən Zahid boya-başa çatdıqca kəndin özünəməxsus qənirsiz gözəlliklərinin vurğunu olur, bütün varlığı ilə onu qucağında min bir naz-nemətlə bəsləyən ana torpağa, təbiətin gözəlliklərinə bağlanır. Hələ kiçik yaşlarında məktəbli uşaqlarla daim ünsiyyətdə olur, onlar kimi məktəbdə oxumaq arzusu ilə yaşayır. Məktəb yaşı çatan kimi kənddəki yeddiillik məktəbə daxil olur, özünün biliyi, qabiliyyəti və davranışı ilə müəllimlərin hörmətini qazanır. Həmin məktəbi əla qiymətlərlə bitirir. Mincivan orta məktəbində təhsilini davam etdirir. Məktəbin kənddən 7 km aralıda olmasına baxmayaraq təhsilə olan böyük həvəsi Zahidi nəinki yormur, əksinə, daha da həvəsləndirir, onun təhsilə olan marağını artırır; öz-özündə belə inam yaradır ki, çəkməsən cəfa, sürməzsən səfa.

Hələ uşaqlıq illərindən təbiətin qoynunda böyüyərək ona bütün varlığı ilə bağlı olması Zahidin gələcəkdə təbiətşünas alim olacağından xəbər verirdi. Bu niyyətlə orta məktəbi bitirdikdən sonra sənədlərini respublikamızın mötəbər ali təhsil ocaqlarından biri olan indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsinə verir və imtahanlardan alnı açıq, üzü ağ çıxır; instituta daxil olaraq ilkin arzusuna çatır. Onun mühazirə və məşğələlərə göstərdiyi həvəsi qəlbində coşub-çağlayır, professor-müəllim heyətinin dərin hörmətini qazandırır.

1970-ci ildə Zahid Universiteti əla qiymətlərlə bitirərək arzusunun ilkin pilləsinə - coğrafiya müəllimi ixtisasına yiyələnir. Sabirabad rayonunda Səməd Vurğun adına orta məktəbdə müəllimlik fəaliyyətinə başlayır. Ali məktəbdə qazandığı zəngin biliyini şagirdlərə səxavətlə aşılayır, gözlərinin ziyasını onlardan əsirgəmir. Çox çəkmir ki, müəllim və tələbələrin sevimlisinə çevrilir. O, ali məktəbdə oxuduğu illərdə özünün biliyi və kamilliyilə fərqləndiyindən Universitetin elmi şurasının qərarı ilə aspiranturada müsabiqədə iştirak etmək hüququ qazansa da, müəllimlik fəalyyətini davam etdirir.

Çətinliklərin olmasına baxmayaraq təhsilini davam etdirmək arzusu ilə Zahid müəllim aspiranturada müsabiqədə iştirak etmək qərarına gəlir. Elə də edir, sənədlərini H.Ə.Əliyev adına Azərbaycan MEA-nın Coğrafiya İnstitutunun əyani aspiranturasına verir. Aspiranturada H.Ə.Əliyev, A.A.Nadirov kimi görkəmli akademiklərin və digər alimlərin qəbul etdikləri imtahanlardan müvəffəqiyyətlə çıxan Zahid Məmmədov 1993-cü ildə aspiranturaya daxil olur. Az sonra xalq, vətən qarşısında vətəndaşlıq borcuna ordu sıralarında nümunəvi xidmətilə əməl edir. Əsgəri xidmətini başa çatdırdıqdan sonra Zahid müəllim yenidən elmi axtarışlar həyata keçirir, 1980-cı ildə "Naxçıvan MR-da maddi istehsalın və iqtisadi əlaqələrin inkişafının coğrafi problemləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülür. Gənc alim yenə öz taleyini elmə bağlamaqda davam edir, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun "İqtisadi coğrafiya" şöbəsində elmi araşdırmalar aparmağa başlayır. İnstitutun problem mövzularının yerinə yetirilməsində fəal iştirak etməklə ona həvalə edilmiş elmi-tədqiqat işlərinin öhdəsindən gəlir.

O, bir qayda olaraq elmin qarşısında duran və həllini gözləyən problemləri tədqiqat obyekti seçən, daim elmi axtarışlar eşqilə yaşayan alimdir. Bu baxımdan, Azərbaycanın nəqliyyatı aktual problem olduğundan bu çətin və mürəkkəb sahəni tədqiq etməsi alimin yenilik eşqilə yaşamasını göstərir. Uzun illər boyu bu aktual və dəyərli problemin tədqiqi əsasında "Azərbaycan Respublikasının nəliyyat və iqtisadi əlaqələrinin inkişafının iqtisadi-coğrafi problemləri" adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib coğrafiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülür.

Həmin problemin həlli üçün respublikamızın, həmçinin Rusiyanın görkəmli alimləri ilə daimi yaradıcılıq əlaqələri saxlayan Zahid müəllim həm elmi, həm də metodik cəhətdən zəngin təcrübə qazanır. Alimin hər yeni nailiyyəti ömür kitabının dəyərli səhifələrinə çevrildikcə yeni-yeni uğurlar qazanmaq istəyi daha artır. Respublikada və xarici ölkələrdə keçirilən konfranslarda fəal iştirak edir. Elmin əsl pərvanəsinə çevrilən Zahid müəllim gecəli-gündüzlü yazıb yaradır, qazandığı zəngin bilik kitablara çevrilir. Respublikamızın sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edən və akademik Ziyad Səmədzadənin redaktorluğu ilə çap olunan "XXI əsr: İqtisadi inkişafın nəqliyyat faktoru" (B-2002) iri həcmli əsəri bugünkü elmimizə sanballı töhfədir.

Onun əsl alimlik xilqəti belədir ki, yazıb-yaratmaqdan doymur. Budur, Zahid müəllim ali təhsil ocaqlarının iqtisadiyyat, coğrafiya fakültələrinin tələbələri üçün çox gərəkli olan "Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri" (Bakı, 2004) adlı dərs vəsaitini çap etdirir. Professor Ə.Q.Əlirzayevin redaktorluğu ilə işıq üzü görən bu əsər müəllifə dərin rəğbət qazandırır.

İndiyədək alimin iqtisadi əhəmiyyət kəsb edən 150 elmi əsəri tələbə və aspirantların bilik mənbəyinə çevrilmişdir.

Zahid müəllim hərtərəfli fəaliyyət zənginliyinə malik alimdir. O, elmi fəaliyyətlə yanaşı ölkənin ali təhsil məktəblərində iqtisadi coğrafiyanın müasir problemlərinə dair yüksək elmi-pedaqoji səviyyəli mühazirələr oxuyur; gənc nəslin elmi biliklərə yiyələnməsində, ixtisaslı kadrlar hazırlanmasında bütün elmi potensialından və pedaqoji ustalığından bacardıqca daha mükəmməl istifadə etməyə çalışır.

Görkəmli alim 1992-ci ildən Azərbaycan Kooperasiya Universitetində fəaliyyətini davam etdirir. Orada "Coğrafiya" kafedrasının müdiri vəzifəsində çalışır. Professor Zahid Məmmədov aspirant, laborant, kiçik elmi işçi, baş elmi işçi, dosent kimi tale yolları keçmişdir. Ona görə də, əsl alim kimi püxtələşmişdir. İndi o, yalnız ixtsaslı kadrlar hazırlamır, həm də alimlər yetişdirir. Professor Azərbaycan MEA-nın İqtisadiyyat və Coğrafiya İnstitutlarında doktorluq elmi şuralarının üzvü kimi bir çox elmlər doktorları və namizədlərinin rəsmi opponenti olmuşdur.

Professor Zahid Məmmədov xaraktercə sadə, təvazökar, eyni zamanda tələbkar və qayğıkeş insandır. Həmişə irəliyə gedənə köməklik göstərməyi özünə borc bilir, kimliyindən asılı olmayaraq insanlara hörmətlə yanaşır.

İndi Zahid Məmmədov ömrünün 60-cı baharını yaşayır.

Yolunu azmadın dumanda, çəndə,

Ömrün baharında bir al səhərdir.

Ayları, illəri salıb kəməndə

60-a çatmağın gözəl hünərdi.

Akademik Ziyad Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi

komissiyasının sədri,

Rəsul Balayev, İqtisad elmləri doktoru, professor,

Əjdər Qiyaslı, İqtisadçı alim-şair

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır