AZE | РУС
 
FOTO QALEREYA
O, DAHİLİK ABİDƏSİ İDİ
O, DAHİLİK ABİDƏSİ İDİ

 

Hər xalqın, hər millətin özünü dərk etməsində, tərəqqisində nadir şəxsiyyətlərin həlledici rolu olub. Onların hər biri tarixin səhifələrinə öz möhürünü vurub, imzasını qoyub. Bu şəxsiyyətlər tarixin ayrı-ayrı dövrlərində yaşasalar da, məqsədləri, amalları bir olub - vətəninə, xalqına, millətinə təmənnasız xidmət etmək. Bəlkə də bu yadigar qalacaq insanların hamısını birləşdirən elə vətən eşqi olub. Çünki vətəni sevmədən onun azadlığı, tərəqqisi üçün əlindən gələni əsirgəməyənlərin həmişəlik yaddaşlarda yaşamaqları mümkün deyil.

Vətənin yetirdiyi oğullar arasında Ziya Bünyadov ən parlaq simalardandır.

Ziə Buniətov svoim tvorçestvom, bolğşim jiznennım putem vozdviq dlə sebə pamətnik. Mı nikoqda ne zabudem eqo zasluq. Sçitaö, çto zasluqi Zii Buniətova pered azerbaydjanskim narodom budut bolee şiroko, bolee ərko raskrıvatğsə s kajdım dnem. Vıpolnennaə im rabota, ostavlennoe narodu nasledie, pamətğ o nem veçno budut jitğ v naşix serdüax, ə preklonəö qolovu pered svətım telom usopşeqo Zii Buniətova i zaverəö vas, çto mı ne svernem i izbrannoqo puti. Naşey üelğö, ideey əvləetsə naüionalğnoe osvobojdenie, qosudarstvennaə nezavisimostğ Azerbaydjana. Za gti idei neustanno borolsə Ziə Buniətov i stal şexidom. Mı budem vesti i gtu borğbu do konüa!

Qeydar Aliev,

Prezident Azerbaydjanskoy Respubliki

Tarixə ən qanlı və ən dağıdıcı müharibə kimi düşmüş Böyük Vətən müharibəsinin başlanmasından 60 il keçir. Faşist Almaniyasının tam məğlubiyyəti ilə bitmiş bu müharibədə Azərbaycan oğullarının adı bəşərin qəhrəmanlıq salnaməsinə düşmüşdür. Həmin qəhrəmanlardan biri də sonralar görkəmli akademik olmuş Ziya Bünyadovdur. Ziya Bünyadov bütün həyatı nəsillərə nümunə göstəriləcək əfsanəvi bir şəxsiyyət olmuşdur. Bu böyük insan haqqında kitab hazırlanır. Ziya Bünyadovu yaxından tanıyan akademik Ziyad Səmədzadənin həmin kitab üçün yazdığı səmimi qeydləri nəzərinizə çatdırırıq.

İstedadlı alim. Görkəmli ictimai xadim. Mütəfəkkir. Qəhrəman. Şəxsiyyət. Sadə və gözəl insan. Bütün bunlar bir adama mənsub olsa da, hamısı böyük hərflə yazılmalıdır... Çünki Ziya Bünyadov sözün əsl mənasında böyük alim, böyük insan, qeyrətli vətəndaş idi.

ZİYA BÜNYADOV dünya miqyaslı alim idi. O, Şərqdə ən böyük elmi mərkəzlərdən biri olan Azərbaycan EA Şərqşünaslıq İnstitutu yaradıldığı gündən ömrünün sonuna qədər burada elmin inkişafı üçün var qüvvəsilə çalışmışdır. Bu elm ocağına akademiklərdən Həmid Araslı, Əbdülkərim Əlizadə, Rlisöhbət Sumbatzadə və Ziya Bünyadov kimi görkəmli simalar rəhbərlik etmişlər.

ZİYA BÜNYADOV ensiklopedik biliyə malik alimlərimizdən idi. Onu haqlı olaraq Ubilik xəzinəsiF adlandırırdılar. O, orta əsrlər və mənbəşünaslıq üzrə elmi məktəbin banisi idi. Heç şübhəsiz ki, Z. Bünyadovun tədqiqatları dünya şərqşünaslıq elminin zənginləşməsinə uzun müddət xidmət edəcəkdir. Ona görə də XX əsrin II yarısında Şərq aləmində Ziya Bünyadov ən yüksək səviyyəli tədqiqatları ilə şərqşünaslıq elmini zənginləşdirən alimlərdən birincisi idi desək, səhv etmərik.

ZİYA BÜNYADOVUN xalq qarşısında xidməti həmçinin onun ictimai elmlərə böyük diqqət yetirməsilə bağlıdır. XX əsrdə Azərbaycanda digər elm sahələri kimi, ictimai elmlər də sürətlə inkişaf etmişdir. Bu gün də xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti, iqtisadiyyatı ilə bağlı tədqiqatlar Azərbaycanın müstəqil dövlət kimi formalaşması, onun beynəlxalq aləmdə imicinin artması üçün son dərəcə vacibdir. Bu baxımdan akademik Ziya Bünyadovun geniş və məhsuldar fəaliyyəti hamı üçün nümunə ola bilər.

ZİYA BÜNYADOV 50-ci illərin ortalarından ömrünün sonuna qədər ictimai elmlərin inkişafı, onun qorunması sahəsində əsl mübariz kimi çalışmışdır. O, Elmlər Akademiyasının vitse-prezidenti kimi respublikada ictimai və humanitar elmlərin inkişafı, onun inkişafının təkmilləşməsi, bu sahədə formalaşan alimlərin əsl vətənpərvər, əsl ziyalı kimi yetişməsi üçün çox səy göstərirdi.

O, ilkin orta əsrlər və orta əsrlər tariximizlə, dini dayaqlarımızla bağlı ən möhtəşəm əsərlərin həyat üzü görməsində fəal iştirak etmişdir.

Müqəddəs Qurani-Kərimin ana dilimizə çevrilməsində də Ziya Bünyadovun əvəzsiz xidmətləri olmuşdur. O bu işi professor Vasim Məmmədəliyevlə başlayanda çox əziyyətlərlə üzləşməli olmuşdu. Bu müqəddəs kitabı yalnız mükəmməl, ensiklopedik biliyə malik olan insanlar tərcümə edə bilərdi. Bu vəzifəni yerinə yetirmək üçün Şərq aləmini, islam tarixini dərindən öyrənmək, ərəb dilini səlis bilmək lazım idi. Bütün bunlar isə Ziya Bünyadovda var idi və islam dünyasının müqəddəs kitabının yüksək səviyyədə çap olunmasına şərait yaratdı.

Təkcə bu fakt, yəni islam dininin müqəddəs kitabı olan Qur'anın Azərbaycan dilinə tərcümə edilməsinə başçılıq etməsi Ziya Bünyadovun adının Azərbaycan xalqının tarixində əbədiləşdirilməsinə kifayət edərdi.

ZİYA BÜNYADOV vətənpərvər, ana torpağına bağlı bir insan idi. Həm də bu müqəddəs bağlılıq onun dərin elmi tədqiqatları, Azərbaycan xalqının tarixinin düzgün araşdırılması ilə qırılmaz vəhdət təşkil edirdi.

ZİYA BÜNYADOV bütövlükdə keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda da erməni millətçilərinin, erməni daşnaklarının haqsız iddialarına qarşı prinsipial mübarizə aparırdı. Böyük alim konkret, zəngin tarixi faktlar gətirməklə, Azərbaycan xalqının ədalətli mövqeyi barədə beynəlxalq məclislərdə alovlu və əsaslı çıxışlar edirdi.

ZİYA BÜNYADOV erməni millətçiləri üçün çox təhlükəli şəxsiyyət idi, onun əsərlərində, hətta erməni mənbələrinə əsaslanaraq apardığı tədqiqatlarda ermənilərin yeritdikləri çirkin siyasətin mahiyyəti aşkar olunurdu. Tarixi saxtalaşdırmaqda, özlərini başqa millətlərdən üstün tutmaqda ad çıxarmış erməni tarixçiləri "Ziya Bünyadov həddi"ni aşa bilmir, yarı yolda ifşa olunurdular.

Bir hadisəni yada salmaq istəyirəm. 1966-cı ildə Elmlər Akademiyasının partiya konfransının iclası keçirilirdi. O vaxtlar mən EA İqtisadiyyat İnstitutunda işləyirdim, eyni zamanda EA Komsomol Komitəsinin katibi idim. Partiya konfransında Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov da iştirak edirdi. Yaxşı yadımdadır, akt zalına qalxarkən pilləkənlərin üstündə Vəli Axundovla Ziya Bünyadovun səmimi və ciddi söhbətinin şahidi oldum. Ziya Bünyadov Vəli Axundova deyirdi ki, ermənilər məni rahat buraxmır, məni təhqir edir, mənə hücumlar edirlər, ancaq mən özümü başımla da, silahla da qorumağa hazıram... V. Axundov ona diqqətlə qulaq asdıqdan sonra yanındakı yoldaşlara nə isə tapşırdı...

Həmin il Ziya Bünyadovun böyük marağa səbəb olan "Azerbaydjan v VI-VII vekax" monoqrafiyası çapdan çıxmışdı. Kitabda gətirilən faktlar, çıxarılan elmi nəticələr erməni millətçilərinin Azərbaycana qarşı bir sıra fitnəkar fikirlərini alt-üst edirdi.

Ona görə də erməni millətçiləri Ziya Bünyadova qarşı hər cür fitnəkarlığa əl atırdılar. Amma Ziya Bünyadova bata bilmirdilər.

Bu gün Qarabağ probleminin kəskinləşdiyi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin ciddi problem kimi mövcud olduğu şəraitdə onun yeri necə də görünür. Çünki Ziya Bünyadovun sözünün kəsəri və qiyməti var idi. O, böyük alim, böyük ziyalı, böyük şəxsiyyət kimi insanları milli mənafe, milli birlik ətrafında birləşdirmək isteTdadına malik idi,

ZİYA BÜNYADOVUN nəhəngliyi respublikamız müstəqillik əldə etdikdən sonra özünü daha qabarıq büruzə verirdi. Həmin dövrdə respublikada ictimai-siyasi hadisələr çox gərgin inkişaf edirdi. Belə bir vəziyyətdə çoxları özünü itirir, tez-tez fikirlərini, mövqelərini dəyişir, necə deyərlər, külək əsən yerə səmt götürürdülər. Amma Ziya Bünyadov ömrünün son dəqiqələrinə qədər fikrindən dönmədi, heç kimin qarşısında əyilmədi. O, başa düşürdü ki, Azərbaycanın müstəqilliyini qorumaq üçün xalqın taleyilə oynamaq olmaz. O, meydana çıxan "siyasətbazlar"a kəskin sözü ilə müraciət edir və onları millətin tərəqqisinə zidd olan əməllərdən çəkinməyə çağırırdı.

90-cı illərin əvvəllərində Azərbaycan Elmlər Akademiyasının dağılmaq təhlükəsi var idi. Ziya Bünyadov bu müqəddəs elm məTbədinin dağılmasını irəli sürən üzdəniraq, elmdən xəbəri olmayan adamlara, elmə təsadüfən gələn, antimilli, antivətən mövqeyində duran bu "ziyalı"lara tutarlı cavablar verirdi. Onu da unutmayaq ki, o illər çox çətin illər idi.

ZİYA BÜNYADOV Azərbaycanı ən mötəbər, yüksək səviyyəli məclislərdə təmsil edirdi. O, Milli Məclisin deputatı kimi də böyük işlər görürdü. Ziya Bünyadovun tariximizin "ağ ləkələri" olan işləri açmaqda xidməti əvəzsizdir. O, Dövlət Təhlükəsizlik Komitəsinin arxivini araşdıraraq, onun materiallarından istifadə etməklə, repressiya qurbanları haqqında respublika mətbuatında silsilə məqalələr dərc etdirmişdir.

ZİYA BÜNYADOVUN alovlu çıxışları, çox təsirli məqalələri sovet dövrü tariximizin müəyyən bir mərhələsinə işıq saçmışdır.

Bu böyük insan hərdən də olsa, istirahət etməyi xoşlayardı. Ancaq onun istirahəti də ənənəvi istirahət normalarından uzaq idi. Ziya Bünyadovun çox gərgin, məhsuldar, bəzən də əsəblə keçən iş günlərinin əzab-əziyyəti ömür yoldaşı Tahirə xanımın diqqəti, qayğısı sayəsində bir qədər unudulurdu.

ZİYA BÜNYADOVLA Xəzərin sahilində gəzdiyim günləri xatırlayıram. Dənizin qoynunda xəyala dalmaq onun çox sevimli adəti idi. Saatlarla söhbət edərdik. Azərbaycanın ictimai, sosial-iqtisadi problemlərinə dair məsələlərdən yorulmadan danışardıq. Mən Mərkəzi Komitədə, Dövlət Plan Komitəsində, Ali Sovetdə çalışdığım zamanlar da onunla tez-tez təmasda olur, məsləhətlər alırdım.

O, bizim Buzovnadakı evimizdə, necə deyərlər, ata yurdumuzda da çox olub. O gələndə bütün məhəllə bilirdi ki, Ziya Bünyadov bizim qonağımızdır və onu görmək üçün hamı evimizin ətrafına yığışardı. Hər gəlişi böyük sevinclə qarşılanardı. Ailəmiz onu çox sevirdi. Uşaqla uşaq, böyüklə böyük idi Ziya Bünyadov. Sadəliyi böyüklüyündən irəli gəlirdi.

İlk baxışdan sadə görünən bu insan hərdən çox zəhmli olurdu. Bəzən olduqca sərt, hətta bir qədər kobud sözləri çoxlarına, onu yaxşı tanımayanlara qəribə görünürdü. Amma çoxları bilmirdi ki, bu böyük insanın geniş ürəyi, incə qəlbi var. Hərdən uşaq kimi ərköyün, hərdən də ağsaqqal kimi çox ciddi olurdu. Belə idi Ziya Bünyadov. Ömrü boyu mübarizə aparmaq üçün doğulmuşdu elə bil. Heç nəyə biganə qala bilmirdi. Sərt çıxışları ilə Azərbaycan xalqının taleyilə oynayanları, xalqın sərvətini talayanları, müstəqilliyinə biganə olanları həmişə qamçılayırdı. Bəlkə də elə bütün bunlar, onun mübarizliyi, liberal olmaması, Azərbaycanın gələcəyinə qəti inamı, bu istiqamətdə yorulmaz fəaliyyəti Azərbaycan xalqının düşmənlərini narahat edirdi. Laqeydlik ondan uzaq idi. Axı vətəninə, xalqına, millətinin gələcəyinə necə laqeyd olaydı?..

ZİYA BÜNYADOVDAN danışanda onun əsl qəhrəmanlığından qeyd etməmək ən azı, günah olardı. Bəli, Ziya Bünyadov hər şeydən əvvəl qəhrəman idi. Təkcə ona görə yox ki, Böyük Vətən müharibəsindən qalib kimi qayıtmışdı. Həm də ona görə ki, sonralar da həmişə vətəninin keşiyində durub, onun azadlığı uğrunda mübarizə aparıb, son nəfəsinə qədər tutduğu mövqedən dönməyib...

Bütün Avropanı diz çökdürmüş faşist Almaniyasının apardığı müharibədən Ziya Bünyadov qələbə ilə qayıtmışdı. İnanmaq çətin olsa da, Ziya Bünyadov öz vətənində qətlə yetirildi. Namərd gülləsinə tuş oldu. Vəhşicəsinə susduruldu.

ZİYA BÜNYADOVA dəyən güllə bütün Azərbaycana dəyən güllə idi. Bunu adi terror aktı kimi qiymətləndirmək, ən azı, mənəviyyatsızlıqdır.

Ölümü də ölümsüzlüyündən xəbər verir.

Akademik Ziya Bünyadov itkisi Azərbaycan xalqı üçün, Azərbaycan elmi üçün ən ağır itki oldu. Ziya Bünyadovun yoxluğu həmişə hiss ediləcək. Vətənin layiqli oğlu olan Ziya Bünyadovun adını xalqımız həmişə minnətdarlıqla yaşadacaqdır. Onun adı həmişə kamillik, ədalət, cəsarət rəmzi kimi nəsillərə nümunə olacaqdır.

 

Akademik Ziyad SƏMƏDZADƏ

 

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır