AZE | РУС
 
FOTO QALEREYA
HƏSƏN ƏLİYEV - 100
HƏSƏN ƏLİYEV - 100

TƏBİƏTİN VURĞUNU - BÖYÜK ALİM

Vətənə və xalqa təmənnasız xidmətləri ilə Azərbaycan elmində, Azərbaycan tarixində əbədi iz buraxmış şəxsiyyətlər sırasında akademik Həsən Əlirza oğlu Əliyevin görkəmli yeri vardır. Bütöv bir ömrünü xalqının xoşbəxtliyi naminə sərf etmiş bu böyük şəxsiyyətin həyatı və yaradıcılığı gələcək nəsillər üçün əsl tərbiyə və nümunə məktəbidir.

Akademik Həsən Əliyevin XX əsr Azərbaycan elminin korifeyləri ilə birgə əsasını qoyduqları elmi istiqamətlər bu gün Azərbaycan elminin simasını müəyyən edir. Azərbaycanda coğrafiya, kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələri onun rəhbərliyi ilə formalaşıb inkişaf etmişdir.

Akademik Həsən Əliyev haqqında söhbət gedəndə ixtiyarsız olaraq Azərbaycan təbiəti göz önünə gəlir. Təbiət o böyük ürəkli insanın bəlkə də ilk məhəbbəti olub.

Müasir dövrün üz-üzə qaldığı qlobal problemlərdən biri də təbiətin mühafizəsidir. Planetimizin elə guşələri vardır ki, təbiət haray çəkir. Həsən Əliyev təbiətin harayına yetən alimlərdən idi. O, son dərəcə sadə insan olub. Lakin akademik Həsən Əliyevin yanar ürəyi heç bir təbiətşünasda olmayıb. Onu tanıyanlar deyirlər ki, Həsən Əliyev təbiəti doğma balası qədər sevirdi. Torpağın, təbiətin ürəyinə sancılan hər bir oxu ilk duyan, ilk "həyəcan təbili"ni vuran akademik Həsən Əliyev olub.

Dekabr ayının 15-də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın Əməkdar elm xadimi, Azərbaycan Respublikası dövlət mükafatı laureatı, kənd təsərrüfatı elmləri doktoru, professor Həsən Əlirza oğlu Əliyevin 100 illiyini qeyd etməyə hazırlaşırıq. Cəfakeş alim, təbiət vurğunu, təbiətin mühafizəsi üçün geniş elmi fəaliyyətlə məşğul olan Həsən Əliyev bütün ömrünü Azərbaycan elminin inkişafına həsr etmişdir. Onun elmi yaradıcılığının bünövrəsi təbiətin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə problemləri olmuşdur.

Akademik Həsən Əliyev çətin, lakin şərəfli ömür yolu keçmişdir. Alimlərə örnək olan bu ömrün yarım əsrdən çoxu ölkəmizdə coğrafiya, torpaqşünaslıq elmlərinin inkişafına, ətraf mühitin mühafizəsinə və ekologiya məsələlərinə həsr edilmişdi. Onun monoqrafik əsərləri elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Həsən Əliyev dünyanın bir sıra ölkələrində keçirilmiş müxtəlif konfranslarda, seminar və simpoziumlarda iştirak etmişdir. 50 illik elmi fəaliyyətinin bəhrəsi 400-ə qədər əsəridir.

Alimin 1940-cı ildə SSRİ EA-nın Azərbaycan filialının "Xəbərlər"ində çap edilmiş Ağsu və Girdimançay dərələrinin torpaqları meyvə bağlarının genişləndirilməsi fondu kimi" əsəri torpaqşünaslıq elmini zənginləşdirmişdir. Həsən Əliyevin elmi əsərləri aktuallığı ilə səciyyələnir. Onun ilk elmi əsərlərindən "Pirsaat düzünün torpaqları və perspektivi" 1940-cı ildə kitab şəklində çapdan çıxmışdır.

Həsən Əliyev Azərbaycan ərazisi torpaqlarının hərtərəfli tədqiqi nəticəsində yazılmış "Azərbaycanın torpaqları" kitabının həm müəlliflərdən və həm də redaktorlarından biri olmuşdur. Burada Həsən Əliyev tərəfindən göstərilən ərazilərin ilk torpaq xəritəsi tərtib edilmiş və eləcə də torpaq örtüyünün zonallıq qanunauyğunluğunun gedişi müəyyənləşdirilmişdir.

1978-ci ildə akademikin "Böyük Qafqazın torpaqları (Azərbaycan SSR daxilində)" kitabının birinci hissəsi çap edilmişdi.

Müasir dövrün ən aktual problemlərindən biri təbiətin mühafizə olunub qorunması, ondan səmərəli istifadə edilməsidir. Hazırda respublikamızda bu sahədə çoxlu işlər görülür, alimlərimiz sanballı elmi-tədqiqat işləri aparırlar.

Hələ 70-80-ci illərdən başlayaraq akademik Həsən Əliyev bu sahədə əməli işlər aparır, təbiətin, onun sərvətlərinin qorunması üçün əlindən gələni edirdi. Onun 1982-ci ildə çapdan çıxmış "Həyəcan təbili" kitabı 20 il keçməsinə baxmayaraq, yenə də aktualdır. Bəlkə də o dövrdə olduğundan daha aktualdır. Alim ürək ağrısı ilə yazır ki, bir düzənlikdəki münbit torpağın əmələ gəlməsi üçün bəzən min ildən artıq vaxt keçir. Onun yararsız hala düşməsi üçün isə çox "əmək" sərf etmək və çox vaxt itirmək lazım gəlmir...

Müəllif respublikamız daxilində ətraf mühiti bir kitab kimi vərəqləyir, onun təbii mənzərəsinin xəritəsini göz önünə gətirməklə, əlvan rənglərlə danışmaqla bərabər, bu əlvanlığın pozulmaq qorxusundan da həyəcanla söhbət açır.

Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq bizim çörək ağacımız olmaqla bərabər, həm də yaşayışımızın ibtidasını təşkil edir. Məhz buna görə də torpaq bizim üçün doğma, əziz və müqəddəsdir. Torpaq Vətən deməkdir. Tarix boyu torpaq üstündə ölüm-dirim döyüşləri olmuş, torpaq milyonları udmuş, milyonlara həyat vermişdir.

Həsən Əliyevin vaxtilə "Həyəcan təbili"ndə yazdığı fikirlər artıq hikmətli sözlərə çevrilmişdir. Alim hələ o vaxt ürək ağrısı ilə deyirdi ki, torpaq da övladlarının, əsrlərlə bəsləyib yedirtdiyi insanların əlindən fəryad edir. Bəs onun dadına çatmaq, onu müalicə etmək lazım deyilmi?

Həsən Əliyev vətənimizi qarış-qarış gəzmiş, onun zəngin təbiətini hərf-hərf, sətir-sətir, vərəq-vərəq oxumuş, öyrənmişdi. Meşədəki hər çinara, hər palıda vurulan balta, hər qırqovula, hər ördəyə dəyən güllə onu sarsıdır, doğma təbiətə ögey münasibət məyus edirdi.

Həsən Əliyev bu problem vəzifələrin öhdəsindən ləyaqətlə gəlmək üçün yüksək ixtisaslı kadrlar yetişdirmək və müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar, iri stansiyalar yaratmaq, təcrübələr aparmaq lazım olduğunu deyirdi. Bütün bu tədqiqatların, elmi axtarışların məqsədi torpağı təbiətin bizə verdiyi şəkildə saxlamaq, onu daha da zənginləşdirmək, məhsuldarlığını artırmaq idi.

Həsən Əliyev meşələrimiz haqqında deyirdi: "Meşə - sərvətimiz, meşə-varlığımız, meşə - məişətimizin bir hissəsidir". Və yaxud "...məlum həqiqətdir ki, meşəni - Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək bəşər də yoxdur"...

Azərbaycanda meşə azdır. Onun sahəsi ümumi ərazinin cəmi 11 faizini təşkil edir. Meşələrimizin 90 faizindən çoxu dağ yamaclarındadır. Qafqazda olan 6 min floranın 4100-ü Azərbaycandadır. Qafqazda təbiət ən gözəl nemətlərini bizim respublikamıza bəxş etmişdir. Azərbaycanda hər cür bitki yetişdirilir və hər növ heyvan yaşayır. Respublikamızın ərazisində müxtəlif növ münbit torpaqlar yayılmışdır. Lakin bu torpaqların becərilməsinə düzgün riayət olunmadığından dağ yamaclarında onun münbit hissəsi eroziyaya uğramış, düzən rayonlarda isə suvarma prosesi pozulduğuna görə, münbit torpaqlar get-gedə şorlaşmış və keyfiyyətini itirmişdir. Yalnız onu demək kifayətdir ki, Kür-Araz ovalığının üçdə bir hissəsinin torpağı şorlaşmışdır. Dağ yamaclarında isə torpağın 60-80 faizi eroziyaya uğramışdır. Elə buna görə ərazinin yalnız 23-24 faizindən əkin üçün istifadə olunur. Çox zaman yararlı torpaq çatışmadığından meşələri sökür, qış və yay otlaqlarını şumlayıb, bir qədər istifadə etdikdən sonra o yerləri də yararsız hala salırlar. Bütün bunlar bir daha sübut edir ki, respublikamızda torpağın mühafizəsi ən vacib məsələlərdən biridir.

Onu da qeyd edək ki, respublikamızda təbii ehtiyatların genetik-coğrafi xarakteristikası hərtərəfli tədqiq edilmiş, bütün ərazi coğrafi-iqtisadi şəraitə əsasən rayonlaşdırılmış, müxtəlif kənd təsərrüfatı və meşə təsərrüfatları tərəfindən ehtiyatların mənimsənilməsinin faydalı tövsiyələri işlənib hazırlanmış, kurort və istirahət zonaları ayrılmışdır.

Hazırda Azərbaycanda qoruq və yasaqlarımız, milli parklarımız gündən-günə artır. Onlar təbiətin səfalı guşələrində yerləşən təbii meşələrdən, zirvəsi qarlı dağlardan, coşğun çaylardan, yamyaşıl çəmənlərdən, dəniz sahillərindən ibarətdir. Təbii parklarımızın milli park adlandırılması heç də təsadüfi deyildir. "Milli park" anlayışı təbii sərvətlərdən kompleks istifadə olunması ilə bağlıdır və Milli yasaq hesab edilir. Respublikamızın ərazisində yerləşən bu təbii parkların hərəsinin özünəməxsus xüsusiyyətləri vardır.

Azərbaycan ərazisi yüksək məhsul verən faydalı ağac növləri ilə zəngindir. Həsən Əliyev "Həyəcan təbili" kitabında havanı saflaşdıran, torpağı münbitləşdirən dağ meşələrinin qorunub saxlanmasından, onların sahəsinin məqsədyönlü genişdəndirilməsindən söhbət açmaqla, meşələrimizin qırılmasından, tükənməsindən də yana-yana söhbət açır, bunun qarşısını almaq üçün dəyərli tövsiyələr verir.

Alim statistik müqayisələr aparmaqla göstərir ki, 1945-ci ildə Bərdə meşə təsərrüfatında meşə ilə örtülü sahə 94 faiz təşkil edirdisə, 1965-ci ildə bu, 32 faizə enmişdir. Sonralar bu vəziyyətin daha acınacaqlı olması Həsən Əliyevi çox narahat edir, o, elmi araşdırmalar aparmaqla, problemi doğuran səbəbləri üzə çıxarır, onların aradan qaldırılması üçün yollar axtarırdı.

"Su dirilikdir, həyatdır" - demişlər. Susuz təbiət yoxdur və heç bir yaşıllığı təsəvvür etmək də mümkün deyildir. Su da çörək kimi hamıya, hər şeyə lazımdır. Hətta isbat edilmişdir ki, su çörəkdən də vacibdir". Bunu deyən Həsən Əliyev üçün su ən aktual problemlərdən biri olub. O, sudan kənd təsərrüfatında qənaətlə və səmərəli surətdə istifadə etmək, onu çirklənmədən qorumaq kimi problemlərə xüsusi diqqət yetirir, qeyd edirdi ki, yalnız bu yolla suya olan tələbatın ödənilməsini yaxşılaşdırmaq olar.

Həsən Əliyev nadir ziyalı, istedadlı alim, fədakar elm xadimi, böyük vətənpərvər, geniş ürək sahibi, insanlıq və yaxşılıq mücəssəməsi idi.

Qərib Məmmədov, akademik

Azərbaycan və rus dillərində nəşr edilmiş "Həyəcan təbili" əsəri xalqımızın görkəmli ekoloqunun XX əsrdə elmə verdiyi ən gözəl hədiyyəsidir.

Budaq Budaqov, akademik

Həsən müəllimin həyatı Azərbaycanı sevənlərçün bir örnəkdir.

Bəxtiyar Vahabzadə, xalq şairi

Bütün varlığı ilə elə-obaya bağlı olan bu böyük insan şeirin, sözün, sənətin aşiqi idi.

Nəriman Həsənzadə, şair

Akademik Həsən Əliyevin elmi və ictimai həyatı elm sahəsində çalışan alimlər üçün nümunədir.

Xəlil Mustafayev,

kənd təsərrüfatı elmləri doktoru

Həsən Əliyev kimi insanlar olmasaydı dağlar arxasız, çaylar məcrasız, düzlər çəmənsiz, meşələr kimsəsiz, təbiət yiyəsiz qalardı.

Məmməd Araz, xalq şairi

Akademik Həsən Əliyev görkəmli torpaqşünas, coğrafiyaçı, Azərbaycan ekologiya problemləri haqqında ilk "həyəcan təbili" çalan vətəndaş, ziyalı və müdrik şəxsiyyətdir.

Hidayət, yazıçı

Akademik Həsən Əliyev hər cəhətdən Azərbaycanın görkəmli vətənpərvər alimlərindən biri kimi özünə şöhrət qazanmışdır.

Asəf Nadirov, akademik

Təbii sərvətlərin mühafizə edilməsində birinci növbədə insan amili mühüm yer tutur. Həsən Əliyev bu barədə yazırdı: "Bir şeyi yadda saxlamaq lazımdır: yer üzərindəki bioloji mühit məhv olan deyil. Onun nizamının pozulması yeni bir mühit yaradıb, bu mühiti yaşada bilər. Yerin geoloji tarixində belə hallar olmuşdur. Lakin mühitin dəyişdirilməsi bəşərin varlığını təhlükə qarşısında qoyur. İnsan öz-özünün keşikçisi olmalıdır, heç bir başqa canlı onun harayına çatmayacaq...

Bəlkə də toya, yasa və digər mərasimə yubanmaq olar. Təbiətə münasibətə yubanmaq isə çox yaşamağa yubanmaqdır".

Akademik Həsən Əliyevin 100 yaşı tamam olur. Onun vaxtı ilə qaldırdığı problemlər, apardığı elmi araşdırmalar bu gün də aktualdır. Onun həyəcan təbili indi də vətənini sevən hər bir kəsin qulağında səslənir, ana təbiətin harayına cavab verməyə çağırır.

 

Akademik Ziyad SƏMƏDZADƏ

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır