İLAHİ MƏHƏBBƏT SAHİBİ Allahdan, peyğəmbərdən sonra üç müqəddəs ad gəlir: Ata, ana, müəllim! Allah ən böyük yaradandır. Göyü, yeri, dəryaları, uca-uca dağları, qalın-qalın meşələri, uçarı, qaçarı, yer üzünün əşrəfi sayılan insanı Allah yaradıb. Allah elçisi olan ulu peyğəmbərimiz ata-ananın övlada, övladın isə valideynə məhəbbətini İlahi məhəbbət adlandırıb. Bu məhəbbətdir bəşəriyyəti yaşadan. Bu məhəbbətdir ömrün acısını da şirin edən. Ancaq bir varlıq da var ki, onun adı - müəllimdir! ... Bu dünyada sənin ən çox sevdiyin kimdir, söylərmisin, quzum? - Ən sevdiyim o Allah ki, yeri-göyü, insanları xəlq eylər. - Sonra kimlər? - Sonra onun göndərdiyi elçilər. - Başqa sevdiklərin nasıl, yoxmu? - Var. - Kimdir onlar? - Anam, atam, müəllimim... Ölməz Cavidin bu əbədiyaşar misraları bütün müəllimləri mədh edən bir himndir, desək, yanılmarıq. Hər kəs ata-anasız böyüyə bilər, ancaq müəllimsiz kamil insan olmaz. Çünki insana ilk qiyməti müəllim verir. Müəllim əməyinin əzəməti ilə dağ da yarışa bilməz. İblis fitnəsinə uyaraq Tanrı yasağını pozmuş insan yerə endirildikdən sonra onu yenidən göylərə ucaldan müəllim olub. Ata-ananın bir-iki, beş-on övladı olursa, müəllimin minlərlə şagirdi, tələbəsi olur. Sona müəllimə kimi. Bu insan hələ sağlığında əfsanəyə çevrilmiş müəllimlərdən olub. Respublikada ikinci müəllim tapmaq olmaz ki, o, altmış ilədək bir məktəbə direktorluq etmiş olsun. Sona müəllimə hələ olmayan 190 saylı məktəbə direktor təyin ediləndə 24-25 yaşı var idi. 1941-1945-ci illərdə hərbi hospital olan binada məktəb yaradılmalı idi. Tarixin ən ağır müharibəsi Azərbaycana da ən ağır zərbələr vurmuşdu. Şəhidlərin sayı on milyonlarla hesablansa da, iqtisadiyyata, abadlığa, mədəniyyətə, maarifə vurulan yaralar tezliklə sağalmalı idi. Çünki cəmiyyəti yaşatmaq lazım idi. Sona xanım özü deyərdi ki, "hərbi hospitallar üzdə olan, görünən yaraları sağaltmışdı, biz ziyalılar isə daha dərində, ürəklərdə olan gözəgörünməz qəlpələri təmizləməli, mənəvi sağlamlıq ab-havası yaratmalı idik". Bu da Sona xanımın sözləridir: "Müharibə qurtarsa da, hərbi tapşırığa bənzər vəzifələr hələ də dururdu. Məni də rayon xalq maarif şöbəsinə çağırıb, tam ciddiliklə dedilər: madam ki, inkişaf yaratmaq istəyirsiniz, budur, imkan veririk, yeni təsis edilən 190 nömrəli məktəbi Sizə tapşırırıq. Buyurun, işləyin, qurun, yaradın". Bu işin nə qədər çətin olduğunu tapşırığı verən də bilirdi, alan da. Sona Tağıyevada çox qiymətli bir xüsusiyyət var idi ki, o, işin çətinliyindən qorxmurdu, təki ürəyincə olsun. Hətta yaxınları onun haqqında deyirdilər ki, "bu qız əsgər getsəydi, davadan qəhrəmanlıq ulduzu ilə qayıdardı". Əlbəttə, bu deyilənlər Sona Tağıyevanın təbiətini doğru-dürüst əks etdirirdi. İndi "Bülbül musiqi məktəbi" adlanan bina hospitaldan sonra çox pərakəndə vəziyyətdə idi. Təmirə böyük ehtiyacı olan boş otaqlar hələ məktəb deyildi. Məktəb ləvazimatı tapmaq, fənlər üzrə kabinetlər, laboratoriyalar yaratmaq lazım idi. Hələ müəllim kollektivi... Sona Tağıyeva cəmi 15 nəfər müəllimlə işə başladı. Məşhur pedaqoq Əjdər Ağayev yazır ki, 190 saylı məktəb üçün müvəqqəti verilən bu binanı əvvəlcə tədris üçün birtəhər yararlı hala saldılar. Ordan-burdan partalar, stol, stul topladılar. Müəllimlərdən Hacı Hüseynov fizika kabineti düzəltdi. Sonralar Sosialist Əməyi Qəhrəmanı adı almış Zərbəli Səmədov həm ədəbiyyat otağı, həm də kitabxana yaratdı. Birinci il cəmi səkkiz sinif açıldı, 283 şagird toplandı. Məktəbdə istənilən avadanlıq olmasa da, Sona müəllimə istənilən intizamı, səliqə-sahmanı yaratmağa nail olmuşdu. Sona müəllimə möhkəm və hərtərəfli bilik verməkdən əlavə, şagirdlər arasında təlim-tərbiyə işlərini də baş vəzifə kimi irəli sürdü. Sağlam təlim-tərbiyə məktəbi müqəddəs ocağa çevirməli, böyüyən nəsli mənəviyyatca sağlam etməlidir. Müəllim və valideyn yığıncaqlarında bu barədə geniş söhbət gedirdi. Hətta məktəbli forması məsələsi həlli çox vacib problem kimi müzakirə edilirdi. Doğrudur, uzun, məhrumiyyətli, dağıdıcı müharibədən sonra hər ailənin əlavə geyim almağa, yaxud tikdirməyə imkanı yox idi. Ancaq məktəbli formasının psixoloji təsiri daha güclü olduğundan Sona müəllimənin təklifi imkansızlar tərəfindən də razılıqla qarşılandı. Sona müəllimə təşəbbüs qaldırdı ki, "gəlin, özümüz parça alıb, uşaqlar üçün forma tikək". Həmin işin icrasını öhdələrinə götürən o dövrkü müəllimlərin adı 190 nömrəli məktəbin şərəf kitabına düşmüşdür: Bikə Məmmədova, Müşərrəf Əlicanlı, Məryəm Kərimova, Səltənət Ələkbərli və başqaları! Valideynlər də bu nəcib təşəbbüsə can-başla qoşuldular. Sona müəllimə deyərdi ki, "Alman faşizmi üzərində qələbədən sonra əlbəttə, sevincimiz çox olub, məktəb təzə binaya köçüb, 1600-dən çox şagirdə səksən nəfərdən çox müəllim dərs deyir. Fəxr ediləsi böyük bir ailə yaranıb". Ancaq məktəbdən ilk həyat vəsiqəsi alanları da hesabladıqda, 190 saylı məktəb ailəsinin üzvlərinin sayı on minləri ötür. Sona müəllimənin rəhbərliyi ilə 190 saylı məktəb, sözün əsl mənasında, qabaqcıl pedaqoji fikir mərkəzinə, bir çox maarif işçiləri və müəllimlər üçün sanki təkmilləşdirmə məktəbinə çevrilir. Sona müəllimənin məktəbinə həm qonşu respublikalardan, həm də yaxın-uzaq əcnəbi ölkələrdən, Amerikadan, İngiltərədən, Almaniyadan, Yaponiyadan, Əlcəzairdən, Suriyadan, Fransadan, Macarıstandan, Rumıniyadan, Çexiyadan, Bolqarıstandan təhsil işçiləri ziyarətə gəlmiş, məktəbdəki pedaqoji yeniliklərə yüksək qiymət vermişlər. 190 saylı məktəbin ömür yolu Azərbaycan məktəbi tarixinin ən şanlı fəsillərindən birinə çevrilib, məktəb "Qırmızı Əmək Bayrağı" ordeninə layiq gör ülüb, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin birinci dərəcəli qızıl medalı ilə təltif edilib. Məktəbi şərəfləndirən müəllimlər yüksək adlar və mükafatlar alıblar. Sona Tağıyevanın özü 1960-cı ildə "Azərbaycanın əməkdar müəllimi" fəxri adına layiq görülüb. Böyük etimad göstərilərək dəfələrlə Bakı şəhər Sovetinə və Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1980-ci ildə "Lenin ordeni, 1986-cı ildə "Oktyabr inqilabı" ordeni ilə təltif edilib. Sona müəllimə Vətənin qələbəli illərindən danışarkən deyərdi: "Mən xoşbəxtəm ki, arzusunda olduğum ən ülvi mükafatı da aldım, müstəqil Azərbaycan Respublikasının vətəndaşı oldum. Bizim əvvəllər də fərəh doğuran günlərimiz olub, ancaq dünyada yaşayıb dünya dövləti sayılmamaq bir ürək qübarı idi". Müstəqillik dövründə 190 saylı məktəbin əlli yaşı qeyd olunub, Sona müəllimə isə "Şöhrət" ordeninə layiq görülüb. Sona xanım müəllimlər müəllimi, xanımlar xanımı olmuşdur. Heç təsadüfi deyil ki, 1995-ci ildə ölkə başçısı olmuş Heydər Əliyev böyük qürur hissi ilə demişdir: "Mən fəxr edirəm ki, Sona müəllimə vardır". Ulu peyğəmbərimiz müəllimin əməyini qiymətləndirərək demişdir ki, heç bir xəzinə insanın öyrənmiş olduğu elm və bilikdən zəngin ola bilməz. Müəllimin öyrətdiyi bilik ömürlük xəzinədir, elə bir xəzinə ki, xərcləndikcə tükənmir. Müəllim əməyi bütün uğurların, bütün xoşbəxtliyin, səadətin özülüdür. Müəllim əməyi - bütün bağlı qapıların açarıdır. Sona Hənifə qızı Tağıyeva Azərbaycan pedaqogikasına öz ilahi eşqi və misilsiz əməyi ilə dünyəvi bir şöhrət qazandırmışdır. Sona xanım yetmiş beş il pedaqoji sahədə əsl memarlıq, mühəndislik etmişdir. O, şüurları formalaşdırmış, neçə-neçə nəslin üzünə bilik xəzinəsi açmışdır. Heç səbəbsiz deyildir ki, 190 nömrəli məktəbə hamı sonsuz ehtiram hissi ilə "Sona müəllimənin məktəbi" adı vermişdir. Minlərlə elm adamı, on minlərlə sənət sahibi Sona xanımın məktəbini bitirdiyi üçün fəxr edir. Sona xanım müəllimlər müəllimi olmuşdur, nümunələr nümunəsi olmuşdur. Sona xanım pedaqogika sahəsində heç vaxt ot basmayacaq bir yol salmışdır, bu, həyat eşqinin təkənməzliyi, xeyirxah əməllərin ölməzliyi yoludur. Sona xanım bütün şüurlu həyatı ilə sübut etmişdir ki, müəllimlik ilahi əməkdir. Elə bu səbəbdəndir ki, onun cismani yoxluğu - mənalı ömrün həmişəyaşarı olduğunun sübutuna çevrilmişdir. Sona xanım Tanrının insana bəxş edə biləcəyi ən mənalı və xoşbəxt ömrü yaşamışdır. Yüksək dövlət mükafatlarına və tükənməyəcək xalq məhəbbətinə layiq görülmüş müəllim, ən gözəl ana, ən gözəl nənə səadətinə qovuşmuşdur. Sona müəllimənin adı pedaqogika aləmində müqəddəsləşib. Sona xanım xəzinəsi bundan sonra da hələ çox gözləri nurlandıracaqdır. Sona müəllimə pak və ülvi bir Allah adam idi. Allah ona qəni-qəni rəhmət eləsin! Akademik Ziyad SƏMƏDZADƏ, ƏFQAN, əməkdar incəsənət xadimi |