AZE | РУС
 
FOTO QALEREYA
YAXŞILAR UNUDULMUR
YAXŞILAR UNUDULMUR

 

Hələ də onun yoxluğuna inanmaq olmur, olmayacaq da. Çünki onu yaxından tanıyanlar nə söhbəti olursa-olsun, Abdulla adını çəkir, ondan misallar gətirirlər. Hacı Mir Abdulla onu tanıyanların dilində-söhbətindədir, onu tanıyanlar isə çoxdur. Biz Abdulla İbrahimov haqqında vida məqaləmizdə onu Allah adamı adlandırmışdıq. Bu hüznlü gündə bir daha həmin sözləri yada salaq.

Hamını Allah yaradıb. Allah hərəyə bir sifət, bir ürək, bir xasiyyət verib. Ancaq heç kəs bir-birinin eyni deyil, gözəl də var, çirkin də, yaxşı da var, yaman da. Adam var - səsindən günəş doğur, adam da var - səsi gələndə gündüz-günorta vaxtı ürəklərə zülmət çökür. Deyirlər, Günəş Allahın şəklidir. Bu səbəbdən də üzü nurlu, əməli işıqlı adamlara Allah adamı deyirlər. Abdulla İbrahimov da Allah adamı idi. Şah olmaq istəyənin üzündə şahlıq nişanı olduğu kimi, Abdulla İbrahimovun da üzündə ədalət nişanı var idi. Bu, həqiqətdə də belədir. Abdulla İbrahimovu yaxşı tanıyanlar bilirlər ki, ədalət də, istedad kimi, Allah vergisidir və bu keyfiyyət hər adamda olmur.

Bu, nadir hadisədir. Abdulla İbrahimovun özü də nadir insanlardan idi. Biz onu çoxdan, lap altmışıncı illərdən tınıyırdıq. Hacı Abdulla İbrahimovla ünsiyyətdə olmaq çətin deyildi, amma çox maraqlı idi.

Elə adam olmazdı ki, Abdulla İbrahimovla söhbətdən sonra bir fikrə getməsin. O, psixoloq-hüquqşünas idi. Onunla bir məclisdə olan özünü bədənnüma güzgü qarşısında kimi hiss edirdi. Hər adam eşitdiyi hikmətdən özü üçün bir nəticə çıxarırdı. Abdulla müəllim sanki paklıq və nəcabət dərsi keçirdi.

Mir Abdulla ən yüksək səviyyədə ziyalı idi. Ziyalılıq mövzusunda çox söhbət, çox mübahisələr gedir. Abdulla İbrahimov öz varlığı ilə bütün mübahisələrə nöqtə qoyurdu. O, bütün sözü, hərəkəti, əməli ilə sübut edirdi ki, ziyalı necə olmalıdır. O, həmişə deyərdi ki, ziyalı əsl insan olmalıdır. Abdulla müəllimin bütün həyatı bu deyilənlərə sübutdur.

O, "İqtisadiyyat" redaksiyasına gəlmişdi. O vaxt mətbuatın ən çox sevdiyi bir mövzudan, canlının kodlaşdırma yolu ilə yetişdirilməsindən söhbət saldıq. Stolun üstündə bir boşqab təzəcə yuyulmuş alma vardı. Hacı Mir Abdulla dolu boşqabı göstərib aramla dedi: "Bir ağacdan dərilsələr də, biri o birinə oxşamır. Canlının dərkedilməz sehri onun dərkedilməzliyindədir. Alimin əməlini Allah əmri saymaq olar, Allah əməli saymaq olmaz". O, Qurandan ayələri əzbər deməyi çox sevər, bir ayə, ya bir hədislə nə qədər suala cavab verərdi.

Deyir, niyyətin hara, mənzilin də ora. Allah adamı Mir Abdulla müsəlman dünyasının ən müqəddəs ocağı Məkkəyə Allah evinin ziyarətinə getdi.

Görkəmli hüquqşünas, gözəl insan Hacı Mir Abdulla İbrahimovun dünyasını dəyişməsindən bir il keçir. Bir ildir ki, o, aramızda yoxdur. Abdulla İbrahimov bir evin itkisi deyil. Abdulla müəllim millət oğlu idi, sözün əsl mənasında Allah adamıydı.

 

Akademik Ziyad SƏMƏDZADƏ,

ƏFQAN, Əməkdar incəsənət xadimi

 

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır